Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

TƏBRİK EDİRİK

TƏBRİK EDİRİK
5-07-2022, 10:34 36 dəfə baxılıb

Bu gün görkəmli şairə, publisist və ictimai xadim nəcib şeirləri ilə könülləri oxşayan Nəcibə xanım İlkinin doğum günüdür. Bu münasibətlə "Vətənim-Azərbaycandır.az" xəbər və informasiya portalının rəhbəri və kollektividə Nəcibə xanımı  təbrik edir, sağlam ömür və yaradıcılıq uğurları arzu edirik. Bir neçə şeirini oxuculara təqdim edirik.



ÇOX BAXACAQSAN
Küsmüşəm barışan deyiləm daha,
Çıxıb gedəcəyəm bir qərib yerə.
Sənsiz gözlərimdə doğan sabaha,
Baxıb hönkürəcəm gülüm min kərə.


Boylanıb qəlbimin pəncərəsindən,
Dikəcəm yoluna həsrət gözümü.
Diksinib qalxacam qəfil səsindən,
Yenə axtaracam özüm – özümü


Gecələr bürünüb hicran donuna
Vüsal yuxumuza lay-lay çalacam. 
Yenə yuxularda qaçıb yanına.
Yenə də bir anlıq sənin olacam.


Ayılıb həsrətin qəm yuxusundan,
Eh… məni o qədər axtaracaqsan.
Yapışıb könlümün lal yaxasından,
Mən gedən yollara çox baxacaqsan.
Mən gedən yollara çox baxacaqsan.


SƏN GETDİN

Sən getdin göynədi sinəmdə ürək,
Yox olub əridi ömrün illəri.
Soldu qucağımda arzularım tək,
Dərib gətirdiyin sevda gülləri.


Sən getdin… arxanca baxan gözlərim – 
Su səpdi yoluna aydınlıq üçün.
Dilimdə ilişib qalan sözlərin,
Bir haray salmadı, bilmədim neyçün?


Sən getdin… eşqinin bahar naxışı,
Min ilmə toxudu payız ömrümə.
Gözümdən süzülən sevda yağışı.
Sanki qılıncını çəkdi könlümə.


Get gülüm, - qınama sənsiz səbrimə,
Küləklər yan alar, sellər yan alar.
Get barı, tez qayıt, mənim xətrimə,
«Sənsizlik» dərd olub məndən can alar.


EŞQİMİN QIŞ HARAYI

Payız elə getdi, qış belə gəldi,
Ayrılıq küləyi əsdi bir ucdan.
Görüşə bilmədik, bu necə dərddi?
Qar da yolumuzu kəsdi bir yandan.


Sanki acıq çıxır təbiət bizdən,
Görüşmək vədəmiz uzanır yaman.
Həsrət də qar kimi gözlərimizdən,
Yağıb sinəmizdə qoparır tufan.


Bölündük sevginin fəsillərinə,
Eşqimiz, baharkən, özümüz qışıq.
Bəlkə ömrümüzün son illərindən,
Bəxtin yollarına atılmış daşıq?!


Eh… yenə səbrimin üstünə əsir, 
Sənin göndərdiyin şaxta, qar, boran.
İnan ki, yolumu eşqimiz kəsir,
Yoxsa, bu yollarda kimdi ki, duran?!


DÖZMÜRƏM SOYUQLUĞUNA

Nədəndi bu qədər soyuqsan mənə.
Yoxsa eşqimizi kədərmi uddu?
Dedin: «hər kəlmənlə dayaqsan mənə»,
Yoxsa sözlərin də sənə yad oldu?


Bəlkə günahkaram, bəlkə suçunam?
Düşmüşəm ömrünün sevgi payına.
Mən həsrət qoxulu vüsal acınam, 
Nə zaman çağırsan gəlləm hayına.


Sənli yuxular da şaxtaya düşüb,
Taleyin boranlı yolları kimi.
Bəxtimin əlindən qismət şürüşüb,
Həsrətin bəmbəyaz ilqarı kimi. 


Payız libasında çiçəkli yazam.
Nağıla dönmüşəm qış gecəsində.
Bu eşqin önündə qəm dolu nazam,
Qalmışam taleyin bilməcəsində.


Yenə qəm gecəsi, yenə gileylər,
Yenə ümidimə kəmənd atmışam.
Qınama, məni də yorub bəlkələr,
Özümlə-özümü çox aldatmışam.


Məni hey isladır ümid yağışı,
Qorxuram bu eşqin buz nəfəsindən.
Üstümə zillənən soyuq baxışı,
Bir anda duyuram isti səsindən.


Ərköyün sevginəm, götür ərkimi,
Sevgi dəlisiyəm, inan sən buna.
Sən yalan bir sözə dözməyən kimi
Mən də ki, dözmürəm soyuqluğuna.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI