Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezidentin müsahibəsinin - Tam mətni

Prezidentin müsahibəsinin - Tam mətni
12-01-2022, 23:29 756 dəfə baxılıb

Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibə verib

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, dövlətimizin başçısı müsahibədə jurnalistlərin Azərbaycanda 2021-ci ildə iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə, ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Azərbaycan Televiziyasından Rüfət Həmzəyev: Cənab Prezident, xoş gördük. İlk növbədə icazə verin, həm öz adımdan, həm də həmkarlarımızın adından Sizə 2022-ci – “Şuşa İli”ndə ilk müsahibəyə vaxt ayırdığınıza görə minnətdarlığımızı ifadə edək.
Prezident İlham Əliyev: Sağ olun.
Rüfət Həmzəyev: Əvvəlcə, iqtisadi məsələlərdən başlamaq istəyərdik. Siz ötən ilin sonunda Həmrəylik Günü və Yeni il münasibətilə xalqa müraciətinizdə ötən ilin 11 ayının nəticələrini qeyd etdiniz, səsləndirdiniz. Biz iqtisadi artımın şahidiyik. Bu reallıqdan çıxış etsək, postmüharibə və pandemiya reallıqlarını da buraya əlavə etsək, biz uğurların əsasını necə qruplaşdıra bilərik? Ötən ilin uğurları bu ilin proqnozları üçün nə deyir?
Prezident İlham Əliyev: Mən müraciətimdə Azərbaycan xalqına 11 ayın yekunları ilə bağlı məlumat verdim. Bu yaxınlarda ilin yekunları mənə təqdim edildi və nəticələr də gözlənilən kimidir. İqtisadi artım 5 faizdən çoxdur. Bu, çox gözəl göstəricidir, xüsusilə müharibədən çıxmış ölkə üçün. Ən sevindirici hal odur ki, qeyri-neft iqtisadiyyatımız 7,2 faiz artıb. Bu, onu göstərir ki, qeyri-neft sektorunun inkişafı ilə bağlı bizim bütün planlarımız həyatda öz əksini tapır.
Sənaye istehsalına gəldikdə, həm ümumi sənaye istehsalımız 5 faizdən çox artıb, həm də qeyri-neft sənayemiz 20 faizə yaxın artıb. Hesab edirəm ki, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir.
Bizim valyuta ehtiyatlarımız artıb, baxmayaraq ki, keçən il böyük xərclərimiz olub. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramı tam icra edilmişdir. Buna baxmayaraq, valyuta ehtiyatlarımız 2,5 milyard dollar artıb. Bildiyiniz kimi, mənim hökumətə ümumi göstərişim ondan ibarət idi ki, biz valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Əgər lazım olarsa, xərcləri, xüsusilə investisiya xərclərini bir qədər azaldıb, amma valyuta ehtiyatlarımızı sabit saxlamalıyıq və çalışmalıyıq ki, artıraq. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil.
Azərbaycan bəlkə də nadir ölkələrdən biridir ki, bizdə xarici ticarət balansının saldosu müsbətdir. Çünki dünyanın əksər ölkələrində idxal ixracı üstələyir. Bizdə isə ilin yekunlarına görə, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur. İqtisadiyyatla məşğul olan hər bir adam bunun nə dərəcədə əhəmiyyətli olmasını görür. Əlbəttə ki, ilk növbədə, manatın sabit qalmasına bunun ən böyük təsiri var. Uzun illər ərzində manat sabitdir və həm ölkə əhalisi bundan faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Manat depozitlərinin həcmi artır və ümumi depozitlərin balansında artıq üstünlük təşkil edir. Bunun investorlar üçün də çox böyük faydası var. Çünki investorlar da görürlər ki, milli valyuta sabitdir. Belə olan halda investisiyalar, o cümlədən xarici investisiyalar daha böyük həcmlə təşkil oluna bilər.
Deməliyəm ki, sabah ölkəmizin həyatında çox önəmli hadisə baş verəcək. Xarici investorların maliyyə vəsaiti hesabına Azərbaycanda 240 meqavatlıq böyük külək elektrik stansiyasının təməli qoyulacaq. Vəsaiti 100 faiz investorlar özləri təmin edəcəklər. Yəni, bu, ölkəmizin inkişafına, gələcəyinə inamın təzahürüdür. Ona görə bütün bu iqtisadi rəqəmlər, sadəcə olaraq, statistik rəqəmlər deyil. Adi vətəndaş üçün bəlkə də bu rəqəmlər o qədər böyük əhəmiyyət kəsb etmir. Ancaq hər bir vətəndaş öz həyatında bu rəqəmlərin və bu nailiyyətlərin nəticələrini təbii olaraq hiss edir.
Bir də ki, bizim ixracımızla bağlı planlarımız həyata keçirilir. Qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək. Nəzərə almalıyıq ki, ölkədə əhali artır, deməli, tələbat artır, daxili istehlak artır. Belə olan halda qeyri-neft ixracını artırmaq doğrudan da böyük nailiyyət sayıla bilər. Bütün bu rəqəmlər, yalnız keçən ilin rəqəmləri deyil. Bu rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır. Keçən il biz bu strategiyanın çox gözəl nəticələrini görmüşük.
Bu ilə gəldikdə isə bu ilin büdcəsi, - bu da keçən ildə əldə edilmiş nailiyyətlərin hesabınadır, - tarixdə ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq. Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər doğrudan da onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələrini biz görürük. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa bilmişlər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar. Yəni, ümumiyyətlə, ölkəmizdə gedən saflaşma və şəffaflıq siyasətimiz bütün sahələrdə özünü göstərir. Təbii ki, iqtisadi sahə istisna deyil.
“ARB 24” kanalından Rasim Şərifov: Cənab Prezident, Sizin qeyd etdiyiniz iqtisadi artım templərinin qorunması sahəsində, eyni zamanda, hər il ölkəmizdə əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması, gücləndirilməsi ilə bağlı bir sıra layihələr icra olunur. Elə ötən il də bu layihələri biz müşahidə etdik. Xüsusən də ötən ilin sonunda yüz minləri əhatə edən bir sosial paket reallaşdırıldı. Bilmək istərdik, çətin proqnozlaşdırılan bu il ərzində Azərbaycan hökumətinin iqtisadi, sosial layihələrlə bağlı hansı planları, hansı strategiyası var?
-Bilirsiniz, bizim, ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Çünki bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, o ölkələrdə ki, yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi model həyata keçirilir, o ölkələrdə adətən əhali bundan əziyyət çəkir. Çünki prinsip etibarilə əgər tarixə nəzər salsaq görərik ki, iqtisadi islahatlar, yəni, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda biz elə siyasət aparırıq ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin. Düzdür, istisnalar olub. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik.
Yəni, belə hallar olub. Amma mənim prezidentlik dövrümdə mən tək bu halı yada sala bilərəm. Bu hal, bu addım qaçılmaz idi. Amma prinsip etibarilə bizim siyasətimizin təməlində, mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla həyata keçirək. Ötən il qəbul edilmiş qərarın məqsədində bu amil dayanır. Çünki çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq. Orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi. Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Biz müntəzəm olaraq maaşları qaldırırıq. Əgər misal üçün son 10 ilin tarixçəsinə nəzər salsaq görərik ki, minimum əməkhaqqı nə dərəcədə artıb. Bu, bizi qane edir? Əlbəttə ki, yox. Ancaq biz imkan daxilində bütün işləri aparmalıyıq. İnsanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir.
Digər instrumentlər var və biz onlardan istifadə edirik. Azərbaycan xalqı əmin ola bilər ki, imkan daxilində, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. Necə ki, mən qeyd etdiyim kimi, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplayıblar, 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi. Yəni, əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi və bu, bir daha bizim sosial sahəyə nə qədər böyük önəm verdiyimizdən xəbər verir.
İctimai Televiziyadan Murad Hüseynov: Cənab Prezident, az öncə dünya bazarında buğdanın qiyməti məsələsinə toxundunuz və eləcə də qeyd etmək lazımdır ki, digər ərzaq növlərində də Azərbaycanın idxal etdiyi ərzaqlar var və dünyada ərzağın bahalaşması prosesi gedir. BMT-nin hesabatına görə, 21 faizə yaxın bahalaşma müşahidə olunur. Bu, pandemiyanın nəticələridir. Azərbaycanın ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün hansı addımların atılmasını vacib hesab edirsiniz?
- Bu, ən vacib məsələlərdən biridir. Bu məsələ ilə bağlı mən uzun illər fəaliyyət göstərirəm və hökumətə dəfələrlə tapşırıqlar vermişəm. Biz imkan daxilində bu məsələnin həlli ilə bağlı hesab edirəm ki, lazımi addımları atırıq. Amma biz reallığı nəzərə almalıyıq. Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. Nəzərə alsaq ki, uzun illər ərazimizin təxminən 20 faizi işğal altında idi, nəzərə alsaq ki, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır, əlbəttə, bu, bizim işimizi çətinləşdirir. Yəni bu, reallıqdır və biz bu reallıqdan kənara çıxa bilmərik. Yəni, bu, bizim coğrafi vəziyyətimizdir.
Eyni zamanda, uzun illər ərzində bizim torpaqlarımızla yanaşı, çaylarımız da işğal altında idi və ermənilər o çayların məcralarını dəyişdirərək, xüsusilə Tərtərçayın suyunu kəsərək bizi bu imkanlardan məhrum edirdilər. Suvarma da ərzaq təhlükəsizliyi üçün əsas amillərdən biridir. Buna baxmayaraq, biz fəal çalışırdıq və eyni zamanda, ixracla da bağlı addımlar atılmalı idi. Mən misal gətirdiyim rəqəmlər, o cümlədən kənd təsərrüfatı ixracı hesabına əldə edilib. Əgər biz sovet dövrünə baxsaq, görərik ki, o vaxt Sovet İttifaqında vahid kənd təsərrüfatı və xalq təsərrüfatı kompleksi var idi, bölgü aparılırdı. Azərbaycan pambıq, üzüm, tütün, meyvə-tərəvəz istehsal edirdi və ət, süd, buğda idxal olunurdu Rusiyadan, Ukraynadan, Belarusdan. O vaxt biz özümüzü, ümumiyyətlə, bu əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Ona görə bizim qarşımızda iki vəzifə dayanmışdı. Birincisi, ərzaq təhlükəsizliyini maksimum dərəcədə təmin etmək ki, özümüzü kənarda başqa ölkələrdə yaranmış böhrandan sığortalayaq. İkincisi, ənənəvi kənd təsərrüfatı sahələrini inkişaf etdirmək ki, həm məşğulluğu, eyni zamanda, yerli istehsalı və ixracı artıraq. Ona görə bu gün də bu vəzifə gündəlikdədir.
Ənənəvi kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə fikir versək, deyə bilərəm ki, son 15 il ərzində meyvə istehsalı Azərbaycanda 2 dəfə artıb. İki dəfə, yəni, çox böyük rəqəmdir. Üzüm istehsalı da, həmçinin 2 dəfə artıb, tərəvəz istehsalı artıb. Pambıq istehsalı dəfələrlə artıb. Demək olar ki, biz son beş il ərzində pambıqçılığı diriltdik və qeyri-neft ixracatında pambığın nisbəti ildən-ilə artır. Eyni zamanda, biz özümüzü əsas ərzaq məhsulları ilə təmin etmək üçün praktiki addımlar atdıq. Məsələn, bu gün mal ətinə əgər baxsaq, biz özümüzü təqribən 90 faiz səviyyəsində təmin edirik, qoyun əti ilə 100 faiz. Azərbaycan heç vaxt süd istehsal etmirdi və bizdə ənənəvi olaraq mal-qaranın cinsi südçülük üçün əlverişli deyildi. Ona görə biz cins mal-qaranın alınmasına böyük vəsait xərclədik və bu gün Azərbaycanda əgər 1 milyondan çox iribuynuzlu mal-qara varsa, onun artıq 70 mini cins mal-qaradır. Son illər ərzində gətirdiyimiz və Azərbaycanda müəyyən tədbirlərin nəticəsində yetişdirilmiş cins mal-qaradır ki, bir neçə ildən sonra onların, əlbəttə, sayı artacaq. Ona görə məsələn, süd və süd məhsullarının istehsalında biz 80 faizə çıxa bilmişik. Həmçinin toyuq əti istehsalında da 80 faizə çıxa bilmişik. Yəni heç vaxt tarixdə - sovet dövründə və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq. Amma yenə də özümüzü biz hələ ki, təmin edə bilmirik və xüsusilə buğda ilə. Biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanını idxal edirik və əgər mən bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Amma çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə, məhsuldarlıq hesabına. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentnerdir, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Mən bu təsərrüfatlarda olmuşam və bu təsərrüfatların yaradılmasında da fəal iştirak etmişəm. Onda biz mövcud əkin sahələrində özümüzü maksimum dərəcədə ərzaq buğdası ilə təmin edə bilərik.
Biz azad edilmiş torpaqlarda vaxt itirmədən əkin işlərinə başlamışıq və böyük vəsait səfərbər etmişik, özəl şirkətlərə, fermerlərə təlimat vermişik və artıq orada əkin işləri başlanıb. Amma biz onu da bilməliyik ki, azad edilmiş torpaqlar sovet dövründə daha çox heyvandarlıq üçün istifadə olunurdu. Yəni orada - dağlıq ərazilərdə, xüsusilə Kəlbəcər, Laçın, Zəngilan rayonlarında bitkiçiliklə məşğul olmaq ənənəsi olmayıb. Orada üzümçülük, tütünçülük, heyvandarlıq, pambıqçılıq inkişaf etmişdi. Ermənilər işğal dövründə 100 min hektarda taxıl əkirdilər və təqribən 100 min tona yaxın buğda əldə edirdilər. Yəni bu, Ermənistan üçün böyük rəqəmdir. Amma bizim üçün bu, böyük rəqəm deyil. Əgər azad edilmiş mövcud torpaqlarda taxılçılıq üçün yararlı olan və məqbul sayılan yerlərdə əkin aparılsa, indiki məhsuldarlıqla təqribən 200 min tona yaxın buğda götürmək mümkündür. Yəni bu da reallıqdır. Yəni bu, bizim kəsirimizi, 1,3 milyonluq kəsirimizi örtmür. Onu da bilməliyik ki, əhali artır, ildən-ilə tələbat artır, pandemiyaya görə ölkəmizə xarici vətəndaşların gəlişində azalma olub. Pandemiyadan sonra yenə də milyonlarla turist gələcək. Ona görə özümüzü demoqrafik perspektivləri nəzərə alaraq təmin etmək üçün biz ancaq müasir texnologiyalar, müasir suvarma sistemləri, iri fermer təsərrüfatları yaratmalıyıq. Kiçik fermer təsərrüfatlarına indi kömək göstərilir, subsidiyalar və metodik tövsiyələr verilir. Bu işi də təkmilləşdirməliyik. İstisna edilmir ki, biz artıq bu məsələ ilə də məşğul olmağa başlamışıq - başqa ölkələrdə taxılçılıq üçün məqbul olan münbit torpaqları icarəyə götürüb, orada məhsul yetişdirmək və Azərbaycana gətirmək. Ona görə bu, real mənzərədir. Bizim istəyimizlə imkanlarımız bu gün üst-üstə düşmür. Ona görə hər kəs bu real vəziyyəti bilməlidir və nə mümkünsə biz edirik. Mən demək olar ki, gündəlik formatda bu işlərlə məşğul oluram. Ümid edirəm ki, ölkəmizdə, o cümlədən kənd təsərrüfatında aparılan islahatlar, iqtisadi mühitin və biznes mühitinin yaxşılaşdırılması sayəsində biz böyük dərəcədə bu məqsədlərə çatacağıq. Hər halda, biz buğdadan başqa digər əsas ərzaq məhsulları ilə özümüz-özümüzü təmin etməliyik, mən buna inanıram.
Real TV-dən Səbinə Ağayeva: Cənab Prezident, İkinci Qarabağ müharibəsi başlayanda da, başa çatanda da Siz Hərbi Hospitala yollandınız və yaralıların yanında oldunuz, bu gün də onların yanındasınız. Təkcə onların yox, ümumiyyətlə, şəhid ailələri, müharibə əlillərinə dövlətin qayğı və diqqətini və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik. Misal üçün, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən mənzillərin verilməsi. Bu, bizim təşəbbüsümüz idi. Bu günə qədər bu kateqoriyadan olan 10 minə yaxın insan mənzillərlə təmin edilib. Minik avtomobilləri verilir, 7400 avtomobil verilib. Növbədə duranlar, yəni Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri artıq yaxın gələcəkdə tam təmin ediləcəklər. Təkcə keçən il Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və qaziləri evlərlə təmin edilib. Onlardan 850 nəfəri mənzillərlə təmin edilib, İkinci Qarabağ müharibəsinin iştirakçıları, yəni qaziləri və şəhid ailələri, onlara da 750 mənzil verilib, bu proses davam etdirilir. Hesab edirəm ki, Birinci Qarabağ müharibəsində iştirak etmiş bu kateqoriyadan olan insanlara bəlkə də iki il ərzində, tam, yəni növbədə duranlara mənzillər veriləcək. İkinci Qarabağ müharibəsində, həmçinin yaxın bir neçə il ərzində bu şərait yaradılacaq. Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq.
Eyni zamanda, şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət və mənim bu kateqoriyadan olan insanlarla daim təmaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə də bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var. O cümlədən biznes strukturları, onlara da mən dəfələrlə müraciət etmişəm ki, bu kateqoriyadan olan insanlara qayğı göstərsinlər, hərəsi imkan daxilində - həm işlə təmin etmək üçün, həm onlara maddi yardım göstərmək üçün. Yəni, özləri bu təşəbbüsü göstərsinlər. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı çox düzgün istiqamət var, vahid fikir var. Hər birimiz imkan daxilində bu insanlara daim yardım etməliyik. Atasız qalan uşaqlara yardım etməliyik və edəcəyik.
- Cənab Prezident, icazənizlə, müharibədən sonrakı məsələ ilə bağlı fikirlərinizi daha da genişləndirərdik. Siz qeyd etdiniz ki, sosial dəstək tədbirləri görülür. Eyni zamanda, ötən ilə nəzər saldıqda görürük ki, Siz tarixə ekskursiya etdiniz, yəni biz tarixə baxsaq görərik ki, müharibədən sonrakı bərpa-yenidənqurma üçün bir çox planlar həyata keçirilib. Beynəlxalq donorların dəstəyindən istifadə olunub. Azərbaycan öz resurslarına güvənib, təbii ki, burada təkcə maliyyə resurslarından söhbət getmir. Ötənilki işlərin davamı olaraq bu il işğaldan azad olunan ərazilərdə hansı işlərin görülməsi nəzərdə tutulur?
- Keçən il çox böyük proqram icra edilməyə başlanmışdır. Bu işləri sadalamaq üçün çox vaxt lazımdır. Amma əsas məsələləri mən bir daha qeyd etməliyəm, Azərbaycan vətəndaşları görsün ki, müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda bu, doğrudan da miqyas baxımından tarix boyu ən genişmiqyaslı proqramdır. Bu proqramın qeyd etdiyiniz kimi, özəlliyi ondadır ki, biz heç kimdən yardım istəmədən və almadan öz vəsaitimiz hesabına bunu həyata keçiririk. Əlbəttə ki, burada da ardıcıllıq olmalı idi. Bu ardıcıllıq məntiqə əsaslanmalı idi. İlk növbədə, nə lazımdır? İlk növbədə, minalardan təmizləmə işləri aparılmalıdır. Bu sahədə həm ANAMA, həm Müdafiə Nazirliyi fəal işləyirlər, eyni zamanda, Fövqəladə Hallar Nazirliyi. Bu proses gedir. Əfsuslar olsun ki, bu günə qədər biz insanları itiririk. Müharibədən sonra 200-ə yaxın Azərbaycan vətəndaşı - mülki və hərbi vətəndaş ya həlak olub, ya da ki, ciddi yaralanıb. Ona görə bu işləri görmədən biz genişmiqyaslı qayıdış proqramına başlaya bilmərik. Ona görə mina təmizləməklə bağlı, ilk növbədə, infrastrukturun keçdiyi yerlər diqqət mərkəzində idi, yəni elektrik xətləri, yollar. O sahələr təmizlənməli idi ki, artıq biz bu işlərə başlaya bilək. Digər tərəfdən baş planı hazır olan şəhərlərin də minalardan təmizlənməsi prosesi sürətlə gedir, xüsusilə Şuşa və Ağdam şəhərlərində bu proses sürətlə gedir. İlk növbədə, biz bundan başqa elektrik təsərrüfatını yaratmalıydıq. Çünki azad edilmiş torpaqların, xüsusilə dağlıq ərazilərin relyefi belədir ki, əgər orada infrastruktur olmasa, hərbçilər üçün xidmət aparmaq çox çətin olacaq, bəlkə də mümkünsüz olacaq. İndi təsəvvür edin, Kəlbəcər və Laçın rayonlarının Ermənistanla həmsərhəd olan hissələrində sovet vaxtında heç bir yaşayış məntəqəsi olmayıb, on kilometrlərlə sərhəddən içəriyə doğru məsafədə heç kim yaşamayıb, heç bir yol olmayıb. Oktyabr ayından qar yağmaya başlayır, may ayında əriyir. İndi təsəvvür edin, biz qısa müddət ərzində hansı işləri görməliydik? Deyə bilərəm ki, bunu bir çoxları bilmir. Təkcə o bölgələrdə - Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı - Ermənistanla həmsərhəd olan yerlərdə biz 700 kilometrə yaxın yol çəkmişik. Yəni, bu, xidməti yol sayıla bilər, hərbi yol sayıla bilər. Mövqelərə gedən yoldur, sərhədlərə gedən yoldur, yüksək dağlara, təpələrə gedən yoldur. Texnikanı gətirməliydik, mütəxəssisləri gətirməliydik. O tərəfdən bizim işçilərə müntəzəm olaraq atəş açılır. Ermənistan əfsuslar olsun ki, İkinci Qarabağ müharibəsindən axıra qədər dərs çıxarmayıb. Ona görə çox çətin bir şəraitdə bunu bacardıq və biz bu gün bütün sərhədboyu əsas məntəqələrdə yerləşdik. Nəinki yerləşdik, eyni zamanda, orada xidmət aparmaq üçün biz müasir infrastruktur qurduq. Çünki orada hava çox soyuqdur və xidmət aparmaq çox çətindir. Qarın qalınlığı bəlkə də 3-4 metrdir. İndi isə həm təchizat, həm ərzaq, həm də yollar, elektrik xətləri çəkilib və orada biz indi normal xidmət aparırıq, amma erməni postlarına baxdıqda görürük ki, bunlar nə dərəcədə acınacaqlı vəziyyətdədir. Yəni, çadırlarda məskunlaşıblar və üşüyə-üşüyə, dona-dona orada güc-bəlaynan qalırlar. Ona görə yollar və elektrik xətləri həm də bu məqsəd üçün lazımdır. Çünki biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər. Eyni zamanda, elektrik təsərrüfatının yaradılması prosesinə start verildi və biz bütün azad edilmiş torpaqlarda bir ildə 7 yarımstansiya inşa etdik və bütün bu yarımstansiyaları ümumi dairəvi şəbəkəyə qoşduq. Heç biri indi avtonom qaydada işləmir. Yəni orada, misal üçün, indi alınan güclər və su elektrik stansiyalarında istehsal edilən güclər ümumi şəbəkəyə daxil edilir. Beləliklə bu, bizə imkan verir ki, böhranlı vəziyyət yaranmasın. Bu da çox böyük və çətin bir iş idi. Təsəvvür edin, bir ildə 7 yarımstansiya, özü də o yerlərdə ki, yaşayış yoxdur, minalardır, heç bir infrastruktur yoxdur. Bu, böyük fədakarlıqdır. Xüsusilə, Kəlbəcər rayonuna qışda, qar şəraitində hündürlüyü 3500 metr olan Daşkəsəndən elektrik dirəkləri çəkildi, bu, doğrudan da böyük fədakarlıqdır və bizim potensialımızı göstərir. Yəni, onu göstərir ki, biz təkcə maliyyə baxımından müstəqil deyilik, eyni zamanda, texniki baxımdan, mütəxəssislər baxımından müstəqilik. Heç kimdən yardım almamışıq, hər şeyi özümüz etmişik.
Ondan sonra şəhərlərarası yollar. Bu prosesə start verildi və geniş vüsət almışdır. Göygöldən Kəlbəcərə uzunluğu 11 kilometrdən çox olan tunel çəkilir. Çünki qışda bu yoldan istifadə etmək demək olar ki, çox çətindir. Kəlbəcər ilə Laçın arasında 4 kilometr uzunluğu olan ikinci tunel inşa edilir. Bu, nə verəcək? Onu verəcək ki, biz Kəlbəcərə rahatlıqla Göygöl-Gəncə istiqamətindən gələ bilərik, artıq həm strateji nöqteyi-nəzərdən, həm də vətəndaşların ora qayıtması nöqteyi-nəzərindən bütün məsələləri həll edə bilərik. Bərdə-Ağdam avtomobil yolu inşa edilir. Biz Naftalanı Talış və Suqovuşanla birləşdiririk. Bu da həm strateji nöqteyi-nəzərdən, həm də turizm nöqteyi-nəzərindən çox önəmli olacaq. Çünki Naftalan indi beynəlxalq turizm mərkəzinə çevrilib və oradan Suqovuşan gölünə məsafə çox qısadır. O ərazini də, Ağdərə ərazisini də biz həm turizm mərkəzinə çevirmək fikrindəyik, eyni zamanda, insanların ora qayıtmasını təmin etməliyik. Digər yollar, məsələn, Füzuli-Şuşa yolu, Zəfər yolu bir ilə çəkilibdir. İkinci yol - magistral yol çəkilir, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın yolu, Laçın istiqamətində əlavə yolların çəkilməsi. Mən hamısını bəlkə də sadalaya bilmərəm, çünki o qədər çoxdur ki, onları yadda saxlamaq çətindir.
Dəmir yolları. Artıq Bərdə-Ağdam dəmir yolunun inşasına başlamışıq. Horadiz-Ağbənd-Zəngəzur dəhlizinin bir parçası olan dəmir yolunun inşasına başlamışıq.
Tarixi abidələrin bərpası. Şuşa şəhərində, görün, nə qədər böyük işlər görülüb. Eyni zamanda, Ağdam, Zəngilan, Hadrut, Daşaltı məscidlərinin təməli qoyulub və təmir işlərinə start verilib. Yəni, bunları sadalamaq üçün çox vaxt lazımdır, mən də çalışıram ki, hər bir layihəyə daim diqqət göstərim. Ona görə, 2021-ci ildə azad edilmiş torpaqlarda dəfələrlə olmuşam və bu il artıq bu infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Biz indi məktəblərin, xəstəxanaların təməlini qoyduq. Ağdam, Füzuli şəhərlərinin baş planı hazırdır. Digər şəhərlərin baş planlarının hazırlanması ilə bağlı müvafiq şirkətlərlə sazişlər imzalanıb. Biz istəyirik ki, hər şey əsaslı olsun. Həm tez edək, eyni zamanda, tələskənliyə yol verməyək. Çünki hər şey əsaslı olmalıdır və ora qayıdacaq insanlar ən yaxşı şəraitlə təmin edilməlidir. Çünki bu insanlar 30 il ağır vəziyyətdə yaşayırdılar. Düzdür, onların bir çoxu dövlət tərəfindən ayrılmış gözəl mənzillərdə yaşayırdı, ancaq onlar həmişə Vətən həsrəti ilə, öz torpaqlarının həsrəti ilə yaşamışlar. Biz elə şərait yaratmalıyıq ki, onlar bundan sonra rahat yaşasınlar. Ona görə həm vaxt itirməməliyik, həm də tələsməməliyik. Hər şey əsaslı olmalıdır, bütün inşaat işləri şəffaf, tender əsasında aparılmalıdır. Xüsusi göstəriş verilib, maksimum şəffaflıq təmin edilməlidir. Əgər hər hansı bir xoşagəlməz halla üzləşsək, cəzamız çox sərt olacaq, bunu hər kəs bilməlidir və bilir.
Yenə də deyirəm, infrastruktur layihələri ilə bərabər, məsələn, Şuşada artıq yaşayış kompleksinin inşasına start verilib, təməli qoyulub, artıq praktiki inşaata başlayacağıq. Ağdamda, digər yerlərdə, kəndlərdə məktəb, xəstəxana. İndi Ağalı kəndinin istifadəyə verilməsi nəzərdə tutulur. Yəni genişmiqyaslı işdir, çox böyük işdir - həm texniki nöqteyi-nəzərdən, maliyyə tutumu baxımından və məsuliyyət baxımından. Çünki bu, çox məsuliyyətli işdir, biz burada səhv buraxmamalıyıq.
- Cənab Prezident, sosial-iqtisadi inkişafa nail olmaq, bunu reallaşdırmaq, eyni zamanda, korrupsiya və rüşvətxorluqla mübarizə də deməkdir? Siz şəffaflıqdan danışdınız və xüsusən Sizin bu sahədə, korrupsiya ilə mübarizə sahəsində barışmaz mövqeyiniz məlumdur. Ona görə bilmək istərdik, bütün bu ciddi islahatların aparılmasına baxmayaraq, məmur bürokratiyası, məmur biznesi – yəni, bu neqativlərlə rastlaşırıq. Bu il bu sahədə hansı islahatların aparılmasını nəzərdə tutursunuz?
- Bu il bu sahədə mübarizə davam etdiriləcək. Son illər ərzində göstərdiyimiz qətiyyət və sözlə əməl arasında olan vəhdət, hesab edirəm ki, hər kəs üçün dərs olmalıdır. Çünki mən dəfələrlə dövlət məmurlarına həm rəsmi qaydada, həm də görüşlər zamanı, onları vəzifəyə təyin edərkən təlimat verirdim ki, korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır və əgər bu və ya digər məmur bu çirkaba bulaşarsa, cəza çox sərt olacaq. Nəticə də onu göstərir - ən yüksəkvəzifəli məmurlar bu gün istintaq qarşısında, məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar. Bir daha demək istəyirəm ki, heç kim bu məsuliyyətdən boyun qaçıra bilməz, heç kim qanundan üstün deyil, qanun qarşısında hamı bərabərdir, heç kimin əvvəlki xidmətləri nəzərə alınmayacaq. Xüsusilə bu əyri yola gedən insanların xidmətləri daha çox “ayı xidməti”nə bənzəyir. Ona görə hesab edirəm ki, bunu hər kəs artıq görüb və bilib. Ona görə bizim addımlarımız çox sərt olacaq, cəzalarımız da çox sərt olacaq.
Amma bu, işin bir tərəfidir. Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır.
Bu sahədə son vaxtlar, Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq. Eyni zamanda, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ki, ictimai nəzarət güclənsin. Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir.
Hesab edirəm ki, vacib amillərdən biri də korrupsiya üçün meydanı daraltmaqdır. Burada da əlbəttə ki, institusional tədbirlər görülməlidir, şəffaflıqla bağlı, hesabatlılıqla bağlı əlavə addımlar atılmalıdır. Bunu sadə sözlə desəm - bütün sahələrdə ASAN modeli tətbiq edilməlidir. Çünki ASAN modeli artıq sınaqdan çıxmış bir modeldir. O da bizim təşəbbüsümüz idi. Bizə qədər bu cür, bu miqyasda və bu əhatədə oxşar bir xidmət sahəsi olmamışdı. Bunu da biz etmişik və bacarmışıq. Ona görə “ASAN xidmət”in əhali tərəfindən bəyənmə əmsalı haradasa 98 faizdir, bəlkə də çox. Mən təəccüb edirəm, nə üçün 100 faiz deyil. Çünki orada tam şəffaf mənzərə mövcuddur. Ona görə bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da, yəni haradakı korrupsiya imkanları var, minimuma endirilməlidir. Belə olan halda uğurlar daha da təsirli olacaq. Ancaq hesab edirəm ki, bizim siyasi iradəmiz artıq hər kəsə bəllidir. Mən demişəm, əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və əgər öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin.
CBC telekanalından Elmira Musazadə: Cənab Prezident, CBC beynəlxalq kanal olduğuna görə icazənizlə, sualımı rus dilində vermək istərdim. Siz bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr barədə danışdınız. Bununla əlaqədar mən hərbi quruculuq məsələləri barədə danışmaq istərdim. Dekabrın 24-də Siz Xocavənd rayonunun Hadrud qəsəbəsinə səfəriniz çərçivəsində Komando qüvvələrinin formalaşması üzrə yeni hərbi hissənin açılış mərasimində iştirak etmisiniz. Siz orada qeyd etdiniz ki, icazənizlə, sitat gətirmək istərdim: “Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, müharibədən sonra biz ordu quruculuğu prosesini dayandırmamışıq, ordu üçün xərcləri azaltmamışıq, əksinə, artırmışıq”. Bu, nəyə görə belə vacibdir və Azərbaycanın Vətən müharibəsində Qələbəsindən sonra qarşıdakı illərdə hərbi quruculuq necə həyata keçiriləcək?
İşğal faktı nəzərə alınmaqla hərbi quruculuq məsələləri mənim gündəliyimdə həmişə birinci dərəcəli yer tutub. Bu mövzu həm mənim iş qrafikimdə, həm açıq çıxışlarımda, həm də həmkarlarımla əlaqələrimdə həmişə üstünlük təşkil edib. Təbii ki, bu mövzu bütün xalqı birləşdirirdi və biz hamımız Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin etməyə çalışmışıq. Təsadüfi deyil ki, biz dövlət büdcəsini nəzərdən keçirən və hazırlayan vaxt mən həmişə göstəriş verirdim ki, ən böyük xərclər hərbi quruculuq üçün ayrılmalıdır. Bu, başqa amillərlə yanaşı, özünün haqlı olduğunu sübut edib. İndiki mərhələyə gəldikdə isə, mən bu barədə danışdım və siz tamamilə düzgün olaraq mənim sözlərimi xatırlatdınız ki, biz bir sıra amillər üzrə dayanmamalıyıq. İlk növbədə, ona görə ki, təəssüflər olsun, Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Təəssüf ki, biz bunu real həyatda da görürük. Elə dünən Azərbaycan hərbi qulluqçularına qarşı növbəti hərbi təxribat törədilib. Heç bir əsası olmayan bu təcavüz nəticəsində Azərbaycanın hərbi qulluqçusu öldürülüb. Bu, müharibədən sonra baş verən birinci hadisə deyil. Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra.
Əslində, bizim hərbi quruculuğu davam etdirməyimiz bununla izah olunur. Burada bir neçə aspekt var. Birincisi, müharibə dövründə biz, əlbəttə, çoxlu sayda döyüş sursatından istifadə etmişik, indi biz onları bərpa etməliyik və bağlanmış yeni kontraktlar bizim üçün bunu təmin edir. Artıq silah və sursat tədarükü gedir. Növbəti məqam – müxtəlif xarakterli müasir silah sistemlərinin alınmasıdır. Biz bu məsələyə həmişə böyük əhəmiyyət vermişik. Ona görə ki, hərbi texnologiya inkişaf edir və biz həmişə ən yaxşı texnologiyaları almaq istəyirik. Bildiyiniz kimi, bizə silah satmaq istəyənlərin sayı baxımından problemimiz yoxdur. Üçüncüsü – Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılması. İkinci Qarabağ müharibəsi Böyük Qələbə ilə yanaşı, həm də əməliyyatlar aparılması sahəsində böyük təcrübə deməkdir. Bu, Silahlı Qüvvələrin təlim şəraitində deyil, əməli işdə yoxlanmasıdır və bizim Silahlı Qüvvələr bu yoxlamadan şərəflə çıxdılar. Bununla belə, İkinci Qarabağ müharibəsi bizim bundan sonra nə etməli olduğumuzu, hərbi infrastrukturun hansı elementlərinin bizim tərəfimizdən ya istifadə edilməməsini, ya çox məhdud formatda istifadə edilməsini, ya da onların zəif olmasını göstərdi. Bu da böyük təcrübədir. Lakin indi dediklərimdən artığını məlum səbəblərə görə deyə bilmərəm. Komando qüvvələrinin yaradılması bizim hərbi potensialı təkmilləşdirmə elementlərindən yalnız biridir və lakin çox vacib elementdir. Bu proses başlanıb və artıq dediyim kimi, davam etdiriləcək.
Xüsusi təyinatlı qüvvələr İkinci Qarabağ müharibəsi dövründə özlərini ən yaxşı cəhətdən göstərdilər. Mən bunu dəfələrlə demişəm. Buna görə də həmin qüvvələrin təkmilləşdirilməsi, həmçinin xüsusi təyinatlı yeni qüvvələrin yaradılması vəziyyətin diktə etdiyi zərurətdir. Söhbət revanş cəhdlərindən gedir. Söhbət ondan gedir ki, bir ildən, iki ildən, beş ildən sonra nə olacağını bilmirik. Bu gün Ermənistan ordusu tamamilə bərbad vəziyyətdədir və İkinci Qarabağ müharibəsi dövründə olduğundan daha artıq dərəcədə bizə müqavimət göstərməyə qabil deyil. Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir.
Beləliklə, bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq. Hərçənd, artıq hamının bildiyi kimi, bizim nümayiş etdirdiyimiz həm mütəxəssislərin, həm də bir sıra ölkələrin ictimaiyyətinin gizlətmədiyi heyranlıq doğurub. Bu gözlənilməz və gizlədilməyən heyranlıq, əlbəttə, bizdə, hər kəsdə qürur hissi doğurub. Lakin, eyni zamanda, biz, necə deyərlər, qürrələnməməli, lovğalanmamalı, özlərini böyük döyüşçülər hesab edən, lakin, əslində, sprintdə yeni rekordlar müəyyən etmiş böyük sprinterlər olan erməni tərəfin səhvlərini təkrarlamamalıyıq. Əlbəttə, belə olmayacaq, lakin hər halda indi mənim hərəkətlərim, o cümlədən hərbi quruculuq çərçivəsində hərəkətlərim reallıqlardan kənara çıxmamağa yönəlib. Biz nə lazımdırsa onu etmişik, ləyaqətlə, şərəflə, ədalətlə etmişik və gələcək haqqında, Azərbaycan Silahlı Qüvvələrinin xalqımızı və dövlətimizi bütün mümkün təhlükələrdən qoruya bilməsi barədə düşünməliyik. Fikrimcə, müharibədən sonrakı dövr, - ötən bir il ərzində çox hadisələr baş verib, özü də təkcə Ermənistana münasibətdə deyil, - nümayiş etdirib ki, biz özümüzü layiqincə qorumağı bacarırıq.
- Cənab Prezident, Ermənistanda revanşizm meyillərinə toxundunuz. Bu məsələ ilə bağlı Sizin fikrinizi öyrənmək istərdim. Erməni mətbuatında daim revanşist meyillər hiss olunur. Sanki kimlərsə onilliklər boyu, xüsusən Robert Koçaryanın, Serjik Sarkisyanın vaxtında olan mifləri - Ermənistan ordusu, “böyük Ermənistan” miflərini bərpa etməyə çalışır. Sizin fikrinizcə, bu qüvvələrin məqsədi nədir və bu, nə ilə nəticələnə bilər?
- Bəli, mən də bunu, təbii ki, izləyirəm. Deyə bilərəm ki, Ermənistanda revanşist meyillər təkcə keçmiş hakimiyyət nümayəndələri tərəfindən yox, eyni zamanda, indiki hakimiyyət nümayəndələri tərəfindən özünü büruzə verir. Çünki biz görürük ki, birincisi, dediyim kimi, müharibədən sonrakı dövr ərzində hərbi təxribatlar və bir neçə dəfə belə cəhd edilmişdir - həm noyabr ayında, ondan əvvəl, dünən və istisna deyil ki, bundan sonra da belə cəhdlər ediləcək. Təbii ki, Ermənistan rəhbərliyi və bütövlükdə cəmiyyəti müharibədəki məğlubiyyətindən hələ özünə gələ bilməyib. Onlara elə bir ciddi psixoloji zərbə vurulub, psixoloji cəhətdən elə zədələniblər ki, onların indi bütün ideoloji əsasları darmadağın edilib. Yəni, onların uydurduqları və özləri inandıqları bütün miflər dağıdılıb. Onu biz 44 gün ərzində göstərmişik. Ona görə belə meyillər Ermənistan ictimaiyyətində var və istənilən hakimiyyət ictimai rəylə hesablaşmalıdır. Ona görə belə meyillər davam edəcək. Bu, birincisi.
İkincisi, onu da biz unutmamalıyıq ki, indiki hakimiyyət əgər bu gün özünü daha konstruktiv aparırsa, faktiki olaraq müharibədən əvvəlki dövrdə müharibənin qaçılmaz olmasını şərtləndirdi. Axı “Qarabağ Ermənistandır və nöqtə” deyən indiki hakimiyyətin təmsilçisidir, “Yeni torpaqlar uğrunda yeni müharibə” ilə bizi hədələyən indiki hakimiyyətin təmsilçisidir. Cıdır düzündə oynayan, Azərbaycan xalqının heysiyyətinə toxunan indiki hakimiyyətin təmsilçisidir. Yəni, indi biz indiki hakimiyyətin davranışına baxmamalıyıq, özümüzü aldatmamalıyıq. Məhz onlar Azərbaycan ərazilərini daim işğal altında saxlamaq fikrində idilər, məhz indiki hakimiyyət dırnaqarası qondarma “Dağlıq Qarabağ respublikası”nın parlamentini Şuşaya köçürmək istəyirdi və hətta orada binanın daş işləri də artıq tamamlanmışdı. Biz onu yerlə bir etdik. İndiki hakimiyyət nümayəndələri deyirdi ki, biz dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıyıq və dırnaqarası “Dağlıq Qarabağ respublikası” danışıqlar masasında olmalıdır. Yəni Koçaryan-Sarkisyan yox, məhz indiki hakimiyyət. Ona görə yenə də deyirəm, biz heç vaxt indiki hakimiyyətin xoş sözlərinə aldanmamalıyıq. Heç vaxt unutmamalıyıq ki, biz hansı qonşu ilə qonşuluqda yaşayırıq. Sərhəddə törədilmiş təxribatlar da bundan qaynaqlanır. Onlar bizi yenə də sınağa çəkmək istəyirlər. Ola bilsin, dünənki təxribatın mənşəyi də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki, üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki, müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv ediləcək.
O ki qaldı, Ermənistan müxalifətinə, yəni, özünü müxalifət adlandıran Sarkisyan-Koçaryan cütlüyünə, əlbəttə, o insanlarda Azərbaycan xalqına qarşı o dərəcədə nifrət var ki, onlar öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Halbuki İkinci Qarabağ müharibəsi onların məğlubiyyəti idi. Çünki biz onların ordusunu məhv etmişik. Paşinyan iki ildə nə ordu yarada bilərdi, nə ordu dağıda bilərdi. Bu, Koçaryan-Sarkisyan ordusu idi ki, biz o ordunu məhv etmişik. Onların hər ikisi müharibə zamanı Xankəndiyə gəlmişdilər və orada guya müqavimət hərəkatına rəhbərlik etmək istəyirdilər. Görəndə ki, artıq Azərbaycan Ordusu Şuşaya yaxınlaşır, oradan qorxaqcasına qaçmışdılar. Yəni, onlar fəraridirlər, onlar yalançı qəhrəmandırlar. Onlar ancaq dinc əhaliyə qarşı müharibə apara bilərdilər. Onların hər ikisi Xocalı qatilləridirlər. Onlar elə bil ki, Siam əkizləridir. İkisi də partiya işində olublar, ikisi də Gevorkovun əlaltıları olublar, ikisinin də namizədliyi Bakıda, Mərkəzi Komitədə təsdiqlənib. Atam Xankəndinə gələndə ikisi də onu orada ayaqüstə qarşılayıb əl çalırdılar. Bunların Ermənistan-Azərbaycan, erməni-Azərbaycan xalqlarının dostluğu haqqında nə qədər çıxışları var. Yəni, onlar Azərbaycan çörəyini yeyib və çörəyi diziüstə olan nankorlardır. Birinci Qarabağ müharibəsində, sadəcə olaraq, özlərindən belə bir mif yaratmışdılar ki, guya bunlar müharibə qəhrəmanlarıdır. Mən dedim, onların sinələrində olan o dəmir-dümürlərin yeri zibil yeşiyidir. Çünki İkinci Qarabağ müharibəsi onu göstərdi ki, kim kimdir. Birinci Qarabağ müharibəsində onlar dinc əhaliyə qarşı vuruşurdular, soyqırımı, qətliam törətmişdilər. O vaxt Azərbaycan ordusu müqavimət göstərmək iqtidarında deyildi. Amma bu dəfə biz onları diz çökdürdük və onlar öz miskin ömürlərinin sonuna qədər məğlubedilmiş fərarilər kimi yaşayacaqlar. Əlbəttə ki, belə adamlar istənilən fürsətdən istifadə edib bizə zərbə vurmağa hər an hazır olan adamlardır. Amma onlar da bilməlidirlər, indiki hakimiyyət də bilməlidir və istənilən hakimiyyət bilməlidir ki, Ermənistan bizim qabağımızda heç vaxt dayana bilməz. Yenə də deyirəm, bizi heç nə dayandıra bilməz. Bizi dayandıran yeganə amil odur ki, biz müharibə istəmirik. Məhz buna görə dünən saat 21:30-da mən Müdafiə Nazirliyinə göstəriş verdim ki, atəşi dayandırın. Mən bu göstərişi verməsəydim, bu gün də onların vəziyyəti daha ağır olacaqdı. Yəni, biz bir daha göstərdik ki, bizim səbrimizlə oynamasınlar. Ümid edirəm ki, bu cəhd, bu təxribat cəhdi sonuncu cəhd olacaq. Olmasa, yenə də nəticə eyni olacaqdır.
- Cənab Prezident, bu gün rəsmi Bakı Yerevana sülh təklif edir. Amma Sizin qeyd etdiyiniz kimi, Ermənistan yenə zaman-zaman təxribatlara əl atır. Siz may ayında, noyabrda və dünən baş verən ciddi toqquşmalar barədə danışdınız. Belə halların bir daha baş verməməsi üçün Azərbaycan hansı rıçaqlardan istifadə edəcək və delimitasiya, demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görülməsi nəzərdə tutulur?
- Biz, əslində, bu sülh gündəliyini onlara təqdim etmişik və delimitasiya ilə bağlı, əgər o baş tutarsa, ondan sonra demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürmüşük. Bildiyiniz kimi, ilkin mərhələdə Ermənistan cavab vermirdi, nə hə, nə yox deyirdi. Yəni, bu, bir daha onu göstərir ki, Ermənistan rəhbərliyində gələcəklə bağlı açıq-aydın təsəvvür yoxdur. Bizim siyasətimiz isə tam aydındır - istər müharibə ilə bağlı, istər keçmiş Qarabağ münaqişəsinin baş vermiş həlli ilə bağlı, istər gələcəklə bağlı. Biz təklif etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə minimuma endirir. Halbuki biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər. İndi imzalansa da, imzalanmasa da, biz dediyim kimi, öz hərbi gücümüzü, qüdrətimizi daim artıracağıq və artırmalıyıq. Ermənistan tərəfi isə tərəddüd edir. Yenə də bu, onu göstərir ki, rəsmi dairələr bu məsələ ilə bağlı öz fikrini hələ formalaşdıra bilməyib. Bir tərəfdən, onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər. Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Mən demişəm, bizim xoşniyyətli davranışımız şərt deyil ki, əbədi olacaq və şərt deyil ki, bu təkliflər əbədi masa üzərində qalacaq. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni, bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq.
-Çox üzr istəyirəm, qısa bir dəqiqləşdirmə. Müqayisəli təhlili apardıq, yəni, Ermənistan tərəfindən davamlı təxribatlar, indiki hakimiyyətin hərəkətlərində mütərəddidlik, qeyri-davamlı proseslərin baş verməsi. Qeyd etdiyiniz məsələ - sülh sazişi və ölkələrin bir-birinin ərazilərini tanıma məsələsinin, fikrinizcə, perspektivi görünür, yoxsa yox?
-Yox, mən bunu görmürəm. Çünki Ermənistan tərəfindən hələlik hər hansı bir cavab verilməyib bu təklifə. Kommunikasiyanın açılması ilə bağlı artıq cavab verilib. Baxmayaraq ki, biz bu məsələni gündəliyə salanda ona da etiraz edirdilər. İndi hər kəs bunu yaxşı xatırlayır ki, həm dəmir yolunun tikintisinə, xüsusilə avtomobil yolunun tikintisinə etiraz edirdilər və deyirdilər ki, yox, bu, olmayacaq. Sonra mən müsahibələrimin birində dedim ki, istəsə də, istəməsə biz bunu edəcəyik. Bunu deyəsən aprel ayında demişdim və nəticə etibarilə indi avtomobil yolunun, Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolunun çəkilişinə də razılıq verib. Yəni, mən demək istəmirəm ki, biz onları məcbur etmişik, biz heç bir zor tətbiq etməmişik. Ola bilər ki, bizim, necə deyərlər, siyasi addımlarımız, diplomatik addımlarımız, eyni zamanda, bölgədə gedən proseslər göstərir ki, bunu artıq təkcə Azərbaycan yox, bir çox region ölkələri istəyir. Ona görə bu tarixçəyə nəzər salsaq görərik ki, Ermənistanın mövqeyində dəyişiklik baş verir. Ona görə istisna edilmir ki, bu gün inkar etdiyi sülh müqaviləsinin imzalanmasına da nə vaxtsa hazır olacaq. Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regionun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq.
- Cənab Prezident, bu gün biz açıq-aşkar görürük, Siz də dəfələrlə vurğulamısınız ki, Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Şübhəsiz, bu, yeni geosiyasi reallıq yaradır. Sizin rəyiniz necədir, bəzi ölkələrin, beynəlxalq təşkilatların, siyasi liderlərin bu yeni reallığı necə qəbul etmələri Sizi qane edirmi?
- Bəli, deməliyəm ki, müharibənin başa çatmasından bir il keçəndən sonra beynəlxalq birliyin reaksiyası məni qane edir. Lakin deməliyəm ki, bu, çox cəhətdən bizim fəaliyyətimiz nəticəsində baş verib. Ona görə ki, müharibə qurtarandan sonra, elə ertəsi gün mənim tapşırığımla biz işə başladıq ki, müharibənin nəticələri bütün beynəlxalq birlik tərəfindən qəbul edilsin. Yəni, biz, belə deyək, bircə gün də həm ərazilərin bərpası baxımından, həm də artıq dediyim kimi, yüzlərlə kilometrlik sərhədin qaydaya salınması, beynəlxalq birliyin bunu qəbul etməsi baxımından nail olduğumuz işləri dayandırmamışıq. Bu iş tədricən gedib, lakin hər halda biz buna nail olmuşuq. ATƏT-in Minsk qrupunun həmsədrlərinin ilk bəyanatlarını yada salsaq görərik ki, onlar yeni reallıqlardan tamamilə uzaq idi. Biz orada vaxtaşırı həm münaqişə mövzularını, həm də digər qəbuledilməz məsələləri görürdük. Lakin sonradan, onların bəyanatlarına baxsaq indi artıq həm 10 noyabr tarixli üçtərəfli Bəyanata, həm də başqa sənədlərə istinadlar görərik. Yəni, reallıq artıq üstünlük təşkil edir. Bir də ki, bilirsiniz, Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Əlbəttə, biz heç vaxt özümüzü şişirməmişik və şişirtməli deyilik, lakin lazımınca qiymətləndirməmək də gərək deyil. Biz öz konstitusion hüquqlarımız çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaratmışıq və hamı bu reallıqla hesablaşmalıdır. Bu, asan məsələ deyildi. Bu, ictimaiyyətə görünməyən iş idi. Ona görə ki, biz bu işi açıq şəkildə görə bilməzdik. Əks halda özümüzə ziyan vura bilərdik. Ona görə bu, daimi iş idi. Nəticədə bu gün beynəlxalq təşkilatlar – BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Biz bunu həm formal mənada, həm də xalis ünsiyyətdə görürük. Üstəlik, mən beynəlxalq strukturların çoxsaylı rəhbərləri və dövlət başçıları ilə əlaqədə olarkən müşahidə edirəm, indi biz öz haqq işimizə qat-qat artıq dəstək görürük. Bəli, amma bunlar hər şey başa çatandan sonra belə olub. Əlbəttə, çoxları bizə deyir ki, siz haqlı idiniz, siz hər şeyi düzgün edirdiniz, biz həmişə sizin tərəfinizdə olmuşuq. Lakin nədənsə çoxları bu barədə susmağı üstün tuturdu. Amma bilirsiniz, həmişə qaliblərin dostları çox olur. Biz bunu tarixdə dəfələrlə görmüşük, lakin hər halda bu, müsbət addımdır, xüsusən deməliyəm ki, buna İkinci Qarabağ müharibəsinin necə getməsi də yəqin ki, təsir göstərib. Biz o müharibəni ləyaqətlə, kişi kimi, beynəlxalq humanitar normaları pozmadan aparmışıq. Mən dəfələrlə demişəm, erməni tərəfdən dinc əhali arasında itki az olub. Olan qurbanlar da yalnız müharibədə iştirak edən dinc vətəndaşlar olub. Erməni tərəfi isə alçaqcasına hücumlar edib, bizim şəhərlərimizi daim bombalayıb. Təkcə Tərtərə 16 min mərmi düşüb. Təsəvvür edin, kiçik bir şəhər və 16 min mərmi. Bəs Gəncə, bəs Şuşa, “Skad”lar, “İskəndər”lər!
Müharibənin daha bir epizodu barədə hələ danışmamışam. Yəqin ki, bu söhbət ilk dəfə biz Zəngilan istiqamətində Ermənistanla sərhədə doğru irəliləyəndə və Ağbənd qəsəbəsinə bir neçə kilometr qalan vaxt olub. Biz məlumat aldıq ki, erməni tərəfi Rusiya tərəfinə müraciətlə xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının kontingentinin bir hissəsi oraya, sərhədə, Zəngilana ezam edilsin. Bunu onunla əsaslandırmaq istəyirdilər ki, guya Azərbaycan Ermənistan ərazisinin Mehri hissəsini ələ keçirmək niyyətindədir. Hərçənd bizim belə niyyətimiz yox idi. Bununla belə Gümrüdəki Rusiya bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu operativ informasiya bizdə vardı. Bu hadisə baş verəndən dərhal sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi, buna görə onlar minomyotlardan da atəş açırdılar. Orada biz tələfat verdik. Lakin təbii ki, biz cavab verdik və dərhal Rusiyaya müraciət etdilər ki, Azərbaycan rusiyalı hərbi qulluqçuları atəşə tutur. Bu dərəcədə alçaqlığı təsəvvür etmək olarmı? Yeri gəlmişkən, Rusiya tərəfi sonralar, artıq bizimlə kontaktlarda bu hadisəni eyni ilə mənim kimi qəbul edirdi: bu, alçaqlıqdan başqa bir şey deyil. Yəni istəyirdilər ki, biz erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi qulluqçulara ziyan vuraq, onlar öz məqsədlərinə çatsınlar və Rusiyanı bu müharibəyə cəlb etsinlər.
Müharibə dövründə baş verən çox hadisələr erməni tərəfin hərəkətlərinin alçaq xarakterinə sübutdur. Hətta öz hərbi qulluqçularına münasibətdə. Səngərlərdə, maşınlarda, yük maşınlarında zəncirlə bağlanmış vəziyyətdə ölən erməni hərbi qulluqçularını nə qədər tapdıq. Ermənistanın hərbi və siyasi komandanlığı fərarilərin yerindəcə güllələnməsi barədə göstəriş vermişdi. Bütün bu informasiya bizdə var. Ona görə ki, biz təkcə Qarabağda deyil, Ermənistan ərazisinin çox hissəsində də bütün məkanı izləmişik. Buna görə baş verənlər haqqında mötəbər informasiyaya malik idik. Yeri gəlmişkən, indi də belədir.
Düşünürəm ki, bu amil də rol oynayıb. Fikrimcə növbəti amil odur ki, biz işğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil etdik. Onlar hamısı şokda idi. Elə biz hamımız da. Orada olan hər birimiz, sadəcə, şok vəziyyətinə düşürdük. Ona görə ki, biz vandalizmin və barbarlığın miqyasını bilmirdik. Bu da ermənilərin bütün ideoloji konsepsiyasını tamamilə alt-üst edirdi ki, guya onlar sivil xalqdır, qədim xalqdır, barbar müsəlmanların əhatəsində qalıblar, Qafqazda xristianlığın nəticəsi olan nəcib xalqdır. Məgər nəcib xalq belə hərəkət edə bilərmi? Ölüləri qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq. Biz bütün bunları göstərdik, hərçənd heç nə göstərməyə ehtiyac yox idi, sadəcə, adamların oraya gəlməsi lazım idi ki, özləri baxıb görsünlər. Mən hələ işğal dövründə müsəlman ölkələrə müraciətlə deyəndə ki, ermənilər dəhşətli hadisələr törədir, bütün müsəlmanların müqəddəs ziyarətgahlarını təhqir edirlər, bəlkə də çoxları buna inanmırdı, lakin indi özləri bunu görəndən sonra necə qəbul edəcəklər? Yəni burada baş verənlərin dərk edilməsində, bizim təkcə tarixi, hüquqi və siyasi baxımdan deyil, həm də xalis insanlıq baxımından haqlı olmağımızı dərk etməkdə daha bir dönüş baş verdi. Biz belə hərəkətlər etməmişik. Hazırda bizim nəzarətimizdə olan kəndlərdə, - mən ermənilərin yaşadıqları kəndləri nəzərdə tuturam, - hər şey salamatdır. Bir il keçib, mən Hadrutda olmuşam, orada bircə binaya da toxunulmayıb. İşğal dövründə orada əsasən ermənilər yaşayırdı. Bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir. Heç bir qəbirüstü daş sındırılmayıb, heç bir kilsə dağıdılmayıb. Amma yəqin bilirsiniz, UNESCO ilə bağlı epopeyanı deyirəm, onlar bizi az qala vandalizmdə təqsirləndirməyə çalışırdılar, düşünürdülər ki, indi biz kilsələri dağıdacağıq. Biz ermənilərin buraya gəlməsi marşrutunu onlarla razılaşdırdıq. Onlar da, onlarla əlaqədə olan bəzi ölkələr də çox təkidlə buraya gəlmək istəyirdilər. Biz işğaldan azad edilmiş ərazilərə xarici diplomatların və əcnəbi jurnalistlərin səfərlərini təşkil edəndə, onlar bu kilsələrin və bu qəbirlərin yerində olduğunu görəndə UNESCO-nun gəlməsi mövzusu gündəlikdən çıxarıldı. Məsələ belədir. Biz bütün illər boyu onları dəvət edirdik. Cavab necə olurdu? Deyirdilər ki, UNESCO siyasi məsələlərlə məşğul olmur. İkinci Qarabağ müharibəsi başa çatan kimi onlar təkidlə buraya gəlməyi xahiş etməyə başladılar. Biz marşrutları razılaşdırdıq və sair. Bu müddətdə baş verənlər məlumdur. Onlar özləri də gördülər ki, biz heç nəyi dağıtmırıq, amma buraya gələndə dağıdılmış məscidləri, dağıdılmış qəbiristanlıqları, tarixi abidələri, dağıdılmış şəhərləri görəcəklər, sadəcə, bunu kimin etdiyini deməyə məcbur olacaqlar. Deməli, bunu etmək istəmirlər. Bütün bu amillər, üstəgəl bizim fəal diplomatik işimiz bu reallıqların dünyada qəbul edilməsinə şərait yaratdı. Hesab edirəm ki, bu, böyük uğurdur. Ona görə ki, bu müharibədən sonra, əslində, biz müharibə başlayacağı halda nələr baş verəcəyi barədə dünya miqyaslı himayədarları olan Ermənistanın bütün proqnozlarını, bütün fərziyyələrini alt-üst etdik. Əlbəttə, düşünürəm ki, dünya Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə - qurbanlar verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü və bu amil də rol oynadı. Ona görə ki, sentyabrın 27-də ermənilərin himayədarlarının reaksiyasını hətta mən də - bunu bilən və ya güman edə biləcək adam da fərz edə bilməzdik. Bütün bunlar öz rolunu oynadı. Buna görə də bizim xalqımıza və ölkəmizə hörmət inanılmaz dərəcədə artdı. Biz bunu görürük. Bunu hər kəs, hər bir azərbaycanlı, Azərbaycandan uzaqda yaşayan hər kəs görür və hiss edir. İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət effektdir və düşünürəm ki, daim müsbət təsir göstərəcək.
- Cənab Prezident, münaqişə dövründə ATƏT-in Minsk qrupu deyilən bir qrup da var idi, bayaq Siz də onu qeyd etdiniz. ATƏT-in bu Minsk qrupu faktiki olaraq 30 il müddətində heç bir irəliləyişə nail olmadı və Azərbaycan öz gücünə istər beynəlxalq hüququ, istərsə də BMT-nin məlum qətnamələrini özü təmin etdi. Münaqişə həll olunandan sonra isə Minsk qrupu bir neçə bəyanat verdi və ondan sonra yoxa çıxdı. Onlardan heç xəbər də yoxdur. Sizdə hər hansı məlumat varmı? Onlar nə işlə məşğuldurlar?
- Yox, məndə də məlumat yoxdur. Hesab edirəm ki, onlar indi yubiley tədbirlərinə hazırlaşırlar. Çünki bildiyiniz kimi, Minsk qrupu 1992-ci ildə yaradılmışdır və bu il 30 illiyidir. Yəqin ki, bu tədbirlərin hazırlanması onları məşğul edir. Amma əgər bu zarafatları kənara qoysaq, hesab edirəm ki, onlar özləri üçün bir gündəlik formalaşdırmalıdırlar. Bu, bizim işimiz deyil. Halbuki, mənim təsəvvürüm var ki, onlar nə ilə məşğul olmalıdırlar və nə ilə məşğul olmamalıdırlar. Nə ilə məşğul olmamalıdırlar, mən deyə bilərəm. Onlar Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub. Biz onların yerinə bu məsələni həll etdik. Onların görünməməsinin səbəbi də hesab edirəm ki, bundan qaynaqlanır. Çünki onlar üçün nə qədər çətin olsa da, bu yeni reallığı qəbul etməlidirlər. Bilməlidirlər ki, onlar bundan sonra Qarabağ məsələsi ilə məşğul olmayacaqlar. Çünki buna biz imkan verməyəcəyik. Biz bu münaqişənin bir tərəfi idik. Əgər bir tərəf deyir ki, bu münaqişə həll olunub, deməli, burada vasitəçiliyə yer qalmır və bizim mövqeyimiz onlara çatdırılıbdır. Nə ilə məşğul olacaqlar, yəqin ki, özləri fikirləşməlidirlər. Bildiyimə görə, indi həmsədrlər arasında da əvvəlki dövrlərdəki kimi birlik yoxdur. Mənim mülahizələrim buna dəlalət edir. Həm bu ölkələr arasındakı münasibətlər son vaxtlar xüsusilə çox gərginləşib, eyni zamanda, keçmiş münaqişə və indiki vəziyyətlə bağlı onların fərqli fikirləri var. Məncə, onlar öz aralarında bir razılığa gələ bilmirlər. Hər halda onların fəaliyyətinin belə aşağı səviyyədə olması bizi qətiyyən narahat etmir, bəlkə də əksinə. Prinsipcə 30 il böyük iş stajıdır, pensiya ərəfəsindədirlər. Ona görə onlara uzun ömür, cansağlığı arzulayıram.
- ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri də Fransadır. Fransanın nəinki parlament nümayəndələri, hətta prezidentliyə bir neçə namizədləri də Ermənistana və qeyri-qanuni olaraq Qarabağa səfər etdilər və orada bir az qızışdırıcı bəyanatlar verməyə başladılar. Bu bəyanatlar nəyisə dəyişə bilərmi?
- Yox, əlbəttə ki, yox. Hesab edirəm ki, bu bəyanatları verənlərdə bunu başa düşürlər ki, bu, heç nəyi dəyişməyəcək. Bu bəyanatların səbəbi də aydındır, növbəti prezident seçkilərində erməni təşkilatlarının səsini qazanmaqdır. Prezidentliyə namizəd xanım Pekresin Azərbaycan ərazisinə bu təxribat xarakterli səfəri, ilk növbədə, Prezident Makrona qarşı edilən səfər idi. Mən, sadəcə olaraq, təəccüb edirəm ki, Prezident Makron müharibə zamanı Ermənistana dəstək verən ən qabaqcıl siyasətçi idi və hətta məsələ o yerə çatmışdı ki, Fransa-Azərbaycan əlaqələri də artıq sual altına düşmüşdü. Buna baxmayaraq, bütün müharibə dövründə o, birmənalı şəkildə Ermənistan tərəfini tuturdu. Mən təəccüb edirəm ki, Paşinyan tərəfindən indi nə dərəcədə nankorluq göstərilir, ona əsas rəqib olan xanım Pekres Qarabağa göndərilir və beləliklə, erməni səslərinin qazanılmasında onun daha böyük imkanları yaranır. Yəni məni təəccübləndirən budur. İkincisi, bir daha demək istəyirəm ki, bu, heç nəyi dəyişməyəcək.
Prinsipcə siz də, yəqin Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, müharibə dövründə və müharibədən sonra bu üç ölkə necə davranış sərgiləyirdi. Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. Amerikadakı Tramp administrasiyası ümumiyyətlə, bu məsələ ilə məşğul olmaq fikrində deyildi. Müharibə Tramp administrasiyasının məhz son aylarına təsadüf etdiyi üçün biz Amerika tərəfinin hər hansı bir mövqeyini görmədik. Avropa İttifaqı rəhbərlik səviyyəsində həm Ermənistan, həm Azərbaycan rəhbərliyi ilə telefon təmaslarında olmuşdur. Fransa isə birmənalı Ermənistan mövqeyini müdafiə edirdi. Azərbaycana qarşı əsassız ittihamlar ifadə edirdi və əlbəttə ki, hər iki parlamentin palatasının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanıması Fransa-Azərbaycan əlaqələrinə çox böyük zərbədir. Müharibədən sonra isə müəyyən müddət bu siyasət davam edirdi. Ancaq sizin sualınıza qayıtdıqda deyə bilərəm ki, Fransa da müharibənin nəticələrini qəbul edib və Prezident Makronun təşəbbüsü ilə keçən ay Brüsseldə üçtərəfli görüş keçirilmişdir. Bu görüş, eyni zamanda, Fransa-Azərbaycan əlaqələri üçün önəmli idi. Çünki biz bir çox məsələləri Prezident Makronla aydınlaşdırdıq. Hesab edirəm ki, normal münasibətlər formatına qayıtmaq üçün imkanlar var. Bilirsiniz, siyasətdə mən həmişə onun tərəfdarı idim ki, emosiyalara qapılmayım və emosiyaları siyasətlə heç vaxt qarışdırmaq olmaz. Bizim müharibədəki davranışımız da bunu göstərirdi. Gəncə, Tərtər, digər şəhərlər bombalanandan sonra biz eyni cavabı vermədik. Halbuki, siz də başa düşürsünüz ki, mən hansı hissləri keçirirdim. Eyni zamanda, beynəlxalq müstəvidə, indi necə deyərlər, Fransa başa düşür ki, səhv addım atıb, heç nə əldə etməyib. Sadəcə olaraq, öz addımları ilə və müharibədən sonrakı addımlarla Azərbaycan ictimaiyyətinin inamını itirib. Nəticə etibarilə, bax, Ermənistan hakimiyyəti onlara belə nankorluq göstərib. Azərbaycan isə faktiki olaraq, öz yolu ilə davam edir. Ona görə münasibətlərin normallaşması istiqamətində Fransa tərəfindən atılan addımlar bizim tərəfimizdən müsbət qarşılanır.
- Cənab Prezident, Azərbaycan cəmiyyətində ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı daim müəyyən suallar yaranır, yumşaq desək, suallar yaranır. Bu, xüsusən də Siz qeyd etdiyiniz kimi qeyri-qanuni səfərlər zamanı baş verir, cəmiyyətdə qıcıq və narahatlıq doğurur. Siz necə hesab edirsiniz, sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiniz və bu cür halların qarşısını almaq üçün əlavə hansı alətlərdən istifadə eləmək olar?
- Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma, eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram. Yəni, keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu, bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər.
O ki qaldı, qıcıq doğuran məsələlərə, əlbəttə, bu bizi də qıcıqlandırır və dəfələrlə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Həm müdafiə nazirimiz öz həmkarına məktublar göndərib dəfələrlə, həm sülhməramlı missiya rəhbərinə irad bildirilir və Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o, hansısa adi bir maşında gəlib və sair. Halbuki, əlbəttə, bu, inandırıcı deyil və mən necə var elə də deməliyəm, müsbəti də, mənfini də. Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokommisar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz. Ona görə belə hallar baş verir, buna yol vermək olmaz qətiyyən və buna son qoyulmalıdır. Məndə olan məlumata görə, Qarabağa gələn Ermənistan nümayəndələri sülhməramlı missiyaya xarici vətəndaşların səfərləri ilə bağlı müraciətlər edirlər. Orada ya icazə verilir, ya da ki, verilmir. Ümumiyyətlə, deyə bilərəm ki, həm giriş-çıxışda, həm Xankəndidə, həm ətraf bölgələrdə baş verən bütün hadisələrdən bizim dəqiq xəbərimiz var. Ona görə bizdən nəyisə gizlətmək, “görməmişik, bilməmişik” demək, qeyri-ciddidir.
Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox insan oradan gedir. Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni, o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni, istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz. Biz maşınların da, insanların da sayını bilirik, nə qədər insan girib, nə qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Bizdə olan məlumata görə, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır. Bax, bu iki məsələ istisna olmaqla, bütövlükdə, yenə də deyirəm, onların funksiyasını mən müsbət qiymətləndirirəm. Ciddi insidentlər olmamışdır. İnsidentlər Ermənistan-Azərbaycan sərhədində baş verib, yəni, o zonada ciddi insidentlər olmayıb.
-Cənab Prezident, icazə versəniz, ATƏT-in Minsk qrupu ilə bağlı daha bir sualım var. Həmsədrlər və onları dəstəkləyən ölkələr özlərinə haqq qazandırmaq üçün deyirlər ki, otuz il ərzində, - bu həqiqətən böyük müddətdir, - onlar müəyyən qədər təcrübə toplayıblar. Biz hamımız İkinci Qarabağ müharibəsinin də, müharibəyə qədər onların işinin də nəticələrini gördük. Siz necə hesab edirsiniz, bu müddət ərzində onların fəaliyyətsizliyi nəzərə alınmaqla bu formatı necə dəyişmək lazımdır ki, itirilmiş etimad bərpa olunsun?
-Bu, yenə də onların nə ilə məşğul olmağa hazırlaşmalarından asılı olacaq. Mən bu məsələ barədə öz mövqeyimi bizim xarici işlər naziri vasitəsilə çatdırmışam. Artıq dediyim kimi onların nə ilə məşğul olmamalı olduğunu demişəm. Onlar öz gündəliyini formalaşdırmalı və bizə təqdim etməlidirlər. Sonra biz həmin gündəliyi ya təsdiq etməli, ya təsdiq etməməli, ya da qismən təsdiq etməliyik. Yəni, onların belə konsolidə edilmiş qrup kimi məşğul olmaq istədikləri bəndlərdən söhbət gedir. Hərçənd, bir daha vurğulamalıyam, Rusiya ilə ABŞ, Rusiya ilə Avropa İttifaqı arasında baş verən son hadisələr bunu deməyə əsas verir ki, həmin ölkələr arasında əməkdaşlığın bu yeganə formatı formal mənada deyil, məhz belə konsolidə edilmiş şəkildə saxlanacaq. Buna görə də biz özümüz üçün ilk növbədə, aydınlaşdırmalıyıq ki, bu gün Minsk qrupunun həmsədrliyi zamanın reallıqlarına nə dərəcədə cavab verir, həmsədrləri dəyişməyə zərurət varmı, çünki Minsk qrupu təkcə bu üç ölkədən ibarət deyil. Bu üç ölkə, əslində, qalan ölkələri təcrid ediblər, həqiqəti demək lazımdır. Üstəlik, nizamlamaya hansı şəkildəsə kömək etmək arzusunu bildirmiş bütün başqa təşkilatlar da bloklanmışdı. Bu, mənə dəqiq məlumdur. 2005-ci ildə biz Avropa Şurasının Parlament Assambleyasında işğalı pisləyən Qətnaməni keçirməyə nail olanda, bildiyimə görə, orada Minsk qrupu tərəfindən böyük qalmaqal qoparılmışdı ki, necə yəni, siz özünüzə aid olmayan işlərə qoşulursunuz. Onlar Avropa İttifaqının cəhdlərinə də beləcə qısqanclıqla yanaşırdılar. Yadınızdadırsa, bir müddət bundan əvvəl - keçən il, mənim fikrimcə Avropa İttifaqının üzvləri olan üç ölkənin xarici işlər nazirlərindən ibarət nümayəndə heyəti gəlmişdi. Bu səfərə də münasibət çox qısqanc olmuşdu.
Yəni, prosesi tamamilə inhisarlaşdırmaq, təkcə başqa aktorları deyil, Minsk qrupunun öz üzvlərini də kənarlaşdırmaq cəhdi onların, sadəcə, statistlər rolunda qalmasına səbəb olur. Çoxları hətta bu qrupun kimlərdən ibarət olmasını bilmir. Ardıcıllıq belə olmalıdır. Birincisi, bu qrupun nə dərəcədə həyat qabiliyyətli olması aydınlaşdırılmalıdır. İkincisi, onlar nə ilə məşğul olmağı planlaşdırdıqlarını əks etdirən gündəlik təqdim etməlidir, özü də bu gündəlik onların üçünün arasında razılaşdırılmalıdır. Daha sonra Azərbaycan və erməni tərəfi buna öz münasibətini bildirməlidir. Hələlik bu iki ilk bənd yoxdur. Buna görə də prinsip etibarilə danışmaq üçün mövzu yoxdur.
Təcrübə məsələsinə gəldikdə isə, təcrübə yaxşı şeydir, lakin o halda ki, bu, müsbət təcrübə olsun. Buna görə düşünürəm ki, onlar özləri bir şey fikirləşib tapmalı, bir qərara gəlməlidirlər.
- Cənab Prezident, bu gün Azərbaycan görünməz bir düşmənlə də mübarizə aparır – koronavirus. Xatırlayaq, iki il bundan öncə əksər ölkələr Azərbaycana nümunə göstərilirdisə, bu gün bu virusla mübarizədə Azərbaycan dünya ölkələrinə nümunədir. Amma təəssüflər olsun ki, ölkəmizdə artıq “omikron”a da yoluxma halları təsdiqləndi. Az zərərlərlə çıxmaq üçün, bu siyasətin davam etdirilməsi üçün bundan sonra hansı tədbirlər görüləcək?
- Bilirsiniz, görülmüş tədbirlər öz səmərəliliyini göstərir. Azərbaycan o ölkələrdəndir ki, hesab edirəm, bu çətin sınaqdan şərəflə çıxır. Halbuki itkilərimiz də az deyil və hər ölən vətəndaş, əlbəttə ki, bizim vətəndaşdır. Bütün ölənlərin yaxınlarına bir daha başsağlığı vermək istəyirəm. Biz əvvəlcədən bu məsələ ilə bağlı ciddi məşğul olmağa başlamışıq. Yəqin xatırlayırsınız, MDB məkanında birinci ölkə idik ki, vaksinasiyaya start verdik. Dəqiq xatırlayıram, keçən ilin yanvarın 18-də artıq biz vaksinləri əldə etdik. O vaxt vaksinləri ölkəyə gətirmək də çox böyük problem idi, indiki kimi deyildi. Çünki vaksinlər çox məhdud sayda idi və birinci mərhələdə qardaş Türkiyə bizə böyük köməklik göstərdi. Türkiyə vasitəsilə biz “Sinovac” vaksinlərini ölkəyə gətirdik və peyvəndləmə prosesinə start verdik. Ondan sonra biz həm “Sinovac”la, həm “Pfizer”lə birbaşa kontraktlar bağladıq. Əsas bu vaksinlərdən istifadə olunur və biz tibb sahəsindəki imkanlarımızı da böyük dərəcədə genişləndirdik. Bildiyiniz kimi, ölkəmizə modul tipli xəstəxanalar gətirildi, Yeni Klinikanı - ən gözəl xəstəxananı COVID xəstələrinin sərəncamına verdik və bütövlükdə hazırda 46 xəstəxanamız COVID xəstələrinin müalicəsi ilə məşğuldur. Hesab edirəm ki, bu sahədə nəticələr pis deyil.
Vaksinasiya ilə bağlı son məlumata görə, 18 yaşdan yuxarı olan əhalinin haradasa 64 faizi artıq iki dozu alıb, ümumi əhali daha az. Eyni zamanda, buster dozasını 1 milyon 500-dən (???) çox adam alıb, o cümlədən də mən. Mən bunu ilk dəfə deyirəm. Mən üçüncü dəfə vaksin almışam və hər kəsə bunu məsləhət görürəm.
Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir. Bizdə hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni, 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var. Yəni bu nöqteyi-nəzərdən biz özümüzü rahat hiss edə bilərik. Məhz buna görə biz demək olar ki, bütün məhdudiyyətləri aradan qaldırdıq. İndi bir çox ölkələr yenidən qapanır, yenidən məhdudiyyətlər tələb edirlər. Bu, insanların psixoloji vəziyyətinə, iqtisadi fəallığa çox mənfi təsir göstərir. Biz isə hər şeyi vəziyyətə uyğun şəkildə edirdik, lazım olan halda qapanırdıq, lazım olan halda açılırdıq. Yəni burada əsas məsələ bu virusun yayılma həcmini azaltmaqdır. Onu da bildirməliyəm ki, Azərbaycan əhalisi də özünü çox məsuliyyətlə aparır və bizdə hər hansı bir anti-COVID meyilləri, anti-COVID kampaniyaları yoxdur. İndi insanlar şüurlu şəkildə gedirlər, bu peyvəndi alırlar və başa düşürlər ki, bu, onları qoruyur. Peyvəndlənmiş insanların arasında ölüm halları çox azdır. Bəlkə də peyvəndlənmiş xəstələrdən hansısa çox ciddi xəstəliyi olan, yaxud da ki, xroniki xəstələr dünyadan gedir. Mənim tanıdığım bir çox insan var ki, onlar vaksinasiyadan keçiblər, sonra yoluxublar və əsasən çox yüngül keçib. Hətta mən “omikron”a yoluxmuş insanları tanıyıram ki, 5-6 günə heç bir ciddi simptom olmadan sağalırlar. Görünür ki, “omikron” daha zəif virusdur. Mən düzü, mütəxəssis deyiləm, bu haqda belə geniş fikir söyləmək istəmirəm. Amma müşahidələrim onu göstərir ki, bu, daha yoluxucudur, amma fəsadları daha azdır.
Amma bunu da heç kim bilmir. Bunu əlbəttə ki, biz gərək izləyək. Əsas məsələ özümüzü, hamımız özümüzü qorumalıyıq. Hər birimiz vaksin almalıyıq və vaxtaşırı o anticisimlərin sayını da yoxlamalıyıq. Mən də özümü yoxlatdırıram, qan analizi verirəm, baxıram. Mən nə üçün üçüncü dəfə peyvənd olundum?! Gördüm ki, artıq məndə anticisimlər azalır. Haradasa artıq o səviyyəyə düşə bilər ki, sanki peyvənd almamışam, ona görə üçüncü – “buster” dozanı aldım. Heç bir təsir yoxdur, Azərbaycanda ümumiyyətlə heç bir fəsad olmayıb. Çünki həm “Sinovac”, həm “Pfizer” görünür ki, çox sağlam və keyfiyyətli vaksinlərdir. Ona görə məsləhətim budur və əlbəttə ki, özlərini qorusunlar, öz valideynlərini qorusunlar. Xüsusilə yaşlı insanlar özlərini qorumalıdırlar. Bütün bu yeni davranış qaydalarına biz gərək özümüzü uyğunlaşdıraq. İndi görək, deyirlər ki, bu viruslar illər keçdikcə öz gücünü itirir və sonra adi qrip halına çevrilir. Ümid edirəm ki, bunu da biz görəcəyik.
-Cənab Prezident, icazənizlə Zəngəzur dəhlizi məsələsinə qayıdaq. Bir daha vurğuladınız ki, hansı yolla olursa-olsun bu dəhliz açılacaq və biz bir müddət əvvəl ötən ilin yekunlarından danışdıq. Ötən il də artıq siyasi-diplomatik müstəvidə biz bunun ritorikaya daxil olduğunu gördük, Brüssel səfərinizdə media nümayəndələri bu ifadəni işlətdi. Hətta ötən il mülki aviasiya sahəsində olmaq şərti ilə biz Zəngəzur dəhlizi üzərindən, hava məkanından artıq dəhlizin açıldığını gördük. Bəs, quru yolla açılma mərhələsi hansı yerdədir?
- Hava məkanından istifadə etmək məsələsinə gəldikdə, onu da bildirməliyəm ki, biz bu dəhlizdən Ermənistandan icazə almadan istifadə etdik. Bunu hər kəs bilsin, biz onlardan icazə almamışıq. Bu, bizim hüququmuzdur, bu, beynəlxalq dəhlizdir. Dünya aviasiya sistemində qaydalar var, yəni, mövcud olan dəhlizdən istifadə etmək olar. Biz qərara gəldik ki, bundan da istifadə edək, Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirək. Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Amma əsas məsələ, əlbəttə ki, bu deyil. Əsas məsələ artıq bu dəhlizi açmaq idi.
Bildiyiniz kimi, Ermənistan tərəfi bu Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Bilmirəm, nəyə görə? Amma deyə bilərəm ki, bu terminin - təvazökarlıqdan uzaq olsa da, - müəllifi mənəm. Nə üçün mən bunu məhz Zəngəzur adlandırdım? Ona görə ki, birincisi, bu, Zəngəzurdur, bunun tarixi adıdır. Azərbaycan toponimidir, necə ki, Zəngilan, Zəngəzur, Zəngi çayı, - hansı ki, ermənilər indi Razdan adlandırırlar, - Azərbaycan toponimidir. İkincisi, biz bu dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmırıq. Çünki bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Bizim planımızda var, gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkilsin. Çünki bizim elektrik enerjisi ilə bağlı çox böyük ixrac planlarımız var. Mən qeyd etdim ki, sabah 240 meqavatlıq külək elektrik stansiyasının təməli qoyulacaq. Cəbrayıl rayonunda 240 meqavatlıq yeni günəş stansiyasının tikintisi ilə bağlı xarici investorlar artıq bizə rəsmən müraciət edib. Xudafərin, Qız qalasında biz 140 meqavat elektrik enerjisi əldə edə bilərik. Kəlbəcər və Laçında isə 10 min meqavata yaxın potensial var, külək və enerji gücləri almaq imkanımız var. Ona görə biz elektrik xətləri də nəzərdə tuturuq. Ondan sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Bir xətt Qafandan, bir xətt Mehridən keçə bilər. Bir xətt Qarakilsədən keçə bilər, onlar Sisyan adlandırırlar. Ona görə Zəngəzur dəhlizi bütün Zəngəzur bölgəsini əhatə etməlidir. Ermənistan tərəfi, bildiyiniz kimi, ilkin mərhələdə həm bu söz ifadəsinə etiraz edirdi, həm də ki, bütövlükdə buna etiraz edirdi. Hətta bu gün də belə Ermənistan siyasi məkanında bu dəhlizin Ermənistan üçün əlverişsiz olması ilə bağlı fikirlər var.
Biz isə ardıcıl olaraq bu məsələnin həlli ilə bağlı çalışmışıq. Bildiyiniz kimi, Rusiya, Azərbaycan, Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində işçi qrup fəaliyyət göstərir. Onun başlıca vəzifəsi budur. Bu işçi qrup Ermənistan ərazisində olub və avtomobil yolunun mümkün olan marşrutlarını da incələyib. Çünki Ermənistan tərəfi ilkin mərhələdə qeyd edirdi ki, orada avtomobil yolu çəkmək mümkün deyil. Halbuki biz bilirik ki, bu, mümkündür və sovet vaxtında belə bir layihə var idi. Sovet vaxtında Ermənistan bu layihəyə etiraz edirdi və qeyd edirdi ki, bu, mümkünsüzdür. O vaxt Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü idi və sovet hökumətinin Nazirlər Soveti sədrinin birinci müavini idi. Məhz onun göstərişi və təkidi ilə Ermənistanın ovaxtkı rəhbərliyi – birinci katib və hökumətin rəhbəri məcbur olub bu layihəyə icazə verdilər. Necə icazə verdilər? O vaxt Dövlət Plan Komitəsi və digər aidiyyəti qurumlar yerində tanış oldular və bunu artıq plana salmışdılar. Avtomobil yolunun tikintisi də artıq başlanmışdı. Baxın, ermənilər hələ o vaxt istəmirdilər ki, Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında avtomobil bağlantısı olsun. Hələ o vaxt buna müxtəlif bəhanələrlə etiraz edirdilər. Yəni, bu imkanlar var. Bu gün bu işçi qrup da bunu təsbit edib. Ermənistan isə ilkin mərhələdə dəmir yoluna elə bil ki, razılığını verdi. Ondan sonra avtomobil yolunun çəkilişinə razılığını verdi. Artıq bu, təsdiqləndi. Hazırda avtomobil yolunun marşrutu məsələsi müzakirə olunur, haradan keçəcək. Bizim əsas şərtimiz ondan ibarətdir ki, ən qısa marşrut olmalıdır və ilin bütün fəsillərində bu marşrutdan istifadə etmək mümkün olsun. Çünki orada həm hava şəraiti bəzi yerlərdə əlverişsizdir, həm relyef. Bax belə. Bu dəhlizlə bağlı məsələ bu yerdədir.
Onu da bildirməliyəm ki, bizim səylərimiz nəticəsində artıq bu termin beynəlxalq leksikona da daxil edilib. Hətta qeyd etdiyiniz kimi, xarici jurnalistlər mənə sual verdikdə də Zəngəzur dəhlizi deyirlər. Bunu hər dəfə eşitdikcə, necə deyərlər, mənə çox xoş olur. Hər dəfə təxmin edirəm ki, Ermənistan tərəfi yəqin, yenə də başını divara vurur. Ona görə ki, bu, artıq beynəlxalq leksikona daxil edildi və əlbəttə, həyata keçiriləcək.
Bildiyiniz kimi, 3+3 formatı çərçivəsində də, - baxmayaraq, birinci görüş tanışlıq xarakteri daşıyırdı, - mən əminəm ki, ikinci görüşdə daha predmetli müzakirələr aparılacaq, ilk növbədə, kommunikasiyaların açılması ilə bağlı. Burada hər bir ölkənin fayda götürməsi göz önündədir. Sadəcə olaraq, Ermənistan öz antiazərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan da təbii olaraq bundan fayda götürə bilər.
- Cənab Prezident Zəngəzurla bağlı biz bilirik ki, Sizin şəxsi tarixçəniz də var. Siz Naxçıvana səfəriniz zamanı öz əcdadlarınızı ziyarət etdiniz. Şuşa azad olunanda Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət etməyinizi bunun davamı hesab edə bilərikmi?
-Bəli, belədir. Mən təşəkkür edirəm ki, siz bunu belə qəbul etdiniz, bəli. Məhz bu idi mənim ürəyimdə olan fikirlərim və ürəyimdə olanları mən hələ ki, deməyəcəyəm. Amma babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir.
Əlbəttə ki, biz əcdadlarımızın yolu ilə getməliyik. Onların ruhlarını həmişə şad etməyə çalışmalıyıq. Azərbaycan xalqının üstünlüyü ondadır ki, biz öz qədim ənənələrimizə sadiqik. Bu nöqteyi-nəzərdən, hər birimiz üçün onun ailəsi, onun ulu babaları, əcdadları böyük əhəmiyyət kəsb edir, o cümlədən mənim üçün. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm.
- Cənab Prezident, münaqişədən sonrakı dövr, müharibədən sonrakı dövr barədə danışarkən Azərbaycanın beynəlxalq arenada artmış rolunu qeyd etməmək mümkün deyil. Siz dediyiniz kimi, Azərbaycan regionda gedən prosesləri, sadəcə, müşahidə etmir, Azərbaycan regionun gündəliyini diktə edir. Bunun təməlində hansı amillər durur və bu, ölkənin Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində necə əks olunub?
-Bəli, siz tamamilə haqlısınız. Bu gün regional gündəlikdə duran məsələlər çox cəhətdən bizim fəaliyyətimizlə bağlıdır və bizim təşəbbüslərimizin çoxu, tərəfdaşlarımızın təşəbbüslərinin çoxu bizim iştirakımız və müsbət münasibətimiz olduğu halda reallaşır. Bununla paralel olaraq deməliyəm ki, bu, qarşılıqlı faydalı əməkdaşlığa yönəlib. Energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə, həm siyasi, həm iqtisadi fayda əldə edilməsinə hədəflənib. Ona görə də bu halda artıq uzun illər ərzində Azərbaycanın təşəbbüsləri ilə bağlı olan hər şey apriori, düşünülmüş və həyata keçirilmək üçün zəmin olan təşəbbüs kimi qəbul edilir. Onu da deməliyəm, elə bir hal olmayıb ki, biz kiməsə ağıllı görünmək və ya kiminsə xoşuna gəlməkdən ötrü hansısa xəyalpərəstliklə, populizmlə, havaya sözlə və ya hansısa bayağı, çeynənmiş terminlərin artikulyasiyası ilə məşğul olaq. Yəni, bizim təşəbbüs göstərdiyimiz hər şey yerinə yetirilə bilən idi və yerinə yetirildi.
Qoşulmama Hərəkatına gəlincə, əlbəttə bu, Azərbaycan üçün yeni roldur. Xüsusən ona görə ki, bizim ölkəmiz bu təşkilata daxil olan son ölkələrdən biridir. Biz yeni üzvük. Lakin biz dərhal bütün ölkələrin etimadını və hörmətini qazana bildik. Buna görə də ölkələr iki dəfə bizim lehimizə səs verdilər. Yəni bir dəfə bizim rəhbərlik etməyimizə etimad göstərdilər, sonra isə yekdilliklə təklif etdilər ki, biz sədrliyimizi daha bir il uzadaq. Biz buna formal baxımdan deyil, hansısa fayda və ya hansısa güzəşt naminə deyil, bizim nə edə biləcəyimiz və bu təşkilatı necə möhkəmlədə biləcəyimiz baxımından yanaşırıq. Çünki mən sırf mexaniki surətdə təşkilat deyirəm, amma bu, təşkilat deyil, Hərəkatdır və beynəlxalq terminologiyada o, təşkilat adlandırılmır. Lakin, düşünürəm ki, institusionallaşdırma yolu ilə getmək lazımdır. Bu yolda biz müəyyən addımlar atmışıq. Birincisi, Hərəkatın üzvü olan parlamentlərin başçılarının qarşıdakı Bakı görüşüdür. Biz parlament elementi yaratmaq istəyirik. Artıq razılıq əldə edilib. Həmçinin bu Hərəkatın gənclər elementini də yaratmaq və beləliklə, struktur dəyişiklikləri yolu ilə getmək istəyirik. Əlbəttə, bu, bütün ölkələrin razılığını tələb edəcək. Bilirsiniz ki, Hərəkatın üzvü olan bəzi ölkələr arasında mürəkkəb münasibətlər var. Biz bütün bunları nəzərə alırıq və buna görə də çox səliqə ilə, lakin israrla hərəkət edirik.
Pandemiya vaxtı bizim gördüyümüz işlər, beynəlxalq təşəbbüslər, Hərəkatın sammiti, BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü, BMT-nin İnsan Haqları Şurasında aldığımız dəstək, yaxın vaxtlarda Baş Assambleyada planlaşdırılmış, lakin COVID-19 səbəbindən təxirə salınmış müzakirə - bütün bunlar Hərəkatın nüfuzunu artırır. O, beynəlxalq arenada daha tanınmış, daha nəzərəçarpan olur. Biz, eyni zamanda, hətta COVID pandemiyasına qədər üzv ölkələrə kömək göstərmişik. Bizim çoxlu humanitar proqramlarımız var ki, bu barədə bəlkə də Azərbaycan ictimaiyyətinin məlumatı yoxdur. Xarici İşlər Nazirliyi tərkibində Beynəlxalq Yardım Agentliyinin xətti ilə biz çox ölkələrə humanitar yardım göstəririk, pandemiya dövründə isə biz 80-dən çox ölkəyə həm maliyyə yardımı, həm də maddi yardım göstərmişik. Bu, əlbəttə, yüksək qiymətləndirilir. Xüsusən ona görə ki, bu ölkələrin resursları məhduddur, onlar vaksin millətçiliyindən əziyyət çəkirlər. Fikrimcə, bu məsələni beynəlxalq səviyyədə bizdən çox qaldıran olmayıb. Bu, hiddətləndirici ədalətsizlikdir ki, özlərini demokratiya, insan hüquqları bərabərliyi mənbələri kimi göstərməyə çalışan ölkələr onlara lazım olduğundan üç-dörd dəfə artıq vaksin alırlar, sonra bu vaksinlərin istifadə müddəti bitir və onları tullayırlar. Yoxsul ölkələrə isə, əslində, heç nə qalmır. Axı, bu statistika məlumdur. Bu, hiddətləndirici ədalətsizlikdir. Bu, bütün mənəvi oriyentirlərin və hansısa hüquqdan, ədalətdən danışmaq haqqının tamamilə itirilməsidir. Azərbaycan bu mürəkkəb funksiyanı öz üzərinə götürüb. Biz başa düşürük ki, Afrika ölkələrində və digər yerlərdə insanların öldüyü bir vaxtda, - sadəcə, orada statistika aparılmır, - öz əhalisini artıq üç doza ilə təmin edəndə özlərini çox yaxşı hiss edən bir sıra ölkələrlə qarşıdurmaya gedirik. Biz şüurlu olaraq buna getdik. Məhz ona görə ki, biz buna inanırıq və ona görə ki, konyunkturanı deyil, prinsipləri rəhbər tuturuq. Bu, bizim ölkəmizə daha çox hörmət qazandırdı. Hərəkata üzv ölkələrin çoxu indi Azərbaycanı onların maraqlarını açıq şəkildə müdafiə edə bilən ölkə kimi görürlər. Yeri gəlmişkən, Bakıda keçirilən sammitdə, sədrlik funksiyasını öz üzərimə götürəndə demişəm ki, biz üzv ölkələrin maraqlarını, beynəlxalq hüququ və ədaləti qoruyacağıq. Biz bunu edirik və Hərəkatın nüfuzunu yüksəltməyə, struktur dəyişiklikləri yolu ilə getməyə səy göstərəcəyik.
- Cənab Prezident, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri barədə də soruşmaq istəyirəm. Ötən ilin iyul ayında Avropa İttifaqının Prezidenti Azərbaycana gəldi. Siz isə dekabr ayında Brüsselə getdiniz. Bakı-Brüssel əlaqələrinin perspektivini necə qiymətləndirirsiniz?
- Mən müsbət qiymətləndirirəm. Prezident Şarl Mişelin Azərbaycana səfəri və burada keçirdiyim görüş çox müsbət idi. Brüsseldə keçən ay keçirdiyimiz görüşlə bağlı eyni sözləri deyə bilərəm. Bizim üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planlarımızı düzgün tərtib etmək idi. Mən bunu dəfələrlə keçmiş rəhbərliklə görüşlər əsnasında dilə gətirmişdim. Deyirdim ki, bilirsiniz, bizim hər hansı bir xüsusi gözləntilərimiz yoxdur. Bildiyiniz kimi, biz assosiasiya sazişinə qoşulmadıq. Bu gün həyat göstərir ki, haqlı idik. Çünki qoşulan o biri ölkələr haqqında mən indi bir şey demək istəmirəm. Əgər biz real baxsaq bu assosiasiya sazişi nə verdi?! Əlbəttə ki, sual doğurur. Yəni, üzvlük perspektivi varmı? Yoxdur. Yəni, yaxın gələcəkdə və orta müddətli gələcəkdə yoxdur. Hansısa başqa imtiyazlar varmı? Bilmirəm. Hər halda yenə də deyirəm. Bizim mövqeyimiz həmişə realist olub. Deyirdim ki, biz gərək həyata keçirə bilmədiyimiz şeylərin, necə deyərlər, ətəyindən yapışmayaq. Real. Biz istəyirik ki, Avropa ilə daha yaxın əlaqələr olsun. Avropa da istəyir ki, onun sərhədlərində vəziyyət sabit olsun. Hesab edirəm ki, cənab Mişellə görüşlər əsnasında biz bu gündəliyi formalaşdıra bildik. Ümid edirəm, bu müştərək yanaşma imkan verəcək ki, tezliklə yeni sazişi də tamamilə razılaşdırılacaqdır. Çünki hazırda sazişin təqribən 90-92 faizi razılaşdırılıb. Bir neçə maddə var ki, orada fikir ayrılığı var. Amma hesab edirəm ki, ciddi iradə göstərilərsə, hər iki tərəfdən buna biz nail ola bilərik.
Əlbəttə ki, bizim əlaqələrimiz üçün yeni səhifə açılacaqdır. Bununla paralel olaraq Avropa İttifaqı ilə bizim gündəliyimiz onsuz da çox genişdir. Bunu mən artıq dəfələrlə demişəm ki, 9 ölkə ilə biz strateji tərəfdaşıq. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edirik. Xüsusilə indiki şəraitdə. Avropada qaz böhranı yaşanır. Bizim qazımıza böyük ehtiyac var. İndi artıq bu, açıq mətbuata da çıxır. Mən Bolqarıstanla olan məsələləri nəzərdə tuturam. Bilirsiniz ki, bu, bizdən yox, Bolqarıstandan çıxıbdır. İndi bu məsələnin mahiyyəti yəqin ki, bəllidir. Ona görə buna böyük ehtiyac var. Azərbaycan da etibarlı təchizatçıdır. Uzun illər ərzində neft təchizatçısı olaraq etibarlı tərəfdaş kimi rol oynayıb, o cümlədən Avropa üçün qaz təchizatçısı kimi. Onların bizim nəqliyyat imkanlarımıza böyük marağı vardır. Onu da bildirməliyəm ki, Avropa İttifaqı Şurasının keçmiş prezidenti cənab Tusk 2019-cu ildə Bakıda olarkən, xüsusilə Ələtə getmişdir. Beynəlxalq Dəniz Limanına gedib orada vəziyyətlə tanış olmuşdur. İndiki prezident Mişelə isə Şamaxıya səfəri çərçivəsində orada həm Ələt İqtisadi Zonası ilə, həm də limanla bağlı təqdimat edilmişdir. Yəni, bu sahəyə çox böyük maraq var.
Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturu ən müasirdir. Demək olar ki, bütün işlər artıq tamamlanıb. Bu, Avropa üçün böyük maraq kəsb edir. Şarl Mişel Azərbaycanda olarkən, Şamaxıya gedəndə yol üstündə Azərkosmosu da ziyarət etdi. İndi Azərbaycanın Avropa tərəfdaşları ilə kosmik sahədə yeni əməkdaşlıq formatı yaradılır. Bu da çox müsbətdir. Biz, əlbəttə ki, texnologiyaların Azərbaycana gətirilməsində maraqlıyıq. Biz bu texnologiyaları Avropadan alırıq, Avropa isə bizim enerji resurslarımızı alır. Yəni, burada qarşılıqlı maraqlar uzlaşır. Narahatedici məqamlar demək olar ki, yoxdur. Ya da ki, son hadisələrə qədər yox idi. Onu da mən cənab Mişelə həm Bakıda, həm Brüsseldə demişəm. O da Ermənistana və Azərbaycana nəzərdə tutulan maliyyə paketinin həcmi ilə bağlıdır. Biz çox təəccüb etdik ki, böyük dağıntılara məruz qalmış Azərbaycana cəmi 140 milyon, Ermənistana isə 2,6 milyard avro maliyyə paketi nəzərdə tutulur. Bu, ədalətsizlikdir. Hətta onu deyə bilərəm ki, dekabr ayında Brüsseldə İtaliya jurnalistinə müsahibə verərkən jurnalist məndən soruşdu ki, bu nə dərəcədə ədalətlidir. Yəni, bunu təkcə mən demirəm. Artıq bu Avropa məkanına yayılmış bir məsələdir. Mən bunu ictimai qaydada da dilə gətirmişəm həmişə. Bu, ədalətsizlikdir və bunun izahatı bizə lazımdır. Əgər bu ədalətsizlik həyatda öz əksini taparsa, əlbəttə ki, biz səssiz qalmayacağıq. Nəinki səssiz qalmayacağıq, bu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinə çox böyük mənfi təsir göstərəcək. Çünki əhali və ərazi baxımından Azərbaycan Ermənistandan beş dəfə böyükdür. Ermənistanda bir dənə də bina dağılmayıb. Bizim Livan boyda ərazimiz tamamilə yerlə-yeksan edilib. Bizə cəmi 140 milyon, onlara 2,6 milyard? Hansı əsasla, əsas nədir?! Qoy, izahat versinlər. Mən məsələni elə qoymuşam ki, Ermənistana hansı şərtlərlə və hansı məbləğdə vəsait veriləcəksə, eyni şərtlərlə eyni məbləğdə bizə də verilsin. O izahat ki, Azərbaycanın pulu çoxdur, Ermənistanın pulu azdır. Bu, nə dərəcədə ədalətlidir? Ola bilməz. Ona görə bu son hadisələrdə yeganə narahatlıq və problem yarana biləcək məsələ budur. Bizim aramızda hər hansı başqa bir fikir ayrılığı yoxdur. Şərq Tərəfdaşlığının son Zirvə Görüşü də bunu göstərdi. Avropa İttifaqı ilə əminəm ki, əlaqələrimiz uğurla davam etdiriləcək. Bu, bizim üçün önəmlidir, bizim xarici siyasət konsepsiyamızın tərkib hissəsidir.
- Cənab Prezident, Avropa İttifaqı ilə bağlı qısa sual vermək istəyirəm. Avropa İttifaqı əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində müəyyən rol oynamağa çalışır. Bu, Brüsseldə keçirilən görüşdən göründü. Bəzən ekspertlər camiyəsində belə bir fikir yaranır ki, bu məsələdə Moskva ilə Brüssel arasında müəyyən bir rəqabət var. Siz necə hesab edirsiniz, Azərbaycanla Ermənistanı yaxınlaşdırmaqda bir tərəfdaş və bir vasitəçi kimi Avropa İttifaqının rolu ola bilərmi?
- Bəli, əlbəttə, ola bilər. Mən Brüsseldə olarkən orada Avropa İttifaqının rəhbərliyinə də bu haqda bildirdim ki, ola bilər. Əsas odur ki, bu gündəlik düzgün tərtib edilsin və Ermənistan da burada özünü səmimi aparsın. Çünki bilirsiniz, Ermənistan bir çox hallarda bir tərəfdaşa bir söz deyir, o biri tərəfdaşa bunun əksini deyir, üçüncü tərəfdaşa isə üçüncü versiyanı deyir. Yəni, bu, uzunmüddətli siyasət ola bilməz. Çünki gec-tez bunun üstü açılacaq. Bizim isə mövqeyimiz birmənalıdır və mən bunu açıq bəyan edirəm və bəli, hesab edirəm ki, Ermənistan-Azərbaycan əlaqələrinin normallaşmasında Avropa İttifaqı rol oynaya bilər. Mən bunu müsbət qarşılayıram və sadəcə olaraq, burada ədalət prinsipi əsas rol oynamalıdır. Çünki bu günə qədər bəzi ölkələrdən fərqli olaraq, Avropa İttifaqı ədaləti qorumuşdur. Qeyd etdiyim kimi, müharibə zamanı Fransa baxmayaraq ki, neytral olmalı idi, vasitəçi kimi birmənalı şəkildə Ermənistan tərəfini tutdu. Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu. Təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə, bunu sübut etmək olar. Birincisi, Ermənistanı dırnaqarası “demokratiya zirvəsinə” dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir. Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrı-seçkilikdir. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O, başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir və bu, onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq. Avropa İttifaqı belə balansı pozan hadisələrdə olmayıb. Son Brüssel görüşündə də tam paritet saxlanılıb və bu, deməyə əsas verir ki, onlar iki ölkə arasındakı əlaqələrin normallaşmasında müsbət rol oynaya bilərlər. Bu ola bilər, eyni zamanda, Zəngəzur dəhlizinin fəaliyyəti ilə bağlı, iqtisadi və maliyyə yardımı ilə bağlı, qeyd etdiyim kimi, əgər bu, ədalətli olarsa. Avropa məkanında böyük intellektual potensial mövcuddur, təcrübə mövcuddur və sərhədlərin müəyyən edilməsində onlar öz tövsiyələrini verə bilərlər. Yəni bir çox sahələrdə onlar yardımçı ola bilərlər. Hər halda biz bunu alqışlayırıq.
- Cənab Prezident, əgər Avropa və qarşılıqlı maraq məsələsini davam etdirsək, Siz artıq qeyd etdiniz ki, Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas rol oynayır və bu status artıq 2020-ci ilin son günündə Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi ilə daha da möhkəmlənib. Onu da vurğuladınız ki, hazırda dünyada, ələlxüsus Avropada qaz böhranı yaşanır. Biz həm də bilirik ki, Cənub Qaz Dəhlizinin ixracat imkanları da daha da genişdir. Bunu qarşılıqlı, müqayisəli təhlil etsək, hansı reallıqlar üzə çıxır və perspektivlər necə görünür?
- Birinci onu deməliyəm ki, Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir və bu nəhəng enerji layihəsini bu dərəcədə, yəni keyfiyyətlə və çətin geosiyasi vəziyyətdə həyata keçirmək doğrudan da böyük səylər tələb edirdi. Burada Azərbaycan bir neçə ölkəni bir komanda şəklində necə deyərlər, səfərbər edib. Bu işə biz birlikdə nail olmuşuq və gələn ay Bakıda növbəti dəfə Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçiriləcək, ənənəvi olaraq bizim təşəbbüsümüzlə Bakıda keçirilir. Hər dəfə bu görüşlərdə mən özüm şəxsən iştirak edirəm və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılır, artıq orada iştirak edən ölkələrin sayı genişlənir. Üstəgəl, orada bütün aparıcı banklar iştirak edir - Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur Bankı - yəni, bütün aparıcı maliyyə qurumları, həmçinin şirkətlər iştirak edir. Ona görə Cənub Qaz Dəhlizinin əhəmiyyətini bəlkə də indi Avropada daha çox görürlər. Çünki bu qaz böhranı bunları böyük dərəcədə sarsıtdı - həm qiymətlər, həm qazın qıtlığı, həm qaz anbarlarının dolu olmaması.
Qış təzə başlayır və gözlənilir ki, qış çox sərt olacaq. Ona görə qazın çatışmamazlığı böyük fəsadlara gətirib çıxaracaq. Azərbaycan qazının həcmi o qədər də böyük deyil, amma bir neçə ölkə üçün bu, həlledici ola bilər və əlbəttə ki, ilk növbədə, burada bizim maraqlarımız təmin olunur. Çünki əgər bu kəmər çəkilməsəydi, biz zəngin qaz ehtiyatlarının üstündə, necə deyərlər, oturacaqdıq, nəyi isə gözləyəcəydik. Əgər bu perspektiv olmasaydı, heç bir şirkət milyardlarla, on milyardlarla dollar vəsaiti bu yataqların işlənməsinə qoymazdı. Hazırda ixrac artır, yeni rəqəmlər mənə təqdim edildi. Bu il təxminən 19 milyard kubmetr qaz ixrac ediləcəkdir. Ondan 8 milyarddan çoxu Türkiyə, 7 milyarddan çoxu İtaliyaya ixrac ediləcək. Qalan qaz Gürcüstan, Bolqarıstan, Yunanıstan arasında bölünəcək. Yəni bu, böyük rəqəmdir və eyni zamanda, daxili tələbat da artır və artacaq. Biz daxili tələbatı ödəyirik. Bütövlükdə Azərbaycanda 45 milyard kubmetr qazın hasilatı gözlənilir. Qeyd etdiyim kimi, 19 milyard ixraca gedəcək, qalan hissə isə daxili tələbata və lay təzyiqini saxlamaq üçün neft laylarına yenidən qazın vurulmasına. Bu, böyük həcmdir və əlbəttə, bizə imkan verəcək ki, həm öz tələbatımızı ödəyək, eyni zamanda, Avropa məkanına daha böyük həcmlə çıxa bilək. Məhz bizim bu layihəmiz, eyni zamanda, Avropa ölkələri arasındakı interkonnektorların, bağlantıların tikintisinə də rəvac verdi və indi orada bu sahədə də işlər görülür. Beləliklə, fiziki olaraq, yəni infrastruktur nöqteyi-nəzərindən biz qazımızı başqa ölkələrə də çatdıra bilərik, nəzərə alsaq ki, “Şahdəniz”in çox böyük potensialı var. Bunun, düzdür, təsdiq edilmiş həcmi 1 trilyon kubmetrdən çoxdur. Amma mən tam əminəm ki, daha çox olacaq, necə ki, Azəri-Çıraq-Günəşli. İlkin hesablamaları göstərirdi ki, 500 milyon tondur, amma bunun potensialı artıq 1 milyardı ötür. Üstəgəl, gələcəkdə Abşeron qaz yatağı istismara veriləcək. Ümid, Babək, Asiman, yəni bir çox qaz yataqlarımız tədricən artıq işlək vəziyyətə çıxacaq və bizim həcmimiz böyük dərəcədə artacaq. Bu, bizim böyük üstünlüyümüzdür. Həm ölkəmizə əlavə vəsait gətirəcək, ölkəmizin beynəlxalq imkanları genişlənəcək və təbii ki, Avropa İttifaqı-Azərbaycan əlaqələrində bu faktor bundan sonra da mühüm rol oynayacaq.
- Cənab Prezident, icazənizlə sonuncu sualı vermək istərdim, çünki artıq üç saata yaxındır davam edir. Təşəkkür edirəm ki, yorulmadan müsahibə verirsiniz. Bu, sonuncu sualımızdır. Hazırda dünyada beynəlxalq hüququn ciddi böhranı yaşayır. Hüquq amili geri çəkilir, güc amili önə çıxır. Bunu bir çox siyasi araşdırmaçılar deyir. Daha dərinə gedib deyənlər var ki, yeni dünya düzəni formalaşır, dünyanı yenidən nüfuz dairələrinə bölmək istəyirlər və yaxud da bölmək fikrindədirlər. Yeni Yalta deyənlər də var. Sizin baş verən bu proseslərə münasibətiniz necədir? Bu proseslər Azərbaycan qarşısında hansı yeni çağırışlar yaradır?
- Mən sizin fikrinizlə razıyam və onu da bildirməliyəm ki, bu meyilləri mən uzun illər müşahidə edirəm. Çünki indi bir çox təmaslar əsnasında, görüşlər əsnasında görürəm və görürdüm ki, ənənəvi davranış qaydaları artıq tükənir. Baxmayaraq ki, onlar hələ sözdə tələffüz edilir, amma real həyatda bəyan edilmiş açıqlamalar real həyatla uzlaşmır. Əgər yadınızdadırsa, artıq son illərdə, hətta pandemiyaya qədər mən öz çıxışlarımda dəfələrlə deyirdim ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Deyirdim ki, bu, bizim seçimimiz deyil. Biz hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edirdik və ümid edirdik ki, bu, bizim məsələmizin həllinə, bizə köməklik göstərəcək. Amma görürük ki, bu, yoxdur, bu, işləmir. Münaqişələr uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə, beynəlxalq aləm dediyimiz bir toplum bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər münaqişələrdə də hiss olunur. Yəqin ki, siz də bunu izləyirsiniz. Ona görə mənim üçün artıq son illər ərzində tam aydın idi ki, ənənəvi yollarla, yəni, Minsk qrupunun xətti ilə, yaxud da vasitəçilik xətti ilə biz öz torpaqlarımızı geri ala bilməyəcəyik. Yəni, bu, bugünkü fikrim deyil. Mən artıq bunu görürdüm və Ermənistanın daha da azğınlaşması, Ermənistanın cəzasız qalması bu fikri gücləndirirdi. Ona görə, hər zaman deyirdim ki, biz öz gücümüzə güvənməliyik, daha güclü olmalıyıq, gücümüzü artırmalıyıq, daha güclü ordu yaratmalıyıq. İqtisadiyyatı gücləndirməliyik ki, heç kimdən asılı olmayaq. Çünki təsəvvür edin, əgər biz indi iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, nə gündə olacaqdıq. Bizə heç kim imkan verməzdi öz torpaqlarımızı güc tətbiq etməklə azad edək. Ona görə biz bütün bu istiqamətlərdə ardıcıl iş aparırdıq, əlbəttə ki, beynəlxalq davranış qaydalarını gözləmək şərti ilə. Əlbəttə ki, bizə vaxt lazım idi və əminlik lazım idi. Çünki torpaqlarımızın azad edilməsində biz ancaq uğur qazanmalı idik. Bütövlükdə baxdıqda, əgər Azərbaycan kontekstindən çıxsaq, görərik ki, bu gün böyük ölkələr artıq açıq bəyan edirlər ki, beynəlxalq hüquq onlar üçün əhəmiyyət daşımır. Əgər əvvəlki dövrlərdə bunu hansısa bəyanatlarla pərdələmək istəyirdilərsə, bu gün bu da yoxdur. Yəni, bu, mən buna siyasi sinizm deyirəm, artıq ifrat dərəcəyə çatıb. Əgər belədirsə, əgər bu qaydaları işləyən, bu qaydaları İkinci Dünya müharibəsindən sonra təsdiqləyən ölkələr özlərini belə aparırlarsa, onda başqa ölkələr nə etsin? Onda başqa ölkələr də onlar da özünə, necə deyərlər, öz başına çarə qılmalıdırlar. Biz bunu çoxdan edirik. Bəzi ölkələr ki, beynəlxalq hüquqa inanıb və buna aldanıb və gözləyir ki, kimsə gələcək onların yerinə onların problemlərini həll edəcək, onlar, indi, hesab edirəm ki, peşmançılıq çəkirlər. Bizim üçün də bu müddət olub və mən gizlətmirəm. Prezident vəzifəsinə seçiləndən sonra mənim də ümidlərim var idi. İlkin mərhələdə mən də hesab edirdim ki, bu məsələni, Qarabağ məsələsini sülh yolu ilə həll etmək olar. Bizə elə gəlirdi ki, təklif etdiyimiz variantlar məntiqlidir, ədalətlidir və beynəlxalq hüquqa tam uyğundur. Hətta təəccüb edirdim ki, nə üçün bunu qarşı tərəf, yaxud da vasitəçilər başa düşmürlər. Prezident seçiləndə mənim 41 yaşım var idi və təcrübəm də o qədər böyük deyildi və mən o vaxt beynəlxalq hüquqa inanırdım. İnanırdım ki, ədalət haradansa göydən düşüb bizim məsələmizi həll edəcək. Sonra başa düşdüm ki, ədaləti biz özümüz bərpa etməliyik. Danışıqların birinci mərhələsində, mənim iştirak etdiyim dövrdə belə ümidlərim var idi. Sonra isə gördüm ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Xüsusilə indiki Ermənistan hakimiyyəti bunu yenə də açıq-aşkar bəyan edəndə, faktiki olaraq, danışıqlara öz bəyanatları və yersiz addımları ilə son qoyanda, artıq tam aydın oldu ki, vaxt itirmək mümkün deyil. Bilirsiniz, bir şeyi də deməliyəm, hər şeyi vaxtında etmək lazımdır. İkinci Qarabağ müharibəsi də onu göstərdi. Bir il əvvəl bəlkə də tez idi, bir il sonra gec idi, hər şey vaxtında. Bu vaxtı müəyyən etmək, düzgün seçmək, avantüraya getməmək, ölkəni risk altına salmamaq və mümkün dərəcədə maksimum uğura nail olmaq, əlbəttə ki, böyük zəhmətin işidir. Bunu mən tamamilə açıq deyə bilərəm.
Amma buna baxmayaraq, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Biz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcəyik, bu imkanlardan bu gün daha rahat istifadə edəcəyik. Çünki artıq biz Qarabağ problemi kimi ağır yükü çiynimizdən atdıq və hesab edirəm ki, yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacağıq. Çünki de-fakto bu, artıq baş verib və biz bu de-fakto vəziyyətə tam hazırıq, bütün daxili resurslarla hazırıq. Həm mənəvi, həm xalqımızın səfərbərliyi, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik, enerji müstəqilliyimiz, siyasi gündəliyimiz və Qarabağ Zəfərindən sonra xüsusilə artan imkanlarımız - biz tam hazırıq, istənilən varianta hazırıq. Əgər dünya ənənəvi yollarla inkişaf etməyə davam etsə, - halbuki, mən buna inanmıram, - hazırıq. Əgər dünya, beynəlxalq arxitektura tamamilə çöksə, biz buna hazırıq. Yəni, biz komanda kimiyik. Hər an hazır olmalıyıq ki, özümüz öz gücümüzə əsaslanaraq istənilən vəzifəni istənilən yerdə yerinə yetirək və bayrağımızı həmişə uca tutaq.
-Cənab Prezident, maraqlı müsahibəyə və bizə vaxt ayırdığınıza görə, Sizə həmkarlarım adından təşəkkür edirəm və həmçinin arzulayıram ki, Siz bu 2022-ci ildə də uğur qazanasınız, uğurlarınız davamlı olsun və istədiyiniz yerə bayrağımızı sancasınız.
-Sağ olun. Təşəkkür edirəm, sağ olun.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI