Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı

Azərbaycan Aşıqlar Birliyi növbəti uğura imza atdı
Dünən, 17:31 59 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli professor Məhərrəm Qasımlının təşəbbüsü ilə bu günlərdə Sumqayıt şəhərindəki Muğam Mərkəzində AAB-nin Sumqayıt Regional Bölməsinin aşıqlarının iştirakı ilə konsert proqramı uğurla həyata keçdi.
Azərbaycanın Dövlət Himni səsləndikdən sonra tədbirin təşkilatçısı və aparıcısı, AAB SRB-nin “Mətbuat və ictimaiyyətlə əlaqələndirici”, AJB və AYB-nin üzvü, jurnalist, yazıçı-publisist Aygün Hacıyeva tədbiri açaraq qonaqları salamladı. Daha sonra Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların – Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
A. Hacıyeva Aşıq sənətinin inkişaf tarixi, AAB-nin yaranması və fəaliyyəti ilə bağlı məlumat verdikdən sonra, konsertin həyata keçirilməsi üçün şərait yaradan və dəstəyini əsirgəməyən şəhər rəhbərliyinə, həmçinin Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin və Muğam Mərkəzinin rəhbərlərinə təşəkkürünü bildirdi. Daha sonra o, səhnəyə AAB-nin sədri Məhərrəm Qasımlını dəvət etdi.
Məhərrəm Qasımlı Azərbaycan musiqisinin bir qolu olan aşıq sənətində öz sözünü demiş ustad aşıqlardan söz açaraq, onları xoş xatirə ilə yad etdi. O, dövlətimiz tərəfindən bu sənətə olan diqqəti nəzərə çatdıraraq Azərbaycan Aşıq yaradıcılığının 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edildiyinin və bunun çox böyük uğur olduğunu qeyd etdi.
Sumqayıt Regional Bölmənin ustad aşıqlarından Aşıq Çərkəz Qurbanov, Aşıq Abbas Zərgər və Aşıq Azər Fərmayıloğlu Məhərrəm Qasımlı tərəfindən “USTAD SƏNƏTKAR” medalına layiq görüldüyündən, mükafatları təqdim etmək üçün səhnəyə AAB-nin sədr müavini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, bir kitab müəllifi, aşıq-şair Altay Məmmədov və AAB-də şöbə müdiri aşıq Şahniyar Əliyev dəvət olundular.
Təltif olunanlar göstərilən diqqətə görə Məhərrəm Qasımlıya təşəkkürlərini bildirdilər.Aşıq Çərkəz Qurbanovun (SRİ-nin sədri) və Mehman Abbasovun (SRİ-nin sədr müavini), Şəhriyar Şahverdinin (SRİ-nin Abşeron rayonu üzrə rəhbəri), Nəriman Aslanoğlunun, Famil Laçınlının, Sahil Laçınlının, Nəcəf Kəlbəcərlinin, Əfsanə Cəlilovanın, Həvva Qazaxlının, Zəminə Laçınlının, Xəqani Kəlbəcərlinin və Xanım Göyçəlinin, Kəmalə Qubadlı ilə Ceyhun Nağıyevin, İlqar Ələkbərin, Sərdar Məmmədlinin (Azərbaycanın Əməkdar Mədəniyyət işçisi), Ədalət Gədəbəylinin və Təbriz Gədəbəylinin, Azər Fərmayıloğlunun və Sayad Qubadlının, Abbas Zərgərin, Aşıq Cahangirin, Aşıq Ələsgərin, həmçinin gənc aşıq Cahid İlyaslının çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.Konsertin sonunda bütün aşıqlar səhnəyə dəvət olunaraq “Azərbaycan” mahnısını ifa etdilər.
Tədbir zamanı aşıq sənətinin vurğunu olan iki sumqayıtlı məktəbli – Aşıq Həvva xanımın nəvəsi Leyla Nəsibli və müxtəlif nominasiyalar üzrə bir çox müsabiqələrin qalibi olmuş Leyla Məmmədova tərəfindən (solo saz ifaları zamanı) Vətənə, qəhrəman oğullara həsr olunmuş şeirlər səsləndi.Tədbirdə şəhər İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin, həmçinin ictimaiyyət və media nümayəndələri, təşkilat və müəssisə rəhbərləri öz kollektivləri ilə, İctimai Birlik rəhbərləri, qələm adamları – bir sözlə, saz-söz aşiqləri, aşıqsevərlər iştirak edirdi.
Dəvətlilər arasında Vətən müharibəsi şəhidlərinin valideynləri – Məhərrəm İbadov, Mayisə Aslan, Gülşən Nəcəfova, həmçinin şəhid ailələrinin üzvləri, qazilər, əmək və müharibə veteranları da vardı. Mayisə xanım şəhid ailələri adından çıxış edərək dəvət üçün təşəkkür etdi və sonra yeni işıq üzü görən kitabından şeirlərini səsləndirdi.
Konsert proqramının sonunda AAB sədri Məhərrəm Qasımlı əməyi keçən insanlara və tədbir iştirakçılarına təşəkkürünü bildirdi və aşıqlara gələcək addımlarında daha böyük nailiyyətlər dilədi.
Uğurla baş tutan konsert proqramından sonra hər kəs bir daha əmin oldu ki, Azərbaycanın hər qarışında aşıq sənətinə və bu sənəti yaşadan el aşıqlarına böyük hörmət, ehtiram və sevgi var.Konsert proqramı sonda şəkillərin çəkilməsi ilə yaddaşlara həkk olundu.

Vetenim-azərbaycanıdır.az

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI