Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji sazişlər və qlobal layihələr

Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələ: Strateji sazişlər və qlobal layihələr
Bu gün, 17:18 3 dəfə baxılıb

VETENİM-AZERBAYCANDİR.AZ

İyunun 1-3-də keçirilən Bakı Enerji Həftəsi bu il də qlobal enerji, maliyyə və texnologiya sektorlarının aparıcı nümayəndələrini Bakıda bir araya gətirib. Tədbir çərçivəsində ilk dəfə təşkil olunan Azərbaycan-ABŞ İqtisadi Dialoqu isə iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçdiyini nümayiş etdirib. Forum zamanı Azərbaycan və ABŞ, eləcə də SOCAR, İqtisadiyyat Nazirliyi və bir sıra beynəlxalq şirkətlər arasında enerji, investisiya, maliyyə, texnologiya, süni intellekt və kritik minerallar sahələrini əhatə edən, ümumi dəyəri 7.5 milyard dollar olan sənədlər paketi imzalanıb. Razılaşmalar arasında kritik minerallar və nadir torpaq elementlərinin hasilatı və emalı üzrə əməkdaşlıq, "Abşeron" yatağından hasil olunacaq qazın uzunmüddətli əsasda Türkiyəyə satışı, TANAP layihəsinə investisiya dəstəyi, Serbiyada enerji infrastrukturunun qurulması, neft-qaz yataqlarının birgə araşdırılması, enerji layihələrinin maliyyələşdirilməsi, eləcə də süni intellekt və rəqəmsal texnologiyalar sahəsində tərəfdaşlıqlar yer alıb. Bununla yanaşı, SOCAR-ın "Shell", "Chevron", "JP Morgan", "Oracle" və "Lummus Technology" kimi qlobal şirkətlərlə imzaladığı sənədlər enerji və texnologiya sahələrində əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. Bəs bu razılaşmalar Azərbaycanın enerji sektoru və iqtisadiyyatı üçün hansı perspektivlər vəd edir?
"Enerji sektorunun səmərəliliyinin yüksəlməsinə təkan verəcək"
Deputat Vüqar Bayramovun sözlərinə görə, 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoqu, iki ölkə arasında strateji tərəfdaşlığın yeni və daha dərin mərhələyə qədəm qoyduğunu nümayiş etdirir:
"Bu dialoq çərçivəsində imzalanan müqavilələr iqtisadi əməkdaşlığın miqyasının və keyfiyyətinin nə qədər genişləndiyini göstərir. Xüsusilə mineral ehtiyatların işlənməsi sahəsində tərəflərin nümayiş etdirdiyi sıx əməkdaşlıq iradəsi, Azərbaycanın enerji resurslarının qlobal bazarlara çıxarılması və idarə olunması strategiyasında ABŞ-nin rolunun möhkəmləndiyinə işarədir".
V.Bayramovun fikrincə, bu sənədlərin ən mühüm məqamı sadəcə maliyyə vəsaitlərinin cəlbi deyil, həm də ABŞ-nin qabaqcıl texnologiya və innovasiyalarının, eləcə də idarəetmə təcrübəsinin ölkə iqtisadiyyatına inteqrasiya olunmasıdır:
"İnvestisiya və texnologiya transferinin birləşməsi Azərbaycan iqtisadiyyatının texnoloji baxımdan yenilənməsi üçün zəruri olan innovativ mühiti formalaşdırır. Nəticə etibarilə bu proses dövlət gəlirlərinin artmasına, enerji sektorunun səmərəliliyinin yüksəlməsinə və iqtisadiyyatın modernləşməsinə birbaşa təkan verəcək".
"Gələcəkdə digər sahələrə də müsbət təsir göstərəcək"
Deputat bildirdi ki, bu cür genişmiqyaslı sazişlər Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirən prosesin tərkib hissəsidir:
"Xüsusilə kritik minerallar sahəsində imzalanan çərçivə sənədləri gələcək onilliklərdə rəqabətin mərkəzində dayanacaq bu resurslar üzrə Azərbaycanın mövqeyini gücləndirir. Həmçinin SOCAR-ın "Shell", "Chevron" və "Oracle" kimi qlobal nəhənglərlə qurduğu tərəfdaşlıqlar, milli şirkətin xarici kapital bazarlarında və texnoloji sahələrdəki imkanlarını genişləndirərək, onun beynəlxalq brend kimi formalaşmasını dəstəkləyir".
V.Bayramov qeyd etdi ki, bu sənədlər hələlik əsasən enerji və əlaqədar sektorlara yönəlsə də, yaradılan texnoloji infrastruktur gələcəkdə digər sahələrə də müsbət təsir göstərəcək:
"İmzalanan sənədlər, həmçinin Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində ABŞ ilə bərabərhüquqlu və strateji tərəfdaş kimi fəaliyyət göstərmək potensialını təsdiqləyir. Qısası, Bakı Enerji Forumunda atılan bu addımlar Azərbaycanın enerji siyasətində modernləşmə, investisiya mühitində isə yüksək texnoloji standarta keçid dövrünü xarakterizə edir".
"Azərbaycan strateji oyunçuya çevrilir"
İqtisadçı Rəşad Həsənov da düşünür ki, Bakı Enerji Həftəsi çərçivəsində imzalanan çoxşaxəli müqavilə, razılaşma və memorandumlar ölkənin enerji strategiyasında yeni bir mərhələni xarakterizə edir:
"İmzalanan sənədlər yalnız karbohidrogen resurslarının hasilatı ilə məhdudlaşmır, buraya kritik mineralların işlənməsi, xarici enerji infrastrukturunun yaradılması, tranzit-nəqliyyat dəhlizlərinin formalaşdırılması və mühüm maliyyə mexanizmlərinin tətbiqi kimi qlobal əhəmiyyətli layihələr daxildir. Enerji forumları Azərbaycanın daxili və xarici siyasətində uzunmüddətli əməkdaşlıq platforması kimi çıxış edir. Ölkənin müstəqillik dövründən formalaşdırdığı enerji diplomatiyası, xüsusilə son onillikdə SOCAR-ın xarici bazarlarda aktiv investor qismində çıxış etməsi ilə yeni keyfiyyət qazanıb. Hazırda SOCAR-ın fəaliyyətinin əhəmiyyətli bir hissəsinin ölkə xaricində cəmləşməsi, Azərbaycanın qlobal enerji xəritəsindəki payını və təsir imkanlarını artırır. Bu strategiya Azərbaycanın beynəlxalq enerji bazarlarında sadəcə təchizatçı deyil, həm də strateji oyunçu kimi mövqeyini möhkəmləndirir".
"İqtisadi dayanıqlılıq daha yüksək standartlara çatacaq"
R.Həsənov bildirdi ki, "Shell", "Chevron", "Oracle" və "Lummus Technology" kimi qlobal nəhənglərlə qurulan tərəfdaşlıqlar Azərbaycanın enerji sektoruna yalnız kapital deyil, həm də yüksək texnologiya, süni intellekt həlləri və modern idarəetmə təcrübəsi gətirir:
"Bu əməkdaşlıqlar SOCAR-ın xarici bazarlardakı rəqabət qabiliyyətini gücləndirməklə yanaşı, həm də ölkənin qlobal iqtisadi sistemə inteqrasiyasını sürətləndirir. Texnoloji transfer, xüsusilə süni intellektin infrastruktura tətbiqi, Azərbaycanın enerji sənayesinin rəqəmsallaşması və daha səmərəli resurs idarəçiliyi üçün həlledici addımdır".
İqtisadçının sözlərinə görə, imzalanan sazişlər əsasən enerji və kapitalın xaricə yönləndirilməsinə xidmət edir. Lakin bu prosesləri qeyri-neft sektorunun inkişafı üçün birbaşa investisiya axını kimi dəyərləndirmək hələlik erkəndir:
"Buna baxmayaraq, kritik minerallar üzrə atılan addımlar strateji əhəmiyyət daşıyır. Qlobal iqtisadiyyatda kritik mineralların növbəti onilliklərin əsas rəqabət predmeti olacağını nəzərə alsaq, bu istiqamətdəki əməkdaşlıq Azərbaycanın resurs əsaslı valyuta gəlirlərinin gələcəkdə daha davamlı olmasına mühüm zəmin yaradır. Bu genişmiqyaslı razılaşmalar paketi, Azərbaycanın enerji sektorunda uzunmüddətli inkişafı təmin etmək üçün qlobal şirkətlərlə əməkdaşlıqdan maksimum fayda götürmək əzmini nümayiş etdirir. İmzalanan sənədlərin tətbiqi ilə Azərbaycanın enerji təhlükəsizliyi və iqtisadi dayanıqlılığı yeni, daha yüksək beynəlxalq standartlara çatacaq".

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI