Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

18:04 - Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı - Fərman

18:00 - “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü baş tutub.

17:54 - “Psixososial Reabiltasiya və İnkişaf Mərkəzinin” direktoru, psixoloq Almara Məlikova və “Ələddin” MMC- nin icraçı direktoru Arzu xanım Fərəcovanın təşkilatçılığı ilə aksiyaya start veririk!n

17:50 - 21 apreldə Bakıda Fransa bayrağını qaldırmaq istəyirlər?!

17:50 - 21 apreldə Bakıda Fransa bayrağını qaldırmaq istəyirlər?!

06:26 - Laçında tikintisi gedən hava limanının SON GÖRÜNTÜLƏRİ - VİDEO

06:22 - Prezident İlham Əliyevin 20 illik prezidentliyinə həsr olunmuş “Zəfər çələngi” adlı kitab Bişkekdə nəşr olundu

06:18 - GƏNC MÜĞƏNNİ RİAD AGANIN SOLO KONSERTİ MÜVƏFFƏQİYYƏTLƏ KEÇDİ.

10:22 - Akademik Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafı istiqamətində misilsiz xidmətlər göstərmiş, böyük töhfələr vermişdir.

06:34 - Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ - VİDEO

06:29 - HİITON OTELDƏ BEYNƏLXALQ TƏHSİL SƏRGİSİ KECİRİLMİŞDİR.

17:06 - Vahid məktəbli formalarının, general və nazirlərin geyimlərinin tikildiyi fabrikdə - REPORTAJ + FOTO

17:05 - DİM dövlət qulluğu vəzifələri üzrə imtahan keçirib

17:03 - Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”

17:02 - QAİ “Freedom House” təşkilatını siyasi dairələrin əlində alət olmamağa çağırıb

Uca şəhidlərimizin xatirəsinə dərin ehtiramla.(İlkin Ağaquliyev)

Uca şəhidlərimizin xatirəsinə dərin ehtiramla.(İlkin Ağaquliyev)
18-06-2022, 09:53 500 dəfə baxılıb

Uca şəhidlərimizin xatirəsinə dərin ehtiramla


İGİD ÖLMÜŞ 
Sənədli hekayə.

Ağlama, anam, ağlama
Bir mehriban qucaqdayam.
Elə bil ki, evimizdə,
Doğma, isti ocaqdayam. 
   (Aydın Tağıyev)

Sentyabrın son günləri olmasına baxmayaraq havalar çox isti keçirdi. Düzdür, Murovdağ silsiləsinin ətəkləri başqa yerlərlə müqayisədə bir qədər sərin olsa da, yenə də əvvəlki illərə baxanda havada xeyli istilik vardı. İyun ayında general Polad Həşimovu şəhid edən ermənilər daha da həyasızlaşmışdılar.Hər kəsə müharibənin tezliklə mütləq başlayacağı məlum olsa da dəqiq günü heç kim bilmirdi. Hətta bəzi hərbiçilərdə müharibənin başlamayacağı haqda şübhələr də oyanmışdı. İlkin Ağaquliyevin xidmət etdiyi həmlə taboru da bütün ön xətdə yerləşən hərbi hissələr kimi artıq bir həftəyə yaxın idi qazmalarda deyil, açıq havada, səngərlərdə yatırdı.
Nə gözəldir torpaq ətri. Yəqin ki, həm də vətən ətri olduğundandı.Heç adamın yuxudan oyanmağı gəlmirdi. Növbətçi əsgərlərdən başqa hamı burnunu torpağa dirəyib elə şirin yatmışdı ki, komandirin onları bu şirin yuxudan oyatmağa heç ürəyi gəlmirdi. Mayor Əsədullayev torpaq üstə bu şirin yuxunun bəziləri üçün sonuncu olduğunu düşünəndə bir anlıq bədənindən gizilti keçdi. Yerində bir neçə saniyə dayanıb yenidən yoluna davam etdi. Tabor növbətçisinin “qalx” səsi hamını silkələdi. Komandir isə əsgərlərə yerlərindən qalxmamalarını əli ilə işarə edərək:
-Cənab zabitlər, gizirlər və əsgərlər! Hamımızın otuz il səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Bu gün hamımız şanlı bir tarixin başlanğıcının şahidləriyik. Bir gün burda bizimlə olmadığına görə çoxları təəsüflənəcək, amma o zaman gec olacaq. Bu şanlı tarixi məhz biz yazacağıq! Bu gün burda olanlar! Hər kəs içindəki qorxunu, həyacanı kənara atsın. Yalnız bir məqsəd var, qısa vaxtda düşməni məhv edib, torpaqlarımızı azad etmək. Birazdan artileriya atəşi başlayacaq, atəş bitən kimi hücum əmri veriləcək. Hər kəs tapşırığını yaxşı bilir. Hamınızı öpürəm! Bir birinizi qoruyun! –son sözlərdə komandirin səsi titrəməsə də gözləri azca yaşarmışdı. Hər birini şəxsən tanıdığı əsgərlərini bir-bir süzərək sanki baxışları ilə onlarla vidalaşırdı. Baxışları İlkinin baxışları ilə rastlaşanda bir neçə saniyəlik dondu və yenidən digər əsgərlərini süzərək  döyüş mövqeyində yerini tutdu.
Həmlə taborunda əksəriyyət peşəkar idi. Tapşırığın nə qədər ciddi və çətin olduğunu yaxşı bilirdilər. Bilirdilər ki, bu altıyüz metrlik yüksəkliyi almaq üçün xeyli itki verəcəklər, amma heç kim özünün şəhid yaxud qazi olacağına inanmırdı. Eh bu gözəl, yamyaşıl çəmənli, kollu, ağaclı yamacda kimin ölməyi gələrdi ki....., Amma yarım saatdan sonra bu gözəl çəmən qanla suvarılacaqdı. Bu çəmən heç vaxt belə gözəl olmayacaqdı.
Komandirin öz yerini tutmasından bir-neçə dəqiqə sonra artileriya atəşi başladı, burdakı hər kəs belə təlimlərdə olmuşdu, amma bu dəfə sanki göydən od tökülürdü, yer ayaqlarının altından qaçırdı. Hər kəsə elə gəlirdi ki, belə bir artileriya hazırlığından sonra düşmən mövqelərində bir salamat erməni əsgəri qalmayacaq, elə sadəcə gəzə-gəzə gedib mövqeləri ələ keçirəcəklər.
Amma təcrübəli komandir hər şeyin tamam başqa olacağını yaxşı bilirdi, binoklla düşmən mövqelərini nəzərdən keçirə-keçirə öz əsgərlərini tək-tək gözünün önünə gətirirdi. Yenə gözünün önünə İlkin gəldikdə binoklı aşağı saldı. İlkin haqqında yaxşı məlumatlı idi. Bu arıq əsgərin həyatı, ailəsi ona tanış idi. On beş illik övlad həsrətindən sonra ailəyə qismət olmuş yeganə oğul idi İlkin. Hərbi xidmətdən sonra İdman Kollecində oxumasına baxmayaraq ailəsindən xəbərsiz orduya müddətdən artıq hərbi qulluqçu kimi daxil olmuşdu. Ata və anası bu xəbəri eşidəndə çox pərişan olmuşdular. Axı onlar yeganə övladları İlkinə ali təhsil verib, sonra da vəzifələrdə görmək istəyirdilər. İlkinin orduya daxil olduğu gündən sonra atası komandirlə bir neçə dəfə əlaqə saxlamışdı. Amma o zaman komandir müharibənin heç də belə qısa vaxtda başlayacağını ağlına gətirməmişdi. İlkin isə bu dövrdə xüsusi təyinatlılar kursunu bitirərək həmlə taborunda pulemyotçu vəzifəsinə təyin olunmuşdu. Demək ən təhlükəli mövqelərdə, kəskin nişançıların hədəfində döyüşməli olacaqdı. Artileriya atəşi bitən kimi, qərərgahdan hücum əmri özünü gözlətmədi. Tabor komandiri ayağa qalxaraq:
-İrəli! -deyə komanda verdi.
Bütün tabor sürətlə düşmən mövqelərinə doğru hərəkətə keçdi. Heç kim tərəddüd göstərmədi. Heç kim qorxduğunu biruzə vermədi. Bir neçə yüz metr irəliləmişdilər ki, bütün növ silahlardan üzərlərinə ölüm yağmağa başladı. Bu əsl cəhənnəm idi. Sözlə təsvir edilməsi mümkün olmayan bir cəhənnəm. Hər tərəf od-alov, toz-torpaq, qışqırtı-bağırtı, qan-tər. Bu anlıq vəhşətin yaratdığı hissi komandirin ötkəm “Döyüşə!” komandası yerlə-yeksan elədi. Hamı sürünərək irəliləməyə başladı. Ətrafda ah-nalə, imdad səsləri bir-birinə qarışsa da, tabor özünü itirmədi. Hər kəs öz işindəydi. Sanitarlar yaralıları və həlak olanları təxliyyə edirdi. Bir erməni pulemyotçu bizim hücumun sağ cinahını “iflic” etmişdi. Heç kim baş qaldıra bilmirdi. İlkin öz mövqeyini bərkidərək, silahının yerini sazladı, bir kəskin nişançı kimi erməni rəqibini izləməyə başldı. Düşmən pulemyotçu atəşə başlayar-başlamaz İlkin onu öz dəqiq atəşi ilə susdurdu və dərhal ayağa qalxaraq atəş aça-aça düşmən mövqelərinə daxil oldu. Bir neçə dəqiqədə hər şey sakitləşdi. Tək-tək atış səsləri qaldı. Düşmən mövqeyində yerləşmiş əsgərlər donuq nəzərlərlə bir birinə baxırdı.  Hamı tər-su içində  idi. Dodaqlar susuzluqdan cadar-cadar olmuşdu. Üzlərindəki cizgilər dəyişmişdi. Sanki bir saata yaxın vaxtda hamı azı on il qocalmışdı. Gözlərin içindəki həyat eşqi torpaq sevgisinə dönmüş, qisas, intiqam alovunu yandırmışdı. Nə olursa, olsun, düşmən məhv edilməli, torpaqlar geri alınmalıydı. Artıq geriyə yol yox idi...
***
Saməddin kişini sanki silkələyib oyatdılar. Elə bil beynində bombalar partlayırdı. Xanımı da eynən onu kimi yerindən dik atıldı. Ərini yerinin içində oturmuş görüb:
-Sənə nə olub, a kişi, nə belə oturmusan?-deyə soruşdu
-Bəs sənə nə oldu?- Saməddin kişi sakit, lakin hissediləcək dərəcədə həyacanla arvadının sualını sualla cavabladı.
-Nə bilim, ay Saməddin, elə bildim ev alışıb yanır.
Bir müddət dinib danışmadan beləcə yerlərində qurdalanandan sonra qalxaraq gündəlik işləri ilə məşğul olmağa başlamışdılar ki, qonşusu həyətlərinə keçib “Saməddin, eşitdinmi, müharibə başlayıb”, dedi. Bu xəbərdən sonra onların da ürəklərindəki çək-çevirləri başladı. Hər ikisi həyəcan içində bir-birinə baxdı. Hər ikisi dərhal telefonun üstünə cumdu. Telefondan isə bir səs gəlirdi. Bütün hərbçi ailələrinin qulağında cingildəyən səs: 
”Bu nömrəyə zəng çatmır”
Həyəcan içində keçən iyirmi dəhşətli gün və ondan sonra sonu görünməyən ağrılı günlər beləcə başladı...
Həmin ilk günlər dəfələrlə İlkinin nömrəsini yığsalar da, nömrəyə zəng çatmadı. Tanıdıqları, bildikləri bütün hərbçilərə zəng etdilər. Amma heç kimə zəng çatmırdı. İnternet də kəsilmişdi.
                                           ***
Əsgərlər azacıq dincəldikdən sonra düşməndən yeni alınmış mövqeləri təmizləməyə və oraya yerləşməyə başladılar. Növbəti əmrədək bu səngərləri əks-həmlədən qorumalı və burada dincəlməli idilər. Şəxsi heyətə mövqelərini göstərdikdən sonra komandir qərərgah rəisini yanına çağıraraq itkilər barədə məlumat verməsini istədi.Kapitan Məmmədov çoxlu şəhid və yaralıların olduğlarını bildirdi və tək-tək adlarını oxumağa başladı.
-Bu hələ ilk döyüş idi, irəlidə neçə belə döyüş bizi gözləyir,-deyən komandir fikrə getdi. Bir siqaret yandırıb çoxdan izlədiyi filmdən bir səhnəni xatırladı. Müşahidə məntəqəsindən döyüşü izləyən korpus komandanından müavini: “Cənab general orda insanlar qırılır ya geri çəkilmələrinə icazə verin, ya da ehtiyat qüvvəni köməyə gündərin”- deyə israrla xahiş etdikdə, komandan müavininə: “Cənab polkovnik, orda insanlar qırılmır, biz əsgərlərimizi itiririk” deyir. Müavinin ona: “Başa düşmədim, əsgərlər insan deyilmi?”- sualına. “Yox, mən fikirləşsəm ki, əsgərlər insandı, deməli, həm də, fikirləşməliyəm ki, bu insanların anası, atası, bacısı, qardaşı, oğlu, uşağı var, bax, mən elə fikirləşsəm onda səhv qərarlar verərəm. Və səhv qərar versəm əsl insan qırğını olar. Ona görə də, cənab polkovnik, biz hələki əsgərlərimizi itiririk.”-cavabını verir. Bu odun, alovun içində bu səhnə necə yadına düşdü heç özü də bilmədi. Başını bulayaraq:
-Əsgərlərin sursat və ərzaq ehtiyatını təcili təşkil edin. Sağ və sol qonşularımızla, həmçinin qərərgahla kəsintisiz və etibarlı rabitəni dərhal təmin edib mənə raport verin. Bu şərəfsizlərin əks hücumu özünü çox gözlətməyəcək, –deyə qərərgah rəisinə göstəriş verdi. Yorğun da olsa bir daha əsgərlərinin arasında dolaşmağa, əhvallarını qaldırmaqdan ötrü səngərləri gəzməyə başladı. İrəlidə göz işlədikcə yamyaşıl meşələr, sıldırım qayalı dağ silsilələri, çay vadilərini gözdən keçirən mayor Əsədullayev ürəyində “alçaqlar gör nə gözəl yerlərimizdə yaşayıb, kef çəkib sonra da nankorluq ediblər. İndi hamısını burnunuzdan gətirərik” fikri ilə gəlib İlkin Ağaquliyevə çatdı. İlkin ciddi cəhdlə məhv etdiyi düşməndən geridə qalan  pulemyotu söküb yağlayırdı. Başı necə qarışmışdısa komandirin dayanıb onu izləməsindən xəbər  tuta bilməmişdi.
-Deyəsən xoşuna gəlib, Ağaquliyev?
Komandirin səsinə diksinən çavuş cəld ayağa qalxdı.
-Cənab mayor, fransız silahıdı, əla pulemyotdu. Xeyli gülləsi də var.
-Özün necəsən, yaralanmamısan? 
-Yaxşıyam, cənab mayor. Şükür, elə bir yaram da yoxdu, bir-iki əhəmiyyətsiz sıyrıqdı.
-Mənə aid nəsə qulluğun varmı?
-Çox sağ olun, cənab mayor. Elə bir qulluğum yoxdu. Amma anam və atam mənimlə hər gün bir neçə dəfə danışırdılar, indi danışa bilməmişəm yəqin çox narahatdırlar. Müharibə xəbərini də eşitməmiş olmazlar.
Komandir sağ əli ilə üzünü ovxalaya-ovxalaya:
-Bilirəm, Ağaquliyev,  indi hamı narahatdı, elə sənin valideyinlərin də. İlk imkanda sənə evlə danışmağa şərait yaradacam, narahat olma.
-Çox sağ olun, cənab mayor.-deyən İlkinin rəngi-ruhu bir az açıldı.
Mayor Əsədullayev:
-Hə, elə bilmə döyüşməyin gözümdən qaçıb. Halal olsun. Taborumuzu xeyli itkidən xilas etdin. Qaldı ki, bu qənimət pulemyota, istəsən onunla döyüşə bilərsən, bu sənin haqqındı. Amma öz silahını mütləq təhvil ver- deyərək cavab gözləmədən çevrilib çıxıb getdi.
O, bir daha “çox sağ olun cənab mayor” deyən Ağaquliyevin necə sevindiyini görməsə də hiss edirdi. Demə, ən çətin anlarda da sevinmək mümkün imiş.
                                                    ***
Komandir sözünü tutdu. İki gün sonra İlkinə ailəsi ilə telefonla danışmağa icazə verdi. Ana ilə ata telefonu tez-tez bir birinin əlindən alaraq eyni sualları təkrarlayırdılar:
-Necəsən, ay bala? Yaralanmamısan, ana qurban?
-Yox, ay ana. Şükür allaha, sağ salamatam.
-Səsin niyə qəribə çıxır, bəs?
-Nə qəribəsi, ay ata. Ola bilsin telefon yaxşı tutmur.(Amma özü də bilmirdi ki, iki gündə hamısının səsləri də yaşlaşıb, kişiləşib)
-A kişi, bir ver telefonu mənə.
-Ay bala, yeriniz soyuq deyil, gecələri harda yatırsız?
İlkin gülümsəyərək ürəyində “nə yatmaq” fikirləşsə də:
-Ana, narahat olma, gündüzlər yalandan beş-altı güllə atıb, axşamlar gedib qazmamızda rahat yatırıq.-deyə anasını ovundurmağa çalışdı.
-Ay arvad, ver telefonu, mən də sözümü deyim. İlkin, qorxub eləmirsən ki? Bax, qorxma ha.
-Yox, ay ata. Qorxsaydım burda nə işim vardı. Siz heç narahat olmayın, tezliklə hər şey bitəcək. İndi telefonu söndürməliyik. Sağ olun. Öpürəm hamınızı. Zəng çatmayanda narahat olmayın. Telefon qadağandı.
-Sağ ol, ay oğul. Özünə yaxşı bax.
-Ver mən də salamatlaşım, sən heç danışmağa imkan vermədin.
-Ala, özün məndən çox danışdın-,  deyə Saməddin kişi narazı-narazı telefonu xanımına verdı.
-Sağ ol, ay bala. Anan boyuna qurban. Burdan nə göndərək sənə. Bəlkə özümüz gələk.
-Sağ ol, ay anam. Narahat olma, hər şeyimiz bolu bolunadı. Gəlməyə ehtiyac yoxdu, beş on günə özüm gələcəm.
Oğulları ilə danışdıqdan sonra bir qədər özlərinə gələn valideynlərin boğazından güclə bir tikə yemək keçə bildi. İki gün idi ki, yemək heç yadlarına düşmürdü. Qohum-qonşu başlarına yığılmasaydı, bəlkə heç çay da içməzdilər. 
***
Şabranda ilk şəhid xəbəri özünü çox gözlətmədi. Bütün rayon öz şəhidlərini son mənzilə yola salmaq üçün səfərbər olmuşdu. Amma bu ilk şəhid xəbərinin ən dəhşətli təsir etdiyi, belini büküb, dizini əsdirdiyi övladları müharibədə olan digər hərbçi ailələri idi. Saməddin kişi ilə xanımı o gün nə yaşadılar, bir Allah bildi. Dinməzcə ər-arvad bir-birinin üzünə baxır, ürəklərindən nə keçdiyini bir-birlərinin gözlərindən oxuyurdular. 
Qohum-qonşu yeganə övladları üçün narahat olan bu ailəni bacardıqca tək qoymamağa çalışırdı.Saməddin kişinin ocağına yığışıb səhərdən axşamadək samovara od salır, müxtəlif söhbətlər edib onların başını qatırdılar. Nə qədər müharibədən az danışmağa çalışsalar da, yenə də bütün söhbətlər gəlib müharibəyə çıxırdı. Necə də çıxmasın, axı ordumuzun qələbə xəbərləri hər gün artırdı. Cəbhədən gələn xoş xəbərlər hamını ruhlandırırdı. Onlar rayondan gedən yardım karvanlarından, hərbi komissarlığın qarşısında olan könüllü növbələrindən qürurla danışırdılar. Amma heç vaxt rayonda hər gün iştirak etdikləri izdihamlı şəhid dəfnlərindən söz açmırdılar. Qürurla dayanıb bayrağı öpüb gözünə qoyan ataların, təklikdə insanı çökdürən hönkürtü, fəryadlarını dilə gətirmirdilər. Söhbətin şirin yeri eşikdən gələn “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey Vətən üçün!”, “Başını dik tut, şəhid anası!” şüarları qışqıran gənclərin səsləri ilə kəsildi. Hamı yerində sanki buza döndü. Saməddin kişini soyuq tər basdı, xanımı ürəyini tutub divara söykəndi. Ta ki, səslər yavaş yavaş uzaqlaşdı. Səslər uzaqlaşdıqdan sonra qonşu qadınlar Safurə xalanı cəld dövrəyə alıb həyətdəki divanda əyləşdirdilər. Ananı və atanı çətinliklə özlərinə gətirdilər. Uzun müddət heç kim heç nə danışa bilmədi. Dadlarına yenə İlkin özü çatdı. Telefonda gələn zəngin İlkindən olduğunu görəndə valideynlərin rəngləri özlərinə qayıtdı.
-Tez ol, ay Saməddin. Tez aç telefonu. 
-Ay Safurə, bir səbrli ol da.
-Nə səbri a kişi, tez ol görək.
-Salam, ay oğul. Necəsən? 
-Ata, salam. Mən yaxşıyam. Siz necəsiz? Anam necədir?
“Ver telefonu, ay kişi” deyə, Safurə ana telefonu az qala dartaraq Saməddin kişinin əlindən alıb:
-Salam, ay bala. Anan ölsün sənin, necəsən?- deyib ağlamağa başladı.
-Elə demə, ay ana. Yaxşıyam, sən necəsən? Ağlama, niyə ağlayırsan?
Göz yaşı içində boğulan Safurə ana gözünün nuru, tək övladının səsini eşidib halbahal oldu.
-Ay arvad uşaq onsuz da qərib yerdədi, müharibədədir. Sən də bir yandan göz yaşını axıdıb yazığın halını pozursan. Ay oğul, İlkin, sən anana fikir vermə. Neynirsən, yeriniz necədi? Yaralanıb eləməmisən, allah eləməmiş.
-Yox, ay ata, yaxşıyam. Heç bir sıyrığım da yoxdu (bunu deyən vaxtı səhər döyüşdə ayağından aldığı sarğılanmış yarasına baxıb gülümsədi). Siz narahat olmayın çox az qalıb, analarını ağladmışıq ermənilərin. Ad çekə bilmirəm amma xeyli torpağı azad eləmişik. Çox danışa bilmirəm, sağ olsun komandir, arada mənə şərait yaradır. Özünüzə yaxşı baxın. Məndən nigaran olmayın.
-Sən də sağ ol, ay oğul. Özünü qoru. –deyən, Saməddin kişinin gözləri doldu. Sanki ürəyinə danmışdı ki bu oğlu ilə sonuncu danışıqlarından biridi bəlkə də elə sonuncudur.
Safurə ana cəld ərinin əlindən telefou aldı:
-Ver mən də sağollaşım. Sağ ol ay bala, anan qurban boyuna. Yeməyinə, geyməyinə yaxşı bax. –deyən ananı ağlamaq yenidən tutduğundan sözünün ardını gətirə bilmədi.
-Ağlama, ay ana, vallah, burda qorxulu heç nə yoxdu. Biz cəbhədən xeyli aralıyıq. Bax, sən ağlayanda mən də pis oluram. Öpürəm səni, inşallah tezliklə gələcəm. Məndən nigaran olma,- sözlərindən sonra telefon dərhal qapandı. 
Saməddin kişi gözləri dolmuş halda, Safurə ana için-için ağlaya-ağlaya xeyli dinməz oturdular. Ta ki, bacoğlu Camal gələnə kimi. Bacoğlunun gəlişi onlara həmişə xüsusi ruh verirdi. İndi də cəbhə bölgəsinə öz şəxsi maşını ilə sovqat aparıb, ordan da qələbə xəbərləri ilə qayıtmışdı. Qonşular da onun gəlişini görüb həyətə toplaşdı. Camal da dayısına və daydosdusuna təsəlli verib, ruhlandırmaq üçün orda görüb eşitdiklərinin üstünə üç də qoyub danışırdı.
-Az qalıb, lap tezliklə bitəcək müharibə. Erməninin demək olar atmağa silahı, mərmisi, gülləsi qalmayıb. Daha ordumuz itki vermir. Şuşanın altındayıq. Çox rayonlar alınıb, televiziyada hələlik bilərəkdən xəbər vermirlər, -cümlələrini ard arda düzən Camalın sözünü ana kəsdi.
-Camal, ay Camal, bəlkə bu dəfə İlkinimiz olan yerə aparasan sovqatı. Mən də biş-düş edib ev yeməkləri qoyardım. Həm də özünü görərdin. İmkan olsa lap özümüz də gedərdik səninlə, - deyib gözlərinin yaşını yaylığının ucu ilə sildi. 
Camal bu günlərdə daydostusunun və dayısının nə qədər qocaldığına indi fikir verdi.
-Daydostu, mən özbaşına getmirəm axı. İstiqaməti ya İcra Hakimiyyəti, ya da Hərbi komissarlıq verir. Bir də ki, bizi lap o qədər də irəli buraxmırlar.
Bu, ”lap o qədər də irəli buraxmırlar” sözü Safurə ananı heç açmadı. Amma yenə də müharibənin sonuna az qalması və ermənilərin gülləsinin bitməsi barədə söhbətlər onu bir qədər sakitləşdirdi, toxtatdı...
***

Səhər tezdən güclü hücumla bir çox əhəmiyyətli yüksəklikləri ələ keçirmiş tabor qısa fasilədən istifadə edib dincəlirdi. Artıq hamının üzü tüklənmiş, rəngi qaralmış, dodaqları çatlamış, baxışları donuqlaşmışdı. Qarşıda yenə qarlı zirvələr, yaşıl meşələr, güllü çəmənlər uzanıb gedirdi. Arxada isə neçə belə qarlı zirvəni, yaşıl meşəni, güllü çəməni əsgərlərimiz qanları ilə suvarmışdılar. Elə son döyüşdə İlkin iki ayağını itirmiş dostunu atəş altından çıxardaraq həyatını xilas etmişdi. Amma dostunun ayaqlarından axan iki qan cığırı hələ də gözünün önündən getmirdi. Döyüş meydanında nə qədər belə cığırlar var idi! Hər biri yarımçıq qalmış bir həyat, yaxud da yarımçıq qalmış bir igid bədəninin cığırı idi. Görəsən o güllər bu qədər cavanın qanını içdikdən sonra bir də əvvəlki rəngdə, təravətdə aça biləcəkdilərmi? İlkin buna heç cür inana bilmirdi. Bu qədər dostunu itirdikdən sonra bəs o özü ürəkdən sevinib gülə biləcəkdimi? Çətin, çox çətin! Təminat bölüyünün əsgərləri onu fikirlərindən ayırdı.
-Ey, pulemyotçu. Gör nələr göndərib camaat sizin üçün.
İlkin heç nə demədən onlarla əllə görüşdü.
-Ağaquliyev, nə istəyirsənsə götürə bilərsən. Komandir dedi ki, aparın əsgərlər nə istəyir götürsünlər. 
Yemək təminatı onsuz da yaxşı olduğundan İlkin nə isə götürmək istəmədi. Ümumiyyətlə, nə isə seçə biləcək əhvalda da deyildi. Bunu hiss edən təminatçılar onun yanına bir neçə cür su və meyvə şirəsi, bir bağlama corab, gecələr istifadə etmək üçün papaq və şərf qoyub səssizcə getdilər. İndi əksər döyüşçülər kimi, hətta onlardan daha çox İlkini yalnız iki məqam narahat edir, düşüncələrində yer tuturdu. İlk əvvəl tezliklə vətən torpaqlarını  mənfur düşməndən azad edib yoldaşlarının qisasını almaq, ikincisi isə şəhid olsa valideyinlərinin hansı hala, hansı günə düşəcək sualı. İlkin tək və uzun illərdən sonra Allahın nemət kimi göndərdiyi övlad kimi ata-anasının vəziyyətini yaxşı anlayırdı. Hətta hərdən bacısı və ya qardaşı olmadığına çox təəssüf edirdi. Amma bütün hallarda Vətən sevgisi güc gəlir, başqa düşüncələri üstələyirdi. İndi iki həftəlik döyüşlərdən, gördüyü ölüm–itimlərdən sonra keçmişə boylandıqda etdiyi bəzi hərəkətlər, yaşanan bəzi hadisələr ona cox cılız gəlirdi. Belə qısa həyatda insanlar bir-birindən necə əhəmiyyətsiz məsələlərə görə uzun müddət küsülü qalır, dava-dalaş edir, hətta bir-birinin həyatına qəsd edir. Vaxtı ilə ona çox əhəmiyyətli görünən məsələlər indi, döyüş meydanında yada düşdükcə necə də cılız idi. Bəzilərinə hətta gülməyi tuturdu. Bir vaxtlar dalaşdığı, incidiyi, xətirlərinə dəydiklərini indi qucaqlayıb öpmək istəyirdi.
İlkin bu müddət ərzində döyüşlərdən başqa könüllü olaraq düşmən nəzarətində olan əraziyə televiziya əmakdaşlarının əvəzinə keçərək məhv edilmiş erməni maşın karvanının video çəkilişini də aparmışdı. Düzdü, onun bu işdə könüllü olaraq irəli çıxması tabor komandirini heç açmamışdı. Amma Ağaquliyev bu məsələdə israr etmiş, komandir də televiziya işçilərinin qarşısında onu bu addımdan çəkindirməyə cəhd edə bilməmişdi. Həmin tapşırıq zamanı hər tərəfdən üstünə kəskin nişançı gülləsi yağsa da, İlkin tapşırığın öhdəsindən məharətlə gəlmişdi. Əlini heç yerdə əsdirməmişdi. Sanki peşəkar bir kameraçı idi. Kameralı telefonlardan istifadə bir işə yarayırmış demə.
***
Yenə döyüş, bu döyüş deyil. Bu döyüş meydanı sanki ətçəkən bir maşın idi. İnsan əti çəkirdi. Hamı artıq ölümün üzünə dik baxır. Ölümdən heç kim qorxmur. Tapşırıq aydındı, Suqovuşan alınmalıdır. Əmr belədir! Demək, alınmalıdır, müzakirə ola bilməz. Suqovşan sən bizim idin. İndi də bizim olacaqsan, saatlar, dəqiqələr qalıb. Amma bu saatlar, dəqiqələr, hətta saniyələr neçə döyüşçünü canından edəcək. Neçə əsgər bir neçə dəqiqənin deyil, saniyənin içində öz qəhrəmanlıq dastanını yazacaq. 
“Çox oğul itirdik, amma Suqovuşan bizim oldu. Vətənimizin necə gözəl yerləri var imiş. Amma mən bu vaxtadək görməmişdim. Biz hər belə gözəl yer üçün neçə oğullar verəcəyik? Artıq taborumuzun yarıdan çoxu yoxdur. Neçə dostlar gözümün önündə şəhid oldu. Bu qədərmi qiymətlidir Vətən torpağı?. Qiymətlidir, qiymətlidir, biz güzəştə getdikcə onlar üstümüzə gələcək. Bir gün yaşamağa yerimiz qalmayacaq. Atalarımızdan bizə miras qalan torpaqlarda düşmən at oynadacaq. Yox, bundan sonra tərsinə olacaq, itirdiymiz torpaqları son qarışınadək geri alacağıq.” –fikirləşən, qan-toz içindəki İlkini fikirlərindən yaxınlıqda birdən qızışan güllə səsləri ayırdı. Düşmən qəfil əks hücuma keçərək taborun ikinci bölüyünü mühasirəyə sala bilmişdi.
Bütün bölüklər öz yoldaşlarını mühasirədən çıxarmaq üçün var gücləri ilə atəşə başladı. Amma düşmən qəfil hücumlarının verdiyi üstünlükdən tam yararlanmaq niyyətində idi. İkinci bölüyü məhv edərək itirdikləri mövqeni geri qaytarmaqda israrlı idilər. Mayor Əsədullayev bölüyün şəxsi heyətini və onlarla can və qan hesabına ələ keçirilmiş mövqeni itirməmək üçün taborun bütün heyətini ikinci bölük istiqamətinə yönəltdi. Lakin düşmən bu dəfə işini planlı qurmuşdu. Taboru müxtəlif yerlərdən atəşə tutmaqla tam gücünü mühasirədə qalan bölüyün xilas edilməsinə yönəlməsinə imkan vermirdilər. Döyüşdən yeni çıxmış, itkilərinin yerini ehtiyat qüvvə ilə bərpa edə bilməmiş tabor üçün əks həmlənin qarşısını almaq hər dəqiqə çətinləşirdi. Komandirin tələb etdiyi ehtiyat qüvvənin gəlişi isə yubanırdı.
***
Yenə qohum-qonşular Saməddin kişinin həyətinə toplaşmış samovarı qalamışdılar. Saməddin kişi və Safurə ana dinməzcə talvardakı divanda oturmuşdu. Bu gecə heç cür yata bilməmişdilər. İyirmi gün ərzində tamam yaşlanmış ata-ana, sanki ən ağır daş karxanasında işləmiş fəhlə kimi yorgun görünürdülər. Qonşular onların başını qatmaq üçün İlkinin uşaqlıqda etdiyi dəcəlliklərdən danışıb gülürdülər.
“Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey Vətən üçün.”, “Başını dik tut, şəhid anası.” “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey Vətən üçün.”, “Başını dik tut, şəhid anası.”,“Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey vətən üçün.”, “Başını dik tut, şəhid atası.” şüarları yenə başladı. Amma səs çəkilib getmir, əksinə yaxınlaşdı.
“Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey vətən üçün.”, “Başını dik tut, şəhid anası.” “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey vətən üçün.”, “Başını dik tut, şəhid anası.”,“Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey vətən üçün.”, “Başını dik tut, şəhid atası.” Bu nədir, İlahi, lap qapının ağzından gəlir səslər. Heç kim yerindən tərpənə bilmirdi. Sanki hamını yerə yapışdırıblar. Camal özündə güc taparaq qapıya yaxınlaşıb qapını açıb cəld də bağlayıb geri döndü. Amma heç kimə heç nə deyə bilməyib, sakitcə divara söykəndi. 
Saməddin kişi dərindən nəfəs alaraq:
-Ay Camal, nə səs-küydü orda? -deyə soruşa bildi.
Camal heç nə deyə bilməyərək, sadəcə başını buladı. Rayona hər şəhid gələn zaman insanlar səfərbər olur və izdihamın səsindən yer-göy silkələnirdi. Bu gün də elə oldu. Yenə rayona şəhid gəlirdi. İzdiham yavaş-yavaş irəliləyir və İlkingilin evinə yaxınlaşırdı. Saməddin kişi güclə addımlayaraq qapıya çatıb darvazanı açdı, səntirləməmək üçün qapıdan möhkəm yapışası oldu. Bu nədir, bütün rayon rəhbərliyi, rayon camaatı qapıya toplaşıb, bütün küçə əllərində bayraq olan gənclərlə dolub.
Azərbaycanın üç rəngli bayrağına bürünmüş gənclərin dilində bir şüar var idi: “Şəhidlər ölməz, Vətən bölünməz”


***
“Ay səni igid öləsən, ay igidölmüş harda qaldın, səni görüm igid öləsən” coşub özündən çıxan anaların ağızlarından çıxan qarğışları İlkin də az eşitməmişdi. Hətta “ay igidölmüş, gəl yeməyini ye də” deyə bu qarğışla hirsli analar oğullarını evə də səsləyirdilər. İlkin bu “igidölmüş” sözünün oxşatmamı, qarğışmı olması haqda heç vaxt düşünməmişdi, amma ona bu söz daha çox əzizləmə kimi gəlirdi. İndi döyüşə-döyüşə mühasirədə qalan dostlarının bir-bir həlak olduğunu müşahidə edərkən hardansa bu söz yadına düşdü. İgidlər bir-bir ölürdülər. İgidlər ölür. “Aha igid ölmək bu imiş. Yəni yaşının ən dəliqanlı vaxtında öləsən. Ay sizi! Gör nə fikirləşib tapıblar” deyə bu vurhavurda sanki nəyisə kəşf etmiş kimi İlkin əməlli-başlı gülümsədi də. “Demək, indi ölsəm mən də igid öləcəm” Hı! “İgidölmüşlərə bir bax”! “İgidölmüş olacam mən də”.
İlkin silahını götürərək səngərindən qalxıb atəş aça-aça mühasirədə qalmış dostlarının köməyinə tələsdi. Bütün döyüşçülər onun bu cəsarətindən hünərləndi. Vəziyyət sürətlə dəyişməyə başladı. Mühasirə artıq yarılmışdı. Ağaquliyev özünü qonşu bölüyün komandirinə çatdırdı. Bölük manqa-manqa mühasirəni yarıb əsas qüvvələrə qovuşurdu. İlkin şəxsən bölük komandirinin qarşısında atəş aça aça irəliləyir, atəşi ilə də, bədəni ilə də onu qorumağa çalışırdı. Budur, öz mövqemizə az qalıb, lap çox az. Bu on-on beş addımı da ata bilsəydik......
Birdən İlkini sanki kimsə qaldırıb yerə çırpdı. Cəld yerindən qalxıb döyüşə davam etmək istədi. Amma heç barmağını belə tərpədə bilmədi. Gözünü yumub açmaq istədi, onu da edə bilmədi. “Bu nədi, məni vurdularmı? Yox, ola bilməz, mən hələ komandiri də mühasirədən çıxarmalıyam. Cəmi on addım qalıb, onca addım. Axı niyə tərpənə bilmirəm. Ağrım da yoxdu axı. Qoxu hiss edirəm. Torpaq ətri, vətən ətri gəlir. Müharibənin ilk günündə gəldiyi kimi. Bu dəfə daha şirindi, daha kəskindi amma. Komandirin onu yerdən qucağına çevirdiyini də gördü, amma yenə heç nə hiss eləmədi. Səsi isə eşitdi. “İlkin, möhkəm dur. Ölmə İlkin, ölmə,”-deyə komandir haray qoparmış, nalə çəkirdi. Budu, ətraflarına çoxlu əsgər dostları da yığıldı. Demək, mühasirə yarıldı. İlkin gülümsəmək istədi, amma o da alınmadı. İndi hamının ona nəsə dediyini görürdü, lakin artıq səslər eşidilmirdi, səslər yavaş-yavaş zəifləyib batdılar. İndi ancaq görürdü. Onu nəyəsə qoyub sürətlə aparırdılar. Günəşin şüaları düz gözünün içinə düşürdü, amma yandırmırdı. Demək, ölürəm. İgid ölürəm. Heç ağrıtmır ki. Yəni belə asanmış. Gözünün önünə ata-anası gəldi. Hərəsi bir əlindən tutmuşdular. Gənc idilər, İlkin də məktəbli. Həə, yadına düşdü. Birinci sinifə aparıldığı ilk gün. Amma üzləri gülmürdü bu dəfə. Gözlərindən yaş axa-axa aparırdılar İlkini. İstədi son gücünü yığıb “ana, ata” qışqırsın. “Ağlamayın, məni ağrıtmır” desin, amma heç nə deyə bilmədi, ancaq gözlərini yuma bildi.
***
“Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey Vətən üçün.”, “Başını dik tut, şəhid anası.”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey Vətən üçün.”, “Başını dik tut, şəhid atası.”,“Şəhidlər ölməz, Vətən bölünməz”, “Hər şey Vətən üçün.”, “Başını dik tut, şəhid anası.” Şüarları qapının önündə kəsilmir. Bu sözlər ata və ananın qulaqlarında daim cingildəyəcək. Həmişə təzə qalacaq.
-Saməddin kişi, bizdən bir istəyin  varmı?
-Oğlumu geri qaytara bilərsizmi?
Sualı verən susub başını aşağı salır.
-Onda oğlumun şəhid adı mənim bəsimdir.

  Daşqın Məmmədov.(Yazar).
Şabran rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI