Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qaradağlı soyqırımı     

Qaradağlı soyqırımı     
15-04-2022, 08:28 419 dəfə baxılıb

 Sübhan Ələkbər oğlu Talıblı,    AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi,Quba Memorial Soyqımı Kompleksinin elmi işçisi,tarix üzrə fəlsəfə doktoru, dosent 1918-ci ilə qədər “dövləti” olmayan haylar (ermənilər) çar Rusiyasının, regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında Ermənistan Respiblikasını yaratdılar. Bütün tarixi faktlar, mənbələr, sənədlər, tarixi dini-mənəvi abidələr sübut edir ki, Qarabağ tarixi və əzəli Azərbaycan ərazisidir. “Dənizdən dənizə Böyük Ermənistan” və ya “Qara dənizdən Xəzər dənizinə kimi böyük Ermənistan” yaradılması kimi əsassız iddiaları mifik dövləti yaratmaq məqsədi ilə, ilk növbədə, türk və müsəlman xalqlarının məhvinə yönəldilmiş “ermənilik” ideyasını yayan hələ XIX əsrin axırlarında yaradılmış “Daşnaksutyun” partiyası olub. Bu ideyanın gerçəkləşdirilməsində ermənilərin dünyanın hər yerində törətdikləri kütləvi qırğınlar, terror aktları, soyqırımlar, etnik təmizləmə, soyğunçuluqlar, qarətlər və s. həyata keçiriblər.Qaradağlı faciəsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Soyqırımı: Qaradağlı”, “Soyqırımı Qaradağlı: davam edir...” və “Qaradağlı, mübarizə” sənədli filmləri çəkilib, “Qaradağlı soyqırımı şahidlərin dili ilə” adlı kitab nəşr olunub. Təbii ki, Azərbaycan həqiqətlərinin, beynəxalq və regional güclərin hərtərəfli dəstəyi ilə tarixən Osmanlı imperiyası, Qafqaz, Mərkəzi Asiya və tarixi Azərbaycan torpaqlarında ermənilərin törətdikləri terror, etnik təmizləmə, soyqırımlar, qarətlər, cinayətlər və s. beynəlxalq aləmə xarici dillərdə əsərlər, kitablar, məqalələr yazılaraq çatdırılmalıdır. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanın ermənilərin cinayətkar əməllərinin beynəlxalq və regional təşkilatlara, o cümlədən dünya ictimaiyyətinə çatdırılmasında siyasi, hüquqi və tarixi rolu olmuşdur. Qaradağlının tarixi və təbii-coğrafi mövqeyiAzərbaycan Rerpublikasının Xocavənd rayonunun inzibati ərazi dairəsində yerləşən Qaradağlı kəndi rayon mərkəzindən 13 km qərbdə, Xocavənd-Xankəndi avtomobil yolunun qırağında, dağətəyi ərazidə yerləşir. Əhalisi əsasən heyvandarlıq, taxılçılıq, baramaçılıq, üzümçülük və bostançılıqla məşğul olurdu. Qaradağ toponimi qara və dağ sözlərinin birləşməsindən yaranıb. Qara sözü qədim türk dilində “böyük” və “rəng” anlamları daşımışdır. Deməli, Qaradağ sözü “böyük, uca dağ”, “süxurlarının rəngi qara olan dağ” anlamındadır. Dağ (tağ) sözünə VI-VIII əsrlərə aid qədim türk yazılı abidələrində Kaşğarlı Mahmud sözlüyündə (XI əsr), "Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilində Dədəm Qorqudun kitabı) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (VI–VII əsrlər) dastanlarında da rast gəlinir.  Yaşayış məntəqəsi mənşəcə Səfəvilər dövlətinin hakimiyyət uğrunda mübarizəsində böyük rol oynamış qızılbaşların  Qaradağlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Tayfa isə öz adını Cənubi Azərbaycanın Qaradağ mahalının  adından almışdır. “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cildi”ndə qeyd olunur ki, Səfəvilər hakimiyyətə keçdikdən sonra Qaradağlılar müxtəlif ərazilərə yayılmışlar. Qaradağlı adlı kəndlər də məhz həmin tayfaya məxsus ailələrin etnik adını əks etdirir. XX əsrin 30-cu illərinədək Laçın rayonunun Güləbird  kəndi yaxınlığında da Qaradağlı adlı kənd olmuşdur. Bu kəndin adı Sarı Aşığın bir bayatısında çəkilir.1951-ci ildə azərbaycanlıların yaşadığı Vərəndəli kəndi ləğv edilərək Qaradağlı kəndinə birləşdirilmiş, azərbaycanlılar yaşayan kəndlərin adları məqsədli şəkildə dəyişdirilir, başqa kəndlərlə birləşdirilir yaxud tamamilə ləğv edilərək əhalisinin digər ərazilərə köçürülürdü. Qarabağda demoqrafik durumu ermənilərin xeyrinə dəyişərək, separatçılıq və terror əməlləri üçün əsaslı şəkildə şərait yaradılırdı.  Məqsədli şəkildə Qaradağlı kənd sovetliyi (icra nümayəndəliyi) və ermənilərin yaşadığı kəndi Qağarza kənd sovetliyinə, Qaradağlı kənd kolxozu da ləğv olunmuş və ermənilər yaşayan kəndlərin təsərrüfatları ilə birlikdə “Miçurin” adına kolxozda birləşdirilmişdi. Bundan başqa 1971-ci ildə Qaradağlı kəndi erməni kəndlərindən ayrılaraq “Nəriman Nərimanov” adına kolxoz yaradılmış, 1980-ci il oktyabr ayının 2-də isə Qaradağlı kənd sovetliyinin fəaliyyəti yenidən bərpa olunmuşdur.Qaradağlıya hücumun təşkiliQaradağlıya hücumda  Arabo və Aramo  birləşmələri, Monte Melkonyanın dəstəsi, həmçinin Rusiyanın 366-cı motoatıcı alayın da qüvvələrindən istifadə edilmişdir. 366-cı motoatıcı alayın komanda heyəti, əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiyini qeyd edirdi. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbçi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. (Литовкин, В. Десантники будут прикрывать вывод 366-го полка из Степанакерта. Известия.- 1992.- 3 марта.- c.1). Bu qüvvələr Qaradağlı və Xocalı soyqırımlarında iştirak etdilər. Qaradağlı soyqrımının şahidləri soyqırım aktında 366-cı motoatıcı alayın iştirakını təsdiqləyirlər. Qaradağlının işğalı1991-ci ilin yayından başlamış dinc əhalinin Qaradağlıdan çıxarılması əməliyyatı ilin sonunda demək olar ki, tamamilə başa çatdırılmışdı. İşğal ərəfəsində Qaradağlını 125 nəfər müdafiə edirdi. Bunlardan yalnız 14 nəfəri Ağdamdan köməyə gəlmiş Milli Ordunun, 70 nəfəri isə Qaradağlı özünümüdafiə dəstəsinin döyüşçüləri idi. Bundan başqa 17 nəfər yaşı 60-dan yuxarı olan kişi, 13 nəfər məktəb yaşlı uşaq əllərində silah vuruşmağa hazır dayanmışdılar. 11 nəfər yaşı 50-dən yuxarı olan qadın könüllü kənddə qalaraq ərlərinə, oğullarına və qardaşlarına arxa olub kömək edirdilər. Qəhrəman Azərbaycan qadınlarından Zivər, Sitarə, Tavar, Gərəkməz, Mina, Minarə, Səadət, Mirvari, Minayə, Gülər və Həqiqət dekabr ayından başlayaraq 125 nəfərə yaxından köməklik etmişlər.8 sentyabr 1991-ci il tarixdə baş verın terror nəticəsində Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu Xocavənd-Xankəndi yolunun 5 km.-də pusquda durmuş erməni silahlıları tərəfindən güclü atəşə tutuldu. Avtobus güllələrdən deşik-deşik olunca, 40-a yaxın sərnişindən 2 gənc oğlan, 6 qadın olmaqla 8 nəfər qətlə yetirilmişdir.Zülfüqarlı M. P. “Qaradağlı faciəsi: Dağlıq Qarabağda erməni terroru: 17 fevral 1992-ci il” adlı kitabında yazır ki, “1992-ci il yanvarın 15-də qaradağlılar Azərbaycan xalqına son dəfə müraciət etdilər və bu müraciət bir neçə gün radio ilə elan olundu. Müraciətin mətni belə idi: “Tarixin amansız vəhşilikləri Qarabağ torpağının keşiyində duran, zamanın ən çətin sınaqlarından mərdliklə çıxmağa çalışan mübariz oğullarını zərrə qədər də sarsıda bilmir. Dörd ildir ki, Qarabağın bir parça incisi olan Qaradağlı düşmən hədəfinə çevrilsə də, qorxmaz oğulları tərəfindən qorunur, müdafiə olunur. İllərlə yaddaşımızda həkk olunmayan unudulmuş bu kəndin sakinləri ömrünün ən çətin günlərini yaşayır. Yaşayış evləri, müxtəlif inzibati binalar od tutub yanır, günahsız insanlar qətlə yetirilir, mal-dövlət talan edilib aparılır. Bir sözlə erməni quldurlarının aramsız hücumlarına məruz qalır. Düşmənlər bu gözəl, əhəmiyyətli mövqeyi ələ keçirmək istəyir. Axı Qaradağlı Xocavənd ilə Xankəndi arasındakı yolu kəsmiş, onların bu yolda hərəkətinə birdəfəlik mane olmuşdu! Xocavəndin quldur dəstələr tərəfindən işqal olunmasından sonra Qaradağlıda vəziyyət daha da gərginləşib. Doğma xalqım! Qanınızda namus, qeyrət işartısı varsa Qarabağın azadlığı uğrunda mübarizəni dayandırmayın! Yoxsa Qaradağlı öz əlinizlə quldur yuvasına çevrilə bilər.”Azərbaycan xalqının faciəli tarixlərindən olan Qaradağlı qətliamı və ya Qaradağlı faciəsi-Erməni hərbi birləşmələri 1992-ci il fevralın 14-də Xankəndidə yerləşən keçmiş SSRI silahlı qüvvələrinin 366-cı motoatıcı alayının hərbi qüvvəsinin və texnikasının köməyi ilə Xocavəndin Qaradağlı kəndinə hücum etdi. Sakinlərin kəndi qəhrəmancasına müdafiə etməsinə baxmayaraq, fevralın 17-də qeyri-bərabər döyüşlərdə Qaradağlı kəndi ermənilər tərəfindən işğal olundu. Soyqırımın qurbanları 1992-ci il fevralın 17-də Qaradağlı kəndi təcavüzkar erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 66 nəfəri öldürülmüş, 52 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Əsirlikdən xilas edilənlərin böyük əksəriyyəti əsirlikdə verilən ağır işgəncələrdən, onlara vurulmuş naməlum tərkibli iynələrin təsirindən qısa zamanda vəfat edib. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnmışdır. Terrorist erməni quldur dəstələri tərəfindən törədilən soyqırım zamanı Qaradağlı kəndində  91 nəfər qətlə yetirilmişdir. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər, azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələr və qəbiristanlıq dağıdılıb. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün olmuşdur. Erməni əsirliyində olarkən qətlə yetirilənlərKənd işğal edildikdən sonra əsir götürülənlərin bir qismi elə kəndin ətrafındaca qətlə yetirilmiş, bir qismi isə Xankəndi həbsxanasında işğəncə verilərək qətlə yetirilənlər: İmran Əhməd oğlu Hüseynov, Böyükkişi Lələ oğlu Şirinov, Kamil Sərdar oğlu Tağıyev, Fazil Cavad oğlu Vəliyev, Əlastan Nəriman oğlu Quliyev, Şura Avdıhüseyn oğlu Hüseynov, Şura İbad oğlu Nazarov, Kamal Bəylər oğlu Quliyev. Əsirlikdən azad olunduqdan az sonra vəfat edənlərQaradağlı kəndi işğal edildikdən sonra ermənilər tərəfindən əsir götürülən kənd sakinlərindən 54 nəfəri Xankəndi və Əsgəranda 2 aydan artıq müddətdə əsirlikdə saxlanılmışdır. Əsirlikdə olduqları dövrdə insanlığa zidd olan, əsirlərə qarşı bütün beynəlxalq hüququn prinsiplərini pozan ermənilər tərəfindən verilən ağır işgəncə və əzabların, məruz qaldıqları mənəvi və psixoloji sarsıntıların nəticəsi olaraq əsirlikdən azad olunduqdan az bir vaxt sonra vəfat etmişlər.  Onların siyahısı belədir: Familət Gəray oğlu Şirinov, Zülümxan Miriş öğlu Hüseynov, Yusif Nəriman oğlu Quliyev, Minayə Səməd qızı Əmirxanova, Sitarə Səməd qızı Hüseynova, Məhəmməd Hüseyn oğlu Həsənov (oğlu şəhid olub), Qulu Əyyub oğlu Xəlilov (qardaşı şəhid olub), Şəmil Alı oğlu Məmmədov, Sərdar Qaçay oğlu Tağıyev (oğlu və qardaşı şəhid olub), Əvəz Qaçay oğlu Tağıyev (qardaşı şəhid olub), Mirvari Təhməz qızı Hüseynova, Güllər Dostu qızı Tağıyeva,Mina Mirxudar qızı Sadıqova,İlqar Qasım oğlu Əliyev- (atası şəhid olub), Tevon Həbil oğlu Tağıyev (oğlu şəhid olub), Atlıxan Fərman oğlu Hüseynov, Firudun Hümbət oğlu Hüseynov.Qaradağlı soyqırımı zamanı şahidlərin xatirələri İlqar Hüseynov Qaradağlı müsibətini görmüş kənd sakinlərindən biridir. O, ailə üzvlərilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. İlqar Hüseynov iki ay erməni girovluğunda qalarkən olmazın müsibətlərə düçar olub. İlqar Hüseynovun dediklərindən: “Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni  vəhşiliyindən öz nəsibini almasın. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunub. Amma hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Sentyabr ayının 8-də ermənilər Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı. 1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yola düzəldik. Aramızda 10 qadın və iki uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmirdik.Ermənilər hamını əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar və bizi ayrı-ayrı maşınlara mindirdilər. Bizi erməni   qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü aşağı düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkəti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə yüksəldi. Sonra bizi Xankəndinə  apardılar. Bizi iki ay Xankəndi həbsxanasında saxladılar. Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta insanın iliyinə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər.Ermənilər  bizi gündə ən azı beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırmış, ayaqlarını sındırmışdılar. İki nəfəri isə divara çırpıb beynini partlatmışdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Qızlı Xaç Cəmiyyətinin köməkliyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxandan sonra dünyasını dəyişdi. Həmin vaxtdan 19 il keçsə də, ermənilərin verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb.” Qaradağlı kənd sakini Məhəmmədəli Bayramov 1990-cu ildən başlayaraq ermənilərin silahlı hücumlar etdiyini bildirib: “Ermənilər kəndə mebel satmağa gələn 3 nəfəri öldürdülər. Sonra kəndin yaxınlığındakı mal fermasında 1 nəfəri yaraladılar. 1991-ci ildə həm kəndi, həm də mal fermasını atəşə tutmağa başladılar. Biz fermaya gedəndə gördük ki, aralarında qadınlar da olmaqla 6 nəfəri yandırılıb. Kəndin mal-qarasını kənara çıxan kimi aparırdılar. 1992-ci ildə vəziyyət daha da gərginləşmişdi. Kənd sakinləri mənə dedilər ki, gedim kömək gətirim. Əvvəlcə Ağdama qərargaha gəldim. Artıq Malıbəyli kəndi də işğal edilmişdi. Qaradağlıdakı qadınları, uşaqları və qocaları çıxartmaq üçün vertolyota ehtiyac var idi. Vertolyot istəmək üçün Gəncəyə getdik. Oradan da əliboş qayıtdıq. Özünümüdafiə dəstələri və polislərlə birgə Ağdamdan Xocavənd istiqamətində yarıb keçmək istəyimiz də alınmadı. Gülablı kəndindən meşə ilə Qaradağlıya doğru gedəndə həmkəndlimizlə - Vidadi Hüseynovla qarşılaşdıq. Dedi ki, kənd işğal edildi. Tək o qaça bilib. Camaatı Xankəndi tərəfə aparıblar... Ermənilər kəndimizin sakinlərinə qarşı dəhşətli cinayətlər törətdilər. Bizim ailədən də 4 nəfər – atam, qardaşım, bacım qətlə yetirildi, bir qardaşım itkin düşdü...”Kənd sakini Məlahət Tağıyeva faciəni belə xatırlyır: “Qaradağlı bizim yaralı, ağrılı yerimizdir. Camaatımız çox əziyyətlərə, zülmlərə məruz qalıb. Demək olar ki, kənddə hər bir ailə faciə ilə üzləşib. Qaradağlıda atamı, qardaşımı, qardaşımın oğlunu, dayımı, qayınımı, əmilərimi, əmim oğlanlarını itirmişəm. Hamısı mənim doğmalarım idi. Mən faciə törədilməmişdən əvvəl kənddən çıxmışdım. O zaman 22 yaşım var idi. Heç yadımdan çıxmaz. Faciədən sonra əsir və girovluqdan azad olan həmkəndlilərimizdən yaxınlarımızı, itkinlərimizi soruşurduq. O insanların dedikləri bizi dəhşətə gətirirdi. İnsanlara olmazın işgəncələr veriblər, döyüblər, ac-susuz saxlayıblar, dişlərini, dırnaqlarını çıxarıblar... Bu faciəni unutmaq mümkün deyil. İstəyim odur ki, Qaradağlıya qəhrəman kənd adı verilsin”. Faciəsinin şahidi Oruc Əliyev illər keçməsinə baxmayaraq, hələ də həmin günləri xatırlayanda dəhşətə gəldiyini bildirərək deyib: “Ermənilər fevralın 14-də kəndə hücuma keçdilər. Düşmənə inadla müqavimət göstərdik, gecə-gündüz döyüşdük. Ayın17-də gülləmiz qurtardı. Kənd sakinlərini iki “KamAZ”a yığıb apardılar. Bir hissəmizi kəndin kənarındakı “Pir” deyilən yerə qədər piyada gətirdilər. Yolda Şahmurad kişini öldürdülər. Burada “KamAZ”a mindik, Eldarı yerə düşürdülər, ağacla döyüb öldürdülər. Bəylik bağından keçəndə Tut bağının qırağında “KamAZ”ı saxladılar. Dedilər 10 nəfər düşsün. Telman özü ilə götürdüyü qumbaranı ermənilərə tərəf atdı. Düşməndən neçə nəfər öldü bilmirəm. Bizi atəşə tutmağa başladılar. Maşındakıların çoxu öldürüldü. Mən yaralanmışdım. Sonra yola düşdük. Yolda Elmdarı düşürdülər. Ondan xəbərimiz olmadı. Məni və bir neçə kənd sakinini Malıbəyli körpüsündə digər həmkəndlilərimizdən ayırıb Xankəndinə apardılar. Bizi səhərə qədər döydülər. Səhər çölə çıxanda gördüm ki, həbsxananın qabağında bizim camaat yerə yıxılıb, ermənilər də üstləri ilə ora-bura gedirlər. Bizi “KamAZ”a mindirib Əsgərana gətirdilər. Əsgəranda məşəqqətli günlərimiz başlandı. Bizə olmazın işgəncələr verdilər, döyürdülər, ac-susuz saxlayırdılar. Bir gün erməni nəzarətçisi İlqara dedi ki, üzünün bir tərəfinin tükünü səhərə kimi əllərinlə yolmasan səni güllələyəcəyəm. Səhərə qədər birimiz İlqarın üzündəki tükləri yolduq, digərimiz üfürdük... Sonra İlqarı bizdən ayırıb apardılar. İki nəfər Qaradağlı, 28 nəfər Xocalı sakini bir yerdə idik. Hər gün bizi aparıb döyürdülər. Xocalı işğal olunandan 3 gün sonra məni növbəti dəfə döyməyə apardılar. Qaytaranda qaldığım kameraya deyil, xocalılıların saxlanıldığı kameraya saldılar. İçəri Xocalı sakinləri ilə dolu idi. Ermənilər tez-tez gəlir, qapını açıb bıçaqla, tapança ilə içəridəkiləri öldürürdülər. Səhərə qədər o qədər adamdan 4 nəfəri sağ qalmışdı, hamısını öldürmüşdülər. Bizimkilər Ağdamdan Əsgərana hücum etmişdilər. Ermənilər Əsgəranı tərk edirdilər, bizi Noragah kəndinə aparıb anbarın zirzəmisinə saldılar. Ermənilər mənim də, digər girovların da qızıl dişlərini kəlbətinlə çıxardı. 43 gün orda qaldıq. Suyun içində saxlayırdılar, döyürdülər, işgəncələr verirdilər. Xocalı sakinlərindən neçəsi acından, soyuqdan, döyülməkdən dünyasını dəyişdi... Bu gün sağam, yaşayıram, amma əsirlikdə çəkdiklərim, o müdhiş günləri, əzab-əziyyəti ağır yük kimi özümlə daşıyıram”.Pağayeva Q., Aslanov Ş. “Qaradağlı Soyqırımı: Şahidlərin dili ilə” hazırladıqları kitabda Hüseynova Həqiqəti dedikləri belə söyləyir ki, “Erməni silahlıları bizi mühasirəyə almışdılar. Gözümüz nələr görmədi? – Kəndçimiz Eldarı gözümüzün qabağında ağacnan öldürdülər. – Ağacnan, döyə-döyə. Kənddə yolun, asfaltın qırağında “Pir” deyilən yerdə öldürdülər onu. Töküldülər, ağacnan döyüb öldürdülər. Sonra da mənim gəlinimin atasını öldürdülər. Heç bilmədim nə ilə vurdular amma kişinin başı iki yerə paralandı. Sonra da qoydular maşının altına əzib tanınmaz hala saldılar. Cəmiyyət (Ningi) kəndi yanında Zahid adlı kəndçimizi öldürdülər. Qardaşı qışqırmaq istəyəndə əlimi tutdum ağzına ki, səsi eşidilməsin. Əlimi qan çıxana qədər dişləmişdi. Vaqif idi adı... Allah ölənlərinizə rəhmət eləsin, həmin əzablara dözmədi öldü”.Nofəl Əliyev isə faciə haqda bildirir ki, “Xankəndi türməsində əsir idik. Bir cavan kəndçimiz vardı - Vətən adında, onu gözümün qabağında öldürməyə apardılar. Türmədə bizə nəzarət edən ermənidən soruşdum ki, o uşağı hara apardılar? Dedi ki, apardılar qəbirstanlığımıza, qəbir üstündə başını kəsməyə... Belə vəhşiliklə öldürmüşdülər onu... Bizi kameralarda beş-beş, altı-altı saxlayırdılar. Hər beş nəfər əsirə gündə bir parça çörək verirdilər, bir də balaca stəkanla bir su. O balaca stəkandakı su ilə sadəcə dodağımızı isladırdıq ki, ölməyək...Bizə bütün günü işgəncə verirdilər. Ermənilər kimin qızıl dişləri var idisə onu zorla əsirlərin ağzından çıxarırdılar. Kim müqavimət göstərmək istəyirdisə döyüb öldürürdülər. Mənim də dişlərimi zorla çəkib çıxardılar.” ( Pağayeva Q., Aslanov Ş. Qaradağlı Soyqırımı: Şahidlərin dili ilə.)Azərbaycan Milli Ordusunun qadın zabitlərindən və soyqırım aktının şahidlərindən olan Sabirə Mahmudova demişdir: “Uzun müddətdir mühasirədə olan Qaradağlıya ərzaq daşıyan helikopter 12 yanvar 1992-ci ildə ermənilər tərəfindən vuruldu və kəndin əhalisi taleyin ümidinə buraxıldılar...Fevralın əvvəlində Erməni Silahlı Qüvvələri 366-cı motoatıcı alayın yardımı ilə Qardağlıya yenidən hücum etdilər. Əhali müqavimətə davam etdi. 15 yanvarda olan elan etmişdilər ki, son damla qanlarına qədər döyüşəcəklər...1991-ci ilin yayından uşaqlar, yaşlılar və qadınlar kənddən helikopterlər vasitəsi ilə evakuasiya edilmişdilər. Təxminən kənddə oğlanlarına, ərlərinə baxmaq və əsgərlərə yemək hazırlamaq üçün 11 qadın qalmışdı...14 fevralda ermənilər kəndə yenidən hücum etdilər...Mən hələ də silah səslərini və günahsız insanların qışqırıqlarını eşidə bilirəm...”. Ermənilərin Qaradağlıda törətdikləri soyqırım barədə etirafları Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində Türkiyə siyasət adamlarına, ümumən türklərə qarşı terror aktları törətmiş, “Asala” terror təşkilatının aparıcı fiqurlarından biri sayılan beynəlxalq terrorçu, "ASALA" beynəlxalq erməni terror təşkilatının rəhbərlərindən biri olmuş Monte Melkonyanın qardaşı Markar Melkonyanın “Mənim qardaşımın yolu" (Melkonian, Markar. My Brother's Road: An American's Fateful Journey to Armenia I.B. Tauris. 2005, 344 p.)  kitabında yazılır: "... O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı. Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edənlər kəndi güllə yağışına tutdu...”1989-cu ildə Monte Melkonyan Ermənistana dəvət olunmuş və burada Azərbaycana qarşı işğalçılıq kampaniyasının fəal iştirakçılarından biri olmuşdur. O, Qaradağlı, Xocalı və Azərbaycanın bir sıra digər yaşayış məntəqələrində dinc insanlara qarşı soyqırım cinayətlərinə bilavasitə rəhbərlik edən şəxslərdən olmuşdur. Markar Melkonyan "Mənim qardaşımın yolu" kitabında Montenin Qaradağlının işğalında iştirakı ilə bağlı Pağayeva Q., Aslanov Ş. Qaradağlı Soyqırımı: Şahidlərin dili ilə.” adlı kitabda bu haqda yazılır ki, "... O, soyuqqanlılıqla "B-7"-ni çiyninə qoydu, hədəfi seçdi və tətiyi basdı. Birinci mərmi gurultu ilə ikinci mərtəbədəki künc pəncərədən içəri daxil oldu, içəridə hər şeyi yandırdı. Pəncərədən sarı alov püskürdü. Bu, siqnal idi və hücum edənlər kəndi güllə yağışına tutdu. ...Günorta saat 5-də dəstələr tapşırığı yerinə yetirdi. Həmin gün erməni tərəfdən cəmi bir döyüşçü öldürülmüşdü. Düşmən tərəfdən isə iki nəfər öldürülmüş, əsir götürülmüş 48 nəfər azərbaycanlı isə yük avtomobilinə tərəf irəliləyirdi. Əsirlər Xankəndinə aparıldı və azərbaycanlıların əlində olan erməni əsirləri ilə dəyişdirilənə qədər orada saxlanıldı. ...Arabo və Aramo dəstələrinin döyüşçüləri (Qaradağlı kəndinin işğalında iştirak etmiş muzdlu erməni terrorçularından ibarət dəstələr – red.) kəndin kənarında içərisində dinc insanların, o cümlədən qadınların da olduğu 38 əsiri xəndəyə atdılar. Arabo və Aramo dəstələrinin əsgərləri əsirləri güllələməyə başladılar və bıçaqları ilə, istisnasız olaraq, hamısını doğradılar. Aştarakdan olan vətənpərvər dəstəsinin 5 üzvündən biri olan Edo bir neçə nəfərin üzərinə benzin tökdü və yandırılmış kibriti onların üstünə atdı. Monte xəndəyə yaxınlaşanda orada yanmış meyitlərin qalıqları var idi. ...Ümumilikdə, iki gün ərzində Qaradağlıda və onun ətrafında 53 azərbaycanlı qətlə yetirilmişdi...”Qaradağlı faciəsi ilə Azərbaycan Respublikasının hüquqi addımları Qaradağlı faciəsi ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluq məlumatında bildirilir ki, erməni silahlı birləşmələrinin üzvləri azərbaycanlıları bir milli qrup kimi məhv etmək məqsədilə 14-17 fevral 1992-ci il tarixlərində Xocavəndin Qaradağlı kənd sakinlərindən 9-u azyaşlı, 10-u qadın, 14-ü 60 yaşdan yuxarı, 34-ü kişi cinsindən olan cavanlar olmaqla 67 nəfəri öldürüblər. İki nəfərə ağır bədən xəsarətləri yetirib, 9-nu isə girov götürüblər. Eyni zamanda yaşayış binalarını və dövlət obyektlərini qarət edərək yandırıblar. Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən separatçı rejimin silahlı hərbi birləşmələri və Ermənistan Silahlı Qüvvələri tərəfindən yerli azərbaycanlı əhaliyə qarşı törədilən sülh və insanlıq əleyhinə, habelə müharibə və digər cinayətlərin araşdırılması məqsədilə istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq tədbirləri davam etdirilir.Azərbaycan Respublikası Baş Prokurorluğunun birgə istintaq-əməliyyat qrupunda istintaq edilən 80377 saylı cinayət işinin Qaradağlı soyqırımı epizodu üzrə Arayışında qeyd olunur ki, “1992-ci il fevral ayının 15-dən 16-na keçən gecə erməni silahlı quldur dəstələrinin keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Xocavənd (keçmiş Martuni) rayonunun Qaradağlı kəndinə hücum edərək, həmin kəndin sakinləri Həsənov Altay Məhəmməd oğlunu və Hüsenyov Xəyal Həbib oğlunu odlu silahla qətlə yetirməsi faktına görə 29 fevral 1992-ci ildə Qarabağ rayonlararası prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 70 və 94-cü maddəsinin 4, 6-cı bəndləri ilə (köhnə redaksiyada) 64526 saylı cinayət işi başlanaraq istintaq aparılmışdır.  İş üzrə bir sıra istintaq-əməliyyat tədbirləri icra edilməklə, zərərçəkmiş və şahidlər dindirilmiş, məhkəmə-tibb, məhkəməballistik və məhkəmə-bioloji ekspertizalar keçirilmiş, lakin cinayət törətmiş şəxslər müəyyən edilmədiyinə görə sonuncu dəfə 20 dekabr 1992-ci il tarixdə cinayət işinin icraatı həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası CPM-nin 209-cu maddəsinin 3-cü bəndinə əsasən dayandırılmışdır. 18 dekabr 2003-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər Nazirinin və Milli Təhlükəsizlik Nazirinin əmri ilə yaradılmış birgə istintaq əməliyyat qrupunda yuxarıda göstərilən cinayət işi öyrənilmiş, 18 may 2004-cü il tarixdə cinayət işinin icraatının dayandırılması barədə 20 dekabr 1992-ci il tarixli qərar ləğv edilmiş və cinayət işinin icraatı təzələnərək birgə istintaq əməliyyat qrupunun icraatında olan 80377 saylı cinayət işinə birləşdirilmişdir. 15-17 fevral 1992-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən Qaradağlı kəndinə silahlı basqın nəticəsində 49 nəfərin qəsdən öldürülməsi, 57 nəfərə işgəncələr verilməsi faktı 17 iyul 2005-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi Prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 103-cü maddəsinə tövsif edilmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) S.Əliyeva Qaradağlı faciəsinin 30-cü ildönümü ilə bağlı beynəlxalq ictimaiyyətə etdiyi çağırışda qeyd olunub ki, “1992-ci il fevralın 17-də Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndinə hərbi təcavüz etməklə mülki əhaliyə qarşı soyqırımı cinayəti törədib. Bu qanlı cinayət nəticəsində Qaradağlı kəndi işğal olunaraq yandırılıb, 118 nəfər dinc sakin girov götürülüb və onlardan 68 nəfəri amansızcasına qətlə yetirilib. Ermənistanın hərbi-siyasi rəhbərliyinin azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı, Azərbaycan xalqına bəslədiyi nifrətin ifadəsi olan Qaradağlı soyqırımına beynəlxalq qurumlar tərəfindən hüquqi qiymət verilməli, sülh və bəşəriyyət əleyhinə yönəlmiş bu cinayət əməlini törədənlər beynəlxalq hüquqi məsuliyyətə cəlb edilməlidirlər" .Qaradağlı faciəsi ilə beynəlxalq və regional təşkilatların mövqeyi      Qaradağlı faciəsi ilə bağlı BMT-yə, müxtəlif beynəlxalq və regional təşkilatlara Azərbaycan  tərəfindən dəfələrlə hadisə barədə məktublar göndərilmişdir. Qırmızı Xaç Komitəsi azərbaycanlı  mülki şəxslərin öldürülməsini qınamışdır. Təcavükzar Ermənistanın 1991-ci ilin noyabr - 1992-ci ilin fevral aylarında Cəmilli, Kərkicahan, Quşçular, Malıbəyli, Meşəli, Qaradağlı kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı törətdikləri hərbi cinayətlər, Xocalə faciəsi, Ağdaban faciəsi, Ballıqaya faciəsi, eləcə də Qaradağlı faciəsi haqda məlumatlar beynəxlaql və regional təşkilatlara, dünya mətbuatına və elmi tədqiqatlar mərkəzlərinə ətraflı, fakt, dəlil və sənədlər əsasında məlumatlar çatdırılmalıdır.Tarixi və əzəli torpaqlarımızın müdafiəsi  və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin xatirəsinə dərin ehtiram əlaməti olaraq Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən “Yeni Xocavənd”  qəsəbəsində “Şəhidlər xiyabanı” xatirə kompleksi, Rayonun düşmən işğalından azad olunmuş, qədim yaşayış məskəni  “Nərgiztəpə” ərazisində  rayon Şəhidlərinin, eyni zamanda bu ərazilər uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş Şəhid olmuş Vətən övladlarının əziz xatirəsinə “Şəhidlər” abidə kompleksi, 2012-ci ildə Qaradağlı kənd sakinlərinin şəxsi vəsaiti hesabına “Yeni Qaradağlı” qəsəbəsində Qaradağlı kənd şəhidlərinin və faciə qurbanlarının xatirəsinə abidə ucaldılmış, hər il 17 fevral tarixində həmin abidənin önündə Şəhid ailələrinin, rayon ictimaiyyətinin, media mənsublarının və digər qonaqların iştirakı ilə geniş anım mərasimləri keçirilir. 2017- ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocavənd istiqamətində həyata keçirmək istədikləri təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuş igid hərbiçilərimizin  xatirəsinə Xocavənd qəsəbəsində “Xatirə” parkı yaradılmışdır. Qaradağlı faciəsinin həm yerli ictimaiyyətə, həm də dünya ictimaiyyətinə çatdıtrıması Azərbaycan həqiqətlərinin, Azərbaycan xalqının başına gətirilən müsibətlərin, Azərbaycan xalqının və dövlətinin təcavüzə, terrora və işğala məruz qalmasının öyrənilməsi baxımından əhəmiyyət kəsb edir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI