VETENİM-AZERBAYCANDİR.AZ
Azərbaycan ordusu dünya hərb tarixinə 2020-ci ildə Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarla öz adını qızıl hərflərlə yazdırdı və qədim türk ordu sisteminin davamı olaraq qurularaq öz döyüş keyfiyyətləri, vətəninə, millətinə, dövlətinə sadiqliyi ilə əsil yenilməz ordu təsiri bağışladı dünya dövlətlərinə. Əlbəttə ki, müasir Azərbaycanın ordusu bu sahəni əhatə edən düzgün strategiyanın nəticəsidir. Lakin bunla bərabər, çox qədim dövlətçilik ənənələrimiz bu sahənin təşəkkülündə öz sözünü demişdir. Bəli, Azərbaycanın ordu sisteminin tarixinə nəzər yetirsək bu tarixin çox qədimə getdiyinin şahidi olarıq. Ordumuz haqqında ilk məlumatlar hələ III minilliyə aiddir. Belə ki, Şumer qədim yazılı tabletlərində Dağ əjdahaları adlandırılan kutilər, yad, düşmən adlandırılan Lullubilər, II minillikdə Aşşurlara qan udduran Turukkilər ordumuzun ilk yaradıcılarından hesab edilə bilər. Tarixi qeydlərdə e.ə.714-cü ildə ilk dəfə öz böyük sınağını verən ordularımız Uauş dağı yaxınlığında müstəqilliyimizə düşmən olan Urartuluları ağır məğlubiyyətə uğratmışdılar. 1918-ci ildə Nuru paşanın komandanlığı altında birləşmiş Azərbaycan-türk orduları hələ bu dövrdən 2 min il öncə həmin birliyi nümayiş etdirənManna-İskit birliyi kimi tarixdə qarşımıza çıxır. Müttəfiqlik səviyyəli bu birlik dövrün böyük imperiyası olan Aşşur çarlığına qarşı böyük zəfərlər qazanılaraq müstəqilliyimizi qorumuşdur.
Türk ordularının Mərkəzi Asiyada tarixin tozlu səhifələrindən yenidən “təmizlənib” ortalığa çıxdıqdan sonra dünyaya səs saldığını görürük. Bu ordular müxtəlif adlarla-İskit, Saka, Kimmer adlansa da sistem eyni idi. Ox, yay, süvari ordu, sürətli hərəkət, çoxistiqamətli kütləvi hücumlar və manevrlər bu ordunun əsas gücü idi. Şirak canı bahasına Əhəməni ordusunu çətinə salmış, Spitamen Makedoniyalı İsgəndərə qarşı Mərkəzi Asiyanın mübarizə gücü olmuş, Tomiris Xatun sərhədlərimizi keçməyə cürət edən düşmənin başını kəsmişdir. Bütün bu nümunələr ordumuzun və onu idarə edən sərkərdələrin dövlətimiz və onun müstəqilliyi uğrunda nə qədər böyük işlər gördüyünün bariz nümunələrindən biridir. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Məhz bu tarixi şəxslərin öz müstəqilliklərinə düşkün olması, onu qorumağın canları bahasına başa gəlsə belə yenə də bu yoldan dönmədiyinin şahidi oluruq.
Xalqımızın ən çətin anlarında nəinki regional qüvvələrə qarşı sərhədlərimiz qorunmuşdur həm də dünyanın böyük super güclərinə də kafa tutmuşdur ordumuz. E.ə. 53-cü ildə Karrada Roma İmperiyası sərkərdəsi Krassı məğlub edən də, e.ə 66-65-ci illərdə Maqnus (Böyük) Pompeyi ölkəsinə buraxmayan da, e.ə.36-cı ildə Antonini ordusuz qoyan da, Kür sahilindən köçəriləri geri qaytararaq “get Dərbənd keçidlərindən bura gəlmə” deyən də, Sərdrud düzündə düşmənin ayağını ölkədən kəsən də, Sunja da böyük Rusiya İmperiyasını diz çökdürən də, Nizaminin qəbri yaxınlığında son gücünə qədər gürcülərlə döyüşən də bu günkü ordumuzun sələfləri olmuşdur.
Bu gün müasir ordumuzun yaranma tarixi 26 iyun 1918-ci il göstərilsə də yuxarıda sadaladığımız qəhrəmanlıq nümunələri, ordumuzun tarixinin daha uzaq bir keçmişə bağlandığını təsdiqləyir. Bu il şərəfli ömrünün 107-ci yaşını qeyd edən müzəffər ordumuzun bu dövrdəki uğurları da keçmiş babalarından heç də geri qalmır. Cəmi 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin dövlət müstəqilliyinin və suverenliyinin qorunmasında bu hərbi hissələr müstəsna rol oynamışdılar. Cümhuriyyət dövründə yaradılan müstəqil ordumuz 21 mart-27 aprel 1920-ci il tarixlərində Zəngəzur və Qarabağda düşmənə diz çökdürərək Mehmandarov, Şıxlinski və digər məşhur generalların ümumi komandalığı ilə fövqəladə igidliklər göstərmişdir. Təəssüf ki, 1920-ci ilin aprel ayının 27-dən 28-nə keçən gecə Sovet hakimiyyətinin zor gücünə qurduğu Azərbaycan SSR bu ordunu dağıdaraq yeni Qırmızı ordu qurdu. Yeni yaranan sistem köhnə ordu qalıqlarını tamamilə məhv etdi. Təkcə 1920-ci ildə bir gündə 12 generalımız Nargin adasında mənfur erməni əsilli sovet nümayəndələri tərəfindən güllələndi. II Respublika dövründə də ordumuz müstəqil fəaliyyət göstərməsə də SSRİ-nin tərkibində II Dünya müharibəsində öz igidlikləri ilə adlarından söz etdirdi. Dastanlaşan qəhrəmanlıqları ilə Azərbaycan oğullarından 120 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Bundan əlavə minlərlə insan isə müxtəlif yüksək dərəcəli orden və medallara layiq görülmüşdür.
1991-ci ildə suverenliyimizin bərpası ilə yaranan müstəqilliyimizin üçüncü dövrünün ilk vaxtlarında siyasi hərc-mərclik və idarəetmənin doğru şəkildə qurulmaması ordu quruculuğunda böyük problemlərə səbəb oldu. İlk vaxtlar yaradılan özünümüdafiə dəstələri və könüllülərdən formalaşan yerli batalyonlar erməni təcavüzünün başlandığı Qarabağda və sərhədbölgələrində gedən döyüşlərdə heç bir uğur qazanabilmədi. Təbii ki, burda əsas məsələ orduya və yaxud ordu sıralarına qatılanlarlara bağlı deyildi. Problemtəşkilatçılıq, siyasi mübarizə, doğru idarəetmənin olmaması, zəif silahlanma və s. idi. Ermənistanın Azərbaycana qarşı əsasız ərazi iddiaları ilə iki qonşu ölkə arasında baş verən münaqişə savaşa çevrildi və bu döyüşlərdə Azərbaycan ordusu bu sadadladığımız hallardan dolayı böyük bir uğursuzluq yaşadı və əzəli torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal edilməsinə qarşı əsaslı tədbirlər görə bilmədi. Xalq belə çətin gündə öz torpaqlarının qorunması, dövlət müstəqilliyinin əldən çıxmasının qarşısını almaq, vətəndaş mübarizəsinin başlamasını önləmək üçün Ulu Öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etdi. 1993-cü ilin 15 iyununda xalqın təkidli tələbi ilə yenidən rəhbərliyə qayıdan Ulu Öndər tez bir zamanda dağınıq ordunu yenidən təşkilatlandırdı və qısa zamanda əks həmlə tədbirləri ilə silahlı qüvvələrimiz Fizuli istiqamətində bir sıra uğurlar qazandı. Amma zamanın tələbini doğru və dəqiq şəkildə qiymətləndirən dahi rəhbər 1994-cü ildə atəşkəs imzalayaraq gələcək qələbələrimiz üçün bünövrə hazırlamağa başladı. Ordu quruculuğu istiqamətində əsaslı və ardıcıl tədbirlər alındı.
Xüsusilə qeyd etmək lazımdır ki, əslində Ümummilli lider Heydər Əliyev milli ordu quruculuğu prosesinə elə Sovet hakimiyyətinin ən güclü vaxtlarında başlamışdı. Zabit kadrların hazırlanması üçün hələ 1971-ci ildə yaradılmış General Cəmşid Naxçıvanski adını daşıyan hərbi məktəb bu işlərin başlanğıcı hesab edilə bilər. Belə ki, Ulu Öndər ilk rəhbərliyi illərində bu məsələyə xüsusi diqqət ayırmış və müasirlərinin xatirələrindən də göründüyü kimi, bu dövrdə rəhbər Heydər Əliyevi maraqlandıran əsas məsələ bu təhsil ocağında azərbaycanlı kadrların daha çox təhsil alması və onların digər universal məktəblərdə hərbi təhsilin sirlərini yiyələnmələri idi. Bəli bu uzaqgörən siyasətin nəticəsi olaraq yeni yaradılmağa başlayan ordunun əsas aparıcı qüvvələri olan zabitlər məhz həmin məktəbin yetirmələri idi.
Hər bir güclü ordunun arxasında xalq, millət birliyi olsa da dövlətin iqtisadi gücü aparıcı faktorlardan biridir. Ulu Öndər bu işin də öhtəsindən məharətlə gələrək Azərbaycan iqtisadiyyatının inkişafını və buna müqabil ordunun maddi texniki bazasının da inkişafını sürətlə hərəkətə gətirdi.
Təkcə iqtisadi amillərin yetərli olmayacağı bir zamanda siyasi amillərdən də məharətlə istifadə olunmağa başladı. Hələ 1991-1992-ci illərdə haqlı davamızı o dövrün səriştəsiz rəhbərlərinin səhv siyasət nəticəsində dünyaya çatdıra bilməmək bir tərəfə dayansın hətta dünyanın aparıcı dövlətləri bu işdə Ermənistanın tərəfini tutmağa başladılar. Bu acı reallığı yaradan birbaşa səbəb əsasən AXC-Musavat sərişdəsiz hakimiyyətinin məsuliyyətsiz bəyanatları olmuşdur.1993-cü ildən aparılan ardıcıl və məqsədyönlü siyasətin nəticəsi olaraq 1996-cı ildə Lissabon sammitində dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü tanıdılar. Bununla da Azərbaycan ilk böyük diplomatik qələbəsini qazanmış oldu.
Təbii ki, atəşkəs müqaviləsi imzalandıqdan sonra heçdə Azərbaycan bu müqaviləni pozmaq niyyətində deyildi və ölkəmizdə yaşayan erməni əsilli vətəndaşlarına yaşamaq üçün tam təminat verirdi. Bunu biz, Lissabon sammitinin qərarının Azərbaycan tərəfdən imzalanmasında da görə bilərik. Amma mənfur düşmən heç zaman Azərbaycanın sülhsevər mövqeyini düzgün qiymətləndirmir və daim müharibə vəziyyəti yaratmağa və bununla yaranmış qırılqan staus-kvonu qorumağa çalışırdı.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Cənab İlham Əliyev Ulu Öndər siyasətinin layiqli davamçısı kimi ordu quruculuğuişini daha da sürətləndirdi. Müasir döyüş prinsipləri, yeni hərbi avadanlıqların alınması ilə yanaşı ordu kontingentin dünyanın müxtəlif ölkələrinə göndərilərək burada hərbi təlimlər keçməsinə xüsusi diqqət ayırırdı. Yüksələn iqtisadiyyat, əldə olunan nailiyyətlər xalqın iradəsi və möhtəşəm idarəçiliklə birləşdirilərək mükəmməl harmoniya yaradıldı.
Bu uğurların məntiqi nəticəsi olaraq 2014-cü il Ağdam əməliyyatı, 2016-cı il Aprel döyüşləri və 2018-ci il Günnüt əməliyyatı Azərbaycan ordusunun tam qələbəsi ilə yekunlaşdı. Bu hərbi əməliyyatlarla artıq Azərbaycan ordusu böyük müharibəyə hazır olduğunu bütün dünyaya və xalqımıza göstərdi. Düşmən isə heç də bunları nəzərə almır fransız “Mojino” müdafiə xəttindən ilhamlanaraq yaratdıqları Ohanyan xəttinə və xarici havadarlarına güvənərək heç bir sülh prosesi danışıqlarına yanaşmır və hətta bunu hər vəchlə pozmağa çalışırdı.
Səbr kasasını dolduran hadisə 2019-cu ildə yaşandı. Ermənistanın baş nazirinin “Qarabağ Ermənistandır nöqtə”, - deməsi ortada artıq müharibə yolundan başqa bir yolun qalmadığını açıq aydın göstərdi. Buna baxmayaraq son ana qədər sülhə inamını itirməyən Ali Baş Komandan İlham Əliyev yenə də sülh yoluna gəlmək üçün rəsmi İrəvana şans verirdi. Bütün şansların sona qədər havaya xərcləndiyi hadisə isə 2020-ci ilin iyun ayında Tovuz döyüşləri ilə bitdi. Burada da Azərbaycan ordusu öz gücünü bir daha nümayiş etdirərək düşmənə sarsıdıcı zərbə endirdi.
Böyük gün isə 2020-ci ilin sentyabrın 27-də başladı. Ordumuz bütün cəbhə boyu əks-hücum əməliyyat planını həyata keçirməyə başladı. Vətən müharibəsi cəmi 44 gün çəkdi və düşmənə sarsıdıcı zərbə endirildi. Müharibənin bu qədər qısa və uğurlu olması düşmənin zəifliyi deyil, Azərbaycan tərəfindən ortaya qoyulan siyasi-hərbi iradənin mətinliyi, Azərbaycan ordusunun peşəkarlığı, əməliyyatların dəqiqliyi, xaliqin öz torpağına bağlılığının göstəricisi kimi dünyaya nümayiş olundu. Qısa zamanda Suqovuşan, Cəbrayıl, Hadrut, Fizuli, Zəngilan, Qubadlı və Şuşa işğaldan azad edildi. Bu böyük nailiyyətlər, bir-birini əvəz edən qələbə müjdəli xəbərlər düşməni təslim olmağa və noyabr ayının 10-da kapitulyasiya aktını imzalamağa məcbur etdi. Azərbaycan ordusu Ali Baş Komandanın qətiyyəti və yüksək sərkərdəlik qabiliyyəti, hər bir döyüşçünün şanlı qəhrəmanlıq salnaməsi ilə Vətən müharibəsində bir daha öz gücünü bütün dünyaya göstərdi. Azərbaycan müasir döyüş prinsiplərinin, yüksək texnoloji hərbi avadanlıqların istifadə olunduğu və dəqiq atışlarla yalnız hərbi təyinatların vurulduğu bir müharibə ilə dünyaya yeni bir savaş qaydaları, yeni bir mübarizə mədəniyyəti gətirdi. Rəşadətli Şuşa Zəfəri isə dünya hərb tarixində yeni bir eranın yaranmasına səbəb oldu.
Lakin düşmən məğlub olsa da öz çirkli xislətindən əl çəkmir yenə də təxribatlara əl atırdı. Dəfələrlə Azərbaycan Respublikasının xəbərdarlıqlarına baxmayaraq keçmiş Dağlıq Qarabağ inzibati ərazisindən işğalçı qüvvələrinin qalıqlarını çıxarmaq istəmirdi. 2023-cü ilin sentyabr ayının 19-20-də 23 saatlıq lokal xarakterli antiterror əməliyyatları ilə ölkəmizin ərazi bütövlüyü tamamilə təmin edilmiş oldu. Bu əməliyyatla düşmənin son dayaq nöqtələri də qəhrəman ordumuz tərəfindən müvəffəqiyyətlə məhv edildi. Qələbə təkcə düşmənin məğlub edilməsi demək deyildi həm də ərazi bütövlüyümüzün və suverenliyimizin tamamlanması prosesi olaraq şərəf tarixi qazanc idi.
Bu gün Azərbaycan ordusu öz sülhpərvər mövqeyi ilə bölgəmizdə sülhün qorunmasının əsas qarantıdır desək yanılmarıq. Çünki hələ Vətən müharibəsi dövründə qarşı tərəfin bütün vasitələrə əl ataraq sivil, günahsız insanları öldürdüyü bir anda düşmənlə ancaq müharibə qaydalarına uyğun savaş aparıldı. Azərbaycan ordusu yalnız işğal altındakı öz ərazilərinin azad edilməsi və dövlətimizin suverenliyi uğurunda döyüşdü və müharibə dövründə qürur və ləyaqətini əzmlə qorudu. Artıq bölgənin və dünyanın sayılıb seçilən orduları sırasında özünəməxsus reytin və mövqe qazanan silahlı qüvvələrimiz 107 illik tarixinin ən yüksək zirvəsinə qədəm qoyub.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycan ordusunu məktəb və ailə yetişdirdi”.
P.S. Bəli, biz müstəqil, suveren, güclü bir Azərbaycan vətəndaşı olaraq böyük döyüş yolu keçmiş, dünya hərb tarixinə adını qızıl hərflərlə yazdırmış, türk döyüş ənənələrinin davamçısı olan ordumuzla fəxr edirik.