Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

PAŞA QƏLBİNUR - Nur adı, işıq andı olan alim

PAŞA QƏLBİNUR - Nur adı, işıq andı olan alim
31-03-2022, 20:00 672 dəfə baxılıb

Həmsöhbətimiz dünya şöhrətli oftalmoloq-alim, tibb elmləri doktoru, Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, bir sıra ölkələrin oftalmologiya akademiyalarının həqiqi və fəxri üzvü Paşa Qəlbinurdur. 

- Paşa müəllim, “Söz” nəşrə başlayanda dərginin naşiri və ilk baş redaktoru Şəkər Aslan şeir, hekayə və digər mövzulu yazılar almaq üçün mənə xeyli müəllif adı olan siyahı vermişdi. O siyahıda sizin adınız birincilərdən idi. Sizinlə müsahibə yazdım və şeirlərinizi dərc elədik.
- Mənə diqqət göstərən Şəkər Aslanın ruhu şad olsun. Ruhunun şad olmasına əminəm ki, “Söz” 30 ilə yaxındır yaşayır, yaradır və naşirinin də ruhunu əziz tutur.
- İlk sualın belə idi: “Mən ilhamı gözlərimlə görmüşəm. Bir gözəlin gözlərinə qonmuşdu”. “Qəribə sualdır, deyilmi? Qəribə də olsa, şairin öz deyimidir, öz tapıntısıdır. Kiminsə ilhamı gözlərilə görməsini eşitsək, ağlımıza sığışdıra bilmərik. Fəqət gözləri qəlbindən nur alan Paşa Qəlbinur deyəndə inandırıcı olur”.
- (gülür) Tələbəlik illərim idi. Dərsdəydik. Şair Əli Tudənin qızı auditoriyaya daxil oldu. Zənn elədim, ilham pərisidir. Bu misralar həmin anda yarandı. Təsadüfi deyil ki, ilk şeirim də “Gözlər” olub. Həmin şeiri heç yerdə dərc etdirməmişəm. Yadımda qalan “Uzaqdan görünən qara gözlər, a gözlər” misrasıdır.
- Bəlkə, sizi oftalmologiyaya gətirən elə o gözlərin romantikasıdır?
- Deməzdim. Orta məktəbdə əla oxuyurdum. Məktəbi qızıl medalla bitirmişəm. Bütün yaşıdlarım kimi müxtəlif xəyallarla yaşayırdım. Gah təyyarəçi olub uçmaq istəyirdim. Gah güləşçi olmaq istəyirdim. Güləşirdim də... Sülhəddin dayım göz həkimiydi. Gözlərinin nurunu qaytardığı insanların ona məhəbbəti, onun insanlara münasibəti məndə bu sənətin romantikasına məhəbbət yaratdı. Yuxarı siniflərdə qərara aldım ki, həkim olacağam, özü də göz həkimi.
- Beləliklə, Tibb İnstitutunun tələbəsi oldunuz. Amma həkimlikdən qabaq şair imzanız tez tanındı.
- İlk dəfə institutun qəzetində “Dağlar” şeirim dərc olundu. Qəzetin poeziya bölməsinin rəhbəri vardı- Kazım Aslanlı. Poeziya dərnəyində bəyənilən şeirləri qəzetdə dərc edirdi. Mərkəzi mətbuatda 1978-ci ildə unudulmaz Xalq şairi, gənclərin təmənnasız himayədarı Rəsul Rzanın təqdimatıyla dərc olundum. “Ay gecəyə hicran sıxır”, “Xal”, “Sual” adlı şeirlərim “Ulduz”da dərc olundu. Sonra “Ədəbiyyat və İncəsənət” qəzetində və digər mətbu orqanlarda, almanaxlarda şeirlərim yer aldı.
- Bizim gəncliyimizin sevilən, orjinal şairlərindən idiniz. Bir və ya iki-üç misralıq şeir forması məncə poeziyada sizin adınızla bağlıdır.
- Avropa ədəbiyyatında bu janr mövcuddur. Azərbaycan ədəbiyyatında deyəsən sizin dediyiniz kimidir.
Həmin şeirlərim bəziləri hər zaman yadımdadır.
***
Sənin pəncərəndən od alıb gecəm…
***
Mənim yuxularımda suda aysan sən…
***
Kasıb siqareti kimi 
Dadlıdır  həyat…
***
Bu gecə qanımda işıq sayrışır…
***
Gecənin barmağında
Üç günlük ay - üzük var,
Gecəni gündüzə nişanlayıblar.
***
Ayın işığını içmişdim, gülüm.
- Paşa müəllim, şeirləriniz üzərində tədqiqat işi aparılsa, nurla, işıqla, ayla, ulduzla, günəşlə bağlı olmayan az misra tapılar. Oftalmoloq olmasaydınız, görən şeirlərinizin  mövzusu nədən olardı?
- Mənim üçün maraq obyekti təbiət, fəlsəfə, poeziyadır ki, bunların da sintezi insandır. 
 
Mənim gözlərimin işıq sürməsi
Baxır, nəmli-nəmli gözlərdən baxır.
***
Mən indi gözlərə görünməyən şam,
Əriyib-əriyib Məcnun olmuşam…
***
Ay gecəyə hicran sıxır,
İslanmışam,
Əynim-başım,
Hər yan işıq,
Ürəyimdən işıq axır –
qan qarışıq.
***
Vətənimin gözünə
Araz boyda ağ gəlib,
Kəsə bilmirik  ancaq…
- Roman janrında da qələminizi sınadınız. “Qara su” və “Göz dağı” romanlarının hər ikisi bu kitab bolluğunda rəğbətlə qarşılandı. Hətta hər iki roman ədəbiyyatımızda müniatür roman janrı kimi dəyərləndirildi.
- Çox sağ olun. Romanlarıma dəyər verən ədəbiyyat adamlarıma da minnətdarlığımı bildirirəm. Akademik Ağamusa Axundov, professorlar Nizaməddin Şəmsizadə, Məhərrəm Qasımlı, “Qara su” romanını nəsrimizdə çox önəmli bir hadisə kimi dəyərləndirdilər. Akademik A. Axundov yazdı ki, “Paşa Qəlbinurun roman janrına gətirdiyi yeniliklərdən biri də təhkiyədə üslub çarpazlaşması üsuludur”.  Professor Nizaməddin Şəmsizadə yazdı ki, “Paşa Qəlbinur ədəbiyyatımıza ilk dəfə miniatür roman janrını gətirdi. “Qara su” miniatür psixoloji romandır”. Professor Məhərrəm Qasımlı yazdı ki, “Qara su” öz quruluş və tərkibinə görə yeni keyfiyyətli bədii nəsr nümunəsi sayıla bilər”. Adil Mirseyid bildirdi ki, “Qara su” müasir əsərdir. Müasirlik müasir həyat həqiqətlərinin sənət dililə, bədii gözəlliklə canlandırılması deməkdir”. Roman bu xüsusiyyətlərilə seçilir. İsraildə yaşayan professor Miron Fel fikirlərinə belə aydınlıq gətirir: “Qara su” romanını təkrar oxudum və o məni öz bədii dəyərilə, inandırıcı təhkiyəsilə daha xoş gəldi. Nadir hallarda kitabları təkrar oxuyuram. Kitabın təkrar oxunması müəllifin uğurudur”.
- Kitab haqqında fikirlərlə tanış olduğumdan bilirəm ki, rəy yazanların sayı çoxdur.
- Hamısına minnətdarlığımı bildirirəm. İnsanların kitablardan, mütaliədən uzaqlaşdığı bir zamanda “Qara su” kifayət qədər oxundu. Akademik Tofiq Hacıyev, tənqidçi alim Vaqif Yusifli, şair-publisist Sərvaz Hüseynoğlu, tənqidçi Bəsti Əlibəyli və neçələri roman haqqında dəyərli rəylər yazıb çap etdirdilər. Əsər rus dilinə çevrilərək iki dəfə böyük tirajla çap olunub. “Gənc yazarlar və sənətçilər” qurumu romanı “İlin (2010) ən yaxşı əsəri” kimi dəyərləndiriblər. 2011-ci ilin Milli Kulturoloji mükafatına layiq görülüb.
- Sizin publisistikanızı daha çox sevirəm. Rəvan diliniz, boyadan, bəzəkdən uzaq qələmə aldığınız insan taleləri çox oxunaqlıdır. Günlərin birində gözlərimi müayinəyə gələndə sevimli Xalq şairimiz Nəriman Həsənzadə də sizin yanınızda idi. Tanıdığınız unudulmaz simalar haqqında ürəkdolusu danışırdınız. Nəriman müəllim – bəlkə, bunları yazasınız – təklifini edəndə siz gülümsədiniz. Mən isə tez bildirdim ki, xatirələrin əksəriyyəti yazılıb. “İdrak ətirli” esselərinizi deyirəm…
- Həyatda elə insanlar var ki, bu gün də özümü onlara mənən borclu bilirəm. Ata-anam, Sülhəddin dayım, Hüseyn balam… Tibb institutunda müəllimlərim bir ayrı aləm, bir ayrı dünya idilər. Dünya şöhrətli professorlarımızdan Mustafa Topçubaşov, Umnisə xanım Musabəyli, akademik Zərifə xanım Əliyeva, Zəhra xanım Quliyeva, Məmmədsadıq Abdullayev, cəmi 45 il ömür yaşayan İbrahim Topçubaşov, aspirantura müəllimim Mixail Krasnov… bizə təkcə təbabət elmini öyrətmirdilər, insanlıq elmi öyrədirdilər, “kişilik dərsi” keçirdilər. Zərifə xanımla sonralar bir müddət iş yoldaşı da oldun. Taleyinə prezident qızı, prezident xanımı, prezident anası olmaq düşmüş akademik Zərifə Əliyeva bir insan olaraq son dərəcə sadə və səmimi bir xanım idi. Hərdən Ulu öndərin zarafatlarından da danışardı. Söylərdi ki, Heydər Əliyev deyir, İbrahim Topçubaşov yeganə kişidir ki, sevdiyi qadınların hamısını kəbinlə saxlayır.
- Şeirləriniz musiqiyə tez yatır. Sözlərinizə 30-a yaxın mahnı yazılıb. Mahnılarınız necə yaranır? Xalq artistləri Flora Kərimovanın, Brilyant Dadaşovanın, eləcə də digərlərinin ifasında səslənən mahnılar, ümumiyyətlə bütün mahnlarınız sevilən, ürəyəyatandır.
- Heç vaxt musiqiyə şeir yazmamışam. Sözlər bəstəkarı tutubsa, mahnı yazıb. Amma bəzilərinin qəribə yazılma tarixçəsi var. Maestro Emin Sabitoğlu anasını müayinəyə gətirmişdi. Ananı müxtəlif aparatlarda müayinədən keçirirdim. Emin müəllim mənim yerimdə oturub şeir kitabımı vərəqləyirdi. Bir də gördüm, barmaqlarını pianonun dillərində gəzdirirmiş kimi stolu taqqıldadır. “Mən sizə gələcəm” şeiri maestronu tutubmuş. Dedi, çox sevilən bir mahnı alınacaq, artıq 80 faizi hazırdır. Mahnı müğənni Xədicə Abbasovanın ifasında bu gün də səslənir. Günlərin birində Şərqdə opera yazan ilk qadın bəstəkar Şəfiqə Axundova yanıma gəlmişdi. Dedi ki, gözlərimin ağrısından səhərə kimi yata bilmirəm, səhərin açılmasını intizarla gözləyirəm… Onun ümidlərindən “Gəl, ey səhər” şeiri yarandı. Şəfiqə xanımın bəstəsində şeir mahnıya çevrildi. Xalq artisti Gülyanaq Məmmədova səsinin yanğısıyla mahnıya xüsusi rəng qatıb.
- Paşa müəllim, düşünürəm ədəbiyyatda bir şairin, yazıçının, publisistin görə biləcəyi işləri görmüsünüz. Nəinki Azərbaycanda, bütövlükdə Türk dünyasında və digər ölkələrdə də kifayət qədər tanınırsınız. Həkim-cərrahlığınızın şöhrəti də bəs qədər idi. Amma elm ardıyca da getdiniz…
- Qısamüddətli təyinatım zamanı Gəncədə işləyərkən bir qadın xəstəm vardı, gözlərinin müalicəsini heç cür tapa bilmirdim. Diaqnozu gözün buynuz qişasının xəstəliyi idi. O zaman bu xəstəliyin əlacı yox idi. Qərara aldım ki, elmi işimi elə bu mövzuda yazıb, bu dərdin əlacını tapacağam. Moskvada aspirantura təhsili mövzusunda elmi işimi başa çatdırıb, elə Moskvada müdafiə edib alimlik dərəcəsi aldım. Sonralar göz əməliyyatlarında belə bir üsul tətbiq olundu. Dünyada “Musayev üsulu” kimi tətbiq olunan bu iş bu günə kimi effektini verir.
- Səhv etmirəmsə, həmin kəşfiniz SSRİ Lenin Komsomolu mükafatına layiq görülüb.
- Çox böyük mükafat idi. Azərbaycandan digər ixtisas sahibi olan iki şəxsə də verildi. Sonralar SSRİ dağıldı, bu mükafat daha heç kimə verilmədi. Həmin dövrdə Heydər Əliyev cənabları SSRİ Nazirlər Kabinetinin 1-ci müavini olaraq Moskvada yaşayırdı. Gənclərə hər zaman diqqət göstərən Ulu Öndər məni ilk təbrik edənlərdən oldu. Ümumiyyətlə, o ailədən hər zaman diqqət və qayğı görmüşəm. 90-cı illərin əvvəlləriydi. Azərbaycan Yazıçılar Birliyinin qurultayı idi. Heydər Əliyev də dəvət olunmuşdu. Salona Xalq şairi Xəlil Rza Ulutürklə daxil oldu. Mənim yanımda boş yer olduğundan yanaşı oturduq. Birliyin sədri Anar müəllim Ulu Öndəri Rəyasət Heyətinə dəvət etsə də, getmədi. Yarıciddi-yarızarafat bildirdi ki, ordan salona çox baxmışam. Qoy indi də burdan ora baxım. Yanaşı olmağımızdan istifadə edərək iş, ailə, demək olar ki, bütün qayğı və problemlərimlə maraqlandı, uğurlarımı izlədiyini bildirdi. 

- Qeyri-adi enerjiyə maliksiniz - həkimlik, cərrahlıq, alim ömrü, müəllimlik, şairlik, publisistikanız, romançılığınız, Dünya Azərbaycanlıları Konqresinin həmsədrliyi- bunların hər biri ayrılıqda bir adamın işidir. Üstəgəl ictimai işlər, görüşlər, tədbirlər… Bütün bunlarla yanaşı, “Söz”ün ən operativ yazarısınız. Nə vaxt yazı istəsək, vaxtında çatdırırsınız. Şair-publisist Allahverdi Məmmədli haqqında kitab yazırdım. Xatirə yazanlardan, bəlkə də, birincisi siz oldunuz. Unudulmaz diktorumuz Qara Tağızadə haqqında kitab hazırlayanda da beləcə… İstirahətə vaxt qalırmı? Ümumiyyətlə, vaxtı necə bölürsünüz?
- Fikir vermisinizsə, metro tikintisi zamanı qurğular yeri qazarkən torpağı çölə tökmürlər, torpağı sıxırlar. Bu, çətin prosesdir. Bənzətməm qəribə səslənsə də, mən də özümü belə sıxıram. Gərginliklərə baxmayaraq, özümü sıxıb yazıram. Yazdığım zaman Allahverdi Məmmədlinin istedadı, publisistikası, məsum çöhrəsi, gözəl insanlığı gəlir gözlərim önünə. Unikal səsə malik Qara Tağızadənin qeyri-adi danışıq tərzi, bənzərsiz şeir ifaları gəlir qulaqlarıma.
Mənim üçün VAXT-AN zamanın ən kiçik ölçüsü yox, dərinliyi olan dənizdir. O dərinliyə enəndə qarşımda daha geniş fəaliyyətə imkan verən yeni bir dünya açılır. Əslində AN bütün istiqamətlərdə genişlənir, zərrəlikdən çıxır.
- O romantikanı sonralar da yaşadınızmı?
- Bu gün də yaşayıram. Məni dünyaca tanıdan humanist peşəmdən zövq alıram. Kiminsə gözünə nur verəndə əməliyyat otağından fateh kimi çıxıram. Dünya ölkələrinin tibb auditoriyalarında mühazirələr oxuyur, əməliyyatlar edirəm. Neçə ölkənin kralının və ya xanımının, övladının gözlərində əməliyyat aparmışam. Bir dəfə ABŞ-da 5-6 nəfərlə gəzişirdik. Qəfildən küçədən keçən bir qadın ayaqlarıma yıxıldı. Heç nə başa düşmədik. Qadını qaldırdıq. Boynuma sarıldı. Məni ABŞ-da gördüyünə inana bilmirdi. Fikirlərini yanımdakılara sevinc həyəcanıyla çatdırdı. Məlum oldu ki, Bakıdan köçən bu erməni qadının gözlərinin nurunu mən qaytarıbmışam. Belə hallarla çox rastlaşıram.
- ABŞ-da, eləcə də dünyanın bir sıra ölkələrində akademiyaların həqiqi üzvüsünüz. Azərbaycanda isə professorsunuz.
- …(gülümsəyir)
- Özünüzü poeziyada güclü sayırsınız və ya oftalmologiyada?
- Ruhumdakı ikiliyin gözəgörünməz əlaqələri, bir-birlərinə daxili təsirləri mövcuddur. Təbabət  biliklərim daxili axınlarla poeziyama, poeziyamdakı emosional sfera, ilhamım isə sənətimə təkan verir. Hər cərrahiyyə əməliyyatından qabaq özümü qələbə əzmilə finişə hazırlaşan idmançı kimi hiss edirəm. Cərrah stolu  önündə bəzən elə mürəkkəb anlarım olur ki, mövcud vəziyyətin fövqünə qalxmaqla şairliyim əlimdən tutur.
- Sizə çoxlu şeir, məqalə həsr olunub. Hətta büstünüzü, barelyefinizi hazırlayanlar, şəklinizi medallara hopduranlar da var. Amma Sürəyya Muğanlının portretləriniz  üzərindəki fəlsəfi illüstrasiyaları daha poetik, daha cəlbedicidir.
- 90-cı illərin ortaları idi. Sürəyya xanım atasının gözlərinin müalicəsilə əlaqədar Saatlıdan Bakıya gəlmişdi. Elə ilk tanışlıqdan söhbətimiz tutdu. Xanıma kitablarımdan bağışlayanda onun yaradıcılığı ilə tanış deyildim. Sonradan yaradıcılıq əlaqələrimiz başlandı. Fürsətdən istifadə edib Sürəyya xanıma minnətdarlığımı bildirirəm.
- Məlumdur ki, yaxını və uzağı başqalarından fərqli olaraq iki-üç dəfə artıq görürsünüz. Əvvəllər, 20-30 il əvvəli deyirəm, qəbulunuzda o qədər adam olardı, düşünərdim kənardan baxan elə bilər, piket  və ya mitinqdir. Axırda fağır-fağır dayanıb, növbəmi gözləyərdim. Məni görən kimi iradınızı bildirər, qabağa çağırardınız…70-də də görməniz  əvvəlki kimidirmi?
- Şükür ki, hələ eynəkdən istifadə etməyə ehtiyac duymuram.
- Bacınız- tibb elmləri doktoru Sevinc Əkbərova, övladlarınız da daxil olmaqla düşünürsünüzmü oftalmologiyada məktəb yaratmağa nail olmusunuz?
- Fəxarətlə deyirəm ki, saysız tələbələrim, bacım, övladlarım daxil olmaqla məktəb yaratmağa nail olmuşam.
- Mənən zəngin insanları hər zaman çox sadə və səmimi görmüşəm. Sadəlik və səmimilik  xarakterinizin dəyişməz cizgiləridir. Bacınızı da tanıyırdım. Aysel xanım və Tural Qəlbinurla son zamanlar tanış olmuşam. Həkimlikləri öz yerində. İnsanlara münasibətlərində də sanki sizdən dərs alıblar.
- “İnsanlıq dərsi”ni biz ailədə almışıq. Ömrümün qibləgahı saydığım anam Ulduz xanım Şəmkir rayonunun indi Çinarlı adlanan kəndində bağça müdiri işləyirdi. Atam İsmayıl kişi həmin kənddə sovxoz direktoru idi. Ailədə iki qardaş, bir bacı idik. Ata-ananım hərəkətləri, insanlarla rəftarları, danışıqları bir örnək idi. Ailəmizdə bərkdən danışıq səsi heç vaxt eşidilməyib. Amma məsuliyyət hissimiz də öz yerində olub. Üçümüz də orta məktəbi qızıl medalla bitirmişik. İndi haqq dünyasında olan şair dostum Məmməd Aslan bir məclisdə bərkdən danışıq görsəydi, mənim ata-anamı nümunə gətirərdi. Bir də, xəstəni iynə-dərmandan qabaq “insanlıq məlhəmi”lə sağaltmalısan. Xəstə sənə inanmalıdır. Bunu bütün yetirmələrimə də təlqin edirəm.
- Paşa müəllim, gecədən xeyli keçib, amma sizə sual ünvanlayıram. Düşünürəm, sabah cavablandırarsınız. Amma dərhal cavablandırdınız. Mən sabah işə gec də gedə bilərəm. Sizi isə cərrahiyyə otağı, ümidli xəstələr gözləyir. Bunun üçün beyin rahat olmalıdır axı…
- Doğru buyurursunuz (gülür). Afaq xanım da iradını bildirəndə söyləyirəm ki, mən yarı şair, yarı aliməm. Şairlik tərəfim gələndə yuxuma haram qatıram.
- Həcc yolları açılanda Məkkəyə gedən ilk zəvvarlardan oldunuz… 
- Sovet rejimində dünyaya göz açsam da, ailəmizdə dini qayda-qanunların qorunmasının şahidi olmuşam. Məlumdur ki, Allah eşqi, islama məhəbbət əsl insanlığı təbliğ edir. Ulu babam Hacı Məmmədbağır Qazizadə İrəvan xanlığının sonuncu şeyxülislamı olub. Həm də İrəvanın qazisi olub. Dövrünün çox böyük ziyalısı və xeyriyyəçisi kimi tanınıb. Hacı Zeynalabidin Tağıyev Bakıda qızlar məktəbini açanda Şeyx Hacı Məhəmmədbağır Qazizadə də İrəvanda Azərbaycan dilində qızlar məktəbi açmağa nail olub. Özünün ən böyük malikanəsini məktəbə bağışlayıb. Onun bu və digər xidmətləri Çar tərəfindən yüksək qiymətləndirilib, “Anna” ordeniylə təltif olunub. Universitet təhsili alan Hüseyn babam dövrünün təhsil tələblərinə uyğun olaraq bir neçə musiqi alətində çalıb, bir neçə dil bilib və mükəmməl dini savada malik olub. Şükür ki, Allah-təala bu yolu mənə də qismət elədi.
- Paşa müəllim, məşhur adamların ailə həyatı oxucular üçün daha maraqlı olur…
- Bu, doğrudan da belədir. Həyat yoldaşım Afaq xanım ixtisasca filoloqdur. Heç yerdə işləməsə də, ailəmizdə aparıcı simadır. Yazılarımın korrektorudur, bəzən lap redaktoru və mövzularımın ilhamvericisi də olur. Deyim ki, mən indiyə kimi bazar-dükan tanımıram. Bu işlərlə də Afaq xanım məşğul olur. Bu mənada dizaynerim, stilistimdir. Üç övladımın anası olaraq onların təlim-tərbiyəsində əvəzsiz xidməti danılmazdır. Böyük qızım Aysel oftalmologiya üzrə fəlsəfə doktoru, oftalmoloq-cərrahdır. Eyni kafedrada çalışırıq. Tural professordur. Aysel də, Tural da elmi işlərini İsraildə müdafiə edib, alimlik dərəcəsi alıblar. Bu gün Tural Qəlbinurun elmi işi, kəşflərindən dünyanın çox yerində istifadə olunur. Sonbeşik Ayanımız Moskvada rezidentura təhsili alır. Övladlarımızın üçü də orta məktəbi qızıl medalla, Tibb Universitetini fərqlənmə diplomuyla bitirib. Ana dilində təhsil alsalar da, əlavə dörd xarici dildə mükəmməl danışır, yazıb oxuyurlar.
- Oftalmologiyada məktəb yaratdığınızı güman edirsinizmi?
- Bəli. Kifayət qədər yetirmələrim var. Üstəgəl üç övladım və bacım. Bacım Sevinc Əkbərova da tibb elmləri doktorudur. Uzun illər Bakıda mənimlə çalışıb. Hazırda Moskvada yaşayır.
- Övladlarınız, yetirmələriniz arasında münaqişə, mübahisə, fikir ayrılığı olurmu?
- Mülahizələr, müzakirələr olur. Oftalmologiyadakı yeniliklər barədə fikirlərimizi bölüşürük.
- Özünüzü şanslı sayırsınızmı?
- Yəqin ki!.. Zərdüştün qədim Avesta təqvimiylə Günəş günündə dünyaya göz açmışam. İlin 365 günündən bir gün – martın 30-u Günəş günü, işıq günü sayılır. Şeirlərimdə də bu etirafı etmişəm: “Mən elə anadan böyük olmuşam” və ya “Elmin yollarında iməkləməmişəm”, “Elə özüm boyda qızıldaquşam” və s. 
- Ömrünün sonunadək sizinlə dostluq münasibətində olan akademik İmam Mustafayev yazırdı ki, paytaxtın ən böyük zallarından birində keçirilən Paşa Qəlbinurun 40 illik yubileyində iştirak etdim. Bütün yerlər dolmuşdu. Hətta ayaq üstə durmağa belə yer tapılmırdı. Bir anlığa düşündüm ki, bu şəxsin 30-40 ildən sonra yubileyi dünyanın ən böyük zallarında keçiriləcəkdir. Artıq o vaxtdan 30 il keçdi. Yubiley keçirməyi necə planlaşdırmısınız? 
- Hə, indi 30 il keçib artıq. 70-in astanasındayam. Adətən doğum günlərimi ailədə xudmani olaraq doğmalarımla keçirirəm. Yubiley yaşım barədə hələ düşünmürəm. Təki bu pandemiya bəlasına son qoyulsun. Səmimi əlaqələrimiz qayıtsın. 
- Paşa müəllim, kiçik kollektiviniz, çoxsaylı oxucularımız adından sizi təbrik edirik. Gələn yubileylərdə görüşmək arzusuyla sağollaşırıq.
- Mən də sizə cansağlığı, yaradıcılıq uğurları arzulayıram. 

Sevda ƏLİBƏYLİ
"Vətənim-Azərbaycandır.az"

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI