Moskvada keçirilən sorğu və Duma sədri hesab edir ki, Ermənistan dost ölkə olsa da, hakimiyyət, əksinə...
Ermənistan Rusiyaya dost olan postsovet ölkələri sırasındadır, lakin İrəvan iki ölkənin münasibətlərinə yenidən baxmağa başlayıb. “Yeni Müsavat”ın xəbərinə görə, Moskva Əlaqələrin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun araşdırmasında belə deyilir. “Tədqiqat apararkən 14 ölkədən səkkizi dost dövlət kimi tanınıb: Belarus (88,4 bal), Qırğızıstan (60,6 bal), Özbəkistan (59,3 bal), Qazaxıstan (58,4 bal), Ermənistan (58,3 bal), Tacikistan (57,9 bal), Azərbaycan (57 bal) və Türkmənistan (47,1 bal). Dörd ölkə isə açıq düşmən kateqoriyasına düşüb: Latviya (mənfi 45,8 bal), Litva (mənfi 49 bal), Estoniya (mənfi 51,8 bal) və Ukrayna (mənfi 83,6 bal). Daha ikisi, Gürcüstan və Moldova (24,2 və 8,3 bal) "nisbətən dost" dövlətlər hesab olunur", - məlumatda deyilir.Qeyd olunur ki, Ermənistan və Qazaxıstan strategiyasını dəyişən dövlət qruplarına düşüb: “Sözügedən dövlətlər Rusiya ilə münasibətlərin tarixinə yenidən baxmağa başlayıb. Bu proses kommunikasiyaların inkişafını pisləşdirəcək. Moskva düzgün kommunikasiya strategiyasını seçməlidir. Bəzi ölkələrdə Rusiyaya qarşı yaxşı münasibət ətalətlə təkrarlanır. Lakin bu ətalət getdikcə quruyur və yaxşı münasibətləri saxlamaq üçün əlavə səylər tələb olunur”. Təsadüfi deyil ki, Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Ermənistanın Rusiyanın müvəqqəti yerləşdirildiyi zonada vəziyyətin həllinə Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞ PA-nı cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib. Sitat: “Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının dövlət başçıları səviyyəsində qəbul olunmuş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu sazişlərin həyata keçirilməsi üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər isə sadəcə olaraq, ölkəni itirə bilərlər. Avropa Parlamentini və AŞ PA-nı işə cəlb etmək istəyən bizlər 10 dəfə düşünməli və bunun Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında necə bitdiyini düşünməliyik. Sülh istəyən, problemin həllini istəyən hər kəs bu kvazi-parlamentlərdən - istər AŞ PA-dan, istərsə də Avropa Parlamentindən - uzaq durmalıdır, aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti daha da gərginləşdirəcək. Əgər bunu edirlərsə, onda nəticələrinə görə məsuliyyət daşımalıdırlar” - deyə, Dövlət Dumasının saytı V.Volodindən sitat gətirir.
İstər Moskva Əlaqələrin İnkişafı üzrə Milli Tədqiqat İnstitutunun sorğusunun ikinci bəndində, istərsə Duma sədrinin xəbərdarlığında açıq xətlə göstərilir ki, Ermənistan dostdur, amma hakimiyyəti yox. Volodinin çıxışı, sorğunun nəticələri də demək istəyir ki, Paşinyan hakimiyyəti strateji istiqamətini dəyişib. Bunu Qazaxıstanda Tokayev iqtidarına da şamil ediblər. Lakin görünən budur ki, Rusiya ona müttəfiq və dost gördüyü Ermənistanda qeyri-dost bir iqtidar olduğunu hesab edir. Ona görə Moskva ilə İrəvan münasibətləri son dərəcə kəskinləşib və getdikcə də tünd bir rəng almaqdadır. Özəlliklə Avropa İttifaqının mülki missiyasını regiona iki illik yerləşdirmək, sıralarında fransız jandarmasının olması Moskvanı əməlli-başlı hövsələdən çıxarıb. Yaxşı, o zaman Rusiya Ermənistanın, daha doğrusu, Paşinyan hakimiyyətinin nazı ilə nə qədər oynayacaq? Yoxsa elə bu plastilin komanda Moskvaya sərf edir? Hər halda, Rusiya Ermənistanı itirmək istəmir və onun boşalan yerini Qərb doldura bilər...
Elxan ŞahinoğluAnalitik Elxan Şahinoğlunun bildirdiyinə görə, Kreml bu dəfə Volodinin vasitəsilə Ermənistanın baş naziri Nikol Paşinyanın siyasətindən narazı qaldığını göstərib: “Paşinyanın Avropa İttifaqı, o cümlədən fransalı müşahidəçiləri Azərbaycanla təmas bölgəsinə dəvət etməsi Rusiyanın regional maraqlarına ziddir. Bu gedişat Azərbaycanın maraqlarına uyğundur. Buna baxmayaraq, Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyi ciddi araşdırılmalıdır. Böyük ehtimalla Moskva baş konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə açmaq istəyir. Rusiya Gəncədə baş konsulluğu olan Türkiyədən geri qalmaq istəmir. Rəsmi Bakının Rusiyanın Azərbaycanda səfirlikdən başqa baş konsulluq xidmətinin açılmasına qısa müddətdə icazə verəcəyi çətindir. Rusiya öz agentura şəbəkəsi vasitəsilə bir dəfə Gəncədən qiyam məqsədilə istifadə edib. Bu bizə dərs olub. Ona görə tələsmək lazım deyil. Kreml Azərbaycanı tərəfdaş adlandırsa da, bölgədə separatizmi dəstəkləyir, Qarabağ separatçılarının liderlərini Moskvaya çağıraraq onlara bizə bəlli olmayan təlimatlar verir. Bu, Rusiyanın Azərbaycana xoş olmayan siyasətidir. Moskvaya belə bir mesaj verilə bilər ki, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edən kimi Azərbaycan ərazisində baş konsulluğun açılması ilə bağlı müsbət qərar veriləcək. Yəni baş konsulluğun açılmasını hərbi kontingentin Azərbaycanı tərk etməsi ilə əlaqləndirmək lazımdır”.
Fuad ƏliyevALDP sədri Fuad Əliyev Paşinyanın Zelenski və Saakaşvilidən nəticə çıxarmadığını düşünür. Partiya sədrinin fikrincə, oxşar addımları Moldova lideri Maya Sandu da davam etdirir: “Postsovet məkanı Rusiyanın həssas yerlərindən biridir. Rusiya Suriya, yaxud Afrikada hansısa mövzularda güzəştə gedə bilər, amma keçmiş sovet ölkələri ilə bağlı Qərbin siyasətini süngü ilə qarşılayır. Çünki bu ölkələr strateji olaraq Avroatlantik məkana yaxınlaşdıqca, Rusiya çevrəsinin daralacağını düşünür. Əgər eyni vəziyyətlə ABŞ qarşılaşsa, daha kəskin reaksiya bildirər. Necə ki, Kubaya sanksiyalar tətbiq etməkdədir. Deməli, qonşusunda onunla hesablaşmayan hakimiyyəti cəzalandırır. O halda Rusiya da cavab verir ki, sən niyə Ukraynaya, Ermənistana, bir sözlə, mənim əhatə dairəmə yaxınlaşırsan? Bu, strateji mübarizədir, bölgədə rəqabət getdikcə güclənəcək, Qərblə Rusiyanın postsovet məkanında toqquşmaları davam edəcək”.
F.Əliyevin fikrincə, hələlik rinqdə nəticələr bərabər görünür: “ABŞ Gürcüstanda məxməri inqilab elədi, Saakaşvilini yerləşdirdi, amma 2008-də rus ordusu Tiflisə yaxınlaşdı, indi isə keçmiş gürcü prezidenti nə haldadır, hazırkı gürcü hökuməti isə Moskva ilə ehtiyatlı siyasət yürüdür. Qərb növbəti inqilabı 2014-də Ukraynada etdi, Maydan hərəkatı qurdu, sonra Rusiya cavabında Krımı ilhaq elədi, Luqansk və Donetskdə döyüşlər başladı, 8 il sonra isə rus ordusu tamamilə Ukrayna ərazilərinə daxil oldu. İndi Moldova və Ermənistanda Qərblə Rusiyanın toqquşmasına tamaşa edirik. Maya Sandu bildirir ki, ruslar dövlət çevrilişinə cəhd ediblər, deməli, Moskva Kişinyovu hələ çox sıxacaq. Üstəlik, bu ölkədə Dnestryanı ərazilər problemi mövcuddur. Ermənistana gəlincə, burada da oxşar ssenaridir: Soros Fondunun sponsorluğu ilə küçədən gələn Paşinyan hakimiyyəti götürdü, Rusiyanın gözü qarşısında onun müttəfiqi olan ölkədə inqilab elədilər. Və indiyə qədər Moskva ilə İrəvan yola getmirlər. Eyni prosesə şahidik - Paşinyan qərbpərəstdir, Rusiyaya aid nə varsa qarşı çıxır, müharibədə məğlubiyyətə görə rusların onları satdığını təbliğ edir, beləcə əlaqələr pisləşir. Volodin buna işarə edərək bildirir ki, Ermənistan strateji seçimini etməlidir”. Partiya sədri düşünür ki, Rusiya Ukrayna müharibəsində Donbası tamamilə nəzarətə götürüb məsələni həll edə bilsə, növbədə Moldova və Ermənistanla haqq-hesab çürütmək olacaq: "Yəni istər Volodin, istər Lavrov olsun, Rusiya rəsmiləri gizlətmədən bəyan edirlər ki, Qərb onun orbitinə yaxınlaşmağa cəhd edərsə, cavabsız qalmayacaq. Faktiki bu günədək adını çəkdiyimiz ölkələrdə edilən siyasi dəyişikliklərə Kreml tutarlı adekvat reaksiya verib. Ona görə sözügedən sorğu, eləcə də Volodinin dedikləri Ermənistan dövlətinə deyil, hakimiyyətinə mesajdır".