Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycan Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir

Azərbaycan Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir
11-10-2022, 13:52 236 dəfə baxılıb

Son illər Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Bu gün Azərbaycanın Mərkəzi Asiya, o cümlədən regionun türkdilli dövlətləri ilə kəmiyyət və keyfiyyətcə intensivləşən münasibətləri yeni geosiyasi reallıqlara uyğun olaraq inkişaf etdirilir və strateji xarakter alır. Bu il Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, dövlətimizin başçısı İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyənləşdirir.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, “AzərTAc” Azərbaycanın Mərkəzi Asiya və bu regionun türkdilli dövlətləri, o cümlədən Qırğız Respublikası ilə münasibətlərinə bir daha nəzərə salıb.
Qeyd etməliyik ki, son vaxtlar Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrində dinamizm müşahidə olunur. Burada bu gün dünyada formalaşan yeni və daha fərqli tranzit, nəqliyyat-kommunikasiya şəbəkəsi mühüm rol oynayır. Ölkəmiz isə geostrateji mövqeyi və daha da genişlənən tranzit imkanları ilə bu prosesdə vacib həlqəyə, Şərqlə Qərb arasında etibarlı nəqliyyat qovşağına çevrilməkdədir.
Ümumiyyətlə, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub. Təsadüfi deyil ki, türkdilli dövlətlərin birliyinin təməli 1992-ci ildən başlayaraq keçirilən Zirvə görüşləri ilə qoyulub. Bu prosesdə fəal iştirak edən ölkələrdən biri Azərbaycan olub. Keçirilən görüşlərin və aparılan danışıqların nəticəsi olaraq 2009-cu ildə məhz Azərbaycanda, Naxçıvan şəhərində keçirilən toplantıda imzalanan Sazişə əsasən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) yaradılıb. O vaxt Sazişi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentləri imzalayıblar.
İllər keçdikcə, xüsusilə son zamanlar Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Şurasının tərkibi genişlənib. 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Şura Türk Dövlətləri Təşkilatına çevrilib. Hazırda təşkilatda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan yer alır. Macarıstan və Türkmənistan isə müşahidəçi dövlətlərdir. TDT-yə üzv ölkələrin yerləşdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, onların mövqeyi Şərqdən Qərbə tam bir marşrut təşkil edir. Azərbaycan isə bu marşrutda açar mövqeyə sahibdir.
Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı “Strateji Tərəfdaşlıq haqqında Bəyannamə”, Özbəkistanla imzaladığı “Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə” və Qazaxıstanla imzalanan “Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə”də öz əksini tapır. İkitərəfli kontekstdə möhkəmlənən bu əlaqələr sonda vahid mərkəzdə birləşərək vahid gücə çevrilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla şəxsi təşəbbüsləri, səyləri və qətiyyəti dayanır. Dövlətimizin başçısına Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi, həmçinin onun Mərkəzi Asiya ölkəsi olan Qazaxıstanın ali ordeni ilə təltif edilməsi Prezident İlham Əliyevə beynəlxalq platformada verilən yüksək dəyər, Azərbaycanın türk dünyası ölkələri arasında qardaşlıq münasibətlərinin inkişafına göstərdiyi səylərə münasibətin ifadəsi kimi qiymətləndirilməlidir.
Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa, təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək. Bu gün Orta Dəhlizə artan maraq heç də təsadüfi deyil. Çünki bu beynəlxalq nəqliyyat marşrutu Çindən, Qazaxıstandan, Xəzər dənizindən, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanır və Şərqdən Qərbə yükdaşımalarda son dərəcə əhəmiyyətli yoldur. Bu marşrutun ən vacib hissəsi isə təbii ki, Zəngəzur dəhlizi olacaq. Heç şübhəsiz, Zəngəzur dəhlizi, ilk növbədə, bölgənin inkişafında xüsusi əhəmiyyət kəsb edəcək, regionda yeni əməkdaşlıq formatının yaranmasına, sülhün və tərəqqinin təmin olunmasına xidmət göstərəcək. Ən əsası isə Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi: “Gün gələcək, Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik. İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzi olma mövqeyi möhkəmlənəcək”.
Azərbaycan Mərkəzi Asiya ölkələri arasında Qırğız Respublikası ilə münasibətlərə də böyük önəm verir.
Bu il Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq. Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalar əlaqələrimizin gələcək konturlarını müəyyən edir.
Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 19-da qurulub. 2007-ci ildə Azərbaycanın Qırğızıstanda səfirliyi, 2008-ci ildə Qırğızıstanın Bakıda səfirliyi fəaliyyətə başlayıb. İndiyədək iki ölkə arasında 74 sənəd imzalanıb.
Azərbaycan və Qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkə arasında möhkəm təməl üzərində qurulan münasibətlər yüksələn xətlə inkişaf edir.
Hələ Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr inkişaf edib. Qırğız Respublikasında 20 minə azərbaycanlı yaşayır ki, onların da əksəriyyəti Mərkəzi Asiyaya sürgün edilən repressiya qurbanlarının ailə üzvləridir. Həmvətənlərimiz Bişkek, Karabalta, Kant, Sokuluk, Oş şəhərlərində və ətraf rayonlarda yığcam halda məskunlaşıblar. Diaspor üzvləri arasında 3 elmlər doktoru, 22 elmlər namizədi, 9 əməkdar xadim var. Daha 3 soydaşımız isə Qırğız Respublikasının “Şöhrət” medalı ilə təltif edilib. Tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstandakı azərbaycanlılar dil və adətlərini qoruyub saxlayıblar. Məşhur qırğız yazıçısı Çingiz Aytmatov bu gün də Azərbaycanda sevilən yazıçılardandır. Təsadüfi deyil ki, məşhur yazıçının 85 və 90 illik yubileyləri ilə bağlı Azərbaycanda tədbirlər keçirilib.
Müasir dövrdə Azərbaycan-Qırğızıstan münasibətlərinin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının III Zirvə Görüşü və “Manas” eposunun 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ilk dəfə Qırğızıstana səfər edib.
Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu il aprelin 20-də Qırğızıstan Prezidenti Sadır Japarovun ölkəmizə rəsmi səfər edib. Səfər zamanı “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanıb.
Qeyd edək ki, bugünkü səfər Azərbaycan Respublikası Prezidentinin Qırğızıstana ilk dövlət səfəridir. Səfər zamanı iki ölkə arasında bir sıra sənədlərin, o cümlədən Müştərək İnkişaf Fondunun yaradılması ilə bağlı Sazişin imzalanması nəzərdə tutulur. Dövlətimizin başçısı, həmçinin Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına 20 saylı “Məktəb-Gimnaziya Təhsil-Tərbiyə Kompleksi” ümumtəhsil müəssisəsinin, Nizami Gəncəvi adına 103 saylı orta təhsil məktəbinin açılış mərasimlərində iştirak edəcək.
Bundan əvvəl Prezident İlham Əliyev Qırğızıstana iki dəfə işgüzar səfər edib. 2016-cı ilin sentyabrında həyata keçirilmiş səfər zamanı Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında və 2018-ci ilin sentyabrında isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Çolpon-Ata şəhərində keçirilmiş VI Zirvə Görüşündə iştirak edib.
Bu gün Qırğızıstan Azərbaycanın da mühüm rola malik olduğu Orta Dəhlizdən faydalana bilər. Qırğızıstanın bu Avrasiyada reallaşdırılan layihələrdən faydalanması iki ölkə arasında ticarət münasibətlərinin daha da güclənməsinə töhfə verə bilər. Təəssüflə qeyd edək ki, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyil. Amma bu sahədə geniş potensial mövcuddur. Ölkəmizin maliyyə dəstəyi ilə Bişkek şəhərində 5,5 hektar ərazidə Azərbaycan-Qırğızıstan dostluq parkı salınıb və 2,24 hektar ərazidə 550 yerlik “Heydər Əliyev adına ümumtəhsil məktəbi” binası tikilib.
Həmçinin 2020-ci ildə COVID-19-la əlaqədar Azərbaycan tərəfindən Qırğızıstana humanitar yardım (7 yük maşını) göndərilib. Ötən il iyulun 17-də Azərbaycandan Qırğızıstana 40 min doza “AstraZeneca” (Vaxzevria) vaksini göndərilib.
Bu ilin avqustun 16-da Bakıda uzun fasilədən sonra Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası da keçirilib.
Ölkələrimiz arasında sıx münasibətlərin daha bir nümunəsi isə Milli Məclisdə Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Qırğızıstan Joqorku Keneşində (Parlament) isə Qırğızıstan-Azərbaycan əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir.
Azərbaycanla Qırğızıstan arasında informasiya sahəsində də sıx əməkdaşlıq mövcuddur. Belə ki, 2009-cu il martın 30-da Bakıda “AzərTAc”la KABAR (Qırğızıstan) arasında İnformasiya mübadiləsi haqqında Saziş imzalanıb.
Saziş rus və ingilis dillərində operativ və səhih informasiya materiallarının müntəzəm mübadiləsini, iki ölkə rəsmilərinin səfərlərinin, habelə Qırğızıstan və ya Azərbaycanda keçirilən digər aksiyaların və tədbirlərin informasiya dəstəyinin təmin edilməsi sahəsində sıx əməkdaşlığı, qabaqcıl təcrübənin öyrənilməsi və jurnalistlərin, fotomüxbirlərin və kütləvi informasiya vasitələri sahəsində digər mütəxəssislərin ixtisasının artırılması məqsədilə onların mübadiləsinin təşviqini, həmçinin öz dövlətlərinin ərazisində akkreditə olunmuş jurnalistlər və fotomüxbirlər peşə fəaliyyətini həyata keçirərkən onlara təşkilati və texniki köməyin göstərilməsini nəzərdə tutur.
Agentliklərimiz, eyni zamanda, beynəlxalq informasiya qurumlarında - Müstəqil Dövlətlər Birliyi Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurası, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA), Türkdilli Xəbər Agentlikləri Birliyi (TKA) çərçivəsində bir-birini daim dəstəkləyir və xəbər mübadiləsi həyata keçirirlər.
Bütün bunlar onu göstərir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Qırğızıstanla əməkdaşlığın geniş perspektivləri var və gələcək illərdə mövcud potensialdan tam istifadə üçün daha böyük addımlar atılacaq.


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI