“Bu, üzdəniraq təşəbbüs birdən-birə ən azı 15 ölkəyə özünü düşmən etməklə nəticələnə bilər...”
Xəbər verildiyi kimi, Rusiyanın hakim "Vahid Rusiya" partiyasından olan deputat Yevgeni Fyodorov Dövlət Dumasına Litva Respublikasının müstəqilliyinin tanınması haqqında SSRİ Dövlət Şurasının qərarının ləğvi haqqında qanun layihəsi təqdim edib. Təşəbbüsün müəllifi iddia edir ki, SSRİ Dövlət Şurasının Litva Respublikasının müstəqilliyinin tanınması haqqında qətnaməsi “qanunsuzdur, çünki o, konstitusiyaya zidd bir orqan tərəfindən və SSRİ Konstitusiyasının maddələrinin tələblərini pozmaqla qəbul edilib.
Məlumdur ki, 6 sentyabr 1991-ci ildə SSRİ Dövlət Şurası üç Baltik respublikasının (Latviya, Litva və Estoniya) SSRİ-dən çıxmasını qəbul edərək, onların müstəqilliyini tanıyıb. Həmin ilin dekabrında isə artıq SSRİ adlı dövlət tarixə qovuşdu...
Qeyd edək ki, Azərbaycan parlamenti Litva Respublikasının dövlət müstəqilliyinin tanınması haqqında qərarı 6 dekabr 1991-ci ildə qəbul edib...
31 il sonra Rusiyanın ali qanunverici orqanına belə bir layihənin çıxarılması, sözsüz ki, Kreml rəhbərliyi ilə razılaşdırılıb. Görəsən, Moskva bununla nə məqsəd güdür? Ukraynaya məkrli hərbi müdaxilə misalında hər cür məntiqsiz, əsassız və zorakı addımların müəllifi olduğunu tam təsdiqləmiş Putin rejimi bunun ardınca daha da irəli gedərək, məsələn, 1991-ci il dekabrın 8-də 3 respublikanın(Belarus, Ukrayna, Rusiya) prezidentləri (Şuşkeviç, Kravçuk və Yeltsin) tərəfindən Belovejskdə SSRİ-nin ləğvi, onun yerində isə Müstəqil Dövlətlər Birliyinin yaradılması barədə razılaşmanın imzalanmasının da SSRİ prezidenti Mixail Qorbaçovun xəbəri olmadan baş verdiyi üçün qanunsuz hesab edərək bütün digər keçmiş müttəfiq respublikaların, o cümlədən Azərbaycanın da müstəqilliyinin tanınması haqda qərarların ləğv olunması təşəbbüsünü irəli sürə bilməz ki?..
Mövzu ilə bağlı Moderator.az əməkdaşıyla qısa telefon söhbətində Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bunları söyləyib:
-Doğrusu, Dumadakı bu son ağlasığmaz təşəbbüsə hansısa siyasi bir izahat vermək çətindir. Amma bu cür bəyanat və addımlar ağılın və məntiqin tam itirilməsinin əlamətlərini göstərir. İndiki zəmanədə hansısa ölkənin müstəqilliyini tanımamaq bu günədək həmin iki ölkə arasında qəbul olunmuş bütün sənədlərin də qüvvədən düşməsi deməkdir. Ümumiyyətlə, Dövlət Dumasındakı belə bir sərsəm təşəbbüsü şərh etmək də çətindir və eyni zamanda gülməli və mənasızdır. Yəni görünür bu, hansısa populist bir qruplaşmanın heç bir hüquqi əsası olmayan, siyasi reallıqdan uzaq bir düşüncəsiz təşəbbüsüdür. Odur ki, hesab edirəm ki, buna çox da diqqət etmək lazım deyil...
-Sizcə, Rusiya Dövlət Dumasının Litva ilə bağlı belə bir qərar qəbul etməsi mümkündürmü?
-Bilirsiz, indiki dövrdə istənilən qərarın qəbul edilməsi gözləniləndir. Son vaxtlar bəzi digər dövlətlər kimi, Rusiya tərəfindən də çox məntiqsiz və əsassız addımlar atılır. Ən məntiqsiz və əsassız addım da Ukraynaya təcavüz oldu. Və Rusiyada Litva ilə bağlı sözügedən ağılsız təşəbbüs də məhz Ukraynadakı savaşdan irəli gələn əhval-ruhiyyənin nəticəsidir. Amma doğrusu, Duma tərəfindən Litva haqda belə bir qərarın qəbul ediləcəyinə də inanmıram. Yəqin ki, Duma üzvlərinin hamısı dəli ola bilməz... Hər halda buna inanmaq mümkün deyil. Çünki dediyim kimi, bunun nə hüquqi, nə siyasi, nə iqtisadi, humanitar əsasları olmayan, məntiqsiz və reallıqdan uzaq bir təklifdir...
-Amma göz qabağındadır ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin də, sizin də qeyd etdiyiniz kimi, heç bir hüquqi, siyasi, məntiqi əsası olmasa da, təəssüf ki, bu, reallaşdı...
-Bəli, hazırda müxtəlif məntiqsiz addımlar atılır. Amma təəssüf ki, bəzən məntiqsiz addımlar da öz yerini tutur və insanlıq üçün ağır nəticələrə gətirib çıxarır. Özü də bayaq dediyim kimi, son illərdə məntiqsiz addımlar yalnız Rusiya tərəfindən yox, digər ölkələr, hətta demokratik hesab edilən Qərb tərəfindən də atılır. Məsələn, 2020-ci ilin payızındakı 44 günlük müharibədən sonra Fransa Senatının dırnaqarası “Dağlıq Qarabağ” qurumunu tanıması buna misal ola bilər...
Bilirsiz, bəzən hansısa populist əhval-ruhiyyəyə uyan bir qrup insanlar və ya hansısa qurum tərəfindən belə addımlar atılır...
- Dumada Litva ilə bağlı belə bir təşəbbüsün meydana çıxarılmasını postsovet məkanındakı bütün müstəqil dövlətlərə növbəti siyasi təzyiq kimi qəbul etmək olarmı? Bunun ardınca Putin rejimi tərəfindən ümumiyyətlə, bütün keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycanın müstəqilliyinin tanınmaması haqda təşəbbüslər də irəli sürülməsi mümkündürmü?
-Bilirsiz, sadə dillə desək, xarici siyasətin əsas məqsədi düşməni, ən azı, neytral tərəfə döndərmək, sonra isə neytraldan dost mövqesinə çəkməkdir. Amma Dumadakı bəhs edilən üzdəniraq təşəbbüs birdən-birə ən azı 15 ölkəyə özünü düşmən etməklə nəticələnə bilər. Bu, necə xarici siyasətdir ki, onun əsasında belə addımlar dayanır... Ümumiyyətlə, bu məsələdə xarici siyasətə dair bir çox səhvləri görürəm. Həmin səhvlər isə, münasibətlərə ən azı gərginlik gətirə bilər. Bu cür gedişlərlə də dövlətin uğurlu gələcəyini qurmaq mümkün deyil...
"Vətənim Azərbaycandır.az"