Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Törədilmiş soyqırımı aktları ümumbəşəri cinayətlərdir

Törədilmiş soyqırımı aktları ümumbəşəri cinayətlərdir
31-03-2023, 10:31 259 dəfə baxılıb

ÖNDERTV.ORG

Azərbaycan xalqına, ümumiyyətlə türk dünyasına qarşı erməni daşnaklarının soyqırımı siyasəti 200 ilə yaxın bir dövrü əhatə edir. Tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən dönməyən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman qanlı soyqırım hadisələri törədməklə xalqımızı, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırıma və deportasiyaya məruz qoymuşlar. Bu dəhşətli, qanlı hadisələrdən biri 1918 ci ilin mart, aprel aylarında yaşanmış, öz vəhşiliyi ilə tarixin qanlı salnaməsinə çevrilmişdir. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Qədim Azərbaycan şəhəri Şamaxı da dəhşətli talan və vəhşiliklərə məruz qalmışdı. Şamaxının müsəlmanlar yaşayan hissəsinin hamısına od vurulmuşdur, 13 məhəllə məscidi və məşhur müqəddəs ocaq Cümə məscidi yandırılmışdır. Şamaxı qəzasının 53 kəndində ermənilər 8077 nəfər azərbaycanlını qətlə yetirmişdilər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaqlar olmuşdur. Əvvəlcədən qurulmuş plana görə daşnak-bolşevik qoşunu Şamaxını işğal etdikdən sonra Quba qəzasına daxil olmalı idi. Stepan Şaumyan Cənubi Qafqazda “böyük Ermənistan dövlət”i yaratmaq üçün bütün imkanlardan istifadə edirdi ki, təki Azərbaycan deyilən dövlət yaranmasın. Quba qəzasında da hadisələr eyni istiqamətdə cərəyan edirdi. Aprel ayında Quba qəzasına göndərilən daşnak dəstələrinin komandiri bildirmişdi: “Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm. Mənə Xəzər dənizindən Şahdağadək olan ərazidə bütün müsəlmanları məhv etmək əmri verilmişdir”. Onun başçılıq etdiyi daşnak dəstələri Quba qəzasında 122 kəndi yandırdılar. Yerli sakinlər isə min bir əzablarla qətlə yetirildilər. Erməni millətçiləri tərəfindən törədilən bu soyqırım zamanı Quba qəzasında 30 minə yaxın adam öldürülmüşdü.

Bir neçə il əvvəl Quba ərazisində tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri bunu bir daha sübut edir. Kütləvi məzarlıq 2007-ci ilin aprel ayının 1-də ərazidə təmir-tikinti işləri görülərkən aşkar edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən məzarlıqda 2007-ci ilin aprel ayının 8-dən 11-dək ilkin tədqiqat işləri aparılmış, məzarlığın 1918- ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımla bağlı olduğu müəyyən edilmişdir.2007-ci ilin iyul ayından etibarən Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 7 nəfərdən ibarət elmi heyəti tərəfindən kütləvi məzarlıqda tədqiqat işlərinə başlanmış, 2008-ci ilin sentyabr ayında isə tədqiqat işləri başa çatdırılmışdır. Məzarlığın ümumi sahəsi 514 kvadrat metrdir. Arxeoloji qazıntılar nəticəsində qazıntı sahəsində insan cəsədləri ilə doldurulmuş 2 quyu və 2 arx (kanal) aşkar edilmişdir. Aşkar edilmiş insan cəsədlərinin hamısının soyuq silah və küt alətlərlə insanlığa xas olmayan xüsusi qəddarlıq və müxtəlif üsullarla öldürüldüyü müəyyənləşdirilmişdir. Bunun nəticəsidir ki, aşkar edilmiş insan cəsədlərinin sayı kəllə sümükləri ilə müəyyən olunmuşdur. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgilər, yəhudilər, tatlar və digər etnik qrupların nümayəndələri amansızcasına qətlə yetirilərək basdırılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqdan təxminən 400-dən artıq insan cəsədləri aşkar edilmişdir. Aşkar edilən insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Onlardan 50-dən çoxu müxtəlif yaşlı uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Arxiv sənədlərindən məlum olmuşdur ki, aprel-may ayları ərzində təkcə Quba qəzasında 36782 nəfər insan qətlə yetirilmişdir. 122 kənd tamamilə dağıdılmış, 380 ailə gecə yatdığı yerdə evlərinə od vurularaq kül edilmişdir. Quba şəhərində erməni cəlladları tərəfindən 259 ev yandırılmış, 1800-dən artıq körpə, 200-dən çox qoca və yaşlı qadın qətlə yetirilmişdir.

Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini yad etmək məqsədilə ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli “31 mart azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə 31 mart tarixi azərbaycanlıların soyqırımı günü elan edilib. Bu Fərman ermənilərin törətdiyi soyqrım aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində tədqiqatların aparılmasına, həqiqətin üzə cıxarılmasında göstərilən səylərin atrırılmasına təkan verdi. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq Azərbaycanlılara qarşı törədilən faciənin qanlı epizodlarından biridir.

Dövlət başçısı cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncam vermiş və Quba Soyqırımı Memorial Kompleksinin 2013-cü il sentyabrın 18-də açılışı olmuşdur. Həmin mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar, o cümlədən Sahil parkı yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansıfəlakətlərləüz-üzə qalmışdır”.

Azərbaycan xalqı tarix boyu üzləşdiyi bütün faciələrə, çətinliklərə və haqsızlıqlara baxmayaraq, özünün müstəqillik əzmini qoruyub saxlamış, möhkəm iradə, yenilməz birlik və həmrəylik nümayiş etdirmiş, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gücünün, qüdrətinin daha da artmasına nail olmuşdur. Nəhayət, 2020 ci ilin sentyabr ayının 27-də başlanmış və cəmi 44 gün davam edən hərbi əməliyyatların nəticəsi olaraq, Azərbaycan 30 il davam edən işğala son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Bu gün hər bir azərbaycanlı bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 mart soyqırımının günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırım qurbanlarının qisasını aldı. Bu gün biz artıq öz ərazi bütövlüyümüzü, suveren hüquqlarımızı bərpa etmişik. Erməni faşistlərinin darmadağın etdiyi, xarabaya çevirdiyi doğma torpaqlarımızda yenidən quruculuq işlərinə başlamışıq və tezliklə bu yerlərə həyat qayıdacaqdır. Həm gələcək nəsil üçün, həm də dünya ictimaiyyəti üçün işğaldan azad olunan torpaqlarımızda, erməni faşizminin, erməni terrorunun, soyqırımını əks etdirən açıq muzeylər, abidələr yaradılmalıdır. Xalqımızın yaşadığı tarixi faciələri heç zaman unutmamalıyıq. Bu hadisələr bizim şərəf və mübarizə tariximizin ən şanlı səhifələridir, qan yaddaşımızdır. Xalqımızın əldə etdiyi bu tarixi qələbə Azərbaycanın bütün şəhidlərinin ruhlarını şad etdi. Dövlət başçımızın dediyi kimi, biz şəhidlərimizin qisasını düşməndən döyüş meydanında aldıq. Bundan sonra bütün xain qüvvələr, bütün düşmənlərimiz də biləcəklər ki, artıq Azərbaycan özünə qarşı istənilən aqressiyanı dərhal və qətiyyətlə dəf etmək iqtidarında olan qüdrətli bir dövlətdir.

Bir daha Soyqırım qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləyirəm.

Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri


ÖNDERTV.ORG

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI