Torpaq uğrunda canından keçməyi bacaran Vətən oğulları varsa o xalq qüdrətlidir, güclüdür. İllərdir ki, mənfur qonşumuz ermənilər tərəfindən ərazilərimizin bir qismi işğal altındadır və biz dövlətimizin gücünə güvənərək inanırıq ki, bu işğal müvəqqətidir. Zəbt olunmuş torpaqların müdafiəsi uğrunda yüzlərlə, minlərlə Azəri oğulları canlarını fəda edərək Şəhid olmuşdur.



"Biz rəhmədlik Əhmədlə eyni kənddə doğulmuşuq və həmyaşıd idik. Qismət elə gətirdi ki, döyüş yolumuz da birgə oldu. Onun haqqında çox söz deyə bilərəm. Ancaq qısa olaraq bir epizodu xüsusi qeyd etmək istəyirəm.
Mən, rəhmətlik Əhməd, Vəliyev Vüqar və bir neçə həmkəndlimiz eyni batalyonda döyüşürdük. Mən evin böyük oğlu idim. Atam, anam hələ övlad toyu görməmişdi. Ancaq Əhməd evin kiçiyi və həm də on birinci övlad olduğundan onun valideyinləri böyük övladlarının toyunu etmişdilər. Qızğın döyüşlər zamanı Əhməd bizə: "Sizin valideyinləriniz övlad toyu görməyib, siz çox da qaynar döyüş yerlərinə getməyin mən gedəcəm mənimkilər övlad toyu görüblər" deyərək sanki bizi qoruyurdu. O, hərkəsə qarşı belə mühafizəkar idi. Allah rəhmət eləsin".
Belə xatırlayır döyüşçü yoldaşları Onu.
Füzuli rayonunun Tuğ, Qacar, Hoğa, Govşad, Qızılqaya, Məngələnata uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərmişdir.
1993-cü il avqustun 3-də qardaşının toyu olur və Əhməd də toyda iştirak etmək üçün öz doğma Qərbənd kəndinə gəlir. Toyun mağarı qapıdan sökülməmiş güclü atışma düşür. Əhməd döyüş mövqeyinə yollanır. Həmən günlərdə Füzuli rayon Məngələnata yüksəkliyi uğrunda qızğın döyüşlər gedir. Bu döyüş Əhmədin son döyüşü olur. Yüksəkliyi azad etmək üçün mübarizə apararkən O, xüsusi qəhrəmanlıq göstərərək Şəhid olur. Yalnız avqustun 8-də onun nəşini ermənilər olan ərazidən çıxardıb Qərbənd kəndinə gətirərək, kənd qəbristanlığında dəfn etmək mümkün olur. Dəfnindən təxminən bir həftə sonra Füzuli rayonun Qərbənd kəndi ermənilər tərəfindən işğal olunur.
Qeyd edim ki, Ali Baş Komandanın fərmanı ilə Quliyev Əhməd Məhəmməd oğlu "İgidliyə Görə" medalı ilə təltif olunub.
Medal, Şəhidin anası, Bakı şəhərində məcburi köçkün kimi müvəqqəti məskunlaşan rəhmətlik Sərbinaz anaya təqdim edilir.
Əhməd haqqında 1994-cü ildə "Səhər", 2005-ci ildə isə "Hərbi And" qəzetlərində xüsusi məqalə yazılıb.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!
Seyid Hüseyn Qədiroğlu
AJB-nin üzvü.