Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kəndimizin qəhrəman Şəhidi. (Füzuli rayon Qərbənd kəndi)

Kəndimizin qəhrəman Şəhidi. (Füzuli rayon Qərbənd kəndi)
5-01-2024, 20:50 313 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Torpaq uğrunda canından keçməyi bacaran Vətən oğulları varsa o xalq qüdrətlidir, güclüdür. İllərdir ki, mənfur qonşumuz ermənilər tərəfindən ərazilərimizin bir qismi işğal altındadır və biz dövlətimizin gücünə güvənərək inanırıq ki, bu işğal müvəqqətidir. Zəbt olunmuş torpaqların müdafiəsi uğrunda yüzlərlə, minlərlə Azəri oğulları canlarını fəda edərək Şəhid olmuşdur.

Belə oğullarımızdan biri də Quliyev Əhməd Məhəmməd oğludur.O, 1973-cü ildə Füzuli rayonu Qərbənd kəndində dünyaya göz açmışdır. Böyüklərin dediklərinə görə, hələ orta məktəbdə oxuyarkən elinə-obasına qarşı təsibkeşliyi ilə öz həmyaşıdlarından fərqlənirdi. Ailənin son beşiyi olan Əhmədin yetkinlik yaşlarına çatdığı dövrlər, artıq ermənilərin Qarabağ iddiasının müharibə müstəvisinə keçdiyi vaxtlara təsadüf edirdi. Belə bir zamanda vətənimizin müdafiəsində durmaq üçün döyüşkən, mübarizə aparmağı bacaran igid, qəhrəman övladlara ehtiyacın olduğunu dərk edən Əhməd Quliyev də orta təhsilini bitirən kimi əlinə silah alaraq bu haqlı mübarizəyə qoşulur. Füzuli rayonunda "N" saylı hərbi hissədə xidmət etməyə başlayan Əhməd, qısa müddətdə döyüşçü yoldaşları arasında yüksək keyfiyyətli xarakterinə görə xüsusi hörmət qazanır. Onunla birgə xidmət göstərən döyüşçü yoldaşlarının xatirələrində əsl kişi xarakterli, vətənini, torpağını sevən biri kimi xatırlanır Əhməd.

Döyüşçü yoldaşı Fərzəliyev Müzadilin dediklərindən:"Biz rəhmədlik Əhmədlə eyni kənddə doğulmuşuq və həmyaşıd idik. Qismət elə gətirdi ki, döyüş yolumuz da birgə oldu. Onun haqqında çox söz deyə bilərəm. Ancaq qısa olaraq bir epizodu xüsusi qeyd etmək istəyirəm.Mən, rəhmətlik Əhməd, Vəliyev Vüqar və bir neçə həmkəndlimiz eyni batalyonda döyüşürdük. Mən evin böyük oğlu idim. Atam, anam hələ övlad toyu görməmişdi. Ancaq Əhməd evin kiçiyi və həm də on birinci övlad olduğundan onun valideyinləri böyük övladlarının toyunu etmişdilər. Qızğın döyüşlər zamanı Əhməd bizə: "Sizin valideyinləriniz övlad toyu görməyib, siz çox da qaynar döyüş yerlərinə getməyin mən gedəcəm mənimkilər övlad toyu görüblər" deyərək sanki bizi qoruyurdu. O, hərkəsə qarşı belə mühafizəkar idi. Allah rəhmət eləsin". Belə xatırlayır döyüşçü yoldaşları Onu.Füzuli rayonunun Tuğ, Qacar, Hoğa, Govşad, Qızılqaya, Məngələnata uğrunda gedən döyüşlərdə xüsusi fəallıq göstərmişdir.
1993-cü il avqustun 3-də qardaşının toyu olur və Əhməd də toyda iştirak etmək üçün öz doğma Qərbənd kəndinə gəlir. Toyun mağarı qapıdan sökülməmiş güclü atışma düşür. Əhməd döyüş mövqeyinə yollanır. Həmən günlərdə Füzuli rayon Məngələnata yüksəkliyi uğrunda qızğın döyüşlər gedir. Bu döyüş Əhmədin son döyüşü olur. Yüksəkliyi azad etmək üçün mübarizə apararkən O, xüsusi qəhrəmanlıq göstərərək Şəhid olur. Yalnız avqustun 8-də onun nəşini ermənilər olan ərazidən çıxardıb Qərbənd kəndinə gətirərək, kənd qəbristanlığında dəfn etmək mümkün olur. Dəfnindən təxminən bir həftə sonra Füzuli rayonun  Qərbənd  kəndi ermənilər tərəfindən işğal olunur.
Qeyd edim ki, Ali Baş Komandanın  fərmanı ilə Quliyev Əhməd Məhəmməd oğlu "İgidliyə Görə" medalı ilə təltif olunub.
Medal,  Şəhidin anası, Bakı şəhərində məcburi köçkün kimi  müvəqqəti məskunlaşan rəhmətlik Sərbinaz anaya təqdim edilir.
Əhməd haqqında 1994-cü ildə "Səhər", 2005-ci ildə isə "Hərbi And" qəzetlərində xüsusi məqalə yazılıb.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin. Amin!

Seyid Hüseyn Qədiroğlu
AJB-nin üzvü.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI