VETENİM-AZERBAYCANDIR.AZ
Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizdə həyata keçirilən uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Azərbaycanın müstəqillik tarixinə, xüsusən son 30 illik dövrə diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu gün davam edən təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu göstərir. Məlumdur ki, Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda yaranan yeni reallıq çərçivəsində, Azərbaycanın uğurlu sosial-iqtisadi və siyasi nailiyyətləri, milli və multikultural dəyərləri qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidenti qəti olaraq o qənaətdədir ki, inkişafın bütün sahələri əhatələməsi üçün sağlam insan konsepsiyasına sadiq qalınması, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf zərurətdir.
Bunu
AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov söyləyib.
Onun sözlərinə görə, 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən, Prezident İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini qəti vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 3 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır.
Azərbaycanın 1995-ci ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını təsdiqlədiyini deyən Bəhruz Məhərrəmov qeyd edib: “2000-ci il iyulun 18-də istilik effekti yaradan qazların azaldılmasına dair öhdəliklərin ehtiva olunduğu Kioto Protokolunu ratifikasiya etmiş, 2016-cı il aprelin 22-də isə BMT-nin iqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasının imzalanma mərasimində iştirak etməklə sənədə qoşulmuşuq. Bu mənada, Prezident İlham Əliyevin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı milli prioritet kimi müəyyən etməsi əslində həm də Azərbaycanın növbəti dəfə beynəlxalq hüquqa sədaqəti, o cümlədən beynəlxalq müqavilələrlə üzərinə götürdüyü öhdəliklərə vicdanlı yanaşmasının ideal ifadəsi idi. Məlumdur ki, 30 illik işğal dövründə Livan ölçüdə ərazilərimiz yaşıllıqların məhv edilməsi, yandırılması, təbii sərvətlərin talanması fonunda ekosidə məruz qalıb. Azərbaycan işğala son qoymaqla əslində həm də davam edən böyük bir ekoloji fəlakətin qarşısını almış oldu. Bu gün isə ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində dövlətimizin başçısının qoyduğu tapşırıqlar qlobal miqyasda Kioto və Paris sənədləri üzrə azsaylı praktik addımlardan hesab edilir. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan subyektlər də əks arqument tapmadı və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, “beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”.
Milli Məclisin deputatı, eyni zamanda, bildirib ki, bu gün qarşısında çoxsaylı çağırışları olan Azərbaycanın hərbi-siyasi gücünün artırılması, iqtisadi inkişafın və sosial rifahın gücləndirilməsi istiqamətində prioritetlərlə bərabər, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi kimi vəzifələr müəyyən etməsi qlobal müstəvidə ciddi hadisədir. Müşahidələr isə Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi COVID-19-la mübarizədə olduğu kimi, iqlim dəyişiklikləri üzrə qlobal səylərin birləşdirilməsi üzrə təşəbbüsləri də ələ almaq və bu istiqamətdə əsas oyunçulardan birinə çevrilmək perspektivindən xəbər verir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə öz növbəsində dünyada bir ilkdir və dövlətimizin başçısı İlham Əliyevin qlobal Lider kimi məsələyə necə və haradan yaxınlaşmaq bacarığını və prosesi uğurlu məcraya yönəldə biləcəyini göstərir.