Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

SƏNLƏ KEÇƏN GÜNLƏRİM... Eh Şabı, Şabı...

SƏNLƏ KEÇƏN GÜNLƏRİM... Eh Şabı, Şabı...
1-05-2022, 12:00 500 dəfə baxılıb

Bu tezliklə sənə ağı yazacağımı gözlə­mirdim. Şəklinlə üz-üzəyəm. Həyat eşqiylə coşub-daşan yaşıl gözlü sarışın çöhrənə ölüm heç yaraşmır.
İki ildir, fevral ayı gözümdə əfi ilana dönüb. 2020-ci ildə fevralın dörd ildən bir qeyd olunan sonuncu günü əziz anamı aldı əlimdən. Bu ilin 12 fevralı sevimli gəlinimiz Aytənin anası, mənə bacı qədər əziz olan Kərbəlayi Məhbubənin ömrünə son qoydu. Ertəsi gün ağbirçəyimiz Xeyrənisə anamızın. 10 ildən artıqdı, bədənindəki xərçənglə mübarizə apararaq qeyrətinin hesabına gəzirdi. Amma Xeyrənisə ananın gedişi onu son dərəvə sarsıtdı. Onu içəridən yeyən xərçəng yalnız son 2-3 gündə yatağa saldı. O ağır vəziyyətilə anasının 40 mərasimini də yola verdi.
Bu gün səni etibarsızlıqda qınaya-qınaya ürəyimi kağızlara boşaldıram. Bilirsən, necə ağırdır yoxluğunla barışmaq?.. Novruzda gəlişimizə nə qədər sevindiyin ölçüyəgəlməz idi. Sağollaşıb Bakıya qayıdanda Ramazan bayramında Lənkərana gələcəyimizi söylədik. Yaxşı yol arzuladın. Bir həftə keçməmiş, martın sonuncu günü arzularla dolu ürəyin dayandı.. Həmin gün zəngləşməmişdik. Bir gün əvvəlki zəifləmiş səsinə üzüldüyümdən ürək eləmədim. Mehparə bacıyla dərdləşdik. Amma çoxlarıyla danışmısan. İmişlidə bibin qızı Xurmayla danışanda lap son nəfəsin imiş. Bir qədər əvvəl xalan oğlu Balayarın ömür-gün yoldaşı Kərbəlayi Həbibənin zənginə onun gəlişini və xına almasını arzulamısan. Kərbəlayi də elə həmin dəqiqə xına alıb Bakıdan yola düşüb. Lakin soyuq üzünlə qarşılaşıb, soyuq əl-ayağına xına yaxıb. 
Telefon danışığından sonra qardaşının həyat yoldaşı Həqiqəti yanına çağırıb o üz-bu üzündən öpür. Həyatı qədər sevdiyi qardaşı oğlanları Akifi və İlqarı bağrına basır. İlqarın çiynində gözlərini yumur. Ertəsi gün gülümsər şəklini təəssüf dolu ağılarla statusuma qoydum. Gözlənilməz xəbərlə, acı həqiqətlə heç kəs barışmaq istəmirdi. 
Bir qohum olaraq onların həyətinə gəlin getməyimdən 40 ildən artıq vaxt ötür. O zamandan əvvəl də bir-birimizi tanıyırdıq. Eyni məktəbdə – Lənkəran şəhər 5 saylı orta məktəbdə təhsil almışdıq. Böyük bacıları Mehriban (indi haqq dünyasındadır) və Mehparə məndən yuxarı, Şəhrəbanu və Zabitə aşağı siniflərdə. O həyətdə gəlin olduğum ilk günlərdən bu qızlarla sirr-sözüm bir oldu. Bir ay sonra Bakıya köçsək də, bir ayağım Lənkəranda idi. Bir qədər sonra Lənkərana qayıdıb 5-6 il yerli qəzetdə işlədim. Həmin dövrdə Şabı yerli radio verilişləri redaksiyasında işləyirdi. Bütün tədbirlərə Şabı ilə gedirdim. Uzaq yerlərə də birgə getmişdik. Əliaçıq, könlüaçıq, dostcanlı, qohumcanlı, zəhmətkeş, söhbətcil bir xanım idi. Əvəzsiz yol yoldaşlığı vardı. Ata yurdu  Füzulidə müsafir olanda 1988-ci ilin aprel günləridi. Qarabağ hadisələri təzə başlamışdı. Mehparə Xalq Təsərüfat İnstitutunu (İqtisadiyyat Universiteti) bitirdikdən sonra Füzuliyə təyinat almışdı. Elə orada ailə həyatı qurub qalmışdı. Xeyrənisə ana, həyat yoldaşım Mükafat, Şabı, mən qonşu Dadaş əminin maşınıyla onlara getmişdik. Füzulidə üç gün qaldıq. Mehparənin həyat yoldaşı rəhmətlik Afan bir gün də artıq qalın Şuşaya getməyimizi təkid etsə də, nədənsə qalmadıq. Mənim ata-baba yurdum Şuşa əlçatmaz olanda o günləri təəssüflə anırdıq. Bu yayda Şuşaya, Füzuliyə getməyi planlaşdırmışdıq. 
Zabitənin ömür yolu bibisi oğlu Elnur Rəsulovla birləşəndə İmişliyə toya getdik. Toya iki gün qabaq gedib, üç gün sonra qayıtdıq. Toy ovqatı bir yana, qonaq olaraq unudulmaz günlər yaşadıq. Eh, hansını deyim?.. Bayatıda deyildiyi kimi: “Sənlə keçən günlərim yadıma bir-bir düşər”
Əsl adı Şəhrəbanu idi. Adını sevməzdi. “Şabı” deyilməsini istərdi. Cavan yaşda rəhmətə gedən bibisinin adı idi. Bir dəfə soruşmuşdum ki, adətən rəhmətə gedənlərin adı böyük uşaqlara verilir. Yarıciddi-yarızarafat deyərdi ki, onda xala subay olub axı. 
Kifayət xala çox savadlı və mütaliəçi xanımdır. Bacısının böyük qızlarına Mehriban, Mehparə adlarını qoymuşdu. 
Sən dünyaya gələndə artıq ər evində idi. Bundan istifadə edən rəhmətlik atan Akif Zeynalov bacısının adını sənə, anasının adını Zabitəyə vermişdi.
Toğrulumun çox sevimli Şahbibisinin aşiqləri çox olmuşdu. Amma aşiqlərini saya almayaraq yaşı altmışa çatmışdı. Mehparənin Mənzərə və Nicatını, Zabitənin Pəhlivan və Aytənini, Zeynalın Akif və İlqarını həyatı qədər sevirdi. 
Fani dünyadan gedişinlə ağlamaqdan başqa əlimizdən heç nə gəlmir. Ürəklərdə xoş xatirələrin qaldı. Məkanın cənnət, ruhun şad olsun.

Sevda Əlibəyli 
"Vətənim-Azərbaycandır.az"


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI