Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"AĞ KƏPƏNƏK ƏMƏLİYYATI"

"AĞ KƏPƏNƏK ƏMƏLİYYATI"
15-11-2021, 00:54 777 dəfə baxılıb

Polkovnik Gəraylı evdən çıxarkən bu gün on yaşı tamam olan,anasının adını daşıyan qızı Ziba ağ kəpənək libasıyla sanki uçaraq atasının yanına gəldi:
_Ata,bu gün gecikmə ha.Bax,mən Ağ Kəpənək olmuşam.Ad günümün ən gözəl qızı mən olacam.
Ziba bunu deyib öz ətrafında fırlanmağa başladı..
Polkovnik Gəraylının düşüncəli gözlərində bir təbəssüm parıldadı.O,qızının başını sığallayıb,saçlarından öptü,sonra sürətli addımlara dönüb qapıdan çıxdı...
Dövlət Təhlükəsizlik Xidmətinin aldığı bir məlumata görə məktəblərin,universitetlərin qarşısında gəncləri "ağ zəhərlə"zəhərləyən bandanın xaricdə yaşayan lideri Azərbaycana giriş etmişdir.Polkovnik Gəraylı və qrupu son üç il idi ki,bu bandanın  üzvlərindən bəzilərini izləsələr də xaricdə yaşayan liderini və Azərbaycanda yaşayan "sağ əlini" aşkarlaya bilməmişdi.Bu gərginlik qırx yaşlı polkovnikin saçlarına vaxtsız dən salmışdı.Nəhayət ki,böyük gün gəlib çatmışdı.Xaricdə işləyən əməkdaşlarından daxil olan məlumata görə özünə "Baba Yaqub" ləqəbi verən Yaqub Cahangirli-Xasməmməd Kazımov adı ilə ölkəyə girmişdir.Hava limanından etibarən DTX-əməkdaşlarının izləməsində olan "Baba Yaqub"mütləq sağ əli ilə görüşəcəkdi.Polkovnik bu əməliyyatda bütün banda üzvlərini ələ keçirməyi planlayırdı.Qırx beş nəfərlik əməliyyat qrupu artıq dörd gün idi ki,yatmırdı.

Yeniyetmələri,gəncləri zəhərləyərək,həyatlarını məhv edən bu məxluqlara qarşı hər kəsin nifrəti böyük idi.Son illərdə artan narkotik satışı hər kəsi narahat edir,övladlarından nigaran qoyur,gələcək qayğısını artırırdı.Bir də buna,keçən il DTX-nın güclü əməkdaşlarından olan,polkovnik-leytenant Üseyib Fərzəlibəylinin 17 yaşlı oğlunun narkotikdən həyata gözlərini yumması,bu ağır dərdə dözməyən Fərzəlibəylinin şəxsi silahı ilə intihar etməsi bütün hərkəsi dərindən sarsmışdı.
Bütün bunları düşünə-düşünə,fikirli halda maşın sürən polkovnik bu əməliyyatın qızının ad günününə təsadüf etməsi daha da təsirlənirdi.Bu yolda ölmək də vardı..Yox,yox ağlına gələn bu fikirdən polkovnik başını buladı.Mən "anama"söz vermişəm(polkovnik qızını anam deyə əzizlərdi)bu gün ad günündə olacam..
"Ağ Kəpənək əməliyyatı".bəli,bəli..Bu günkü əməliyyatın adı məhz belə olacaq. 
Polkovnik idarə çatanda hamı bir nəfər kimi hazırlaşmış,onu gözləyirdi.Polkovnik fərəhlə,qürurla yetirmələrinə nəzər saldı.20 nəfərin hər biri 100 nəfərə dəyərdi.Baxışları kəskin,qorxmaz,barmaqları tətikdə idi.Üzlərində qara maska olmasına baxmayaraq polkovnik hər birini tanıyırdı.Kənardan baxan heç kim,bu iyirmi igidi əsla ayırd edə bilməzdi də.Bütün bu uşaqlar onun övladları idi..
_Hə,uşaqlar,hazırıqsa yolçu yolunda gərək.
_Hazırıq,cənab polkovnik _deyə hamı bir ağızdan cavablandırdı.
Arxa-arxaya altı müxtəlif rəngli,müxtəlif markalı maşın idarədən ayrıldı...
Maşınlar gecikmələrlə cənuba doğru şütüyürdü...
Polkovnik Gəraylı ziyalı ailənin dörd övladının ən böyüyü idi.Atası Arif Gəraylı Rəhmətlik Heydər Əliyevin hakimiyyəti dövründə vətəninə,dövlətinə vicdanla qulluq etmiş,polis polkovniki idi.Yetmiş beş yaşı olmasına baxmayaraq əzəmətindən,vüqarından heç nə itirməmişdi.Gur saçlarına,,qalın qaşlarına sanki qar ələnmişdi.Anası Ziba müəllimə isə əməkdar ingilis dili müəllimi idi.Mülayim,gülərüz bir qadın idi.Lakin,hər dörd övladının təhsil-tərbiyəsi ilə şəxsən özü məşğul olmuş,gecə-gündüz nəzarətdə saxlamışdı.Ziba müəllimə amansız xəstəliyə tutulub,cavan yaşda həyata gözlərini yummuşdu.
Polkovnikin özündən iki yaş kiçik qardaşı Vüqar ölkənin tanınmış uşaq həkimlərindən idi.Bir çox ailəyə körpələrinin həyatını bəxş edən Vüqar Gəraylının hörməti dildən-dilə gəzirdi.Ailənin üçüncü övladı olan Anar Polis Akademiyası məzunu,gələcəyin ümid verən kadrlarından idi.Yaşının otuz beş olmasına baxmayaraq ağıllı,analitik düşüncəyə malik təxəyyülü var idi.Polkovnik Gəraylı hətta bir çox işdə özündən beş yaş kiçik qardaşı Anar ilə məsləhətləşər,onun düşüncəsinə baş vurardı.Nərgiz...ailənin sonbeşiyi,gözbəbəyi olan nazlı-qəmzəli Nərgiz.Bir sözü iki edilməyən,ağzından çıxan hər istəyi olan Nərgiz evin nəşə qaynağı idi.Hətta sərt,qaş-qabaqlı Arif kişini belə güldürürdü..Nərgiz Anarın yaxın dostu Kürşad ilə nişanlı idi.Lakin Nərgizin Tibb təhsilini daha təkmilləşdirməsi toylarını xeyli yubatmışdı.Bu bəzən təzə qohumlar arasında narazılığa səbəb olsa da,bu söz-söhbət qadınlar arasında qalır,ailənin kişilərinə çatmırdı.Çünkü hamı bilirdi ki,Arif Gəraylı gözbəbəyinin istəyinin əksinə getməz,lazım olarsa bu qohumluğu poza da bilərdi.
Polkovnik Gəraylı yol boyu DTX-nın qüsursuz əməliyyatlarından yaxasını sıyıran bu "sağ əli"düşünürdü.Baba Yaqubun onlarda fotoşəkilləri,xarici görünüşü ilə bağlı məlumatları olsa da,"sağ əli"heç vaxt yaxa ələ verməmişdi.DTX-nın təcrübəli işçiləri bu məsələni artıq qisas məsələsi hesab edirdilər.Polkovnik indiyəcən qurulan bütün əməliyyatları ən kiçik detayına qədər incələyir,araşdırır harda səhv etdiklərini,harda boşluq buraxdıqlarını düşünməkdən az qala başı çatlayacaq kimi olurdu.Əgər bu dəfə də olmasaydı,Polkovnik heç kimin üzünə baxa bilməzdi.Bu əməliyyat aylardır onların yuxusuz gecələrinə,əsəblərinə bais olmuşdur.Bu zaman maşının güclü silkələnməsi polkovniki düşüncələrdən ayırdı:
_Nə baş verir?-deyə sürücüdən soruşdu.
_Yoldan it keçdi,cənab Polkovnik,yanında küçükləri də var idi.Onun üçün sürəti qəfil yavaşlatmağa məcbur oldum..
_Həəə,yaxşı ki,pişik keçmədi,ay Hüseynov,yoxsa bu əməliyyatdan da əlimizi üzəydik gərək_deyə polkovnik xəfifcə gülümsədi..
_Cənab polkovnik,pişik olmayıb vaşaq da (vəhşi çöl pişiyi)keçsə,biz bu əməliyyatdan əli boş qayıtmayacağıq!
Polkovnikin belə inancları yox idi,amma özündəki gərginliyi dağıtmaq üçün etdiyi bu zarafata, yetirməsinin verdiyi cavabdan da xüsusi bir zövq duydu..
Cənuba doğru gedən maşınlar müxtəlif yerlərdə dayanacaqdılar.Bu əməliyyatın təhlükəsizliyi və uğurlu alınması üçün vacib idi.Polkovnikin iki gün əvvəl buraya yolladığı "taxi sürücüləri"hərə öz "müştərisini"tanıyırdı.Onları qarşılamaq,yerləşdirmək onlarlıq idi.
  Həyatında ilk dəfə idi ki,Polkovnik Gəraylı bu əməliyyatdan Anara bəhs edib,ailəsini,övladlarını ona əmanət etməmişdi.Çünkü o bu gün geri salamat qayıtmağa məcbur idi.
Saat 14:00 olanda maşınlar cənub şəhərinə daxil olub müxtəlif istiqamətlərə,buruldular.Yalnız Polkovnik Gəraylının avtomobili planlanlanan idarə etmə mərkəzi olan ,çiyələklərin yeşiklərdə saxlanıldığı uçuq-sökük bir tikiliyə daxil oldu.Qapının içəridən açılıb bağlanılması və avtobilin tikiliyə daxil olması beş saniyə çəkdi.Bura kəndin çiyələk plantasiyaları olan,ucqar bir yeri idi.Bu vaxtlar burda inni-cinni olmazdı.Polkovnik cəld addımlarla avtobildən enib,hazırlanan otağa keçdi.Bu uçuq-sökük daxmanın içində xüsusi dinləmə qurğuları,kompyuterlər,sensorları quraşdırılmış bir otaq idi.İçəridən izole edilən otaqda yanan gur işıqdan bayıra bir az da olsa sızmırdım.Yəni heç kim burda kiminsə olduğunu düşünə bilməzdi.
Ortalığa əməliyyat planları qoyulmuşdu,kapitan Qeybiyev dinləmə qurğusunun başında,Qaraşov isə kompyuterdən obyekti izləyirdilər.Onların dinlənilməsi hələ ki,mümkün deyildi,məsafə əlverişli deyildi.Lakin hərəkət istiqaməti görünürdü..
-Cənab polkovnik-deyə Kapitan Qeybiyev həyəcanla pıçıltı ilə səsləndi.Onun gözləri parıldayırdı-Dinləmə müvəffəqiyyətlə alındı,düzdür biraz xırıltı var,amma aydındır.._Əhsən sənə,Elnur-deyə Gəraylı da eyni pıçıltılı səs ilə yetirməsinin kürəyinə xəfifcə iki-üç dəfə vurdu.
Adətən Polkovnikin kefi yaxşı olanda uşaqlara rəsmi yox,adı ilə müraciət edərdi.
Polkovnik qulaqcığı qulağına taxıb bütün diqqətini monitora zilləmişdi.Baba Yaqubun pozuq ləhcəsi,sözləri səhv deməsi, onlara onun Azərbaycanlı olmadığını çoxdan məlum etsə də,sağ əlinin Azərbaycanlı olmasını düşündürən çox səbəbləri var idi.Bu zaman qulaqcıqdan açıq-aydın Azərbaycan dilində səlis səslər gəlməyə başladı,bu isə polkovnikin başqa bir yetirməsi,guya narkotik üçün həbs olunan,çıxdıqdan sonra isə Azərbaycandan Rusiyaya gedən,aylarla küçələrdə qaldıqdan sonra yolu bir şəkildə Baba Yaqubla kəsişən,bir müddət onun qara işlərini həll edib,güvənini qazanmağı bacaran,indilərdə də onunla Azərbaycana saxta ad-soyadla gələn Ramazan Əliyevin bacarığı sayəsində oldu.Onların görüş yerinə dinləmə cihazını uğurla yerləşdirə bilmişdi.Bu onun öz həyatı ilə böyük risqi idi.Lakin,xarici görünüşcə xırım-xırda,zəif görünən,bu kürən oğlan əslində yüz oğlana əvəz idi.Onun yerinə kim olsaydı bəlkə də bir yerdə açıq verər,əməliyyatı puç edərdi.Lakin,hətta Baba Yaqubun bir pul haqq-hesabında atışma vaxtı,özünü güllə qabağına atıb budundan yaralanmağı gözə alacaq qədər cəsur idi,Əliyev..
Səslər qırıq-qırıq və xırıltılı olsa da başa düşülürdü.İş ortaqlarının görüşdüyü məkanda dörd nəfər olmasına o əsas verirdi ki,iki nəfər öz aralarında Azərbaycan dilində danışır-digər iki nəfər isə rus dilində.
Bəzən isə Azərbaycan rus qarışırdı.
_Ağsaqqal,axır ki,gəlib çıxa bildin deyə-bayaq Azərbaycan dlində danışanlardan biri bu dəfə həmsöhbətinə rusca müraciət etdi.
_Sizinkilər göz açmağa imkan verir ki,gələm?Az qala hamamda da nəzarətləri üstümdədir-deyə Baba Yaqub xırıltılı səslə cavab verib,güldü.
_Ağsaqqal,mən sənə dedim axı,burdan narahat olma.Bura mənlikdir.Quşlar mənə hər şeyi xəbər verir,onlar düşünəndə artıq mən bilib,önləm alıram..
_Vay səni şərəfsiz,satqın it........_deyə polkovnik ürəyində yaxşıca bir yağlı söyüş söydü.._içimizdəki satqınlar..
_Hə,de görüm nə məsələdir,qoçaq?Mallardakı problem nədir belə?-Baba Yaqub soruşdu.
_Problem mallarda deyil,Baba,problem bu tatar Çingizdədir.Sənə neçə dəfə dedim ki,yolumuza çıxacaq,həll et.Sən elə inadla dedin dəymə oynasın özü üçün.Al bu da sonu,bir neçə məkanımız artıq bizden otkaz edir..
_Qudurmusan,ay qurumsaq,denən sən Baba Yaqubdan məkan oğurlayasan?_deyə Baba Yaqubun səsi xırıldadı..
Bu zaman Qaraşov əlindəki koordinatları səssizcə pilkovnikin qarşısına sürüşdürdü..
G....kəndi deməli?
Polkovnik əli ilə üç işarəsini göstərdi,və cəld addımlarla ayağa qalxıb maşına tərəf getdi.Qeybiyev bütün əməliyyat qrupuna eyni məlumatı ötürdü:
_Meyvə dərməyə gedirik...
Üç dəqiqə sonra G-kəndi istiqamətində dörd taxi şütüyürdü.
Görüşün olduğu G kəndində ucqar bir yerdə mal-qara fermasında hal-hazırda Tatar Çingizin ölüm fərmanını imzalayan ortaqların başına nə gəlməsindən bixəbər yeni narkotiklərin ölkəyə girişi,məktəb qarşılarında satış planları nəzərdən keçirilirdi..
Müəyyən bir məsafədə avtomobillərin motorunu söndürüldü.Səssizcə fermaya yaxınlaşan on səkkiz qaraltı son dərəcə diqqətli və ölüm kimi səssiz idilər.Görüş məsafəsinə girən DTX əməkdaşları ferma ətrafında yeddi silahlı adam görürdü.Lakin avtomobil gözə dəymirdi.Görünür diqqət çəkməmək üçün fermanın içində gizlətmişdilər.Yeddi nəfərin içində Əliyev də var idi.Özünü saymazyana aparması,üzündə qəti həyəcan olmaması sanki az sonra burda böyük bir əməliyyat deyildə,istirahət hiss bağışlayırdı.
Polkovnik Gəraylı sağında dayanan İlqar Vəliyevə baxıb başı ilə başlayırıq işarəsini verdi.
Ramazan Əliyev qəfil yanındakı azı özünün iki qatı olan sarı,canlı adama nəsə deyib fermanın arxasını işarə etdi.Və hər ikisi arxaya doğru keçəndə Əliyev cəld və iti hərəkətlə boynundan bir zərbə ilişdirdi.O bunu az qala hoppanıb etdi.Bir neçə saniyəlik tap səsi gəldi....Bu vaxt DTX-nın qara maskalı igidləri artıq irəli atıldılar.Polkovnik Gəraylı maximum səs çıxmadan həll etməyə çalışdıqları əməliyyat içəridən gözlənilmədən çıxan və əllərində avtomat olan üç nəfərin atəş açması ilə pozuldu.Bu saatlarda Polkovnikin ağlı içəridəkilərdə idi.Əldən qaçıra bilməzdilər.Uşaqların səyi nəticəsində doqquz nəfərin dördü zərərsizləşdirilmişdi.İçəridə sipər alan adamlar gülləni yağış kimi yağdırır,əməliyyat qrupunun işini çətinləşdirirdilər.Bu vaxt içəridən avtomobil səsi eşidildi.Narkobiznesiz üzvləri qaçırdı.Bu an sanki Gəraylının gözü döndü,gizləndiyi ot tayasından aralanıb sürətlə fermanın yan hissəsinə keçdi.Əməliyyat qrupu rəislərinin bu hərəkətindən sanki güc alaraq üstünlüyü ələ almağa başladılar.Rizvan baldırına bağladığı bıçağı sürətlə çıxardıb,əl arabasının arxasında gizlənib avtomatının darağını dəyişən banda üzvünə necə güclü atdısa bıçaq taxtanı dəlib sağ kürəyinə saplandı.O böyürüb yanı üstə yıxıldı.
Polkovnik özünü fermanın yanına yetirəndə burda iki avtobil artıq tərpənirdi.Arxa qapıdan girən Yusifə qışqırıb:_ Təkərlərinə atəş aç,özlərini sağ tutmalıyıq bu əclafların deyə əmr verdi.
Avtobillər düz polkovnikin üstünə gəlirdi,lakin sərras atışla öndəki avtomobilin təkərlərini vuran polkovnik,yana sıçradı.Arxadakı avtobil isə Yusifin atəşi ilə dəlik-deşik idi.Öndəki avtobil əlli metr gedə bilmədən kontrolunu itirib,kala-kötür yolda yan çevrildi.Polkovnik cəld avtomobilə tərəf qaçmağa başladı.Bu zaman ön şüşəni qırıb çıxmağı bacaran narkotik taciri qaçmağa cəhd etdisə də polkovnik yetişib düz başını nişan aldı:Dayan,yoxsa atəş açacam.Əllərini qaldır,sənə deyirəm,şərəfsiz,alçaq..
Qaçan adam dayandı lakin,üzünü çevirmədi
_Üzünə mənə çevir,alçaq:deyə Polkovnik Gəraylı nərildədi.Lakin yenə də üzünü çevirmədi.
Polkovnik təhlükəsizliyə əməl edib aradakı məsafəni qorusa da,artıq səbri tükənmişdi..
Odur ki,ayağının altına atəş açdı.
Əlləri başında üzü o tərəfə dayanan bu insan polkovnikin gözündə indi ermənidən də pis idi.Odur ki,onun səksənib səndələməsinə belə yazığı gəlmirdi.
_Araz....
Polkovnik Araz Gəraylının adı ilk dəfə idi ki,bu qədər qorxunc gəldi qulağına..Bu səsdən az qala bütün bədəni ürpəşdi..
Əlləri başında olan adam yavaşca üzünü çevirdi..
Polkovnikin dünya-aləm başına fırlandı..Sanki dili tutulmuşdu.Gözləri hədəqəsindən çıxacaq kimi böyümüşdü..Onun avtomatdakı əli iyirmi ildə ilk dəfə idi ki,titrəyirdi..
Sağ gözünün üstündə qaşı partlayıb,qanı yanağına süzülən,qarşısındakı nifrət etdiyi bu adam doğma qardaşı Ali Polis Akademiyasını fərqlənmə ilə bitirən,gənc yaşda mayor rütbəsinə yüksələnən,gələcək üçün güclü kadr olacaq qabiliyyətə sahib mayor Anar Gəraylı idi.....
Polkovnik səndələyib geri addım atdı.Özünü zorla ayaqda tutmağı bacarsada daxilində artıq yerlə-yeksan olmuşdu..
Bu vaxt əməliyyat üzvləri digər quldurları və qaçmaq istərkən ayağından vurulan Baba Yaqubu qıs-qıvraq zərərsizləşdirmişdilər.Polkovnikin yanına gələn əməliyyat üzvləri nə baş verdiyini anlamaqda geciksələr də Polkovnik Gəraylının adı dilindən düşməyən qardaşını tanıdılar.Bu agır dəqiqələr sanki ölüm hökmü verilmiş birinin edamındakı səssizliyə bürünmüşdü...
Polkovnik gözlərində gilələnib,görməsini toranlaşdıran yaşı və qəhərini udaraq qəti hərəkətlə silahını çiyninə asıb qardaşına yaxınlaşdı:
_Cənab polkovnik bəlkə biz......_deyə bu gərgin hadisədən boğulacaq kimi olan,polkovniki böyük qardaşı kimi çox istəyən,dəyər verən Ramazan Əliyev soruşsa da,polkovnik onun sözünü yarıda kəsdi:
_Yox,mən özüm,bu alçağı layiq olduğu yerə yollayacam_deyə qollarını arxadan sərt hərəkətlə bağladı..
Anar Gəraylı sankı yaşamırdı,şüursuzca qardaşının qollarını bağlamasına təslim oldu..
Xidmət maşınları artıq ərazi üzərində tam nəzarəti ələ almışdılar.Lakin Anarın maşınında ağır yaralı biri daha var idi.İlkin tibbi yardım çağırılmışdı.Polkovnik nifrət hissi ilə məhkum maşınına aparılan qardaşına baxıb,yaralıya tərəf getdi.İlahi bu nə sınaq idi?Axı,belə ola bilməzdi...Polkovnik ikinci dəfə sarsıldı...Həyatında heç vaxt bu qədər çarəsiz,bu qədər köməksiz hiss etməmişdi...Anarın qaçmaq istədiyi avtomobildəki ağır yaralı Anarın yaxın dostu,gözünün bəbəyi Nərğizin nişanlısı Kürşad idi...
Əməliyyat dövlət səviyyəsində böyük bir uğurla başa çatdırılmışdı.Lakin əməliyyata gedərkən olan həyəcan,təlaş,qalib şəkildə qayıdan əməliyyat qrupunu məyus etmişdi.Bir neçə saat içində,gözlərinin önündə dağ boyda polkovnik Gəraylının kiçilib,ufaldığını görmək yetirmələrini yasa boğmuşdu.Yol boyu heç kimin ağzını bıçaq açmadı..
Gəraylı şöbəyə qayıdan kimi otağına keçdi.Kreslosunda əyləşib əllərini başının arasına alıb,dərinə daldı..Bu olanlar ona yuxu kimi gəlirdi.Bütün baş verənlərdə Anar qədər özünü də günahkar sayırdı.Çünkü o bütün əməliyyatlarda özü qədər güvəndiyi qardaşıyla paylaşırdı,onun düşüncələrini dəyərləndirirdi..Özü də bilmədən o bu böyük günaha ortaqlıq edirmiş..
Polkovnik Gəraylı bir saat kimi otağında səssizcə oturdu.Bu zaman onu xəyalından ekranda "Anamm"yazısı olan zəng ayırdı.Polkovnik çətinliklə özünü ələ alıb,titrəyən əli ilə "yes"düyməsini sıxdı:
Telefonun o ucunda şad-xürrəm səs eşidildi:
_Ata,atacan bəs gəlmirsən?Axı qonaqlar gəlib,sən gəlməsən şamları söndürmərəm,heç kimə də tort vermərəm haaaa.._
Polkovnik dərindən ah çəkib,zorla gülümsədi:
_Gəlirəm,Anam,gəlirəm..
Gəraylı ağır-ağır yerindən qalxıb qapıya doğru getdi..Qapının qulpundan tutub geri boylandı,otağın hər yerinə diqqətlə nəzər salıb,köks ötürdü..Qapını açıb bayıra çıxanda,cərəyan Polkovnikin im stolunun üstündəki kağızı uçurub yerə saldı..
Bu Polkovnik Araz Gəraylının İstefası üçün yazdığı Ərizə idi...
ÇİNARƏ SEYRAN
VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI