Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident görüşlər keçirdi - Fotolar - Yenilənib

Prezident görüşlər keçirdi - Fotolar - Yenilənib
2-03-2023, 17:31 215 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ



Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Liviya Dövləti Prezident Şurasının sədri Məhəmməd Yunis Əl-Mənfi ilə görüşüb.
VETENİM-AZERBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçısı Məhəmməd Yunis Əl-Mənfiyə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirakına görə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanla Liviya arasında siyasi əlaqələrin çox yaxşı olduğunu, ikitərəfli münasibətlərimizin inkişafı üçün geniş imkanların mövcudluğunu qeyd edib.
Azərbaycanın xarici siyasətində Ərəb dövlətləri ilə əlaqələrin inkişafının prioritetlərdən biri olduğunu deyən dövlət başçısı Ərəb Dövlətləri Liqasının ötən il Əlcəzairdə keçirilən Zirvə toplantısında iştirakını məmnunluqla xatırlayıb, bu tədbirin Azərbaycanın Ərəb dövlətləri ilə münasibətlərin genişləndirilməsi işinə mühüm töhfə verdiyini vurğulayıb.
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün yüksək səviyyədə təşkil olunduğunu və onun böyük əhəmiyyət kəsb etdiyini deyən Məhəmməd Yunis Əl-Mənfi bu tədbirə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizin sədrlik dövründə bu Hərəkatın inkişafı üçün ciddi səylər göstərdiyini və töhfələr verdiyini qeyd edib.
Liviya Dövləti Prezident Şurasının sədri dövlət başçısının Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilmiş sammitindəki çıxışını diqqətlə dinlədiyini məmnuniyyətlə vurğulayıb.
Ölkəsinin Azərbaycanla əlaqələrdə maraqlı olduğunu qeyd edən Məhəmməd Yunis Əl-Mənfi deyib ki, beynəlxalq gündəlikdə duran bir çox məsələlərə münasibətdə Azərbaycanın və Liviyanın mövqeləri üst-üstə düşür.
Görüşdə münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün birgə səylərin davam etdirilməsinin vacibliyi bildirilib, bu xüsusda qarşılıqlı sərmayələr, tikinti, enerji sahələrində əməkdaşlığın önəmi qeyd olunub. Həmçinin Hökumətlərarası Komissiyanın fəaliyyətinin aktivləşdirilməsinin və beynəlxalq təşkilatlar çərçivəsində, həmçinin OPEK+ formatında əməkdaşlıq məsələsinin əhəmiyyətinə toxunulub.
***
Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Ayman Benabderrahmanla görüşüb.
Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakını məmnunluqla xatırladıb. Dövlət başçısı səfər çərçivəsində Azərbaycanla Əlcəzair arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair müzakirələrin də aparıldığını diqqətə çatdırıb.
Baş nazir Əlcəzair Prezidenti Abdelmacid Tebbunun səmimi salamlarını dövlətimizin başçısına çatdırıb.
Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını və ölkəmizə səfər etməklə bağlı dəvətini Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.
Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünə dəvətə görə minnətdarlığını bildirən Baş nazir bu tədbirin yüksək səviyyədə təşkilinə və Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyinə görə Prezident İlham Əliyevi təbrik edib, ölkəmizin sədrliyi sayəsində Hərəkatın beynəlxalq münasibətlərdə oynadığı rolun daha da gücləndiyini vurğulayıb.
Ayman Benabderrahman Əlcəzairin Azərbaycanla qarşılıqlı münasibətlərin hərtərəfli inkişafında maraqlı olduğunu deyib. Qeyd edib ki, hazırda parlamentlərarası əməkdaşlıq və ədliyyə sahəsində əlaqələrimiz inkişaf edir, eyni zamanda, Xarici İşlər nazirlikləri səviyyəsində siyasi dialoq mexanizmi başlayıb və yaxın vaxtlarda siyasi məsləhətləşmələr keçiriləcək.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin bu ilin sonunda başa çatacağını vurğulayan dövlətimizin başçısı deyib ki, ölkəmiz sədrliyi dövründə Hərəkatın təsisatlanması istiqamətində fəal şəkildə çalışıb.
Prezident İlham Əliyev, həmçinin azərbaycanlı mütəxəssislərin, o cümlədən neftçilərin, geoloqların və mədəniyyət xadimlərinin Əlcəzairdə uğurla fəaliyyət göstərdiklərini deyib.
Baş nazir Ayman Benabderrahman da öz növbəsində Əlcəzair müstəqillik qazanandan sonra azərbaycanlı mütəxəssislərin ölkəsinin inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirildiyini vurğulayıb.
***
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösini qəbul edib.
Tsaba Körösi Qoşulmama Hərəkatının sammitinə dəvətə görə minnətdarlığını bildirib, Hərəkatın beynəlxalq münasibətlər sistemində mühüm rola malik təsisat olduğunu qeyd edib. O, Azərbaycanın sədrliyi dövründə Hərəkatın BMT Baş Assambleyasında və ümumiyyətlə, beynəlxalq münasibətlərdə rolunun daha da gücləndiyini deyib, ölkəmizin Hərəkatın təsisatlanması üçün praktiki təkliflərlə çıxış etdiyini vurğulayıb. Tsaba Körösi, həmçinin BMT Baş Assambleyasına həm maliyyə nöqteyi-nəzərindən, həm də kadrlar vasitəsilə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, Baş Assambleyanın ofisində azərbaycanlı mütəxəssisin də çalışmasını müsbət amil kimi dəyərləndirib.
Dövlət başçısı öz növbəsində Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakına görə Tsaba Körösiyə təşəkkürünü bildirib, BMT-nin ali orqanları, o cümlədən Baş Assambleya ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının COVID-19-a qarşı xüsusi sessiyasının keçirildiyini xatırladıb.
Azərbaycanın böyükmiqyaslı mina problemi ilə üzləşdiyini, müharibənin başa çatmasından sonra - 2020-ci il noyabrın 10-dan indiyədək 300-ə yaxın vətəndaşımızın mina partlaması səbəbindən həlak olduğunu və ya yaralandığını bildirən dövlət başçısı hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev ölkəmizin minatəmizləmə üzrə yeni Dayanıqlı İnkişaf Məqsədinin təsis edilməsi təşəbbüsü ilə çıxış etdiyini, BMT çərçivəsində də bununla bağlı müzakirələrin aparılmasının vacibliyi vurğulayıb, BMT-nin ali orqanlarında islahatların aparılması məsələsinə toxunub.
Görüşdə qlobal iqlim dəyişikliyi, su problemi və ərzaq təhlükəsizliyi məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.






VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI