Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İtaliya Azərbaycan qazına ümid edir - İlham Əliyev regionda yeni imkanlar yaradır

İtaliya Azərbaycan qazına ümid edir - İlham Əliyev regionda yeni imkanlar yaradır
23-02-2023, 09:38 165 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Qitədə sürətlə inkişaf edən siyasət fonunda Azərbaycan zamanla ayaqlaşır, Avropa İttifaqı üçün ən mühüm tərəfdaşlardan birinə çevrilir. Məhz Prezident İlham Əliyevin aydın xarici siyasəti sayəsində Azərbaycan artıq Avropada öz mövqelərini möhkəmlətmişdir.
İtaliya bu baxımdan Azərbaycanın ən yaxın Avropa tərəfdaşlarından biridir. İki ölkə arasında əməkdaşlıq hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edib və bu tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində fəal iş aparılır.
Dövlətimizin başçısı İtaliyanın "Leonardo" şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşündə vurğuladığı kimi, İtaliya Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşıdır, İtaliyanın üç nazirinin son aylarda Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin inkişafının real göstəricisidir.
Təbii ki, qitənin enerji təhlükəsizliyinin təhlükə altında olduğu bu çətin dövrdə Azərbaycanın enerji resurslarına hər zamankindən daha çox ehtiyac var. Azərbaycanla İtaliya arasında bu sahədə əlaqələr inkişaf edir.
İtaliya 2022-ci ildə Azərbaycandan əsas qaz idxalçısı olub. Son bir ildə ölkəyə idxal olunan Azərbaycan qazının həcmi 8,21 milyard kubmetr təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 34,3 faiz çoxdur.
Bu baxımdan, İtaliya da daxil olmaqla, Avropanın mühüm hissəsini Azərbaycan "mavi yanacaq"ı ilə təmin edən Trans-Adriatik Boru Kəmərinin (TAP) rolunu qeyd etməmək olmaz.
TAP-ın icraçı direktoru Luka Skyepatti Trend-ə özəl müsahibəsində deyib ki, 2022-ci il dekabrın 31-də bu layihənin işə düşməsindən iki il keçir və o vaxtdan boru kəməri ilə tədarüklər artıq 19 milyard kubmetr təşkil edib. 2022-ci ildə TAP Avropaya təqribən 11 milyard kubmetr təbii qaz nəql etdiyi halda, təkcə İtaliyaya TAP vasitəsilə nəqlin həcmi bir ildə 41 faiz artıb.
Eyni zamanda, onun sözlərinə görə, hələ bu ilin sentyabrında TAP-ın gücünü ikiqat artırmaq üçün bazar sınağı çərçivəsində məcburi təkliflərin qəbulunun ikinci mərhələsinin keçirilməsi planlaşdırılır ki, nəticədə boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırılması mümkündür.
"2025-ci ilin sonunda istifadəyə veriləcək yeni uzunmüddətli istehsal ilə bağlı daşıma müqavilələri imzalayırıq. Bu həcmin 1 milyard kubmetri İtaliyanın, 200 milyon kubmetri isə Albaniyanın payına düşəcək. Bu həcmin 1 milyard kubmetri İtaliyanın, 200 milyon kubmetri isə Albaniyanın payına düşəcək", - deyə o əlavə edib.
Bundan əlavə, bu yaxınlarda "Azərenerji" ASC ilə İtaliyanın "Ansaldo Energia" şirkəti arasında Azərbaycana dörd qaz turbininin tədarükü haqqında müqavilə imzalanıb. Bu saziş İtaliyanın Avropanın enerji qovşağı kimi mövqeyini müəyyən edəcək və Azərbaycanın Avropa bazarında mövqeyini gücləndirəcək
Ölkələr arasında ikitərəfli gündəm daha da genişlənir. Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya səfəri zamanı imzalanmış strateji tərəfdaşlığın möhkəmləndirilməsinə dair birgə bəyannamə iki ölkə arasında əlaqələrin inkişafının gələcək istiqamətlərini müəyyən edib. Bu geniş əhatəli sənəd siyasi, iqtisadi, mədəni-humanitar sahələrə qədər bütün sahələri əhatə edir. Eyni zamanda, müxtəlif beynəlxalq platformalarda qarşılıqlı dəstəyi nəzərdə tutur.
Elə ötən gün iki ölkə arasında növ rejimi məsələlərini, yəni təhsil və turizm məqsədilə İtaliyaya səfər etmək istəyən Azərbaycan vətəndaşlarına vizaların verilməsinin genişləndirilməsi imkanlarını, habelə sənədlərin qarşılıqlı tanınması məsələsi müzakirə olunub.
Həmçinin, son vaxtlar tərəflər iki ölkənin özəl sektoru arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, o cümlədən Azərbaycan-İtaliya biznes forumunun keçirilməsi və birgə sənaye-ticarət palatasının yaradılması imkanlarını müzakirə ediblər.
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsi 2021-ci ildəki 9,6 milyard dollara qarşı ötən il ərzində təxminən iki dəfə artaraq 18,1 milyard dollar təşkil edib. Azərbaycanın Apennin yarımadasına ixracı 92,3 faiz artaraq 9,2 milyard dollardan 17,7 milyard dollara yüksəlib. İtaliya həm 2021, həm də 2022-ci illərdə ümumi ticarət dövriyyəsinə görə, və Azərbaycandan əsas idxal edən ölkələr arasında birinci yerdədir.
Bu baxımdan Azərbaycan neftinin İtaliyaya tədarükü iki ölkə arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini təşkil edir. 2022-ci ildə Azərbaycan neftinin ölkəyə ixracı 8,9 milyon ton, ümumilikdə 6,6 milyard dollar təşkil edib. 2022-ci ilin dekabrında Azərbaycan İtaliyaya əsas xam neft ixracatçıları arasında birinci olub.
Üstəlik, İtaliya Azərbaycanın işğaldan azad edilmiş torpaqlarda apardığı yenidənqurma və bərpa proseslərindən kənarda qalmayıb, layihələrə ilk qoşulan ölkələrdən biri olub. İtaliya şirkətləri dini obyektlərin bərpasında, eləcə də muzeylərin tikintisi və dizaynında fəal iştirak edirlər.
Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr təkcə iki ölkənin deyil, həm də böyük coğrafiyanın maraqlarını təmin edir.
Bütün qeyd olunanları nəzərə alaraq əminliklə demək olar ki, Azərbaycan ilə İtaliya arasında çiçəklənən əməkdaşlıq təkcə ayrı-ayrılıqda hər bir ölkənin deyil, bütün regionun iqtisadi və siyasi inkişafına öz töhfəsini verəcəkdir. Hər iki ölkə enerji tərəfdaşlığının Avropaya sabitlik və təhlükəsizlik gətirəcəyini başa düşür.
Prezident İlham Əliyevin uğurlu, çoxşaxəli siyasəti nəticəsində bu gün yaradılan imkanlar Avropa üçün ümid işığıdır. Azərbaycanın neft-qaz sənayesində layihələrini həyata keçirmə tərzi həmişə ölkəyə öz tərəfdaşları tərəfindən böyük hörmət qazandırıb. Bununla belə, getdikcə daha çox ölkə təkcə enerji sektorunda deyil, Azərbaycanla əlaqələri inkişaf etdirmək istəyini nümayiş etdirir. Son illərdə avropalı tərəfdaşlarla imzalanan bir sıra strateji sənədlər bu siyasət istiqamətinin əhəmiyyətini təsdiqləyir. Cənubi Qafqaz ölkələri arasında lider olan Azərbaycan təkcə ən yaxın qonşuları üçün deyil, bütün qitə üçün getdikcə daha çox əhəmiyyət kəsb edir.

VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI