Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Kamal Abdullanın sirli müdrikliyi - Rəşad Məcidin yazısı

Kamal Abdullanın sirli müdrikliyi - Rəşad Məcidin yazısı
4-12-2022, 15:58 273 dəfə baxılıb

Rəşad MƏCİD
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, "525-ci qəzet"in baş redaktoru

1990-cı illərdə mərhum Aydın Məmmədovun başçılıq etdiyi Tərcümə Mərkəzində müavin işləyirdim və Kamal Abdullanı da elə o vaxtlar Aydın müəllimin dostu kimi tanıdım. Daha doğrusu, o zamandan başlanan, sonradan dostluğa çevrilən tanışlığımız indiyə kimi davam edir desəm, yanılmaram.
 
Əgər Kamal Abdullanı bir neçə sözlə ifadə etmək lazım gəlsə, mən onu Öz İçində Gizlənən Adam kimi səciyyələndirərəm. Məncə, onun bu xarakteri və obrazı istər ictimai fəaliyyətində, istərsə də əsərlərində özünü göstərir. Nədənsə tez-tez mənə elə gəlir ki, hətta bizlər də, ən yaxın dostları da bu soyuqqanlı, sakit, təmkinli görkəmin arxasındakı, içindəki gerçək Kamal Abdullanı tanımırıq. Hansısa ağrı, ya sirr var ki, bunu da yalnız yazıçı özü bilir. Əsərlərinin də bu qeyri-adi biçimi, ovqatı, üslubu, hətta fərqli dili onun yazdığı mövzuların içərisində gizlənmək istəyindən, öz ağrılarını pərdələmək niyyətindən və dünyanın bütün dadını duyub görmüş insana xas müdrikliyindən irəli gəlir. Bunu yazıçının ən məşhur əsərləri olan "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi"ndə də müşahidə etmək mümkündür. Məncə, bu fərqlilik, qapalılıq heç də sadəcə, müasir, yeni ədəbiyyat yaratmaq, yaxud orijinal görünmək xatirinə deyil. Kamal Abdullanın böyük hadisələrə, dərdlərə, problemlərə bir az ironik, soyuqqanlı yanaşmasında, insanların bütləşdirdiyi, doqmaya çevirdiyi məsələləri sakit tərzdə yazmasında onun xarakteri, həyata baxışı özünü göstərir.

Doğrusu, bu yubileyində Kamal müəllimin "sirlərini açmaq", əsərlərindən görünən, gündəlik proseslərdə müşahidə edilən, bəzən bir kiçik detalla, bəzən böyük hadisələrlə "özünü təqdim edən" yazıçını hər kəsə tanıtmaq kimi bir niyyətim yoxdur. Mənə görə, Kamal müəllimin ən qabarıq və indiki zamanda xeyli fərqli tərəflərindən biri istedadlı adamı dəyərləndirməsi, istedada qiymət verməsidir. Həm də Kamal müəllimin bunu sadəcə, gündəlik işi kimi, işlərinin tərkibi kimi etməsi xeyli təsirləndiricidir. O, yaxşılığı özünütəsdiq üçün, yaxud da dost məclislərində mövzuya çevirib təriflənməkdən ötrü eləmir. Elədiyi yaxşılıqları çox zaman unudur.
Bir dəfə Bakı Kitab Mərkəzində Kamal Abdullanın rumın dilində dərc olunan "Sehrbazlar dərəsi" kitabının təqdimatında iştirak etdim. Tədbir iştirakçıları ilə birlikdə əvvəl kitabın tərcüməçisinə qulaq asdıq, sonra yazıçının fərqli fikirlərini dinlədik. Gün Kamal Abdulla günü idi. Ondan bir neçə saat öncə Multikulturalizm Mərkəzinin yubiley tədbirində də maraqlı çıxış etmişdi. Kamal müəllim protokolu da nəzərə alır, məmurluqdan doğan tələblərə riayət edirdı, amma yazıçılığını da unutmur - şablon, standart, çərçivəli danışmır, obrazlarla, yığcam detallarla hadisələrə bədii yük qatır, düşündürürdü...
Kamal Abdulla düşündürür... Yazdıqlarıyla da, söylədikləriylə də! Əsas da çoxqatlı mətnləriylə! "Unutmağa kimsə yox" - deyir! Yəni unudulası kimsə qalmayıbmı, hamı yaddadırmı?! Amma "Kimsə yox xatırlamağa" da deyir axı... Bilmirsən, "hamını unutmuşam" deməkdir bu, ya "dostlar hamısı yerindədir, unudulmalı kimsəm yoxdur!" - mənasındadır?!
Müəmmalarla, sirlərlə üzləşdirir zehnimizi Kamal Abdulla, fərqli yollara işarə edir, bu yollarla cavablar axtarışına çıxırsan onunla birgə. Özü isə hər suala cavabında yeni suallar yaradır. Misraları, cümlələri dillərə düşür, az qala, şüara, aforizmə çevrilir. Çox zaman heç sözlərinin dərininə gedilmir də!
Bir də görürsən, sonadək dəyişməyənləri, etibarlı və faydalı olsalar da, maraqsız adlandırır! "Maraqlı olanlar dəyişən dostlardır!" - deyir. Yenə bir sualla üz-üzə qalırsan! Nə dedi bununla Kamal Abdulla?! Sadiq olanlar, etibarlı dostlar maraqsızdır?! Narahatlıq verənlər, etibarsız davrananlar orijinaldır, maraqlıdır yəni?! Yoxsa dostlarını hərəkətə, dinamikaya çağırır, diri olmaları üçün bu yolla qıcıqlandırır?!
"Yazmaq üçün təcrid əsasdır" deyib "sivilizasiyadan uzaq" bir guşəyə çəkilir tez-tez!  Sonra üzə çıxıb yeni yazılarıyla düşünməyə mövzu verir, bizi işıq axtarışına, sözlə ünsiyyətə sövq edir!..
Yadımdadır, məclislərin birində Kamal müəllimin əl tutduğu, dəstək olduğu neçə-neçə adam haqqında danışılanda onun bütün bu deyilənləri xatırlamadığını və səmimi təəccübləndiyini müşahidə etmişdim. Kamal müəllimin gənc nəslə qayğısını, köməyini Bakı Slavyan Universitetinin rektoru işlədiyi vaxtlardan da hər kəs müşahidə edib. Bir müddət mən də həmin universitetdə dərs demişəm və tələbələrin öz rektorları haqda səmimi, xoş sözləri, başqa universitetlərlə müqayisədə BSU-da yaradılmış demokratik mühit barədə dedikləri yaxşı yadımdadır. Böyük oğlum bu universitetdə təhsil alıb, onun da tələbəykən görüb müşahidə etdikləri, azad mühit, obyektiv imtahan sistemi haqda danışdıqları Kamal müəllimin rəhbər kimi qurduğu sistemin fərqliliyini göstərirdi. Bu gün də media mühitində BSU-nun Jurnalistika fakültəsinin məzunları xüsusi hazırlığı, savadı ilə seçilirlər. Onun rektorluğu dövründə Slavyan Universitetində Yaradıcılıq fakültəsinin fəaliyyətə başlaması, neçə-neçə istedadlı gənci öz ətrafında birləşdirməsi də çox mühüm məqamlardan biridir.
İllər öncə Kamal Abdullanın "Kamal Mehdi" imzasıyla yazdığı şeirlərdə də onun qeyri-adi xarakteri nəzərə çarpırdı. Yadımdadır, o şeirləri oxuyub onlardakı sirrin, sehrli auranın səbəbini xeyli düşünmüşdüm.
Görünür, mərhum rejissor Vaqif İbrahimoğlunun da Kamal Abdulla yaradıcılığına meylinin, marağının əsas səbəblərindən biri bu idi. Fərqli estetikası ilə seçilən "YUĞ" Teatrında Kamal müəllimin əsərləri tez-tez səhnələşdirilirdi, elə indi də teatr bu silsiləni davam etdirir.
Kamal müəllimin nəsrindən danışanda adətən, "Yarımçıq əlyazma" və "Sehrbazlar dərəsi" romanlarının adı çəkilir. Yazıçı bu əsərləri ilə Azərbaycan nəsrinin xaricdə tanınmasına, təbliğinə də öz töhfələrini verib. Bu əsərlər rus, ingilis, ərəb, fransız, ispan və neçə-neçə başqa dillərə tərcümə olunub, müxtəlif ölkələrdə işıq üzü görüb. Hələ o zamanlar "Yarımçıq əlyazma"nın kitab halında çapından öncə doğurduğu fərqli, təzadlı fikirlər məni düşündürmüşdü. Əsəri oxuyub fikirlərimi yazmışdım və müəyyən parçaları "525-ci qəzet"də yayımlamışdıq. O vaxtlar qəzetimizin təsis etdiyi "İlin bədii əsəri" mükafatını da bu romana görə Kamal Abdullaya təqdim etmişdik. Bundan öncəki illərdə həmin mükafatı Elçinin "Sarı gəlin", Anarın "Ağ qoç, qara qoç" əsərləri almışdı.
Hesab edirəm ki, Kamal Abdullanın "Unutmağa kimsə yox" romanı son illər Azərbaycan romançılığında ən yaxşı əsərlərdən biridir. Çağdaş dünya romançılığının, müasir nəsr estetikasının bütün tələblərinə cavab verən bu roman Kamal müəllimin ən sevdiyim əsəridir. Doğrusu, ədəbi tənqidin və mühitin bu əsərə lazımi reaksiya verməməsi, əsərin alt qatlarına enən dəyərli təhlili yazıların azlığı məni heyifisləndirir.
Fikrimcə, Xalq yazıçısı Kamal Abdulladan danışarkən, onun ancaq Azərbaycan nəsrinə bəxş etdiyi bu üç romanından söz açmaq, heç də kifayət etmir. Çünki Kamal Abdulla həm də qorqudşünas alimdir. Onun uzun illərdən bəri Türk dünyasının möhtəşəm abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanını dərindən tədqiq etməsi, qorqudşünaslığa verdiyi bir-birindən dəyərli töhfələrlə onu daha da inkişaf etdirməsi, eləcə də dastanın bütün dünyaya bir daha ən yaxşı şəkildə tanıdılması üçün gördüyü işlər Azərbaycan filologiyasının mühüm mərhələsini təşkil edir.
Kamal Abdulla dastana birtərəfli yanaşmır, onu daha dərindən, ən gizli mətləblərinə vararaq, bəzən bir qorqudşünas, bəzən bir dilçi, bəzən də sanki bir xəfiyyə kimi araşdırır, öyrənir və öyrədir. Onun "Gizli Dədə Qorqud", "Sirr içində dastan, yaxud Gizli Dədə Qorqud - 2", "Mifdən Yazıya, yaxud Gizli Dədə Qorqud" kimi bir-birini tamamlayan silsilələri, "Kitabi-Dədə Qorqud"un poetikasına giriş" monoqrafiyaları mövzuya elmi baxışıdırsa, "Yarımçıq əlyazma" romanı, "Casus", "Beyrəyin taleyi" pyesləri, şeirləri, esseləri isə bədii yanaşmasıdır.
"Kitab oxumadan da bic, hiyləgər, çoxbilmiş, işini bilən, hətta ağıllı, yaxşı, səmimi, mərhəmətli, dəyanətli, cəsarətli, bir sözlə, sevimli olmaq mümkündür. Belə adamları həyatda görür və tanıyırıq. O zaman kitab oxumaq bizə nə verir?! Niyə biz hamını elə davamlı olaraq kitab oxumağa məcbur edirik?! Bu paradoksu necə yozmaq, necə həll eləmək lazımdır - mən bunu bilmirəm. Əsl sirli və həlledilməz məqam da elə budur..." Bu fikirlər Kamal Abdullanın bir zamanlar "525-ci qəzet"də dərc olunan esselərindəndir. Orda ədəbiyyat, yazıçı taleyi haqda maraqlı fikirlər var! Eko ilə görüşün təsviri də füsünkar və canlıdır. Rahat oxunan bu iki səhifəlik esselərdə düşünməyə, müzakirə və mübahisə etməyə çoxlu məqamlar var. Amma nədənsə mənim beynimdə məhz yuxarıda gətirdiyim fikirlər ilişib qalıb. O vaxtdan bu vaxta nə qəbul edə bilirəm, nə əksinə arqument tapa bilirəm!
Sonralar Feysbukda on il boyunca paylaşdığım statuslarımdan, sms-esselərimdən ibarət "Qələmsiz yazılanlar" kitabımda Kamal Abdullanın bu esselərini xatırladım. Düşündüm ki, statusların bəzilərində akademik Kamal Abdullanın həmin o yığcam və dərin mənalara sahib esselərinin təsiri hiss olunur. Bununla bağlı Kamal müəllimə öz təşəkkürümü də çatdırdım, esselərinə görə minnətdarlığımı bildirdim. Onun münasibəti də məni mütəəssir etdi.
Yazımın əvvəlində vurğuladığım kimi, Kamal müəllim çoxları üçün öz içində gizlənmiş, sirli adam təsiri bağışlayır. Yəqin ki, bu, həm də doğmalarını, dostlarını qayğıları ilə yükləməmək istəyindən, təvazökarlıqdan, müdriklikdən irəli gəlir. Odur ki, mən də onun haqqında danışarkən hansısa sirr açmağa çalışmaq, qeyri-adi şərhlər verməyə cəhd göstərmək niyyətində deyiləm. Sadəcə, doğum günündən, yubiley yaşından istifadə edib dəyərli alimi, istedadlı yazıçını, hər zaman inanıb güvəndiyim əziz və doğma insanı təbrik etmək, ona yeni-yeni yaradıcılıq uğurları, daha böyük nailiyyətlər arzulamaq istədim.
70 illik yubileyiniz mübarək, Kamal müəllim!


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI