Dəhşətli 20 Yanvar qırğınından 32 il ötür. O qanlı tarixin acı yaşantıları yaşlı və orta nəslin nümayəndələrinin yaxşı xatirindədir. Meydan hadisələrindən qığılcım götürüb alovlanan hadisələr 20 Yanvar qırğınıyla başa çatdı. Həmin günlər Azərbaycanda vəzifə kreslosu uğrunda qırğınlar gedəndə Daxili İşlər naziri, general-mayor Aydın Məmmədov istefa ərizəsi yazan ilk nazir oldu.
Sonralar milli azadlıq hərəkatının liderləri etiraf edirdilər ki, hərəkatın beşikdə boğulmaması üçün, onların qəhrəmanlıqları üçün şərait lazım idi. Bu şəraiti Azərbaycan SSR-in Daxili İşlər naziri, ruhən, qəlbən isə xalqın naziri olan Aydın Məmmədov yaradırdı. Bu mənada Aydın Məmmədov Azərbaycanın müstəqillik tarixinə birinci düşən şəxslərdəndir.
Aydın Məmmədovun ömür yolunu əks etdirən ilk kitabım “Xəzərin general oğlu” (2002) mənə çox əzizdir. Ömrünün yaşantılarını az-az bölüşdüyü duyğularını, göynərtilərini olduğu kimi – bütün dolğunluğuyla, zənginliyilə gətirdim yazıya. Gözümün nuru, ürəyimin oduyla. Gecəylə gündüzün sərhədini itirdim. Amma “ölə-ölə yazmadım, yaza-yaza öldüm” (Məmməd Araz). Sonda hamının rəğbətlə qarşılaşdığı bir insandan kitab yazdığıma görə fəxarət duydum.
Aydın Məmmədovun haqq dünyasına qovuşmasından 20 il ötdü. Unudulmaz xatirəsi daim tanıyanların ürəklərində olan qəhrəmanımın kitabından 20 Yanvarla bağlı yaşantılarından bir hissəni oxucuların ixtiyarına verirəm.
Sevda Əlibəyli
General-mayor Aydın Məmmədov xatirələrdə.
General-mayor Aydın İsrafil oğlu Məmmədov 1939-cu ilin martın 22-də Azərbaycanın Astara şəhərində anadan olmuşdur.
Azərbaycanlıdır. 1956-cı ildə Bakı Dənizçilik məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu, 1983-cü ildə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1956-60-cı illərdə Xəzər Dəniz Gəmiçiliyinin “Qəhrəman Mehdi” gəmisində matros, 1960-cı ildə Bakı şəhər 26-lar rayon komsomol komitəsində təlimatçı, 1960-63-cü illərdə Bakı Dənizçilik Məktəbində komsomol komitəsinin katibi, 1963-65-ci illərdə Xəzər Dəniz Gəmiçiliyində komsomol komitəsinin katibi, 1965-69-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini, 1969-71-ci illərdə Xəzər Dəniz Gəmiçiliyində partiya komitəsi katibinin müavini, 1971-78-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması işçiləri həmkərlar ittifaqı komitəsinin sədri, 1978-80-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi partiya komitəsinin katibi, 1980-87-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində nəqliyyat və rabitə şöbəsinin müdiri, 1987-90-cı illərdə Azərbaycanın Daxili İşlər naziri, 1990-92-ci illərdə Bakı Dəniz Ticarət Limanının rəisi, 1992-ci ildən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru vəzifələrində işləmişdir. “Şərəf Nişanı”, “Qırmızı Əmək Bayrağı” ordenləri və bir çox medallarla təltif olunmuşdur.Almaniya, Yaponiya, Finlandiya, Fransa, İngiltərə, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan, Belçika, Hollandiya, Avstriya və digər ölkələrdə rəsmi səfərlərdə olmuşdur. Ailəlidir. İki oğlu, bir nəvəsi var.* * *Müxtəlif ensiklopediyalarda belə yazılıb onun ömrünün illəri. Quru rəqəmlərin sadəcə sadalanmasıdır bu illər. Quru qəlibləri dağıdan Aydın Məmmədov kimi bir insanın isə gerçək həyatının heç də həmişə uğurlu, hamar, bəxtəvər olmayan səhifələri var.
Ensiklopediyalarda yazılan rəqəmlər nəsillər dəyişdikcə təkrarlanacaq, neçə yüzillikləri, minillikləri adlayacaq. Bəs İnsan Aydın Məmmədov? – Gələn yüzilliklərdə gələcək nəsillər onun XX yüzilliyin ikinci yarısında Azərbaycan xalqı üçün kim olduğunu biləcəkmi?
Mən bir jurnalist kimi məhz bu duyğularla onun ömür yolunun bəzi məqamlarını keçməyə, yarım əsrə yaxın əmək fəaliyyətinin bəzi səhifələrini vərəqləməyə, ürəklərdə əbədi yaşayacaq məhəbbətindən söz açmağa çalışacağam.
Görəsən insan ömründə sarsıntılar, həyəcanlar olmasaydı, normal ömür nə qədər olardı?- Yəqin ki, ən qısası yüzü haqlayıb keçərdi. 20 Yanvardan sonra 11 il 11 ay 11 gün 11 saat yaşadı. On ikinci ilin tamamı vəfatının qırxıncı gününə düşdü. 20 Yanvardan sonra sadaladığımız bu ömürdə dərdi içində yaşatdı. O müdhüş günün hər ildönümü gələndə sarsıldı, ekranlardan boşboğazların yalan söhbətlərini eşidəndə daxilən sındı, nifrətdən çatladı.
Bu gün milli hərəkatın liderləri pafosla deməsinlər ki, qəhrəman idilər. Onların qəhrəman olması üçün respublikada şərait lazım idi.
Bizimçün tarix olan 20 Yanvar onunçün tale idi. Nazir ömrünün bəxti həmin vaxta düşməliymiş. Onun taleyi bu faciəli sınaqlardan zəfərlə çıxmış taledir. Çünki ən ağır günlərdə xalqı əliyalın qoyub qaçmadı, kürsü davasına girmədi. Xalqın tökülən qanı üstündə hakimiyyət davası gedəndə, respublikanın rəhbər işçiləri vəzifə tutmaq “yarış”ına girəndə Aydın Məmmədov istefa ərizəsi yazdı. Bu rəhbər işçilər arasında yeganə fakt idi. O illərdə biz tamaşaçı idik, o, sərkərdə. Böyük bir orduya cavabdeh sərkərdə. Zahirən sakit, təmkinli, çılğınlıqdan uzaq olan bu sərkərdə meydandakı milyonları necə idarə edirdi? Mitinq qəhrəmanlarının çığıra-çığıra dedikləri, lakin tribunadan düşən kimi çoxunun unutduğu dərdləri, mətləbləri o, ürəyində yaşadır, gəzdirirdi.
Dünyada yaxşı saydıqlarımızın pislikləri var, pis tanıdıqlarımızın yaxşılıqları. Odur ki, bir adam hamıya yaxşı, ya da pis olmur. Tanıdıqlarım arasında Aydın Məmmədov bəlkə də, yeganə adamdır ki, hamı onu yaxşı mənada qəbul edir. Və hamı onun borcundan çıxmaq üçün bir kəlmə də olsa, söz söyləmək istəyir. Aydın Məmmədova bu qədər sevgini, bu boyda məhəbbəti yazıya gətirib kitaba sığışdırmaq mümkün deyil. Ona görə bir müəllif kimi hamıya minnətdarlığımı bildirirəm.
Daxili İşlər Nazirliyində vaxtilə Aydın Məmmədovun köməkçisi olmuş, indi isə daxili təhqiqatlar idarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Rövşən Ələsgərzadənin xatirələrini yazıya almamaq mümkün olmadı.
– Sadə ailədə dünyaya gəlmişəm. Hüquq təhsili aldıqdan sonra nazirlikdə adi şöbələrdən birində işləyirdim. Təzə nazir işə gələndə kadrlar şöbəsində şəxsi işlərlə tanışlığa başlayıb, mənim tərcümeyi-halım diqqətini cəlb edib. Bir gün çağırıb özünə köməkçi götürmək istədiyini bildirdi. Heyrətdən söz tapmadım. Axı, nazir özünə köməkçi götürəndə nəinki o şəxsin atasını, az qala babasını da tanımalıydı. Amma mən heç nədən, kimsəsiz oldum nazir köməkçisi.
Ümumiyyətlə, həyata vəsiqə verdiyi kadrların sayı yüzlərlədir. İndi onlar istər Azərbaycanda, istərsə kənarlarda ölkəmizi layiqli vətəndaş kimi təmsil edirlər. Bu gün Azərbaycanı Rumıniyada ləyaqətlə təmsil edən Eldar Həsənov kimi ziyalını Aydın Məmmədov kəşf etdi. Eldar müəllimi polisdən uzaqlaşdırmışdılar. Moskva nümayəndəliyi ona qarşı sərt mövqe tutmuşdu. Aydın müəllimin qəbulunda oldu. Çıxanda sevinərək:- Allah bu kişinin canına sağlıq versin, mənə inandı,- söylədi. Bakı şəhər cinayət işi şöbəsinə rəis müavini, bir az sonra rəis təyin olundu. Və o inamla bu xətt üzrə yüksəldi.
İşlədiyimiz 5-6 aydı. Qarabağ hadisələri başlandı. Odur ki, onunla şəxsən iştirakçısı olduğum hadisələrdən bəzilərinə qayıtmaq istəyirəm. O vaxt qədər SSRİ-də mitinq, meydana yığışmaq və ya meydanı dağıtmaq təcrübəsi yox idi. Moskvadan gəlib antiazərbaycan mövqeyi tutanlar Bakıda aylarla qalırdılar ki, qan töksünlər. Bunun isə ən rahat yolu meydan idi. Aydın müəllimin sərtliyi və vətənpərvərliyi nəticəsində bunu həyata keçirə bilmirdilər. Səhər sübhdən saat 6-da meydana gedib, ordakıları başa salırdı ki, burda yığışmaqlarının Azərbaycana heç bir xeyri yoxdur. Moskva isə bundan istifadə edir. Nazir mövqeyindən, vətəndaşlıq mövqeyindən istifadə edərək meydana ziyalıları göndərməklə, ipə-sapa yatmayan dəliqanlıları başa salmaqla meydandakıların sayını azaltdı. Doğrudur, Aydın Məmmədov Azərbaycanın güc naziriydi, polis generalıydı, amma mülki vəzifədən gəldiyi qısa müddətdi. Bu müddətdə situasiyaları başa düşüb hadisələri qabaqlayırdı. Hadisələrə uzaqgörənlik baxımından məsuliyyəti öz boynuna götürər, hadisələrin önündə özü gedərdi. Aydın müəllimin həm insani, həm də dövlət adamı kimi mövqeyi meydanın qansız təmizlənməsinə səbəb oldu. Bu onun Azərvaycan xalqı qarşısında əvəzsiz xidməti, zəhmətiydi.
SSRİ dövrünün naziri, generalı olub milli ruhdan çıxış etmək, hərəkət etmək qəhrəmanlıq idi. Moskva çox vaxt qorxurdu ki, sabah Aydın Məmmədov milli qüvvələrə qoşulub onların önündə gedə bilər. Və bu nüfuzdan qorxub geri çəkilirdi. Vəzirov çox çalışırdı, onu vəzifədən götürsün. Xalqın məhəbbəti, ziyalıların nüfuzu qarşısında gerj çəkilirdi. Aydın müəllimin dəfələrlə Ə.Vəzirovun üzünə qayıtmasının özüm şahidiyən: – Səninlə işləmək istəmirəm. Azərbaycan xalqını xilas etməyə gəlmisən, yoxsa torpaqları verməyə? – deyə mübahisə edərdi. Ə.Vəzirov Bakıdan çıxa bilməyəndə, o, Xankəndinə gedib günlərlə orda qalardı. Qaçqınları, köçkünləri şəxsən özü qarşılayırdı. Qazaxda, Gədəbəydə onlarla görüşürdü. Naxçıvana uçurdu. Ağdama gedirdi.
Yanvarın 13-dən SSRİ Daxili İşlər nazirinin müavini, general Lisaukas Bakıda idi. Həm şəhəri yaxşı tanımadığına görə, həm də çox əl-qol atmasın deyə, Aydın müəllimin tapşırığıyla onu mən müşaiyət edirdim. Səhərə kimi şəhəri gəzirdik. Aydın müəllimin kabinetindən danışmırdı ki, eşidib mövqeyini bildirər, mübahisəyə girər. Nofəl Kərimov adlı polis rəisi vardı. İndi rəhmətə gedib. Lisaukas ondan yanıqlıydı. Bir dəfə onunla sərt mübahisəyə girmişdi. Rus generalı gəlib ondan Aydın müəllimə şikayət etmişdi ki, polis rəisi erməniləri evən qovur, siz isə kabinetdə oturmusunuz. Aralarında möhkəm mübahisə düşdü. Lisaukas acıqla – mən gedib sizin haqqınızda Moskvada məruzə edəcəyəm,- dedi. Ümumiyyətlə, nazir müavini çox çətin adam idi. Aydın müəllimlə mübahisələri bəzən uzanırdı, gedib MK-da müzakirə edirdilər.
Daha bir epizodu xatırlamaq istəyirəm. Fəxrəddin Rəfiyev Naxçıvanda nazir idi. Həmin vaxtı xəstəliyiylə əlaqədar Bakıda yatırdı. Rus generalı Naxçıvandan şikayətə gəldi ki, nazir bizə kömək etmir, milli mənafeləri qoruyur. Bakatindən də tələb edirdi ki, onu işdən qovsun. Aydın müəllim beş dəqiqədə generalı yerində elə oturtdu ki, bir də bu mövzuya qayıtmadı. Aydın müəllimin öz xalqının nümayəndəsinin müdafiəsini görən Bakatin də razılaşdı. “Aydın İsrafiloğlu məsləhət bilirsə, qoy öz yerində qalıb işləsin, sən də öz işinlə məşğul ol,” dedi.
Rus bilirdi, kimin əliylə nə etmək olar. Odur ki, ona heç vaxt antiazərbaycan əmri verə bilmirdi. Azərbaycanda o vaxtı Aydın Məmmədov yox, başqa nazir olsaydı, Vəzirovla, eləcə də başqalarıyla birləşib respublikada dəfələrlə 20 Yanvar qırğını törədəcəkdi. Bunun üçün təkcə meydan kifayət idi. O isə xalqı sovet tanklarının tapdağı altına vermirdi. Bakatinin bizə düşmən mövqeyinə baxmayaraq, haqqın qarşısında Aydın müəllimin saf əqidəsinin, təmizliyinin qarşısında susursu. Onun bir nöqsanını bilsəydi, o dəqiqə qara yaxıb ləkələyər, Moskvaya məruzə edərdi. Moskva, ümumiyyətlə, Rusiya azərbaycanlıları rüşvətxor, cibgir kimi tanıyıblar. Aydın müəllim kimi ziyalı insanlar öz şəxsi keyfiyyətləriylə millətinə qarşı bütün mövqeyi dəyişmişdilər. Hətta təsadüfi deyil ki, 1989-cu ildə SSRİ-dən Yəmənə gedən nümayəndə heyətinə Aydın İsrafiloğlu rəhbərlik edirdi.
Yanvarın 19-da səhərə kimi kabinetdə oldu. Bu barədə özü qəzetlərə lazımi qədər müsahibə versə də, həmin günləri onunla birgə yaşamış şəxs kimi hadisələrə toxunmadan keçə bilmirəm. Başda oturanlar ordu gəlməyəcəyiylə xalqı aldatmışdılar. O isə ordunun gələcəyini bilirdi. Əlləri telefonda idi ki, əliyalın xalqı yollardan yığın. Balkonlara çıxmağı qadağan edirdi. Təcili yardımı hazır vəziyyətdə saxlatmışdı ki, lazım olanda gecikməsin. Lakin həmin gecə neçə polis işçisi həlak oldu.
Aydın müəllim heç vaxt emosiyalarını bildirən olmayıb. Hər şeyi ürəyində həll edib. Amma ertəsi gün hədsiz qəzəblə MK-ya getdi. Elə bil kiminləsə əlbəyaxa döyüşəcəkdi. İstefa ərizəsini yazıb işdən çıxarılmasını tələb etdi. Ayın 21-də gecə saat 11-də Ali Sovetə getdik. Fövqəladə iclasda iştirak etdi . Deputatlar, vəzifəli şəxslər başına yığıldılar. Hamı ümidlə ona müraicət edirdi. Gəlin birlikdə qərar qəbul edək deyə, hamını sakitləşdirirdi. Amma özü daxilən sınmışdı. Mən deyərdim ki, həmin günlərdə o özü də şəhiddi. Dirigözlü şəhid.
Çox-çox sonralar söhbət edirdi ki, Vəzirov qaçandan sonra Primakov onu çağırıb respublikaya başçı qoymaq istəyirmiş. Qırğına görə onlara elə nifrətim vardı, elə küsüb incimişdim, “Ola bilməz” – dedm. Məni təyin edəcəkdilər, amma mən onlar deyən olmayacaqdım. Onların mövqeyiylə işləyə bilməyəcəkdim.
Hər bir xalqın elit insanları olur. Azərbaycan xalqı Aydın Məmmədovu itirməklə elit bir insan, ləyaqətli bir lideri itirdi. O, bir şəxsiyyət kimi Azərbaycan polisinin mənəvi cəhətdən formalaşmasında, tərbiyəsində mühüm rol oynadı. Saf, ləkəsiz insanın əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
"
Vətənim-Azərbaycandır.az"