Ombudsman Səbinə Əliyeva Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyanat verib.
"Vətənim-Azərbaycandır.az" Ombudsman Aparatından “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bəyanatda Xocalı soyqırımının XX əsrin ən dəhşətli faciələrindən biri, bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayət olduğu vurğulanıb. Bildirilib ki, Ermənistanın tarix boyu azərbaycanlılara qarşı yürütmüş olduğu etnik təmizləmə və soyqırım siyasəti nəticəsində yüz minlərlə dinc insan kütləvi surətdə qətlə yetirilib, öz torpaqlarından didərgin salınıblar:
“1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, onların havadarlıq etdiyi erməni terrorçu dəstələri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilib. Soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla, 613 nəfər xüsusi qəddarlıqla öldürülüb, 1275 nəfər girov götürülərək, işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib”.
Bəyanatda qeyd olunub ki, hazırda 17 dövlətin qanunvericilik orqanı, ABŞ-nin 24 ştatı Xocalıda törədilmiş qətliamı pisləyən qətnamə və qərarlar qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar, Xocalı faciəsini isə soyqırımı kimi tanıyıb.
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başladığı münaqişədən bu günədək Xocalıda itkin düşmüş şəxslər də daxil olmaqla, əsir və girov götürülmüş, itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyindən xəbər yoxdur. Dünya ictimaiyyəti beynəlxalq humanitar hüquq normalarını kobud surətdə pozan Ermənistana münasibətdə təsirli tədbirlər görməli, əsir və girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi barədə məlumatların əldə olunması məqsədilə cavabdeh dövlətə təzyiqlər etməlidir:
“Xocalı soyqırımı öz miqyasına, qəddarlığına və qeyri-insani cəza üsullarına görə XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarındandır. Soyqırımının törədilməsindən 30 il keçməsinə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyət tərəfindən ikili standartlara yol verilərək, bu soyqırımı aktına lazımi siyasi və hüquqi qiymət verilməyib, cinayəti törətmiş şəxslər hələ də məsuliyyətə cəlb edilməyib. Dünya ictimaiyyəti, əlaqədar beynəlxalq təşkilatlar Xocalıda törədilmiş soyqırımı aktına adekvat reaksiya verməli, bu cinayət soyqırımı kimi tanınmalı, onun sifarişçiləri, icraçıları ədalət mühakiməsinə cəlb olunmalıdırlar”.