Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İstedad əhlidi, məşhur-cahandı...

İstedad əhlidi, məşhur-cahandı...
29-07-2022, 17:25 449 dəfə baxılıb

İstedad əhlidi, məşhur-cahandı...


        Mən həyatda həmişə öz işindən-fəaliyyətindən əlavə olaraq üç şeyi bacaran insanlara sözün yaxşı mənasında qibtə eləmişəm. Bu rəsm çəkmək, yaxşı rəqs etmək və hanısa bir musiqi alətində çalmağı bacaran insanlardır. Təəssüflə etiraf edim ki, mən bu sadalalanların heç birini bacarmıram...
       Bir də var ki, yuxarıda qeyd elədiyim sahələrin peşəkarları. Mənim düşüncəmə görə, sahəsindən asılı olmayaraq, yaradıcılıq iki şaxəyə bölünür. Onlardan birincisi təbii ki, istedaddan, daxili ruhi enerjidən və təlabatdan doğan yaradıcılıq - yəni bu insanların yaradıcılığını izləyərkən, onların yaratdıqları sənət əsərlərinin içərisində müəllifin ürəyi, odu-alovu görünür və səni cəzb edir...
       İkinci qism yaradıcılığı isə texniki yaradıcılıq adlandırardım - yəni, insan hansısa bir sənətin sahibidi, tutaq ki, ədəbiyyatçıdı, elm adamıdı, biznes sahibidi və bu insan şeirin, musiqinin, rəsmin və s. yazılma-çəkilmə qaydasını-mexanizmini bilir və o da yaradıcılıqla məşğul olur-nəinki olur, özünün və ya əhatəsində olan insanların maddi imkanları onun “yaradıcılığından” doğan “əsərləri” geniş tirajlarla çap elətdirib ictimaiyyətə sırıyır. Şeir yazırsa, hətta şeirlərinə tanınmış bəstəkarlar musiqilər bəstələyir, elə tanınmış müğənnilər də bu mahnıları ifa edirlər (yəqin ki, niyəsini bilməmiş deyilsən möhtərəm oğxucum)...
         Bu yazımda haqqında söhbət açmaq istədiyim insan isə sənətinin peşakarı, fanatı və bu sənətlə yaşayan, bu sənətlə yatıb-duran bir azərbaycanlı gəncidir.
       YUNESKO Beynəlxalq Müəllimlər Forumunun üzü, Azərbaycan Tibb Universitetinin baş müəllimi Aidə xanım Bəndəliyeva ilə olan dostluğumuzun tarixi uzun bir dövrü əhatə eləməsə də, aramızdakı səmimi-ziyalı münasibətin kökləri çox dərinə gedir. 
       Aidə xanımla ədəbi-bədii tədbirlərdə görüşlərimiz zamanı, ayrı-ayrı mövzularda polemikalarımız olsa belə, o, həmişə Tofiq Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin fortopiano sinfində təhsil alan, hələ kiçik yaşlarından respublika və beynəlxalq musiqi festivallarının iştirakçısı olaraq, laureat və priz sahibi olan qızından ağızdolusu və fəxarətlə danışardı...
      Təxminən bir ay əvvəl sosial şəbəkə vasitəsiylə Aidə xanımdan bir dəvətnamə aldım. Dəvətnamədə “Sizi 04 iyul 2022-ci il tarixdə, saat 16.30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçiriləcək, Avstriya Konservotoriyasının tələbəsi, Qran Pri mükafatçısı, gənc pianoçu Ayan Məmmədlinin musiqi-təqdimat gecəsinə dəvət edirik”-yazılmışdı.
      Bəli, Ayan artıq dünyanın ən üzdə olan böyük bir musiqi məbədinin tələbəsiymiş...
Tədbirin keçirildiyi zal tam dolu idi, hətta Ayanın yaxın əhatəsində olan bir çox insanlar ayaq üstə dayanmışdılar.
      Səhnənin sol tərəfində yerləşdirilən-uzunluğu 5-6 metr olan masanın üzərində Ayanın müxtəlif daxili və xarici musiqi tədbirlərində münsiflərdən qazanmış olduğu diplomların, sertifikatların və müxtəlif təltiflərin bir qismi 3-4 sıradan ibarət olaraq düzənlənmiş, səhnənin sağ tərəfində isə piano və üstü rəngarəng gül çələngləri ilə qalaqlanmış uzun bir masa yer alırdı.
      Məclisə daxil olandan məni xoş bir əhvali-ruhiyyə, ovqat, xüsusi bir aura öz aquşuna aldı. Doğrusu belə bir hissi çoxdan yaşamamışdım.
      Aparıcı xanım mikrafonu götürüb açılş çıxışını başlayanda, mənim ruh yüksəkliyim daha da artdı. O, cümlələrini elə qururdu ki, sanki, sərbəst vəzndə şeir oxuyur-özü də çox səlis, çatımlı və təmkinli şəkildə.
      Sonradan məlum oldu ki, o, Azərbaycan televiziyasının müqtədir aparıcılarından biri olan Maya xanım İmrandır.
      Ayan Məmmədlinin həyat-yaradıcılığını lokanik şəkildə şərh edən aparıcı xanım sonda, səbəbkarın-yubilyarın sənət dünyasının bəzi məqamlarını özündə ehtiva edən “Əsli Şuşadan, səsi Vyanadan” adlı sənədli filmə baxmağa dəvət etdi. 
      Ayan Məmmədli haqqında düzənlənən bu filmə baxarkən, hələ realda üzünü görmədiyim, həm də elə bu gün cəmi-cümlatanı 20 yaşı tamam olan gənc pianoçu xanım haqqında çox geniş təəsürat qazanmış oldum. 
      Filmdə Ayanın çox da böyük olmayan ömür yoluna, onun yaşından dəfələrlə çox bir sənət ömrünün yerləşdiyi, sayı hesaba çətin gələn sənət uğurları, onun dünyanın müxtəlif nüfuzlu konsert salonlarından səsləndirdiyi ifalarından parçalar, dünyanın tanınmış musiqçilərinin və musiqişünaslarının, eləcə də Ayanın müəllimlərinin Ayan haqqında-onun sənət dünyası barədə söylədikləri çox səmimi və dəyərli fikirləri-şərhləri gördükcə-eşitdikcə, Ayanın məhz bir azərbaycanlı-həmyerlimiz olması ilə dərin qürur hissi keçirdim...
      Film bitən zaman, aparıcı xanım bugünkü səbəbkarı-yubilyarı səhnəyə dəvət elədi.
      Artıq ekrandan göründüyü kimi, ucaboylu, incə görkəmli Ayan eliqant bir geyimdə, cəsarətli şəkildə, şux yerişlə səhnəyə gəlib mikrafon qarşısına keçib, qonaqları səmimi şəkildə salamlayaraq, xoş bir təbəssümlə hamıya xoş gəldin dedi. Artıq bir neçə ildir xarici ölkədə yaşamasıyla bağlı doğma dilində az danışan Ayan, təqdimat nitqində Azərbaycan türkcəsində, heç bir xarici söz qatqısı və dirənmə olmadan belə, elə səlis, çatımlı və lokanik danışdı ki, düzü hələ canlı ifasını eşitmədiyim bu nurçöhrəli qızın nitqinə heyran oldum...
        Ayan Məmmədlinin sənət yolunun əks olunduğu sənədli filmdə, onun ifalarını müxtəlif illərdə bir çox Beynəlxalq Müsabiqələrdə dinləyən dünyaşöhrətli musiqiçilər olan Rusiyada Nikita Volovun, Almaniyadan Marco Freinin, Özbəkistandan Malahat Ağayevanın, Avstriyadan Manfred Loydnoltun, İspaniyadan Marisa Blanesin və digərlərinin öz müsahibələrində bu yeniyetmə qızın xüsusi istedadı, dərin musiqi duyumuna və yüksək səhnə mədəniyyətinə malik olması ilə bağlı söylədikləri fikirləri dinlədikcə, mən hiss etdim ki, Azərbaycan musiqi mədəniyyətinin bağçasında yeni, ətirli bir fidan pöhrələnməkdədir. 
      Tədbirdə, Bakı şəhər Mədəniyyət İdarəsinin rəisi İbrahim Əliyevin, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalınn, T.Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin direktoru, əməkdar müəllim Gülnarə Səfərovanın, şairə Nigar Həsənzadənin, Danımarkadan gəlmiş pianoçu Kəmalə Hüseynovanın çıxışlarından əlavə, gənc rəssam Ramil Əhmədlinin nəfis şəkildə çəkdiyi pianoçu Ayanın portreti, mərhum Xalq şairi Fikrət Qocanın Ayan Məmmədliyə həsr etdiyi şeri və jurnalist Fuad Hüseynzadənin xaricdə yaşayan və Azərbaycanı layiqincə təmsil edən fəal azərbaycanlıların, o cümlədən Ayan Məmmədlinin də fəaliyyətinin əks olunduğu “Azərbaycançılıq ideyası-dünya azərbaycanlılarının istinad mənbəyi” kitabının təqdimatı tamaşaçıların böyük marağına səbəb oldu.
Tədbirin bədii hissəsində puanoçu Ayan Məmmədli dünya klassik bəstəkarları Şopen, Raxmaninov, Prokofyev, Şedrin, Ernesto Lekuonanın əsərlərilə yanaşı, Xan Şuşinskinin “Şuşanın dağları” və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa etdi və onun ifaları tədbir iştirakçıları tərəfindən böyük maraq və sevgiylə, gurultulu alqışlarla qarşılandı...
Tədbirin sonunda Ayanın çıxışından böyük zövq alan sənətşünaslıq doktoru Kubra xanım Əliyeva ayrıca söz alaraq, bir şuşalı kimi 30 illik yurd nisgilindən sonra, doğma Şuşanın azad olunmasından sonra ikinci dəfə böyük sevinc hissini məhz əsli Şuşadan olan Ayan adlı yeni istedadlı gənci tanıdığından sonra yaşadığını bildirdi. O, Ayanı qədim istedadlar yurdu olan şuşalıların yeni sənət davamçısı adlandıraraq, bundan böyük qürur hissi keçirdiyini və onun da gələcəkdə dünyaşöhrətli bir musiqiçi olacağına əmin olduğunu bildirdi...
      Ayan Eyvaz qızı Məmmədli, qızmar yay günündə - 04 iyul 2002-ci il tarixdə Bakı şəhərində, özündən üç yaş böyük olan bacısı Arzudan sonra ikinci övlad olaraq, ziyalı ailəsində dünyaya göz açmışdır. Onun anası tanınmış alim, Azərbaycan Tibb Universitetinin müəllimi, ictimai-siyasi xadim Aidə xanım Bəndəliyeva, atası isə Bakı şəhər Hərbi Tibbi Hospitalın xidmət rəisi Eyvaz Məmmədovdur.
        Ayan 2008-ci ildə-6 yaşına ikən Türk Dünyası Arşdırmaları Vakfının Bakı Atatürk Liseyində orta ixtisas təhsilinə başlamışdır. Burada oxuduğu illərdə Ayan dərs əlaçısı olaraq, “Okul birincisi” olmuşdur.
       Ayanın musiqiyə olan həvəsini hiss edən Aidə xanım, hələ 4 yaşında ikən onu Bakı şəhəri T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayına gətirmiş və iki il sonra onun musiqiyə olan marağını görən müəllimlərinin tövsiyyəsilə, 2009-cu ildə T.Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin fortopiano sinfinə qəbul olunnmuşdur.
       Ayan təhsil aldığı orta məktəbdə dərs əlaçısı, məktəb birincisi omaqla yanaşı, Musiqi məktəbində musiqinin sirrlərinə də tezliklə bələd olmağa müvəffəq olmuş, fəal ifaçı kimi tanınmış, məktəb, şəhər və Respublika miqyaslı xeyli sayda tədbirlərdə və Avropa ölkələrində keçirilən bir sıra müsabiqə və konsertlərdə yaddaqalan çıxışlar etmişdir.
       2013-ci ilin mart ayında Estoniyanın Narva şəhərində keçirilən İ.S.Bax adına VI Beynəlxalq piano müsabiqəsində 2 nominasiya üzrə müsabiqənin qalibi olan Ayan, İ.S.Baxın əsərlərinin ifasına görə nominasiyada I dərəcəli, müsabiqənin isə III dərəcəli diplomuna layiq görülməklə, T.Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin tarixində fortapiano ifasına görə “Beynəlxalq Müsabiqə Laureatı” adını qazanan ilk şagird olmuşdur.
        Bundan başqa, Ayan Məmmədli 2013-cü ilin avqustunda İtaliyanın Rimini şəhərində keçirilən “Rimini star” Beynəlxalq musiqi yarışmasında I yerin qalibi olmuş, Malta Respublikasının Valetta şəhərində keçirilən “Avropa Mədəniyyət Mərkəzinin beynəlxalq piano müsabiqəsi”ndə iki dəfə iştirak etməklə 2014 ilin fevralında III yerin qalibi, 2015-ci ilin fevralında isə II yerin qalibi olmuşdur. 
        O həmçinin, 2015-ci ilin noyabr ayında Avstriyanın Salzburq şəhərində baş tutan II Beynəlxalq “Salzburq Star” müsabiqəsinin ən yüksək adına - “Qran Pri” mükafatına layiq görülmüşdür. 
Sonrakı illərdə Ayan İngiltərədə keçirilən “London Beynəlxalq distansion Musiqi yarışması”nda I yerin qalibi (2015 dekabr), Bakıda keçirilən:- “Ədibə Hüseynzadənin anadan olmasının 100 illiyi”nə həsr olunmuş fortopiano ansanmblı və müşayət üzrə respublika müsabiqəsi”ndə II yerin qalibi (2016, aprel), “II turlu Beynəlxalq Caz Müsabiqəsi”ndə isə I turun qalibi, II turun diplomantı (2016), Yaponiyada keçirilən “Tokio Beynəlxalq distansion musiqi yarışması”nda II yerin qalibi (2017, yanvar), Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən “Vladimir Kraynev adına III turlu Beynəlxalq Piano Müsabiqəsi”nin I turunun qalibi olaraq, II turda fərqlənən ilk 20-in üzvü (2017, yanvar), Pusiyanın Pyatiqors şəhərində keçirilən “V.P.Safonov adına gənc pianoçuların XII Beynəlxalq Müsabiqəsi”ndə III yerin qalibi (2017, iyun), Danimarkanın Kopenhagen şəhərində BMT-nin “Beynəlxalq Ailə Günü” münasibətilə Beynəlxalq Sülh Federasiyasının təşkil etdiyi beynəlxalq tədbirdə “Tədbirin ən yaxşı iştirakçısı” təltifçisi (2018, may), Bakıda keçirilən “Kaspian etüd” Beynəlxalq Piano Müsabiqəsində II yerin qalibi (2019, may) olmuşdur.     
Ayan Məmmədli bu illər ərzində İsveçrə Konservatoriyasının professoru Mixael Kazinnikdən (Estoniya, Narvada), Beynəlxalq və Ümumrusiya Müsabiqələrinin laureatı Nikita Volovdan (Bakıda), Moskva Konservatoriyasının professoru Mixael Petuxovdan (Malta, Valettada), Avstriya, Vyana Konservatoriyasının professoru Manfred Loydolt və Gianfranco Sannicandrodan (İtaliya) ayrıca piano üzrə ustad dərsləri alaraq, xüsusi sertifikatlarla təltif olunmuşdur.
       Bakı şəhər T.Quliyev adına 12 saylı onbirillik musiqi məktəbinin müəlliməsi, uzun illər Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin və Respublika Gənc Simfonik Orkestrinin direktoru olmuş, Respublikanın Əməkdar müəllimi Nazilə Yaqubovanın sinifində fortapiano ixtisası üzrə müvəffəq qiymətlərlə təhsil alan Ayan Məmmədli, təhsil illərində özünü çox fəal şagird və ifaçı kimi göstərməklə, müəllliminin və təhsil aldığı məktəb kollektivinin sevgisini qazanmışdır.
      Ayan müxtəlif vaxtlarda Avropa ölkələrində (Estoniya, Malta, İtaliya, Avstriya, Almaniya, Danimarka, Niderland), Rusiya Federasiyasında keçirilən müsabiqə və qala-konsertlərə, 2014-cü ilin iyun ayında isə Türkiyənin İstanbul şəhərində keçirilən “Türk Dünyasının 20-ci cocuk şöləni“nə qatılaraq, İstanbulda böyük səhnədə, Türkiyə Respublikasının “Bengü”, “TRT” televiziya kanallarında peşəkar səviyyədə çıxışlar edərək, ölkəmizi layiqincə təmsil etmişdir.
      Ayan Məmmədli həmçinin, Bakı şəhər Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən “İstedad Mərkəzinin” üzvü və Respublika Uşaq Simfonik orkestrinin solisti kimi, dəfələrlə Bakının 8, 12, 28, 35 saylı musiqi məktəblərində, Şamaxı şəhər “Təhsil İncəsənət mərkəzində”, Sabirabad rayonunda, Bakıda “Dövlət Xalçaçılıq muzeyi”ndə, dahi müsiqiçi Rastropoviçin və maestro Niyazinin ev muzeylərində, Beynəlxalq Muğam Mərkəzində, Azərbaycan Dövlət Akademik Flarmonuiyasında və onun Dövlət Kamera və Orqan zalında, Qlobal Bakı Forumunun iştirakçıları üçün Heydər Əliyev Mərkəzinin səhnəsində yer alan konsertdə, Azərbaycan Respublikasının müxtəlif televiziya proqramlarında, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin, Q. Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin və Respublika Uşaq Simfonik Orkestrinin (drijyorlar, Xalq artistləri Yalçın Adıgözəlov, Fəxrəddin Kərimov, Teymur Göyçayev və Mustafa Mehmandarov ) müşayiətləri ilə müxtəlif konsertlərdə coxsaylı çıxışlar etmişdir.
         A.Məmmədli təhsil aldığı ümümtəhsil məktəbində qazandığı uğurlara görə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü və dəstəyilə Ümumrespublika üzrə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinə qatılaraq, Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyətinin 2016-cı ilin may ayında təşkil etdiyi və respublikanın cənub bölgəsinin Masallı, Astara, Lənkəran şəhərlərində keçirilən bir həftəlik səfərin iştirakçısı olmuşdur.  
       Ayan Eyvaz qızı Məmmədli təhsildə və ifaçılıq (fortopiano) sahəsindəki nümunəvi fəaliyyətinə görə həmçinin, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 30 may 2014-cü il tarixli və 01 iyun 2016 tarixli “İstedadlı uşaqlar festivalı”nın xüsusi diplomları, Bakı şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin “Dövlət tədbirlərində fəal iştirakına görə”, Bakı şəhəri T.Quliyev adına 12 saylı musiqi məktəbinin xüsusi Fəxri Fərmanları ilə təltif edilmişdir. 
      O, 2018-ci ilin 26 may tarixində Niderland Respublikasının Haaqa şəhərində yerləşən Azərbaycan Respublikasının səfirliyində “Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nə həsr olunmuş tədbirə qatılaraq, geniş solo konseri ilə çıxış etdiyinə görə, ona Azərbaycanın bu Öölkədəki fövqaladə və səlahiyyətli səfirinin və “Odlar yurdu” Niderland-Azərbaycan Dostluq Cəmiyyətinin xüsusi təşəkkür məktubu və mükafatı təqdim edilmişdir.
        Ayan hansı ölkədə, hansı məkanda çıxış etməsindən asılı olmayaraq, qazandığı hər uğurdan sonra üçrəngli Azərbaycan bayrağını xarici səhnələrdə dalğalandıraraq, dünya ictimaiyyətinə doğma Qarabağımızda, Xocalıda dinc əhaliyə və o cümlədən onun yaxın qohumlarına erməni qəsbkarları tərəfindən tətbiq edilən soyqırım faciəsindən ətraflı söhbət açaraq, onların nəzərini bu faciyəyə cəlb etməyi bacaran həmyerlimizdir. 
       2018-ci il 27 may tarixində Danimarkanın Kopenhagen şəhərində Beynəlxalq Sülh Federasiyasının təşkilatçılığı ilə BMT-nin Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbirdə böyük tribunadan ingiliscə çıxış edən Ayan Məmmədli, ölkəmizdə erməni işğalının törətdiyi bəlalar və “Xocalı soyqırımı” haqqında geniş məlumat verməyə müvəffəq olmuş, sonra isə tədbir iştirakçılarına milli bəstəkarlarımızın əsərlərini öz ifasıyla təqdim etmiş və tədbirin “Ən yaxşı iştirakçısı” adına layiq görülmüşdür.       
        Həmin tədbirdəki yaddaqalan ifalarına görə, Beynəlxalq Sülh Federasiyasının rəhbərliyi Ayanı 28 may 2018-ci il tarixdə Federasiyanın Kopenhagen şəhərində yerləşən ofisinə yenidən dəvət edərək, onun şərəfinə ziyafət təşkil etmişdir. Ayan ziyafətdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair məruzə ilə çıxış etmiş, daha sonra isə, Azərbaycan Dövlət Himnini, “Sarı gəlin” xalq mahnısını və bir çox milli və Avropa bəstəkarlarının əsərlərini ifa etmişdir.
       Sonda isə Beynəlxalq Sülh Fedarasiyasının rəhbərliyi tərəfindən fərdi mükafatla təltif olunmuş və ona ölkəmizə ünvanlanmış xüsusi təşəkkür məktubu təqdim etmişdir...
      Ayan Eyvaz qızı Məmmədli 2019-cu ildə orta təhsil və orta ixtisas musiqi məktəblərini əla qiymətlərlə başa vuraraq, Avstriyanın Vyana şəhərində yerləşən F.Şubert adına Musiqi Konservatoriyasının “Fortapiano ifaçılığı” fakultəsinə daxil olmuşdur. 
       Həmin konservatoriyanın I kursunu müvəffəq qiymətlərlə bitirən Ayan Məmmədli, çox ciddi imtahan müsabiqəsində böyük uğur qazanaraq, Avstriyanın beş ən yaxşı Konservatoriyasından biri sayılan və dünyanın musiqi paytaxtı hesab olunan Linzin Anton Brükner adına Konservatoriyasının “İfaçılıq” (fortapiano) fakultəsinə daxil olmuş və o, hazırda həmin Konservatoriyada dünyaşöhrətli pianoçu, professor Oleq Marşevin sinifində təhsilini davam etdirməkdədir.
        Avstriyada təhsil aldığı müddət ərzində, Ayan Vyana şəhərindəki “Azərbaycan Mədəniyyət Mərkəzi”ndə keçirilən mədəniyyət tədbirinin (2019, dekabr), “Azərbaycan Diaspor Gənclərinin Görüşü”nün (2020, fevral) Vyana şəhərinin mərkəzində təşkil olunmuş “Azərbaycan mədəniyyətinin təmsili çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə baleti”nin nümayişi (2020, avqust) tədbirlərinin də iştirakçısı olmuşdur. 
         2020-ci ildə baş tutan 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması zamanı erməni mənfurlarının ölkəmizin Qarabağ bölgəsinə aid olmayan ərazilərində dinc əhaliyə qarşı törətdikləri vandalizmə qarşı etiraz əlaməti olaraq, Ayan Vyanada azərbaycanlı gənclərin keçirdikləri etiraz aksiyalarında, avropalı insanlara öz əhatə dairəsində Qarabağ həqiqətlərinin çatdırılması kimi təbliğat kompaniyalarında fəal iştirak etməklə yanaşı, baş verən ictimai-siyasi hadisələrə də öz münasibətini, vətəndaş mövqeyini dövrü mətbuatımızda və telekanallar vasitəsiyıə bildirmişdir. 
        İkinci Qarabağ müharibəsin getdiyi ərəfədə Ayan Ölkə Prezidenti, Ali Baş komandan cənab İlham Əliyevin şəxsi poçt ünvanına məktub göndərərək, öz xalqına həmrəyliyini və qələbəyə inamını bildirmişdir.
        Hazırda Avstriyanın Anton Brukner adına Konservatoriyasının III kurs tələbəsi olan Ayan, dərs əlaçısı olmaqla yanaşı, Azərbaycanın Avstryadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən“Azərbaycan Mədəniyyət Mərkəzi”nin keçirdiyi müxtəlif məzmunlu dövlət tədbirlərində fəal iştirak etməklə, ölkəmizi layiqincə təmsil etməkdədir. 
        Ayanın həmçinin, 2022-ci ilin mart ayının 26-da Niderland Respublikasının Haaqa şəhərində Azərbaycan Diaspora Komitəsi və və “Odlar Yurdu” Azərbaycan-Niderland cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə geniş proqramla etdiyi çıxışı, Avropa tamaşaçıları tərəfindən böyük maraq və sevgiylə qarşılanmışdır. 
       Ayan hazırda ana yurdu olan doğma Şuşamızı və onun musiqi istedadlarını, doğma musiqimizi öz ifalarıyla daha geniş tanıtmaq üçün maraqlı lahiyələr üzərində çalışmaqdadır...
       Əziz Ayan!
       Sənə gözü-könlü dolusu sağlam və xoşbəxt həyat arzulamaqla yanaşı, günü-gündən çiçəklənən, dünya çapında önəmli yelərdə dayanan Müstəqil və gözəl Azərbaycanımız adına davaml sənət uğurları diləyirəm.       

Gülümsər bir qız var, adı Ayandı, 
Tanrı töhvəsidi-yerə əyandı.
Barmağı dilləri tez-tez sayandı-
şirmayı dillərlə o söhbətləşir,
Piano çalmır o, dillə dilləşir.

Musiqi həyatı, piano canı,
Şəstilə çalır o, yox həyəcanı.
Etdiyi hər ifa, ruhun dərmanı-
çaldıqca qönçə tək açır, gülləşir,
Piano çalmır o, dillə dilləşir.

Barmağı dillərə çəkir sığalı,
Hər notu bir çeşni, bir yeni xalı.
Elə bil şanıdan o, çəkir balı-
ilahi, musiqi nə şirinləşir,
Piano çalmır o, dillə dilləşir.

İstər milli olsun, istər əcnəbi,
Onun hər ifası, oyadır təbi.
Niyə sevilir o,-budur səbəbi-
nə çalsa, ruhuyla ona birləşir,
Piano çalmır o, dillə dilləşir.

Dünyada-hər yerdə adı dildədi,
Bir əli bəmdəsə, biri zildədi.
Vyana şəhrində o təhsildədi-
harda olur olsun, ellə elləşir,
Piano çalmır o, dillə dilləşir.

İyirmi yaşı var-gəncdi, cavandı,
İstedad əhlidi, məşhur-cahandı.
Fəxrəddin Meydanlı, bu qız Ayandı-
sənin qələminlə o şeirləşir,
Piano çalmır o, dillə dilləşir.

Fəxrəddin MEYDANLI.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI