Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ərdoğandan Qərbə xəbərdarlıq: Şərqdən Qərbə ən əlverişli xətt Türkiyədən keçir - İMEC kimin üçün əlverişlidir?

Ərdoğandan Qərbə xəbərdarlıq: Şərqdən Qərbə ən əlverişli xətt Türkiyədən keçir - İMEC kimin üçün əlverişlidir?
16-09-2023, 10:28 124 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı və Avropa Birliyi liderlərinin Türkiyədən yan keçərək Cənubi Asiyanı Avropa ilə birləşdirəcək iqtisadi dəhliz yaratmaq planlarına qarşı çıxıb. Bu barədə “Middle East Eye” nəşri yazıb.
“Biz Türkiyəsiz dəhlizin olmadığını deyirik. Türkiyə vacib istehsal və ticarət bazası hesab olunur. Şərqdən Qərbə ən əlverişli xətt Türkiyədən keçir”, - Ərdoğan deyib.
Nəşr yazır ki, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (İMEC) adlanan nəqliyyat xətti Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Yunanıstan və Avropaya gedən dəmir yolu və dəniz marşrutlarının yaradılmasını nəzərdə tutur. Bu dəhliz üzrə anlaşma memorandumu Avropa Birliyi, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ və digər G20 tərəfdaşları tərəfindən imzalanıb.
Layihənin əsas məqsədlərindən biri yüklərin çatdırılma müddətinin 40 faiz azaldılması və digər xərclərə, o cümlədən yanacağa qənaət etməkdir. Lakin indiki vəziyyətdə layihə Türkiyədən yan keçir. Türkiyə ilə yanaşı, layihəyə Yaxın Şərqin böyük dövlətlərindən və ənənəvi dəhliz rolu oynayan Misir də daxil edilməyib. Misir ekspertləri Süveyş kanalının ötürücülük imkanlarının məhdudluğu ilə yanaşı, bu prosesdə siyasi amillərin də rol oynadığını bildirirlər. Onların fikrincə, layihənin Qərbli təşəbbüskarları, xüsusilə də ABŞ İsraili ora daxil etmək üçün Misirdən kənar marşrutlar təklif edirlər.
Hindistanda hesab edirlər ki, yeni dəhliz ölkə iqtisadiyyatının 40 faiz genişlənməsinə gətirib çıxaracaq. Hindistandan Avropaya, Yaxın Şərqə yükdaşımaların müddəti və xərci kəskin azalacaq.
ABŞ-nin yeni dəhlizi Çinin “Bir kəmər, bir yol”una qarşı uğurlu bir layihə kimi görür. Son illərdə ABŞ-ın Çinin 800-900 milyard dollar xərclədiyi “Bir kəmər, bir yol” layihəsinə daha əlverişli şərtlərin təklif olunduğu layihə üzərində işlədiyinə dair məlumatlar tez-tez yayılırdı. Lakin onun detalları, marşrutları dəqiqləşməmişdi. Açıqlanan detallardan aydın olur ki, Qərb həm Afrikanı, həm də Yaxın Şərqi Çinin getdikcə artan nüfuzundan çıxarmaq üçün hələlik çox təkmil görünən plan həyata keçirməyə başlayıb. Dəhlizin cənub marşrutu Hind okeanını Yaxın Şərq və Afrikanın cənubu ilə, şimal marşrutu isə Fars körfəzini Avropa ilə birləşdirəcək.
Son illərdə Çin hətta ABŞ-nin ən yaxın müttəfiqi olan İsraillə də böyük layihələr həyata keçirməyə başlamışdı ki, bu da Vaşinqtonla Təl-Əviv arasında bir neçə dəfə böyük problemlərə səbəb olmuşdu. İsrail ABŞ-nin etirazlarına rəğmən Çinlə əməkdaşlığı dərinləşdirməyə davam edirdi. Bu baxımdan, yeni dəhlizdə ona mühüm rolun ayrılması Təl-Əvivin “Bir kəmər, bir yol”dan çəkinməsi üçün bir vasitə ola bilər. Bundan əlavə, ABŞ və Avropa layihəyə İordaniyanı da cəlb etməklə ərəb dünyasının İsraillə əlaqələrinin normallaşması, orta perspektivdə isə iqtisadi əməkdaşlığın timsalında dərinləşməsini təmin etməyə çalışır.
ABŞ Afrikanı da İMEC-ə cəlb etmək niyyətindədir. Prezident Co Bayden elan edib ki, ölkəsi layihə çərçivəsində Afrika dərinliklərindən Anqolanın okean sahillərinə qədər dəmiryolu xəttinin çəkilməsini maliyyələşdirəcək. Avropa İttifaqı da bu layihəyə investor kimi qoşulmaq niyyətindədir. Transafrika dəhlizi adlandırılan layihə Konqonun Katanqa əyaləti və Zambiyanın mis mədənləri olan ərazini Anqoladakı Lobitu limanı ilə birləşdirəcək dəmiryol xəttinin çəkilməsini nəzərdə tutur.
Beləliklə də ABŞ və Avropa Afrikanın cənubundakı kasıb ölkələri Çinin aqressiv iqtisadi ekspansiyasından çıxarmaq niyyətindədirlər.
Bir çox ekspertlər İMEC-i Ərəb dövlətlərinin öz aralarında, həmçinin İsraillə onlar arasında inteqrasiyanı dərinləşdirəcəyi fikrindədirlər. Məlumdur ki, Ərəb dövlətləri uzun müddətdən bəridir irəli sürülən Körfəz dəmiryol xəttinin tikintisini həyata keçirə bilmir. 2009-cu ildə Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ, Bəhreyn və Oman ən böyük limanları və şəhərləri birləşdirəcək müştərək dəmir yolu infrastrukturunun tikintisi barədə razılığa gəlib. Lakin bu təşəbbüs əvvəlcə ərəb baharına görə, daha sonra Körfəz ölkələri arasındakı (Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ) münaqişə üzündən arxa plana keçdi. Təşəbbüsün layihəyə çevrilməsi 2021-ci ildə baş tutdu, iştirakçılar dəmiryol xəttini 2025-ci ilədək başa çatdırmağı planlaşdırırlar. Lakin hələ də fiziki tikinti işlərinə başlanmması bu hədəfin reallaşmasını ciddi şəkildə sual altına alır.
Ərəb ekspertləri hesab edirlər ki, İMEC kimi böyük layihənin həyata keçirilməsində İsraili Hindistan-Avropa yükdaşımalarında körpü rolu üçün kifayət qədər uyğun olan Livan və ya Suriya əvəz edə bilər.
Qeyd etmək lazımdır ki, Səudiyyə Ərəbistanının İMEC-də İsrailin iştirakı ilə bağlı mövqeyi hələ də bəlli deyil. Təl-Əvivin Səudiyyə krallığına yaxınlaşmaq üçün bütün cəhdlərinə baxmayaraq, Ər-Riyad hələ də İsrail dövləti ilə münasibətləri normallaşdırmaq üçün heç bir konkret addım atmayıb: bir tərəfdən ərəb-müsəlman birliyinin rəhbəri rolu, digər tərəfdən isə ölkə iqtisadiyyatının diversifikasiyanı çox böyük töhfə verə biləcək Qərb investisiyaları...
Digər bir məsələ Səudiyyənin Çinlə iqtisadi əməkdaşlığının genişlənməsidir. Çin hazırda Səudiyyə Ərəbistanının ən böyük ticarət tərəfdaşı və krallığın iqtisadiyyatına sərmayə qoyan ölkədir. Krallıq da Çin iqtisadiyyatına kifayət qədər investisiya yatırıb: ötən il bu investisiyaların həcmi 5 milyard dollar təşkil edib.
Ümumiyyətlə, son illər Körfəz ölkələrində, xüsusən də Səudiyyə Ərəbistanında iqtisadi təsir uğrunda Çin və Hindistan arasında gərgin rəqabət müşahidə olunur. Hindistan-Səudiyyə Ərəbistanı ticarət dövriyyəsi aktiv inkişaf edir: bu il 22 faizdən çox artaraq, əsasən Səudiyyə Ərəbistanının Hindistana ixracı hesabına təxminən 53 milyard dollara çatıb. Ötən il Səudiyyə Ərəbistanı Hindistan iqtisadiyyatına sərmayə qoyan ən böyük on investordan biridir və yaxın bir neçə il ərzində krallıq Hindistana 100 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Göründüyü kimi, Səudiyyə Ərəbistanı üçün ən sərfəli perspektiv hər iki layihədə iştirakdır. Ölkənin məqsədi də balanslı siyasət yürütməklə ikisinin də iştriakçısı olaraq qalmaqdır. Lakin ABŞ və Avropanın Çinlə getdikcə gərginləşən münasibətləri fonunda buna nail olunması kifayət qədər problematik görünür.
Türkiyəyə gəlincə, qardaş ölkə Yaxın Şərq və Asiya arasında tranzit ölkə statusuna iddialı olduğunu gizlətmədən bu hədəfə çatmaq üçün müxtəlif layihələrdə yer alır. Bunlardan biri 2022-ci ildə BƏƏ-dən Türkiyəyə İran üzərindən yükdaşımaların həyata keçirilməsinə dair sazişdir. Bu məqsədlə üç ölkənin ərazisində nəqliyyat infrastrukturunun inkişafı planlaşdırılır ki, bu da Şarja (BƏƏ) limanını İran ərazisindən keçməklə Türkiyənin Mersin limanı ilə birləşdirməyə imkan verəcək.
Türkiyə həmçinin Çinin “Bir kəmər, bir yol” layihəsində iştirakçıdır: Çindən Mərkəzi Asiya-Xəzər dənizi-Azərbaycan-Gürcüstan üzərindən daşınacaq yüklərin öz ərazisindən Avropaya ötürülməsini təmin etmək niyyətindədir. Orta dəhliz adlandırılan bu marşrutla yükdaşımalar çoxdan həyata keçirilir. Dəhlizboyu dövlətlərin hamısı onun genişləndirilməsi, yükdaşımaların daha böyük həcminin dəhlizlə reallaşması üçün infrastruktura böyük sərmayələr yatırırlar. Özbəkistan, Qazaxıstan öz ərazilərindəki avtomobil və dəmiryol infrastrukturunu təkmilləşdirir, Qazaxıstan həm də Xəzər dənizi ilə yükdaşımalar üçün liman infrastrukturunu genişləndirir, yük donanmasına gəmilər alır. Azərbaycan Bakı-Tiflis-Qars dəmiryol xəttinin genişləndirilməsi üçün Gürcüstana 100 milyon dollar əlavə güzəştli kredit ayırıb, eyni zamanda özünün Xəzər dənizi sahilindəki Ələt limanının ötürücülük gücünün 25 milyon tona çatdırılması üçün işlərə başlayıb. Ələtdən Gürcüstan sərhədinə qədər dəmiryol xəttinin yenidənqurulması layihə başa çatmaq üzrədir. Türkiyə isə Bosfordan yeni sualtı dəmiryol xəttinin tikintisini həyata keçirir.
Türkiyə həmçinin Hindistandan Avropaya yükdaşımalar üçün istifadə olunan Şimal-Cənub nəqliyyat dəhlizində də iştirakçıdır və bu iştirakçılığı daha da genişləndirməyə çalışır. Hindistandan malların İran üzərindən keçməklə Türkiyəyə, Rusiyaya çatdırılmasını nəzərdə tutan dəhlizdə Azərbaycan hər iki istiqamətdə tranzit ölkə kimi çıxış edir.
Rusiya prezidenti Vladimir Putin hesab edir ki, İMEC Şimal-Cənuba heç bir problem yaratmır. Onun sözlərinə görə, İMEC-in hər hansı formada Rusiyaya mənfi təsiri yoxdur:“İnanıram ki, bu, bizə yalnız xeyir verəcək, logistikanı inkişaf etdirməyə kömək edəcək. Birincisi, bu layihə uzun müddətdir, bir neçə ildir ki, müzakirə olunur. Malların bu dəhlizlə əlavə daşınması əslində bizim Şimal-Cənub layihəmizə əlavədir və hansısa şəkildə bizə mane ola bilməz”.
Putin xatırladıb ki, Şimal-Cənub dəhlizi Fars körfəzinə və Hindistana çıxışı təmin etməlidir: “Əgər başqa bir marşrut varsa - mənim fikrimcə, İsrail də iştirak edirsə, bu o deməkdir ki, biz Qara dənizdən keçib, sonra Aralıq dənizinə keçə və bu dəhlizdən istifadə edə bilərik. Memorandumu imzalayan həmkarlar iqtisadi tərəflərinə yaxından nəzər salmalıdılar. Bu, sadəcə niyyət memorandumudur”.
Putin layihənin çətinliklərini də sadalayıb: “Layihə çərçivəsində yüklər əvvəlcə dəmir yolu ilə dənizə çatmalı, burada yenidən gəmilərə yüklənməli, daha sonra BƏƏ və ya Səudiyyə Ərəbistanı limanlarında yenidən dəmir yoluna, oradan yenidən gəmilərə yüklənməlidir. Bu ikiqat yüklənmə bütün layihənin iqtisadiyyatına təsir edir. Bu nəzərə alınmalıdır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI