VETENİM-AZERBAYCANDIR.AZ
Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan hesab edir ki, Şərqi Aralıq dənizi hövzəsindən çıxarılan qazın öz ölkəsinin ərazisindən Avropaya nəqlini nəzərdə tutan layihənin perspektivi kifayət qədər yüksəkdir.
Ərdoğan Ankaraya rəsmi səfərə gəlməsi gözlənilən İsrail baş naziri Benyamin Netanyahu ilə bu layihəni müzakirə edəcəyini bildirib: “Şərqi Aralıq dənizindən qazın Türkiyə ərazisi ilə Avropaya çatdırılması layihəsi ən sağlam layihədir. Əks halda, qazın Avropaya nəqli çox baha başa gələcək. Əgər Türkiyə ərazisi ilə nəql olunarsa, Türkiyə bundan səmərə əldə edəcək. Özü də səmərə həm istehlak, həm də nəql baxımından əldə olunacaq. Hazırda biz Netanyahu ilə ilkin təmaslar qururuq. Ümid edirəm ki, bu hadisə Türkiyə ilə İsrail arasında daha isti münasibətlərin başlanğıcı olacaq”.Məlumat üçün qeyd edək ki, İsrail baş nazirinin Türkiyəyə səfəri təxirə salınıb. Buna Benyamin Netanyahunun ürək əməliyyatı keçirməsi səbəb olub. Ürəyinə iki stend qoyulan baş nazirin həkimlərin məsləhəti ilə xarici səfərləri bir neçə həftəliyə təxirə saldığı bildirilir.
Qeyd edək ki, Şərqi Aralıq dənizindən hasil olunacaq qazın Türkiyə üzərindən Avropaya nəqli ən əlverişli variant hesab olunur. Bu layihə ilə bağlı ilk danışıqlar 2015-ci ildən başlanıb. 2016-cı ildə iki ölkə Aralıq dənizinin dibi ilə Türkiyəyə boru xəttinin çəkilməsi barədə razılığa gəlib, hətta layihələndirmə işlərini həyata keçirmək üçün işçi qrup da yaradılıb. Lakin sonradan münasibətlərdə radikal soyuqlaşma baş verdiyinə görə layihə kənara qoyuldu.
Aralıq dənizi neft-qaz ehtiyatları ilə kifayət qədər zəngin bir bölgədir. ABŞ Geoloji Araşdırmalar Mərkəzinin ehtimallarına görə, Kipr, Livan, Suriya və İsrail arasında qalan dəniz bölgəsində 3,45 trilyon kubmetr qaz və 1,7 milyard barel neft var. Nil Deltası hövzəsində isə 1,8 milyard barel neft, 6,3 trilyon kubmetr təbii qaz və eləcə də 6 milyard barel maye qaz yatağı olduğu ehtimal olunur. Bundan başqa, Kipr adası ətrafında olduğu ehtimal olunan 8 milyard barel neft yatağından başqa Krit adasının cənub və cənub-şərqində “Heredo” adlı yataqda 3,5 trilyon kubmetr qaz olduğu ehtimal edilir.Bu bölgənin neft-qazla zəngin olmasına dair iddialar 2007-2008-ci illərdən səsləndirilsə də ilk nəticələr 2009-cu ildə əldə olunub-İsrail öz sahillərində ehtiyatlarının həcmi 280 milyard kubmetr hesablanan “Tamar” qaz yatağını kəşf edib. Daha sonra yenə İsrail tərəfindən 620 milyard kubmetrlik ehtiyatı olan “Leviafan” yatağı açılıb. 2011-ci ildə isə Kipr yaxınlığında “Afrodita” yatağı (200 milyard kubmetr ehtiyatla) aşkarlanıb.
2015-ci ildə İtaliyanın “Eni” şirkəti dənizin Misirə aid hissəsində “Zöhr” yatağını kəşf edib - 850 milyard kubmetrə qədər ehtiyatla. 2018-ci ildə onunla eyni həcmdə daha bir yataq açılıb. İsrail, Misir, Kiprdən əlavə, Aralıq dənizinin Suriya, Livan, Fələstin və Yunanıstan hissələrində də böyük ehtiyatların olduğu güman edilir. Buna görə də böyük qüvvələrin bölgəyə marağı getdikcə artır. ABŞ, Fransa, İtaliya şirkətləri kəşfiyyat işləri üçün müxtəlif ölkələrdən lisenziyalar alırlar.
Türkiyə də bölgədə maraqlarını qorumağa, həmçinin dənizin özünə aid hissəsində neft-qaz axtarışlarını genişləndirməyə çalışır. Türkiyənin Aralıq dənizində kəşfiyyat-qazma işləri aparması Yunanıstan tərəfinin etirazlarına səbəb olmaqdadır. Yunanlar Türkiyə ilə Yunanıstan arasında dəniz sularında iqtisadi sərhədlərin müəyyənləşmədiyini əsas gətirməklə Ankaranı dayandırmağa çalışırlar. Türkiyə isə Kipr adası sahillərində hər hansı qazma və ya hasilat işlərinə imkan verməyəcəyini bildirir. Bu məqsədlə türk hərbi gəmiləri dəfələrlə Aralıq dənizinin perspektiv strukturlar olan bölgələrinə yeridilib.
2020-ci ildə Afinada İsrail, Yunanıstan və Cənubi Kipr arasında İsrailin “Leviafan”, Yunan Kiprinin “Afrodita” yataqlarının qazını Avropaya çatdıracaq Şərqi Aralıq dənizi qaz boru xəttinin (EastMed pipeline) tikintisi haqqında sazişi imzalanıb. Ötən müddət ərzində hər 3 tərəf sazişi ratifikasiya edib, layihənin texniki-iqtisadi əsaslandırılması işlərinə başlanıb.Avropa İttifaqı layihənin texniki-iqtisadi əsaslandırmasının hazırlanması üçün 34,5 milyon avro ayırıb, onu özü üçün maraq dairəsində olan layihə elan edib. Bu isə o deməkdir ki, çəkiləcək kəmər Avropa Komissiyasının 3-cü enerji pasketinin təsir dairəsinə düşməyəcək. Bundan əlavə, ABŞ da layihəni dəstəkləyib. Hətta Afinadakı imzalanma mərasiminə ABŞ-ın ovaxtkı dövlət katibi Mayk Pompeo da qatılmışdı. Beləliklə, həm Avropa İttifaqının, həm də ABŞ-ın dəstəyini alan “EastMed pipeline” İsrailin “Leviafan” və Kiprin “Afrodita” yataqlarından qazın Kipr adası və Kritdən Yunanıstanın materik hissəsinə, oradan isə İtaliyaya qədər çatdırılmasını nəzərdə tutur. Uzunluğu 1900 kilometr olan qaz kəmərinin 1300 kilometri dənizin altından, 600 km-i isə qurudan keçəcək. Layihənin ümumi dəyəri 7 milyard dollar hesablanır. Lakin əksər analitik mərkəzlər bu məbləğin 9 milyard dollara qədər artacağını gözləyirlər. 2025-2026-cı illərdə istifadəyə verilməsi nəzərdə tutulan kəmərin illik layihə ötürücülük gücü 10 milyard kubmetr olacaq. Türkiyə Kiprə məxsus sərvətlərdən Şimali Kiprin də bəhrələnmək hüququnun olduğunu bəyan edərək, sazişdə bu hüququn təsbit olunmadığına görə ona qarşı çıxıb. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, Şimali Kiprin maraqlarının təmin olunmadığı müddətdə kəmərin çəkilməsinə imkan verməyəcək.
Ötən il Liviya ilə Türkiyə arasında əldə edilən razılaşmaya əsasən, kəmərin keçəcəyi ərazinin bir hissəsi - Kipr adasının Şərq akvatoriyası Türkiyənin müstəsna iqtisadi ərazisi hesab olunur. Bu isə o deməkdir ki, həm layihənin iştirakçıları, həm də əsas dəstəkçisi olan Avropa Birliyi və ABŞ Ankara ilə hesablaşmalı olacaqlar. Artıq ABŞ-ın layihəyə verdiyi dəstəyi geri çəkdiyi və bunu məhz Türkiyənin etirazlarına görə etdiyinə dair məlumat da yayılıb.
Aparıcı beynəlxalq analitik mərkəzlər “EastMed” layihəsinin reallaşması ehtimalını aşağı qiymətləndirirlər. Hətta kəmər çəkilsə belə, illik 10 milyard kubmetrlik ötürücülük gücü ilə Avropanın ehtiyaclarını qarşılamaq imkanında deyil. Elə İsrailin sürətlə artan qaz ixracı potensialına da bu kəmər cavab vermir. Çünki İsrailin özündə qaz hasilatı sürətlə artır. 2022-ci ildə İsrailin qaz hasilatı rekord həcmə - 21,9 milyard kubmetrə çatıb. Bu həcmin 12,7 milyard kubmetri 3 faizlik artım nümayiş etdirən daxili tələbatın ödənməsinə, 9,2 milyard kubmetri isə 29 faiz artım qeydə alınan ixraca yönəldilib.
İsrailin 2022-ci ilin oktyabrında Aralıq dənizində yerləşən Kariş və Kana yataqları ilə bağlı Livanla razılığa gəlməsindən sonra ölkənin ixrac potensialı illik 45 milyard kubmetrə qədər artacaq. Ölkə Misir və İordaniyaya da qaz satır, lakin bu həcmlər də ixrac potensialını tam reallaşdırmaq üçün yetərli deyil. İsrail qaz ixracını mümkün qədər artırmağa çalışır. Bu zaman əsas alıcı qismində, əlbəttə ki, Avropa İttifaqı çıxış edir. 2022-ci ilin iyununda Avropa Komissiyası Qahirədə İsrail və Misirlə qaz idxalına dair razılaşma imzalayıb. Razılaşmaya əsasən İsrail qazı Misirdəki zavodlarda sıxılacaq, daha sonra maye şəklində tankerlərlə Avropaya ixrac olunacaq. Əvəzində Avropa İttifaqı İsrailə hasilatı artırmaq üçün kəşfiyyat və hasilat işlərində, Misirə isə sıxılmış qaz istehsalı infrastrukturunu genişləndirmək üçün kömək edəcək.Bu ilin iyununda İsraildə yeni qaz yatağı kəşf edilib. Yeni yataq hasilat aparılan “Kariş” və “Tanin” yataqları arasında yerləşir. Onun çıxarıla bilən qaz ehtiyatları 68 milyard kubmetr həcmində hesablanır. “Katlan” adlandırılan yataqda hasilat işləri üçün “Kariş”dəki infrastrukturdan istifadə olunacaq.
Beləliklə, rahatlıqla söyləmək olar ki, İsrailin qaz ixracı potensialı yeni yataqlar hesabına bir neçə dəfə artmaqla ölkəni Avropa İttifaqı kimi əlverişli bazara səmərəli çıxış yolu tapmağa vadar edir. Mümkün variantlar arasında ən səmərəlisi isə məhz Türkiyə üzərindən çəkiləcək kəmər olar bilər. Bu qaz kəmərinin uzunluğu 500-550 kilometr, ötürücülük gücü 32 milyard kubmetr, dəyəri isə 1,5 milyard avro həcmində hesablanır. İlkin dəyəri 7 milyard dollar hesablanan “EastMed” 10 milyard kubmetrlik ötürücülük gücü ilə onunla rəqabət aparmaq imkanında deyil.
Bütün bunlar İsraillə Türkiyənin birgə qaz kəməri layihəsinin həyata keçirilməsini zəruri edir. Hər iki ölkə bunu anlayır və əldə edəcəkləri dvidentləri qiymətləndirir. Buna görə də hələ 2022-ci ilin martında - İsrail Prezidenti İshaq Herzoq Ankaraya səfər edərkən tərəflərin layihə ilə bağlı müzakirələri yenidən başlatdığına dair məlumatlar yayılıb. O zaman Reuters hər iki ölkənin hökumətindəki mənbələrə istinadən layihə ilə bağlı konkret qərarların - kəmərin marşrutu, iştirakçılar və sair, - yaxın dövrdə qəbul ediləcəyini yazmışdı. Türkiyə Prezidentinin son açıqlamaları artıq tərəflərin qeyd olunan məsələlərlə bağlı razılığa gəldiklərini göstərir. Layihənin rəsmi status alması yəqin ki, Benyamin Netanyahunun Ankaraya rəsmi səfəri zamanı baş tutacaq. Bu layihə Türkiyənin regional qaz habına çevrilmək planlarına da təkan verəcək. Hazırda Türkiyədəki mərkəzə mövcud kəmərlər şəbəkəsində qısamüddətli genişləndirmə yolu ilə Rusiya, Azərbaycan və İrandan ildə 70 milyard kubmetrə yaxın qaz ötürülməsi potensialı var. 32 milyard kubmetrlik İsrail qazını da əlavə etsək, Türkiyənin qaz habından çox böyük səmərə əldə edəcəyini söyləyə bilərik.
Onu da bildirək ki, indiyədək İsraildən Türkiyəyə çəkiləcək qaz kəməri üçün əsas maneə Suriya-Türkiyə münasibətlərindəki problemlər hesab olunurdu. Artıq bu istiqamətdə də yumşalmalar, əlaqələrin bərpası üçün zəmin yaradıldığı görünür...
VETENİM-AZERBAYCANDIR.AZ