Nazirlər, yoxsa nəzirlər Kabineti?
16-07-2023, 09:29
256 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Azərbaycanın təbii sərvətlərinin Xankəndindəki separatçı rejim tərəfindən talanaraq Ermənistana daşınmasının qarşısını almaq üçün Laçın-Xankəndi yolunda ekoloji fəalların keçirdikləri aksiya çox böyük əks-səda doğurmuşdu.
Dünyanın ən məşhur mass-media orqanları bu aksiyadan bəhs etdilər.
Daha sonra ermənilərin Oxçuçayı zəhərləmələri, Arazdəyən kəndi yaxınlığında metallurgiya kombinatı tikməyə başlayaraq bütün bölgənin ekologiyası üçün ciddi təhlükə yaratmalarından rəsmi Bakı bəhs etdi, sərt və qətiyyətli mövqeyini bəyan etdi, beynəlxalq təşkilatlardan operativ reaksiya tələb etdi.
Düz də etdi və edir də.
Amma Gədəbəyin Söyüdlü kəndindəki aksiyanın səbəblərini araşdırmaq, təbiətə ziyan dəyib-dəymədiyini bəlirləmək əvəzinə səlahiyyətli qurumlar heç nə olmamış kimi davrandılar. Hələ açıqlamalar da verildi ki, hər şey normaldır və bütün iddialar, sən demə, əsassızdır.
Ancaq belə deyil.
Azərbaycan Prezidentim 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonundakı Söyüdlü kəndində baş vermiş məlum hadisələrdən də bəhs etdi.
Dövlət başçısı dedi: "Mən xəbər tutandan sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir. Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur. Bəli, Nazirlər Kabinetində müşavirə keçirilib, orada açıqlama verilib. O açıqlamanı oxuyan heç nə başa düşə bilməz ki, orada nə deyilib və o açıqlamanın məqsədi nə idi? İşi malalamaq, yaxud da ki, hansısa belə ümumi sözlərlə bu məsələyə diqqət yetirmək. Mən konkret tapşırıq vermişdim, konkret. Hanı ekspertizanın nəticələri? Nə qədər vaxt keçib? Bir aya yaxın vaxt keçib. Heç kim mənə məruzə etmir - Nazirlər Kabineti etmir, Ekologiya və Təbii Sərvətlər Nazirliyi etmir. Hesab edirlər ki, mən bunu unutmuşam. Yox, mən heç nə unutmuram".
Prezident İlham Əliyev Nazirlər Kabinetinə bir həftə vaxt verdi. Nazirlər Kabineti bir həftə ərzində həm dövlət başçısına, həm də ictimaiyyətə məlumat verməli, məsələni araşdırmalı idi.
Baş nazir Əli Əsədov da iclas keçirərək, Söyüdlü kəndində nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Ə.Əsədov Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclasında icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonası müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarlarım çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.
Bu, rəsmi açıqlamadır və cənab Əli Əsədov dövlət başçısının tapşırığını icra etdiyini, probolemin həll yollarının arandığını və suçluların da cəzalarını alacağını ictimaiyyətə çatdırmağa çalışdı.
Amma çatdıra bildimi? Yox
Çünki cəmiyyətə çatdırılası heç nə yox idi.
Nazirlər Kabinetinin bu iclası sanki gerçəyi və görüləsi işlər barədə məlumatları nəzir kimi vətəndaşlar "əta" etmək fikrində olan Əli Əsədovun "zəruri tədbirlər görüldü" bəyanatının bəsit izharı idi.
Ekologiya və Təbii Sərvət Nazirliyi Söyüdlü kəndindəki olayların araşdırılması ilə bağlı fəaliyyət görüntüsü yaratmağa çalışır, baş nazir əli Əsədov sanki bu primitiv cəhdləri görməzdən gələrək sakit davranır.
Dövlət başçısı müşavirədə Söyüdlü məsələsindən bəhs etməsəydi, prosesə müdaxilə etməsəydi baş nazir Əli Əsədov toplantı keçirəcəkdimi?
Düşünmürəm.
Halbuki bu toplantı müşavirəyə qədər keçirilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən fəaliyyətsizliyinin hesabı soruşulmalı idi.
Edilmədi.
Əvəzində müşavirədən sonra Əli Əsədov nazir Muxtar Babayevə "zəruri tapşırıq və göstərişlər"ini verdi.
Muxtar Babayevin davranışı isə ümumiyyətlə, maraqlıdır.
Belə ki, məlum müşavirədən sonra brifinq keçirən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev buyurdu: "Dünən Prezident tərəfindən çox haqlı iradlar səsləndirilib. Xüsusən ETSN-in bəzi sahələrdə nəzarətinin lazımi formada aparılmaması ilə bağlı iradlar var idi. Cənab Prezidentin bütün tapşırıqları icra olunacaq, lazımi qüvvələr mobilizasiya olunacaq. Biz çalışacağıq ki, belə hallar olmasın".
İfadəyə fikir verin: "Çalışacağıq ki, belə hallar olmasın".
Olub artıq, cənab Babayev. Sizdən tələb olunan "bir də belə halların olmaması" yox, Söyüdlüdəki situasiyanın səbəblərinin araşdırılması idi.
Araşdırılıbmı? Axı dövlət başçısının verdiyi bir həftəlik vaxt artıq bitir.
Söyüdlüdə ekoloji problemlərə səbəb olmuş şirkətin həmin arealda fəaliyyətinin dayandırılmasını baş nazir Əli Əsədov və nazir Muxtar Babayev az qala öz qərarları kimi təqdim edirlər.
Halbuki Prezidentin obyektiv, hərtərəfli və ən başlıcası, sərt mövqeyi olmasaydı, Əli Əsədov çətin ki, toplantı keçirərdi, Muxtar Babayev də "çalışacağını" vəd edəydi.
Görünən budur ki, Nazirlər Kabinetinin ciddi, amma çox ciddi islahatlara ehtiyacı var.
Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə gəldikdə isə, görək, necə "çalışacaq"...
VETENİM-AZERBAYCANDIR.AZ
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<