İslamofobiyanın davam etməsi dünyada yaşayan bütün insanların həyatı üçün təhdiddir ŞƏRH
9-03-2024, 18:59
143 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
Bildiyiniz kimi, martın 8-9-da Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” konfransı keçirilir. Bu, nəinki İslam aləmi üçün, eyni zamanda, bütün insanlıq üçün çox vacibdir. Bu gün dünyada müsəlmanlara qarşı ayrı-seçkilik və qərəzli münasibət hamımıza məlumdur. Nəinki müsəlman olmaq, hətta müsəlmana bənzəmək belə bəzi qərb ölkələrində narahatlıq doğurur. Bu ölkələrdə din siyasiləşdirilir və müsəlmanlara təhlükə kimi baxılır. İslamın sadəcə bir qrup insana xidmət etdiyini düşünürlər. Görünür ki, onlar ya uca İslamı dərk etmir, ya da dərk etmək siyasətlərinə uyğun gəlmir. Halbuki İslam dinində millət və sərhəd anlayışı yoxdur. Belə olsaydı İslam dini ancaq ərəblərə aid olardı.
Bu sözləri açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında ictimai şuranın üzvü Nərminə Qəribova söyləyib.
N.Qəribova bildirib ki, İslam dinində xalqlar anlayışı yoxdur. Hər kəs bərabərdir. Hətta heyvanlar belə Allahın dilsiz qulları adlandırılır. Allahın bütün yaratdıqları canlılara görə hesab soruşacağına inanılır: “Fransa nümayəndəsi çıxışında vurğuladı ki, bizim məqsədimiz müsəlmanların çılğınlığının və döyüşkənliyinin qarşısını almaqdır. Fransada müsəlmanlara qarşı heç bir ayrı-seçkilik yoxdur. Lakin o, ölkəsində İslam peyğəmbərinin karikaturasının çəkilməsi, müqəddəs “Qurani-Kərim”in yandırılaraq müsəlmanların əqidələrini təhqir etdiyini, onların “çılğınlıq etməsinə” təhrik edildiyini yadına salmadı. Burada təkrar onların birtərəfli yanaşmasının şahidi oluruq”.
N.Qəribova diqqətə çatdırıb ki, heç bir müsəlman başqa dinin mənsublarının kitablarına və peyğəmbərlərinə hörmətsizlik etməz: “Çünki bizim peyğəmbərimiz Məhəmməd (s.ə.s) özündən əvvəl gələn bütün peyğəmbərləri və müqəddəs kitabları qəbul edirdi. Hər bir müsəlman üçün bütün peyğəmbərlər müqəddəsdir. İslam dini bəlli bir qrup üçün deyil, bütün insanlığın sülh, əminamanlıq içində, sağlam, bərabərhüquqlu və ədalətli yaşamasına xidmət edir. İnsanların dini əqidəsinə toxunmağa, dini, irqi ayrı-seçkiliyə icazə vermir. Bizim dinimiz öldürməyi deyil, sevməyi, yardımlaşmağı, birlik və bərabərliyi təbliğ edir. Qarışqanın belə haqqını müdafiə edən bir dini terrorizmlə eyniləşdirmək yolverilməzdir”.
“Qərb tərəfin çıxışlarından görünür ki, müxtəlif dinlərdən və irqlərdən olan insanların bir arada yaşaması çətin hesab edilir. Məncə, ölkəmizin bu sahədə fəaliyyəti dünyaya bir nümunədir. Azərbaycan kifayət qədər çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Burada müxtəlif dinlərdən olan xalqlar Azərbaycan xalqı ilə sülh və əmin-amanlıq içərisində yaşayır. Dövlətimiz bu məsələyə çox həssas yanaşır. Və nəticə gördüyünüz kimi mükəmməldir. Fikrimcə, dövlətimizin bu siyasəti qərb ölkələrinə bir nümunə olmalıdır. Və bu təcrübəni dəyərləndirməlidirlər. Təkrar demək istəyirəm ki, islamofobiyanın davam etməsi, ayrı-seçkilik, alçaldıcı rəftar yalnız müsəlmanlara deyil, dünyada yaşayan bütün insanların həyatı üçün təhdiddir. Bu cür qıcıqlandırıcı əməllər tək müsəlmanlara qarşı deyil, həm də insanlıq əleyhinə atılmış addımlardır”, - deyə Nərminə Qəribova əlavə edib.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<