1 mart 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində“Qərbi Azərbaycan – yurd yerimiz” adlı konfrans və “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” ilə “Türkoloji Mərkəz”in açılış mərasimi keçirilmişdir.
3-03-2024, 09:02
348 dəfə baxılıb
VETENİM-AZERBAYCANDIR.AZ
1 mart 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində Beynəlxalq əlaqələr üzrə prorektor, filologiya elmləri doktoru, professor Mahirə Nağı qızı Hüseynovanın təşkilatçılığı ilə “Qərbi Azərbaycan – yurd yerimiz” adlı konfrans və “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” ilə “Türkoloji Mərkəz”in açılış mərasimi keçirilmişdir.
Əvvəlcə qonaqlar “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Türkoloji Mərkəz”in açılış mərasimində iştirak edərək onların fəaliyyəti, elmi araşdırmaları, zəngin kitab fondu ilə yaxından tanış olmuşlar. Daha sonra tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru prof. Mahirə Hüseynova Pedaqoji Universitetdə “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Türkoloji Mərkəz”in fəaliyyətə başlamasının həm universitet, həm də dövlətimiz üçün əhəmiyyətli hadisə olduğunu vurğulamış, Qərbi Azərbaycanın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu dilə gətirmişdir. O, eyni zamanda, türk dünyası ilə qarşılıqlı əlaqələrimizin Ulu Öndər Heydər Əliyev tərəfindən bərpa edildiyini, cənab prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq bu münasibətlərin daha da genişləndiyi qeyd etmişdir.Çıxış edən ADPU-da Elmi-təşkilati şöbənin müdiri prof. İbrahim Bayramov Qərbi Azərbaycanın ölkəmizin tarixi torpaqları olduğunu söyləyərək bunu 3 faktla əsaslandırmışdır: etnik tərkib, toponimlər, tarixi abidələr. Prof. İbrahim Bayramov bu faktları sübut etmək üçün əsaslı sübutlar göstərmişdir.ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri prof. Fərrux Rüstəmov öz çıxışında Qərbi Azərbaycanın təhsil tarixinin, dövlətçilik tarixinin araşdırılmasının önəmini qeyd etmiş, İrəvan kişi gimnaziyasının ən görkəmli məzunlarının məhz azərbaycanlı Əziz Əliyev, Mustafa Topçubaşov və Əhməd Rəcəbli olduğunu qeyd etmiş, yaradılan mərkəzin elm aləminə uğurlu tövhələr verəcəyini bildirmişdir.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli öz çıxışında Qərbi Azərbaycan adının dövlət səviyyəsində ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən dilə gətirildiyini söyləmişdir. O, 2022-ci ildə cənab prezident İlham Əliyev tərəfindən Qərbi Azərbaycan İcmasının yaradıldığını xatırlatmış, 1 il ərzində Qərbi Azərbaycan İcmasının öz fəaliyyətini xeyli genişləndirdiyini vurğulayaraq ADPU-da “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin yaradılmasındakı xidmətlərinə görə professor Mahirə Hüseynovaya öz təşəkkürünü bildirmişdir.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, millət vəkili, professor Nizami Cəfərov türkologiya və türkçülüyün qarşılıqlı əlaqəsindən bəhs edərək bu bağlılığın 3 dövrə bölündüyünü söyləmiş, təsəvvürlər dövrü barədə tədbir iştirakçılarını məlumatlandırmışdır. O cənab prezident İlham Əliyevin andiçmə mərasimində açıq kontekstdə türk dövlətləri ilə ölkəmizin qarşılıqlı əlaqələrinin bundan sonra daha da genişlənəcəyi fikrini xatırladaraq Pedaqoji Universitetdə “Türkoloji Mərkəz”in yaradılmasının bu baxımdan da alqışalayiq addım olduğunu söyləmişdir.
Çıxış edən millət vəkili Sadiq Qurbanov mənfur düşmənlərimizin tarixən türkləri parçalamaq, türk dövlətlərinin birləşməyinin qarşısını almaq fikrində olmalarını qeyd etmiş, 1926-cı ildə Birinci Türkoloji Qurultayın keçirilməsinin onların bu planlarını sarsıtdığını bildirmişdir.AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev çıxış edərək ADPU-da “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin yaradılmasının dövlətçiliyimiz üçün əhəmiyyətli addım olduğunu vurğulamış, ADPU-nun 100 ildən artıq tarixə malik müəllim yetişdirən məbəd olduğunun qeyd etmiş, indiki tələbələrin gələcəkdə pedaqoji kadr olaraq Qərbi Azərbaycan həqiqətlərini şagirdlərə çatdırmasında bu mərkəzin əhəmiyyətli rola malik olduğunu dilə gətirmişdir.Millət vəkili Musa Urud Qərbi Azərbaycan İcmasının fəaliyyətə başladığı dövrdən etibarən qarşıya qoyulan əsas məqsədlərə nail olunduğunu bildirmiş, bu qurumun fəaliyyətini yüksək qiymətləndirərək qərbi azərbaycanlılar barədə beynəlxalq təşkilatlarda çıxışlar səsləndirildiyini, xaricdə məqalələrin çap etdirildiyini söyləmişdir. O, bu gün Pedaqoji Universitetdə “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi”nin yaradılmasının artıq bu barədə elmi araşdırmaların sistemli şəkildə öyrənilməsinə təkan verəcəyini qeyd etmişdir.Çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin əməkdaşı Nazir Əhmədli və dos. Cəbi Bəhramov ADPU-da belə mərkəzlərin yaradılmasında xidmətlərinə görə prof. Mahirə Hüseynovaya təşəkkür etmiş, indiki Ermənistan adlı ərazinin tarixən azərbaycanlılara məxsus olduğunu qeyd etmiş, bu fikrini faktlarla əsaslandırmışlar.
Sonda professor Mahirə Hüseynova gələn qonaqlara təşəkkür etmiş, “Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi” və “Türkoloji Mərkəz”ə gələcək fəaliyyətində uğurlar arzulamışdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR<