VETENİM-AZERBAYCANDIR.AZ
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda keçirilən ənənəvi elmi-praktiki konfranslarda təqdim edilən ən yaxşı məqalələrin toplandığı kitab işıq üzü görüb.
BŞİH-in mətbuat xidmətindən bildiriblər ki, qalib elan edilən elmi məqalələrin yer aldığı “Heydər Əliyev və Azərbaycan tarixi” adlı kitab Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan növbəti nəşrlərdən biridir. Cari ilin əvvəlindən keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb.
BŞİH-də keçirilən təqdimat mərasimində şagirdlərin özlərinin aparıcılığı ilə təşkil edilən mərasimdə icra hakimiyyətinin məsul şəxsləri, qalib məktəblilər, onların elmi rəhbərləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov Azərbaycan tarixinin şanlı səhifələrinin Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixində yeni şanlı səhifələr yazılır.
Yasamal rayonunun 53 saylı tam orta məktəbinin direktoru Tünzalə Zeynalova, Sabunçu rayonunun 112 saylı tam orta məktəbinin tarix müəllimi Şahnaz Quliyeva, Səbail rayonunun 6 nömrəli məktəb-liseyinin X sinif şagirdi Nəzrin Hüseynli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini diqqətə çatdırıblar. Bildirilib ki, bu ənənəvi tədbirdə hər il minlərlə şagird iştirak edir və Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızın inkişafı, ərazi bütövlüyünün tam təmin olunmasında rolu barədə elmi məqalələrlə çıxış edirlər. Vurğulanıb ki, bu, tariximizin öyrənilməsi baxımından çox vacibdir.
Qeyd edək ki, cari ilin əvvəlindən keçirilən elmi-praktik konfranslarda Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3 mindən çox şagird iştirak edib. Paytaxtın hər rayonundan 5 referat olmaqla ümumilikdə 60 iş komissiya tərəfindən seçilərək “Heydər Əliyev və Azərbaycan tarixi” kitabına daxil edilib.