Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!

Qadın gülərsə şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək!
30-03-2023, 12:27 676 dəfə baxılıb

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ


Ölkəmizdə zərif cinsin nümayəndələrinin problemlərinin həlli istiqamətində mütəmadi maarifləndirici tədbirlər keçirilir. Sərəncamlar imzalanır, dövlət proqramları, layihələr hazırlanır.

Bütün bunlarla bərabər, təəssüf ki, qızlarımız hələ də erkən yaşda nikaha məcbur edilir. Mənəvi və fiziki şiddətə məruz qalır, analar uşaqlarının gözləri önündə öldürülür. Deməli, real həyat göstərir ki, görülən işlərin cəmiyyətə təsir dərəcəsi kifayət qədər deyil. Qadına qarşı şiddətin yaranmasının qarşısını almaq üçün daha nə etmək lazımdır? Biz bu suala cavab tapmaq məqsədilə İctimai Televiziyanın aparıcısı Aynur Fətullayevaya və Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat üzrə şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadəyə müraciət etdik.

Aynur xanım bildirdi ki, insanlar arasında münasibətlərin əsasında sosial və psixoloji durum dayanır. Bura ictimai yanaşmanı da əlavə etmək olar. Beynəlxalq araşdırmalar zamanı məlum olub ki, qadın haqlarının tam bərqərar olması üçün dövlət qanunvericiliyi ilə yanaşı, ictimai qınağın, prosesə ətraf təzyiqin gücləndirilməsi də vacibdir. İctimai qınaq nədir? Bu sualın cavabını şahidi olduğum bir hadisə ilə izah etməyə çalışacam.
Bir neçə il əvvəl Milli parkda bir qızı iki oğlan döyərək maşına mindirirdilər. Ətrafda xeyli adam var idi. Heç kim reaksiya vermirdi. Müdaxilə etmək əvəzinə, hamı, sadəcə, baxırdı.

Biz belə münasibəti əvvəllər digər ölkələrdən eşidərdik. Birinin başına bir iş gələndə köməyə qaçmağımızla fəxr edərdik. Deməli, cəmiyyət gündən-günə dəyişir, mürəkkəbləşir, həssaslaşır. Biz bu dövrdə problemlərin həllinə beş il, on il, hətta əlli il əvvəlki metodlarla yanaşmamalıyıq. Köhnə metodlarla bu cəmiyyətdə işləmək nəticə verməyəcək. Mövzumuzda təkcə fiziki zorakılıqdan, öldürməkdən, döyməkdən söhbət getmir, bunlar məsələnin sonuncu mərhələsi sayılır. Biz çalışmalıyıq bünövrədən dəyişiklik edək. Qadınlar sözlə, mənəvi təzyiqlə, hüquqlarının tapdanılması ilə böyüməsin. Ona görə körpəlikdən istər qız, istərsə də oğlan övladı arasında seçim edilməməlidir. “Övladım əzizdir, tərbiyəsi ondan da əzizdir”, deyiblər. Düşünürəm ki, bu məsələdə analara böyük iş düşür. Çünki şiddəti törədən kişiləri də analar böyüdür. Ona görə də ailə quran hər kəs “övlad necə tərbiyə olunmalıdır” sualının cavabını bilməlidir. “Kişidir, söyə bilər”, “Qızını döyməyən, dizini döyər” kimi şiddət doğuran kəlamlarla deyil, övladlarımıza gücün mərhəmətdə, tərbiyədə, əxlaqda, təhsildə, insanlara qarşı hörmətdə olduğunu anlatmalıyıq. Qız uşaqlarını isə ya ata, ya da qardaş təzyiqi altda böyütməməliyik. Çünki araşdırmalara görə, insan ona sərt qadağa qoyulan nə varsa ona qarşı meyilli olur. Basqı altında böyüyən qızlar ata və ya qardaşdan asılı olmamaq üçün tez ailə qurmağa can atır. Bu da bəzən yağışdan çıxıb yağmura düşməklə nəticələnir. Sonda qadın yenə bədbəxt olur.

Birmənalı şəkildə çıxış yolunu təhsildə görürəm. Qızlar ilk növbədə təhsillərini tamamlamalıdır. Necə ki, H.Z.Tağıyev deyib “ Bir kişi elm alarsa, o ancaq təhsilli bir insan olar. Amma bir qadın təhsil alıbsa, o həm təhsilli qadın, həm də bilikli, savadlı bir anadır. Savadlı anaların isə gələcəkdə düzgün cəmiyyətin qurulmasında əhəmiyyəti böyükdür”.
Tural Hüseynzadə bildirdi ki, qadınlara qarşı törədilən cinayətlərin aradan qaldırılması üçün Komitə tərəfindən profilaktik tədbirlər görülür, monitorinqlər aparılır. Bu cür hadisələrin daha çox baş verdiyi ərazilərdə, bölgələrdə maarifləndirmə, zorakılığa qarşı mübarizə, milli fəaliyyət planları, qanunların təkmilləşdirilməsi və s. kimi işlər həyata keçirilir. Baş verən neqativ hallar önləyici tədbirlərin zəifliyindən irəli gəlmir. Məsələn, cinayət işi törədilən rayonların birində biz hadisədən 5 gün əvvəl tədbir keçirdirik. Şiddət göstərən, cinayət törədəcək hansısa şəxs heç tədbirdə iştirak etməz, onu məcbur da gətizdirmək olmaz. Yəni cinayət törətməyə hazır olan beynin zehniyyəti lap əvvəldən maarifləndirilməlidir, əgər problem varsa, vaxtında müdaxilə edilməlidir, zamanında təmizlənməlidir. Yəni insan psixoloji zorakılıqlarla illərlə yüklənir, daha sonra o, fiziki formada partlayır. Biz psixoloji problem başlayan anda müdaxilə etməliyik. Qadınlara münasibətdə zorakılığın aradan qaldırılması üçün tədbirlər təhsil ocaqlarında təşkil olunmalı və kütləvi informasiya vasitələrində işıqlandırılmalıdır. Buna görə də Komitə tərəfindən hər il mütəmadi olaraq orta məktəblərdə təlimlər keçirilir, tədbirlər təşkil edilir. Orta məktəblərdən “Qadın zorakılığına son!”, “Şiddətə son!” kimi tədbirlərlə yeniyetmələrin zehnində parlaq gələcək üçün zəmin yaradırıq.

VƏTƏNİM-AZƏRBAYCANDIR.AZ


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI