Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) İnsan Hüquqları Aylığının elan olunması ilə bağlı dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına müraciət ünvanlayıb.
"Vətənim-Azərbaycandır.az" müraciəti təqdim edir: “Məlum olduğu kimi, Azərbaycanın müxtəlif inkişaf mərhələlərində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına xidmət edən bir sıra strateji əhəmiyyətli sənədlər - dövlət proqramı, milli fəaliyyət planı və proqramı hazırlanmış və təsdiq edilərək icra olunub.
Böyük ehtiram hissi ilə qeyd etmək lazımdır ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Bunu nəzərə alaraq dövlətimizin başçısı İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i Azərbaycan Respublikasında İnsan Hüquqları Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) olaraq, həmin əlamətdar gün ərəfəsində ölkədə “İnsan Hüquqları Aylığı” (18 may - 18 iyun 2022-ci il) elan edirəm. Bununla əlaqədar dövlət və yerli özünüidarə orqanlarına, elm, təhsil və tibb müəssisələrinə, vətəndaş cəmiyyəti institutlarına, o cümlədən qeyri-hökumət təşkilatları və mediaya müraciət edərək təşəbbüsümüzə qoşulmaqla Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş silsilə tədbirlər təşkil etməyə çağırıram.
Hər il olduğu kimi, builki Aylığın da elan olunmasında əsas məqsəd insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, qazanılmış nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etmək, habelə əhalinin hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyin yolverilməzliyinin zəruriliyini diqqətə çatdırmaqdan ibarətdir.
Təqdirəlayiq haldır ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində dövlət səviyyəsində həyata keçirilən profilaktik və mübarizə xarakterli təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini vermiş və ölkədə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar xüsusi karantin rejiminin mərhələli şəkildə yumşaldılması prosesi həyata keçirilməkdədir.
Bu baxımdan artıq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş müvafiq qərara əsasən, bütün kütləvi tədbirlərin keçirilməsinə icazə verildiyini nəzərə alaraq hesab edirəm ki, hüquqi maarifləndirmə tədbirləri həm ənənəvi (oflayn), həm hibrid, həm də onlayn formalarda keçirilə bilər.
Tərəfimizdən elan olunan Aylıq çərçivəsində insan hüquqlarına həsr olunmuş müxtəlif mövzular üzrə hüquqi maarifləndirmə tədbirlərinin keçirilməsində, sosial çarxların hazırlanmasında, mediada və sosial şəbəkələrdə insan hüquqlarının təbliğ edilməsində, insanların müraciətlərinə operativ şəkildə baxılmaqla pozulmuş hüquqlarının bərpası məsələlərinə diqqətin daha da artırılmasında fəallıq nümayiş etdirməklə, hər kəsi insan hüquqlarının səmərəli müdafiəsinə, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişafına töhfə
verməyə dəvət edirəm”.
"
Vətənim-Azərbaycandır.az"