Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mərd ələ yapışar, namərd ayağa... - İran siyasətinin gerçək üzü

Mərd ələ yapışar, namərd ayağa... - İran siyasətinin gerçək üzü
24-09-2022, 15:08 135 dəfə baxılıb

İran da Ermənistan kimi dünyada nadir ölkələrdəndir ki, qonşulara münasibətdə sərgilədiyi əyalət hiyləgərliyindən, bicliyindən başlamış, heç nədən hay-küyünə, hərbə-zorbasına, bitib-tükənməyən təxribatlarına kimi… yazdıqca qurtarmaq bilmir. Öz günlərinə, düşdükləri acınacaqlı duruma, ideoloji platformalarından tutmuş siyasi idarəçilik sistemlərinədək məsxərə obyektinə, məzhəkə subyektinə çevrilmələrinə ağlamaq əvəzinə gözləri onun-bunun “qapısı”nda, “pəncərə”sindədir.
Öz gözlərindəki tiri görməzdən gəlib, özgə gözündə tük axtarırlar. Sözü də ağızları köpüklənə-köpüklənə havaya üfürürlər. Amma bölgədə özünü yad ünsür kimi aparan, gah o qütbə, gah bu qütbə yalmanan, yekə-yekə açıqlamalar, bəyanatlar verən bu iki ölkəni bir-birindən fərqləndirən çox önəmli bir cəhət var: Ermənistanın düşmənçiliyi ortaqlıdadır. İran isə nə dost kimi dostdur, nə də düşmən kimi düşmən. Üzdə müsəlmanların həmrəyliyindən danışır, arxada Ermənistanla işbirliyi qurur, müsəlmanların məscidlərini tövləyə çevirənlərlə qol-boyun olub, dil ağıza qoymadan İslam dəyərlərinin və abidələrinin müqəddəsliyindən söz açır. Bu xüsusda yerinə düşən məşhur bir atalar məsəlimiz var: “Mərd ələ yapışar, namərd ayağa…”
Bunlar isə nə mərd kimi mərddilər, nə də namərd kimi namərd… Yapışanda da… ayaqqabıdan yapışırlar, o da əllərində qalır.
Hər dəfə Azərbaycan sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü, suverenliyini təhdid edən hansısa təxribatın qarşısını alanda, ölkəmiz İranla yaxından-uzağa heç bir əlaqəsi olmayan coğrafi, siyasi və diplomatik müstəvidə mövqelərini möhkəmləndirəndə, nədənsə burnu ovulan Ermənistandan daha çox İranın bəzi deputatları, hərbçiləri, sivil dünyada analoqu olmayan statusa sahib hansısa “Mirzə Taraqqa”ları sahiblənə bilmədikləri əllərinə, dillərinə “falaqqa” alıb, “əlif zəbər ə, bey zəbər bə…” ritorikasıyla “havaya” üsyan edirlər. 
Nəcəf Bəy Vəzirovun “Ev tərbiyəsinin bir şəkli” pyesində deyildiyi kimi,
“Mirzə Taraqqa budur ha, gəlir,
Əldə falaqqa budur ha gəlir…”
Gəlir… həm də təxminən 30 saniyəyə yerə yapışdırılan “İranlı Hulk” kimi - Sosial şəbəkələrdə hərbi geyimdə başından böyük pozlar verir və sonra təzək kimi çırpılır yerə…
Nə hədələrinin ünvanı bəllidir, nə də niyyətlərinin mahiyyəti… “Şirin quyruğu”, “qırmızı xətt”, “yaşıl həlqə”, “çəhrayı düzbucaq”… Zalımın uşağı, elə bil siyasətlə həndəsənin və zoologiyanın sintezini yaradırlar. Əslində, qarışqadan fil, fildən isə qarışqa düzəltmək İran adlanan ölkənin bəzi siyasi və dini, yaxud əksinə, təmsilçilərinin köhnə azarlarıdır. Bunların siyasəti də, əməllərinin görünən tərəfləri də mübaliğə, taşbeh üzərində qurulub. Doğrusu, belə bir təəssürat məndə hələ yeniyetməlik dövründə yaranıb.
Doğulduğum bölgəyə  sovet dövründə də “nüfuz” edən İran telekanallarından birində sözügedən ölkənin futbol komandasının oyununu izləyirdim. Həmin dövrdə farsca bir o qədər yaxşı başa düşmürdüm. Birdən, diqqətim ekrandan yayındı və sadəcə icmalçının bəlağətli, gurultulu nitqi dəydi qulağıma: “Zərbeyi xəta in dərvazayi İran”. Dedim, yəqin yer-göy dağılır, ya da İran futboçuları rəqib komandanın qapısını, öz təbirlərincə desək,  “yerlə yeksan” ediblər. Sonralar anladım ki, sən demə, İran komandasının qapısına cərimə zərbəsi təyin olunubmuş… Belə… İndi ya zəlzələdən, ya da vəlvələdən, qonşuluğumuzdakı ölkənin bəzi nümayəndələri öz qapılarına top girəndə də bunu qol vurublarmış kimi qələmə verməkdə mahirdirlər. 
Ermənilərin “həyat yolu”
…Keçək mətləbə. 
Maraqlıdır, İranın sisyasətçiləri, hərbçiləri və sair kateqoriyasına daxil olan fitnəbazları, tör-töküntüləri bizdən nə istəyir və ermənilərlə məzhəbdaşları kimi davranmalarının səbəbi nədir?
Sözsüz ki, qonşu ölkədə hökm sürən teokratik rejim şimal sərhədlərində sekulyar inkişaf yolunu tutan və inkişaf etdirən, öz ayaqları üstündə möhkəm dayanan, güclü iqtisadiyyata və orduya malik Azərbaycan Respublikasının mövcudluğunu özünə ən böyük təhlükə sayır və heç bir əsas olmadan “xristianlıq” faktorunu əlində bayraq edib, dindaşlarının daha geniş dəstəyini almaq üçün “hər yerinə”, o cümlədən daha çox müsəlman azərbaycanlını qətlə yetirmək üçün nəzərdə tutulan minaların üzərinə belə xaç çəkən Ermənistanın müdafiəsi üçün əlindən gələni əsirgəmir. 
Bir zamanlar, Azərbaycan torpaqları işğal edildiyi dönəmdə, ermənilər İranla sərhədlərinə “həyat yolu” kimi baxırdılar. Qeyd edim ki, İranla bağlı “həyat yolu” ifadəsini ilk dəfə Ermənistanın ilk prezidenti, torpaqlarımızın işğal edildiyi dönəmdə təcavüzkar ölkəyə rəhbərlik edən Levon Ter-Petrosyan səsləndirib. Daha sonra eyni ifadəni müharibə caniləri, əlləri minlərlə azərbaycanlının qanına bulaşmış Robert Köçəryan, Serj Sarkisyan da dilə gətiriblər. Biz son 30 il ərzində dəfələrlə İran siyasətçilərinin Ermənistana səfərləri çərçivəsində erməniləri “qardaş” adlandırdıqlarının şahidi olmuşuq. Sonra isə eyni sözü, dilləri topuq vura-vura bizim ünvanımıza səsləndirməyə çalışıblar, amma sözləri hər zaman olduğu kimi havadan asılı qalıb. 
Nəzərə almaq lazımdır ki, İran Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində bircə dəfə də olsun, Ermənistana qarşı təzyiq xarakterli addım atmayıb, əksinə bu ölkənin mümkün qədər daha çox dirəniş göstərməsinə, Azərbaycanın isə bir dövlət kimi zəifləməsinə səy göstərib. 
İran Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ermənilərin narahat edəcək heç bir davranışa yol verməyib, barmaq belə silkələməyib. Başlarını sığallayıb, Azərbaycan xalqının qanına əli bulaşan müharibə canilərini bağrına basıb, əzizləyib.
Ola bilsin ki, İranın vaxtilə işğal altında olan Azərbaycan ərzilərindən keçən narkotrafik, yaxud silah və valyuta qaçaqmalçılığı ilə bağlı maraqları buna imkan verməyib. Digər səbəblər də var, şübhəsiz və zamanla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində quruculuq-bərpa prosesi davam etdikcə, mövqelərini möhkəmləndirdikcə bir çox qapalı məqamların üstü açıldıqca bəlağətli, gəlişigözəl sözlərin arxasından boylanan xəyanətlər daha aydın görünür.
Qonşuluğunda öz dövlətinin və xalqının təhlükəsizliyi, rifahı və firavan gələcəyi uğrunda qətiyyət, iradə, strateji zəka və cəsarət nümayiş etdirən Azərbaycan liderinin böyüyən kölgəsində mollakratiyanın cəmiyyətə və dünyaya sırımağa çalışdığı saxta dini-siyasi və hərbi manipulyasiyaçıların obrazları kifayət qədər soğlun və cansızdır. 
Danışan faktlar
İran Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən bütün layihələrə Ermənistanla birlikdə alternativlər tapmağa çalışıb və təbii ki, onların çoxunu yerinə yetirə bilməyib. Tehranla İrəvanın bu məqsədlə imzaladıqları 180-dən çox müqavilənin əhəmiyyətli hissəsi maliyyə çatışmazlığı ucbatından icra olunmayıb, amma icra olunanları da var. Məsələn, Azərbaycanla Türkiyə arasında “Ümid körpüsü”nün açılışından dərhal sonra Tehran hərəkətə keçərək Araz çayı üzərindən İranla Ermənistanı birləşdirən körpünün inşasına başlayıb.
2005-ci ildə Ermənistanda külək elektrik stansiyası inşa edib. 
2007-ci ildə Meğri ilə Qafanı birləşdirən 91 kilometrlik yolun inşasını maliyyələşdirib və işin əhəmiyyətli hissəsini də İran şirkətləri yerinə yetitiblər.
2007-ci ildə İran-Ermənistan qaz kəmərinin birinci hissəsinin, 2008-ci ildə isə ikinci hissəsinin açılışı olub. 
Bundan başqa, özlərinin dediyi kimi, iki qardaş ölkənin elektrik enerjisinin mübadiləsi ilə bağlı çoxsaylı layihələri var. 2016-cı ildə Ermənistanın İranla həmsərhəd ərazilərinin qazlaşdırılmasına başlanılıb və lahiyəni də İran şirkətləri həyata keçirir.
2017-ci ildə açılışı olan Meğri Azad İqtisadi Zonası layihəsinin icrası iqtiqamətində işlər davam etdirilir. 
Araz çayı üzərinə Su Elektrik Sransiyasının inşası, “Fars” körfəzi-Qara dəniz dəhlizi, Türkmənistan-İran-Ermənistan qaz mübadiləsi, mültimodal tranzit daşınmaları və digər bu kimi layihələr müzakirə mərhələsindədir. 
2016-cı ildən başlayaraq, İran Ermənistan vətəndaşları üçün vizasız-gediş gəliş rejimi təqbiq edib. 
Hazırda Ermənistanda 5 mindən artıq İran şirkəti qeydiyyatdan keçib və onların əhəmiyyətli hissəsi fəaliyyətini davam etdirir.
Maraqlıdır ki, Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra İran-Ermənistan münasibətlərində xüsusi canlanma başlayıb. Bu ilin ilk 6 ayı ərzində İrandan Ermənistana ixracın həcmi 37% artıb və 560 milyon ABŞ dollarına çatıb. Heç bir təbii resursu, potensialı olmayan Ermənistan üçün bu, çox böyük göstəricidir. 
Qaranlığın süqutu
İranın özünə gəldikdə isə, zülmətə bürünmüş yarıac-yarıtox toplumu daha ideoloji nəsnələrlə, bəlağətli nitqlərlə, məsxərə obyektinə çevrilən rituallarla və daha nələrlə... yemləmək mümkün deyil. Cəmiyyət bütün bunlardan doyub.  O qədər doyub ki, bundan sonra üzərinə yağdırılan ideoloji zəhərə bal da qatsan, qəbul etməyəcək. Rejimin “mühafizəkarlar”, “islahatçılar” adı altında cəmiyyətin haldan-hala salınmasına, ümidlənməsinə və sonra da bu ümidlərin məhv edilməsinə xidmət edən siyasi oyunları da artıq keçərli deyil. İran “islam respublikası”nın ideoloji sütunlarını təşkil edən alternativ dini-siyasi mexanizmlər sıradan çıxıb, etimad limitini tükədib və süquta uğrayıb.
Azərbaycanın işğaldan azad edilmiş torpaqları isə, təkcə Ermənistanın deyil, həm də İranın üz qarasıdır. Çünki bu torpaqların viran qoyulmasında, məscidlərin tövləyə çevrilməsində, ziyarətgahların dağıdılmasında, müsəlman azərbaycanlıların qəbirlərinin dağıdılmasında, təhqir olunmasında İranın Ermənistana verdiyi sonsuz dəstəyin də rolu var. Mollakratiyanın Azərbaycan xalqının öz torpaqlarının azad etməyə başladığı ilk gündən bu prosesin qarşısının alınmasına yönəlmiş açıq-aşkar davranışları, ölkəmizlə sərhəddə əzələ nümayiş etdirməsi, uzun illər boyu Azərbaycanın ərazi bütövlüyünün pozulmasına göz yumduğu və hətta işğalçıya hərtərəfli dəstək verdiyi halda, durmadan Ermənistanın hələ delimitasiya olunmamış “sərhəd”lərini özünün  “keçilməz qırmızı xətti” sayması rejimin özünüifşasının son həddidir.
Hər şeyə müxtəlif yollarla həyasızcasına haqq qazandırmağa alışmış molla rejimi Azərbaycana münasibətdə sərgilənən və ifşa olunmuş siyasətinə bəhanə tapmaqda da aciz görünür. Bu səbəbdən də sözlərini havaya körükləyir… Köhnə qrammafon valı kimi qırıldayır, amma səsini eşitdirə bilmir.
İran rejiminin ən böyük problemi odur ki, o, özündən asılı olmayan proseslərin içərisində yer alaraq, təhlükəsizliyini təmin etmək əvəzinə, bu proseslərə mane olmağa, kəsəsi, tarixi reallıqların diqtə etdiyi geosiyasi təkamülün qarşısını almağa çalışır. Bu isə, öz növbəsində əks reaksiyaların daha qabarıq şəkildə özünü büruzə verməsinə zəmin yaradır. Proseslərin inkişaf perspektivləri isə mollakratiyanın ən qısa zamanda indikindən daha kəskin reallıqlarla qarşılaşa biləcəyini ortaya qoyur.
Qatar şütüyür və yürümək üçün əbalarının ətəyini yığışdıra bilməyənlər, bəxtləri gətirərsə sonuncu vaqonun tutacaqlarından asılı qalacaqlar.
Elçin Mirzəbəyli
Əməkdar jurnalist

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI