Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Vəhdət

Vəhdət
3-07-2022, 15:36 393 dəfə baxılıb

Deyirlər, gözəllik dünyanı xilas edəcək. Bəs gözəlliyi nə xilas edəcək? Axı,gözəlliyin özünün də  həmişə xilaskara ehtiyaçı var. Məncə gözəlliyin yeganə xilaskarı sevgidir. Sevilməyən gözəllik solur, məhv olur. Bəlkə elə dünyanı bu vəhdət xilas edəcək?! Gözəlliklə sevginin vəhdəti.  İncə, zərif bir Çiçək hündür, iri gövdəli  Çinar ağacına dəlicəsinə aşiq olur. Çinar ağaçı da Çiçəyə vurulur. Lakin o,  Çiçəyi sarmaşıqla qolboyun görüb  onun həmən sarmaşığa aşiq olduğunu sanır. Məğrur, incə Çiçək sevdiyi ağaca ürəyini aça bilmir. Onun əvəzinə sarmaşıq Çinarın ayağına dolaşaraq Çicəyin ona aşiq olduğunu, hətta onunla bir yerdə olduğunu dəfələrlə Çinara xatırladır.
Canını sarmaşıqdan qurtarmağa calışan Çiçək dərdini heç kimə deyə bilmir. O, var gücü ilə sarmaşığın əlindən yaxasını qurtarmağa çalışdıqca, sarmaşıq ona daha da sıx dolaşır.
Bir gün yoldan keçən  kəndli gözəl Çiçəyi sarmaşıqdan ayırıb onun qol-budağını təmizləyir. Çiçəyin gözəlliyi kəndlini valeh edir. Kəndli onu dərib aparmaq istəyir, lakin  fikrindən daşınıb “Sənə necə qıymaq olar axı? Onsuz da ömrün qısadır. Qal burda, yaşa!”- deyib yoluna davam edir.
 O gün Çiçək sanki həyata yenidən gəlir. O, əmin idi ki, bir gün Çinar  əyilib onun ləçəklərini oxşayacaq, qulağına onu sevdiyini pıçıldayacaq. Ancaq belə olmadı. Qürurlu Çinar sarmaşıqla qolboyun gördüyü Çiçəyə bir daha yaxınlaşmadı...
Qəlbində sevgisini yaşadan Çiçək dünyadan küsmüşdü sanki. O, dəfələrlə Çinara yaxınlaşıb onu sevdiyini söyləmək istəsə də, bunu etmədi...Əvəzində öz gözəlliyinə qəsd edərək günüzlər tamamilə bağlanır, gecələr açılırdı. Onun gözəlliyini indi yalnız Ay və ulduzlar  görürdü.
Sevgisinin heç vaxt qarşılıqlı olmayacağını bilə-bilə  Çiçək Çinarı sevirdi... 
Bir axşam bərk külək əsdi. Yağış , dolu, qasırğa ətrafı yerlə yeksan etdi. Tənha Çiçəyin özü məhv olsa da külək onun toxumlarını düz Çinar ağaçının yanına səpdi. Bir müddətdən sonra Çiçək boy atmağa, yenidən yaşamağa başladı. O, gözlərini açıb ətrafa baxdı və arxasında illərcə həsrəti ilə yaşadığı Çinar ağacını gördü. 
Çinar  yanındaki başqa bir gözəl ağacın budaqlarını qucaqlayıb durmuşdu. Tənha Çiçək anladı ki, o indi burda, iki sevgilinin arasında olmamalıdır...
O, sevgisini içində boğub gözlərini yumdu və qərara gəldi ki, bu gündən gündüzlər də açacaq və var gücü ilə hər kəsi özünə çəlb edəcək ki, onu burdan  kimsə dərib aparsın....Qoy  o bu ağrını, bu həsrəti bir daha yaşamasın.
Çiçək son dəfə üzünü Çinara tutub “Səni sevirəm! Sənsiz yaşamaq istəmirəm !” deyib ləçəklərini bağladı. Səhər tezdən üstünə düşən şeh Çiçəyin göz yaşlarına dönüb yerə damçıladı. İllərcə məğrur dayanan qürurlu Cinar  birdən əyildi və  incəliyi ilə onu məftun edən Çiçəyi görüb budaqlarını ona uzatdı. Sarsılmış, göz yaşlarını içində gizlətməyə çalışan Çiçək bütün varlığı ilə Çinara təslim oldu... 
Bax beləcə, sevgi gözəlliyi qoruyub saxlaya bildi. Çünki gözəllik də sevgisini qoruya bilmişdi. Nəticədə təbiətdə möhtəşəm bir görüntü yarandı. Çinar ömrü boyu tənha Çiçəyin əllərini buraxmadı...

Təranə Məmməd şairə, publisist
"Vətənim-Azərbaycandır.az" 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI