Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi”, sosial xidmət müəssisəsi, “İrəvan” Dövlət Azərbaycan Dram Teatrının birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə 2 hissədən ibarət ümumrayon tədbiri keçirilib.
“
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, tədbirin birinci hissəsində Zərifə Əliyeva adına istirahət parkında təşkil olunmuş bayram şənliyində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, müavinlər və aparatın əməkdaşları, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və aparatın əməkdaşları, millət vəkilləri - Madər Musayev, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Bakı şəhərindəki Naxçıvan Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Musiqiçilər qonaqları gözəl el havası ilə salamladıqdan sonra el ağsaqqalı Dədə Qorqud Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin birgə iştirakı ilə bayram tonqalını qalayaraq, Novruzun gəlişi münasibətilə xalqımıza xeyir-dua verib: “Ötən il böyük əməllərlə yadda qaldı. Urvatlı olsun! Əlincəqala yenidən bənd-bərəsini möhkəmlətdi. Düşərli olsun! Bu əziz gündə diləyimiz budur: xalq üçün yaşayanlara, xalq üçün yaradanlara alqış olsun!”.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Prezident İlham Əliyevin Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük çoşgu ilə Novruz bayramını qeyd etdiyimizi, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini Novruz bayramı və “Şuşa ili” münasibətilə təbrik edib.
Binəqədi rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrindən gələn özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələri maraqla qarşılanıb. Xalqımızın qədim ənənələrini, dəyərlərini, mətbəxini, məişətini əks etdirən pavilyonlar təşkil olunan bayram şənliyinə xüsusi çalar qatıb. Burada körpə və şagirdlərdən ibarət özfəaliyyət kollektivlərinin, nağaraçalanlar ansanblının çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb. Bir tərəfdə isə gənc pəhləvanlar qurşaq tutub, idmançılar məharətlərini göstəriblər.
Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında möhtəşəm konsert proqramı ilə davam etdirilib.
Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Böyük Qələbəmiz və “Şuşa il” ilə əlaqədar səsləndirilən fikirlər, ifa edilən mahnılar doğma yurdumuza, Qarabağımıza həsr olunub. Qonaqların və rayon ictimayyətinin iştirak etdiyi böyük konsert proqramında sevilən sənətçilərin ifasında səslənən bir-birindən gözəl bayram əhval-ruhiyyəli musiqilər tamaşaçılara xoş ovqat bəxş edib.