İki ildir ki, dünyada davam edən COVID-19 virusuna yoluxma halları hazırda da sürətlə artmağa başlayır. Son günlər isə bu virusun yeni mutasiyası, "Delta" ştamı ilə müqayisədə daha yoluxdurucu olan “AY.4.2” yayılmağa başlayıb. Yayılan məlumatlarda bildirilir ki, bu ştamda bir nəfərin təxminən doqquz nəfəri yoluxdura bilməsi mümkündür. Bundan əlavə, yoluxmuş şəxslərin xəstəliyi ağır və çox ağır keçirməsi, hətta uşaqların da yoluxması halları müşahidə edilməkdədir.
Azərbaycana qonşu olan ölkələrdə də bu ştama rekord yoluxma və ölüm halı qeydə alınıb. Belə ki, ötən sutka ərzində Rusiyada 39 849 yoluxma və 1163 ölüm halı qeydə alınıb. Yoluxma hallarının kəskin artması səbəbindən Rusiyanın paytaxtı Moskvada sərt karantin rejimi tətbiq edilməyə başlayıb. Paytaxtda yenə restoran və kafelər, fitnes-mərkəzlər, gözəllik salonları bağlanıb. Əksər müəssisələr isə onlayn işə keçib. Sabahdan etibarən isə ölkədə bir həftəlik qeyri-iş günü elan edilib.
Mövcud durum tək Rusiyada deyil, eyni zamanda, Türkiyədə də müşahidə edilməkdədir. Burada da gündəlik yoluxma sayı 26 000 mini keçib, 210 nəfər vəfat edib.
Gürcüstanda son sutka ərzində 3965 yoluxma, 43 ölüm, İranda 9893 yoluxma və 123 nəfər ölüm faktı qeydə alınıb.
Ölkəmizdə də virusa yoluxma hallarında artım müşahidə edilməkdədir. Buna baxmayaraq, bir çox ölkələrlə müqayisədə vəziyyət nəzarət altındadır. Buna səbəb isə Azərbaycanda vaksinasiya prosesinə tez başlanması və düzgün karantin tədbirləridir.
Ümumiyyətlə, dünyada koronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün peyvəndin əhəmiyyətli rol oynadığını dəfələrlə vurğulanıb. Çünki yoluxucu xəstəliklərə qarşı mübarizədə müasir tibb elminə məlum olan ən təsirli variant məhz vaksinasiyadır.
Buna görə də, insanlar peyvəndlərin əhəmiyyətini, bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərin vacibliyini düzgün qiymətləndirməlidir. Çünki peyvəndlənmə prosesi tək fərdlərə bağlı olmayıb, həm də bütövlükdə cəmiyyətin, dövlətin təhlükəsizliyinə xidmət edir. Azərbaycanda, demək olar ki, son sutkanın göstəricilərinə əsasən 4 milyondan artıq insan ikinci doza vaksin olunub. Ümumilikdə isə ölkədə doqquz milyondan çox vaksin vurulub.
Son günlərdə "AY 4.2" ştamının yayılması isə 3-cü doza vaksinin qəbul edilməsini zəruri edir. Çünki araşdırmalara əsasən 3-cü dozanın qəbul edilməsi insanlarda virusa qarşı müqaviməti gücləndirir. Bu ştamın daha çox insanı yoluxdurması, simptomlarının qısa müddətdə özünü büruzə verməsinə dair informasiyalar mövcuddur.
Bütün hallarda yoluxma zəncirinin qarşısını almaq üçün mütəxəssislər 3-cü dozanın qəbul edilməsinin xəstəliyinin qarşısının alınmasında ən effektiv üsul adlandırılır. Peyvəndin gücləndirici dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Bununla yanaşı, gigiyena qaydalarına, sosial məsafənin saxlanılması, qapalı məkanlarda maskadan istifadə ilə bağlı qaydalara da riayət olunmalıdır.
Qeyd edək ki, Böyük Britaniya rəsmiləri 2021-ci il sentyabrın 14-də bütün həssas əhali qruplarının, “ön xət”də çalışan səhiyyə işçilərinin və 50 yaşından yuxarı şəxslərin gücləndirici vaksin vurdurmasını tövsiyə ediblər.
Almaniyada isə ötən aydan yaşlılara və zəif immun sistemi olan şəxslərə 3-cü doza vaksin vurulmağa başlanılıb. Həmçinin, Fransada da 65 yaşdan yuxarı şəxslərə, xüsusi sağlamlıq vəziyyəti olan şəxslərə, habelə qocalar evlərinin əməkdaşlarına 3-cü doza vaksinlər təklif edilməyə başlanılıb. Kanada isə immun zəifliyi olun şəxslərə 3-cü doza vaksinin vurulmasını təsdiqləyib.
3-cü gücləndirici doza vaksinasiyaya ən geniş şəkildə başlayan dövlətlərdən biri də ABŞ-dır. ABŞ-da yeni yoluxma dalğasının müşahidə olunması ilə əlaqədar sentyabrın 22-dən 65 yaşdan yuxarı şəxslər, ağır xəstəliklərlə bağlı risk qrupunu daxil olanlar və virusa yoluxma ehtimalı yüksək olan şəxslərə 3-cü doza vaksin təklif olunur. Bundan əlavə Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiya start verilib.