Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qida zəhərlənmələrini necə önləməli?- tanınmış həkimdən qızıl kimi məsləhətlər...

Qida zəhərlənmələrini necə önləməli?- tanınmış həkimdən qızıl kimi məsləhətlər...
13-08-2021, 02:30 441 dəfə baxılıb

XII əsrdə Suriyalı həkim Əvdül-Fərəh xəstəyə müraciət edərək demişdir: Bax, biz üçük: mən, sən və xəstəlik. Əgər sən mənim tərəfimdə olsan, biz ona qalib gələrik. Əgər sən onun tərəfinə keçsən mən təklənərəm, sizin ikinizə qalib gələ bilmərəm.
Yay fəsli yalnız istirahət üçün deyil, təəssüf ki, müxtəlif xəstəliklərin, ilk növbədə, kəskin bağırsaq infeksiyalarının, xüsusən onun tipik nümayəndəsi qida toksikoinfeksiyalarının (QTİ) törədicilərinin çoxalması üçün yaxşı, “minnətdar” bir zamandır.
QTİ aktuallıq kəsb edən xəstəlik kimi tezliyinə görə yalnız kəskin respirator infeksiyalardan geri qalır, hər yerdə il boyu rast gəlinən və daha çox isə ilin isti aylarında yayılan kəskin infeksiyadır ki, əlverişli şəraitdə toksin hasil edən bakteriyalar saxlayan qidaların yeyilməsindən qaynaqlandığına görə bu dövrdə hazırlanmış qida məhsullarının qüsursuz saxlanmasını həyata keçirmək çox çətin olur. “Çirkli” qidanın qəbulu praktik olaraq, hər kəsə xəstəliyə zəmanət verir, istər kasıb, istərsə də zəngin olsun, onunla həm tək, həm də qrup halında xəstələnirlər.
QTİ-nin təhlükəliliyi kütləvi yayılmasının tezliyi, infeksiya mənşəyinin mürəkkəbliyi, dehidratasiya şokunun, kəskin ürək çatışmazlığının inkişafı mümkünlüyü ilə, hətta ölümlə nəticələnməsi ilə şərtlənir.
Təbabətin bir termini kimi QTİ klinik olaraq necə səciyyələndirilir? QTİ əlverişli şəraitdə ekzotoksin ifraz edən şərti-patogen bakteriyalarla çirklənmiş qidaların qəbulundan əmələ gələn, mədə-bağırsaq traktının yuxarı şöbəsinin zədələnmə simptomları (qastrit, qastroentrit), su-duz mübadiləsinin pozğunluğu və yüngül intoksikasiya sindromu ilə gedən kəskin, lakin qısamüddətli xəstəlikdir.
Qeyd etmək mühümdür ki, QTİ ilə yanaşı “qida zəhərlənmələri” anlayışı mövcuddur. Belə ki, qida zəhərlənmələri cəmləyici diaqnoz olub bakterial və qeyri-bakterial mənşəli olmaqla 2 növə ayrılır. Adətən bakterial mənşəli qida toksikoinfeksiyaları adlandırılır. Qeyri-bakterial mənşəli qida zəhərlənmələrinə isə toksiki maddələr saxlayan ərzaq məhsulları (göbələk, giləmeyvələr və s.) və kimyəvi maddələrlə – zəhərli gübrələrlə zəngin meyvə-tərəvəzin (qarpız, pomidor, xiyar, göyərtilər və s.) qəbulundan əmələ gələn xəstəliklər aiddir. Hərçənd ki, xəstəliyin ilk günlərində mənşəyini ayırd etmək mümkün olmur və bu səbəbdən “qida zəhərləmələri” diaqnozu qoyulur. Buna rəğmən QTİ-nin diaqnozu xəstəliyin ilk saatlarında mümkün olduğu qədər tez müəyyən edilməlidir ki, xəstələnməyə səbəb olan ərzaq məhsulları tapılıb zərərsizləşdirilsin.
QTİ-nin törədiciləri şərti-patogen bakteriyalardır (St. aureus, Gl. perfrinqens, Pr. vulgaris, Pr. mirabilis, B. cereus, Klebsiella, Enterobakter, Citrobakter, Serratia, Vibrio və s.). Xəstəliyin əmələ gəlməsində əsas rolu ekzotoksin oynayır. Bu bakteriyaların heç də hər ştamı ekzotoksin ifrazetmə qabiliyyətinə malik olmur. Bu səbəbdən qəbul edilmiş qidada çoxlu miqdarda bakteriyaların olması xəstəliyin inkişafına gətirib çıxarmır. Onlar soyuducudankənar şəraitdə (əsasən, 370 dərəcə C-dən yuxarı t-da) müəyyən qidalara düşdükdə orada artıb çoxalır və həyati ikən ifraz etdikləri və məhv olanlardan azad olmuş toksinlər həmin qidalarda toplanır. Belə qidaları qəbul etdikdə mədəyə qida və bakteriyalarla birgə hazır toksin daxil olur ki, bu da infeksion xəstəliklər klinikasında ən qısa gizli dövrü şərtləndirməklə əlamətlərin tez meydana çıxmasına səbəb olur. Diqqət cəlb edən məqam odur ki, törədicilərin əksər hissəsi qaynama zamanı məhv olur, lakin toksin inaktivləşmir və xəstəliyi törədir.
Yoluxma yolu alimentardır. Müxtəlif qida məhsullat QTİ-yə yoluxmaya səbəb olur: kolbasa, xüsusən liver kolbasası, ət və balıq konservləri, kotlet, paştet, yumurta, vetçina, salatlar, xüsusən, yumurta və kartof tərkibli, süd və qənnadı məmulatlar, əsasən, kremli pirojnalar, şorba, şirə, jele, kompot, limonad, dondurma. Dərisində müxtəlif irinli xəstəliyi, həmçinin angina, rinofaringit, pnevmoniyası olan xəstələr və mastiti olan heyvanlar infeksiya mənbəyidir.
QTİ kontagioz xəstəlik olmasa da (insandan insana ötürülmür), xəstəliyə həssaslıq 90-100 faiz olub yoluxmuş qida məhsulu qəbul edənlərin əksər hissəsini əhatə edir. Yaşlı şəxslər, gənclər, hamilə qadınlar daha çox həssaslıq göstərirlər. Qrup və partlayış səciyyəli xəstələnmə xasdır, belə ki, qısa müddət ərzində yoluxmuş məhsulu birgə qəbul etmiş bütün insanlar mütləq şəkildə xəstələnir.
Qida zəhərlənmələri barəsində qorxunc həqiqətlərə ABŞ-da “Xəstəliklərin profilaktikası və nəzarəti üzrə mərkəzin” verdiyi məlumatlarda rast gəlinir. Hər il burada 5 min insanın ölümünə yol açan 76 mln. qida zəhərlənməsi ilə xəstələnmə hadisəsi baş verir. Göstərilir: “QTİ-yə təhrik edən 14 təhlükəli yay məhsulları (burgerlər, sezar, yarpaqlı yaşıl, kartof və makaron salatları, ev dondurmaları, toyuq, pomidor, müəmmalı yumurta və s.) var ki, onlar sizdə ağrıya səbəb ola bilər”. Həmçinin, qida təhlükəsizliyinə dair ciddi xəbərdarlıq edilir: “Şübhəli məhsulları qəbul etməyə risk etməyin və hazırkı məqamda “siz zər atıb zərlə oynayırsınız!”, lakin siz heç də köməksiz deyilsiniz!” Və burada QTİ-nin qarşısını almaq üçün ərzaq mağazasından başlayan qida təhlükəsizliyi 8 üsul göstərilməsi ilə sona çatır.
Gizli dövr 30 dəq-24 saat olur. Xəstəlik normal və ya subfebril, qısamüddətli, tez düşən hərarət, baş ağrısı, sonradan əzabverici ürəkbulanma ilə müşayiət olunan, adətən, yüngülləşmə gətirməyən qusmanın qoşulması və enteritik, yəni qansız-seliksiz xarakterli ishal, epiqastral, göbək ətrafında ağrı ilə kəskin başlayır. Gl. perfrinqens mənşəli QTİ nekrotik enterit və anaerob sepsis verməklə ağır gedişə malik olur. Xəstəlik 1-3 gün davam edir. Əksər hallarda proqnoz əlverişlidir, ağırlaşmalarda isə ölüm faizi bir qədər yüksəkdir.
Xəstəliyin diaqnozunda əsas rol oynayır: kəskin başlanğıc, qastrit və ya qastroenterit əlamətlərinin üstünlüyü, hərarətin olmaması və ya onun qısamüddətliliyi, gizli dövrün qısalığı, xəstəliyin çox çəkməməsi, eyni qidanı qəbul etmişlərdə baş verməsi, onun qrup və partlayış xarakteri. Laborator müayinədə aşkar edilən törədicinin toksigenlik xassələrinin öyrənilməsi ilə bakteriolji üsul böyük əhəmiyyət kəsb edir.
QTİ baş veribsə, mədə yuyulmalı və yüksək sifonlu imalə edilməli, adsorbentlər verilməli, pəhriz və vitaminoterapiya, rehidratasiya müalicəsi aparılmalıdır. QTİ-də antibiotiklər istifadə etmirlər, çünki səbəbi toksinlərdir. Onlar yalnız ağırlaşmış gedişdə məqsədəuyğundur. Həmçinin, antidiareya vasitəsi kimi imodiumu da qəbul etmək olmaz, bu, bağırsaq möhtəviyyatının ifraz olunmasını xeyli dərəcədə ləngitməklə zəhərlənmənin daha da artmasına gətirib çıxarır.
QTİ-nin qarşısını almaq üçün qida məhsullarının saxlanılması, hazırlanması və s. zamanı sanitar qaydalar ciddi gözlənilməli, dəri və yuxarı tənəffüs yollarının stafilokokk xəstəlikləri olanlar və gəzdiricilər aşkar edilib müalicə edilməlidir. Şəxsi profilaktikaya gəldikdə isə “yeməkdən əvvəl əllərinizi yuyun ki, infeksionistin qapısında gözləməyəsiniz”. Nəyi və harada yeməyi izləmək lazımdır, qidalanma mədəniyyəti olmalıdır, əks tədqirdə insan özü-özünə “çəngəl və bıçaqla qəbir qazır“. İnsanlar xüsusilə kafelərdə və küçə dəzgahlarında daha çox infeksiyaya mübtəla olurlar. İsti havalarda tortlarla qidalanmamaq daha yaxşıdır. Aşpaz bu gün sağlamdırmı, biz bunu bilmirik, buna görə istənilən şəxs toksinin qurbanı ola bilər.
QTİ-nin fövqəl dərəcədə yayıldıgı inkişaf etməkdə olan ölkələrə səyahət zamanı xüsusi ilə diqqətli olmaq vacibdir: çiy tərəvəzlərdən, salatlardan, yuyulmamış meyvələrdən çəkinmək, yalnız təzə hazırlanmış isti yeməklər, qaynanmış su içmək, buzlu içkilər istifadə etməmək tövsiyə olunur. Desmol səyyah diareyalarının profilaktikasında ən effektli vasitədir.
“Xəstə olmağa risk etmə” kimi tibbi devizin müəllifi, amerikalı dietoloq Gudson QTİ-nin qarşısını almaq barəsində demişdir: “Empirik, yəni təcrübəyə əsaslanan qayda ondan ibarətdir ki, heç bir qida məhsulu 4 saatdan artıq saxlanılmamalıdır, bu, təkcə birdəfəlik 4 saata deyil, həmçinin yığılmış 4 saatın cəminə aiddir”.
Beləliklə, gözəl vaxtınızı pozan, sizə ağrı gətirə bilən müəmmalı qida məhsullarını qəbul etməyin! Qəbul etsəniz belə, qorxmayın (“əgər ağrı varsa, deməli, həyat var” və “ağrı ilə yaşayan ömür böyük olur və o daim gerçəklikdən yüksəkdə durur” – belə deyir Heminquey!) Qarnınız sancı şəklində bərk ağrıyırsa və əzabverici, üzücü, aramsız ürəkbulanma ilə qusmadan əzab çəkirsinizsə və bəzən buna ishal qoşulursa, siz də xəstəliyə təslim olmayın, dərhal həkimə müraciət edin və sonda həqiqi qalib olun!
 
Elza Orucova,
Azərbaycan Tibb Universitetinin dosenti, 
tibb üzrə fəlsəfə doktoru,
 yoluxucu xəstəliklər mütəxəssisi


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI