Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Gürcüstanda hər şey dəyişir, dəyişməyən xarici idarəetmədir”

“Gürcüstanda hər şey dəyişir, dəyişməyən xarici idarəetmədir”
11-03-2023, 19:58 202 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycan Rusiya və Gürcüstandan fərqli olaraq xaricdən maliyyələşən hüquqi və fiziki şəxsləri xarici təsir agentləri elan etmək təcrübəsinə əl atmadı. Azərbaycan milli sosial-iqtisadi inkişaf prioritetlərinin əsas götürülməsini xarici hüquqi və fiziki şəxslərdən qrant vəsaiti cəlb edilməsini əsas şərti kimi irəli sürərək, müvafiq hüquqi imkanlar yaratdı.
Gürcüstan yenə geosiyasi qarşıdurma meydanına çevrilib, gürcü xalqı isə bu böyük meydanın içindəki kiçik Azadlıq meydanında hələ də azadlıq axtarır, azadlığa gedən yol “Molotov kokteyli” ilə işıqlandıraraq tapmaq cəhdləri isə Sizif əməyidir...
Gürcüstanda hər şey dəyişir, dəyişməyən xarici idarəetmədir
Qısa zaman kəsiyindən sonra Gürcüstanın paytaxtı Tbilisinin qədim küçələri yenidən “Molotov kokteylləri”nin alovu ilə işıqlandı və şəhərin əsas - Azadlıq meydanında yumruqlar, polis dəyənəkləri havaya qalxdı, gözyaşardıcı qaz yenidən insanları ağlatdı, yenə etirazçıların şüarlarına döyəclənən polis qalxanlarının zəhmli boğuq səsi cavab verdi. Beləliklə, bitməyən rəngli inqilab tamaşasının növbəti aktını izlədik. Gürcüstan bitməyən rəngli inqilab ssenarisinin daha bir sancısını yaşayır, ölkə sanki, 2003-cü ildən bəri “çevriliş-inqilab-inqilab-çevriliş” qapalı dairəsindən çıxa bilmir və keyfiyyətcə yeni mərhələyə adlamaqda çətinlik çəkir. Son iyirmi ildə Gürcüstan cəmiyyətində “çevriliş-inqilab-inqilab-çevriliş” prosesinin ölkəyə azadlıq verdiyi, müstəqilliyi və dövlətçiliyi möhkəmləndirməsi, demokratik idarəçiliyin bərqərar olması haqda illuziya yaradılıb. Bu günlərdə baş verən hadisələr və son 20 ilin hadisələrinin obyektiv analizi göstərir ki, reallıqda Gürcüstan xarici idarəetmənin subyektinə çevrilib, fərqi yoxdur idarəetmə Vaşinqton, Brüssel, yoxsa Moskvadan həyata keçirilir.

Xarici idarəetmə dövlət müstəqilliyi, suverenlik anlayışlarını Gürcüstan üçün yalnız formal anlayışlara çevirib. 2005-ci ildə Tbilisidə Azadlıq meydanında ABŞ prezidenti Corc Buşun çıxışı sanki Gürcüstanın güclü beynəlxalq mövqeyinin sarsılmazlığının nümayişi idi. Saakaşvili də həmişəkindən artıq qətiyyətli görünürdü, lakin 8 ildən sonra daha ABŞ və Avropa İttifaqı bayraqlarına əvvəlki ümidlə baxmırdılar. Gürcüstan cəmiyyəti ifrat qərbpərəstlərdən yorulmuşdu, ümidlər doğrulmamışdı, Tbilisi müharibədə Moskvaya məğlub olmuşdu. 2013-cü ildən başlayaraq Gürcüstanda Şimal küləyi daha güclü əsir və Qazprom şirkətinin keçmiş top menecerlərindən Bdzina İvanişvilinin liderliyində Rusiyaya loyallığı qoruyan qüvvələr iqtidara sahibdirlər. İstər 2013-cü ilə qədər, istərsə də ondan sonra bu günə qədər Gürcüstana bağlı qərarları gürcü xalqı vermir, xarici siyasət addımlarında əvvəl Vaşinqtonun, sonra isə əsasən Moskvanın maraqları əsas götürülüb. Gürcü xalqının bir hissəsi isə, hansı ki, iki-üç ildən bir meydana çıxır, fəal tamaşaçı rolunu oynayır, liderlər, iqtidarlar, onların himayəçiləri dəyişir, dəyişməyən xarici idarəetmədir. Gürcüstan xalqı 2003-cü ildən bəri xarici paytaxtlardan verilən qərarların icraçısına çevrilib. Gürcüstan Vaşinqton-Moskva qarşıdurmasının sınaq meydanına çevrilib, gürcü xalqı isə bu böyük meydanın içindəki kiçik Azadlıq meydanında hələ də azadlıq axtarır, azadlığa gedən yol “Molotov kokteyli” ilə işıqlandıraraq tapmaq cəhdləri isə Sizif əməyidir...

İctimai-siyasi mühitinin kənar təsirlərdən qorunmasının Gürcüstan və Azərbaycan təcrübəsi
Gürcüstanda “Xarici təsir agenti” haqqında qanunun qəbulu ətrafında baş verənlər də əslində xarici idarəetmənin fəsadları kimi dəyərləndirilə bilər. Qaribaşvili hökuməti Şimal təcrübəsindən yararlanmağa çalışır, Vaşinqtonda və Brüsseldə isə bunu onların təsirini əhəmiyyətli dərəcədə azaldacaq addım kimi dəyərləndirirlər. Sübut etməyə ehtiyac yoxdur ki, Gürcüstanda Qərb oriyentasiyalı ictimai-siyasi seqmentin hamısı tamamilə ABŞ və Avropa İttifaqı tərəfindən maliyyələşdirilir. Əks cinahda duranlar isə rusiyamənşəli milyarder hakim siyasi partiyanın lideri İvanişvilinin maliyyə qaynaqlarından qidalanır. Ölkənin ictimai-siyasi mühiti kənar təsir və maliyyələşdirmə ilə formalaşır. Onların gündəliyi əslində gürcü xalqının deyil, şərti olaraq desək xarici siyasi investorların gündəliyidir. Gürcüstan xalqında belə bir illüziya yaradılıb ki, azad, demokratik mühitdə sərbəst siyasi rəqabət şəraitində onun hüquqları daha yaxşı qorunur, qərarlar geniş müzakirələrlə verilir. Reallıqda isə xarici siyasi sərmayəçilərin gündəliyi əsas götürülür.
Gürcüstanda “Xarici təsir agenti” haqqında qanunun qəbuluna cəhdlər və bununla əlaqədar baş verənlər də göstərdi ki, Gürcüstanda bir qanun belə xarici idarəçilərin razılığı olmadan qəbul edilə bilmir. Bu halda gürcü xalqının suveren hüquqlarından danışmaq çətindir.
Bu proses Azərbaycan təcrübəsi ilə Gürcüstan təcrübəsini müqayisə etməyə də imkan verir. Azərbaycanda ölkənin ictimai-siyasi mühitinin formalaşmasına xarici təsirləri aradan qaldırmaq, ölkənin daxili siyasi gündəliyinin milli maraqlar əsasında müəyyən olunması məqsədilə tədricən, mərhələlərlə qanunvericiliyin təkmilləşdirilməsi həyata keçirildi.

Azərbaycan ABŞ-dan, Rusiyadan, indiki halda Gürcüstandan fərqli olaraq xaricdən maliyyələşən hüquqi və fiziki şəxsləri xarici təsir agentləri elan etmək təcrübəsinə əl atmadı. Azərbaycan milli sosial-iqtisadi inkişaf prioritetlərinin əsas götürülməsini xarici hüquqi və fiziki şəxslərdən qrant vəsaiti cəlb edilməsini əsas şərti kimi irəli sürərək, müvafiq hüquqi imkanlar yaratdı. Milli qanunvericilik ölkənin ictimai-siyasi mühitinin formalaşmasına xarici təsirləri mümkün edə biləcək hallara qarşı sərtləşdirildi. Eyni zamanda ölkənin ictimai-siyasi mühitinin formalaşmasına xarici təsirləri istisna edən layihələrin, təşəbbüslərin maliyyələşdirilməsi, yerli QHT-lərin xarici donorlardan vəsait cəlb edə bilməsi imkanları yaradıldı. Onlara fəaliyyətlərin məzmunu imkan verdiyi halda xidmət müqavilələri ilə işləmək imkanı verildi. Qanunvericiliyin ölkənin ictimai-siyasi mühitinin formalaşmasına mümkün xarici təsirlərə münasibətdə sərtləşməsi təbii seçim amilini işə saldı və hazırda ölkəmizlə gerçəkdən milli sosial-iqtisadi inkişaf prioritetlərini əsas götürən donorlar əməkdaşlıq edir. Yerli QHT-lər üçün qrant müsabiqələri məhz bu kontekstdə elan edilir və Azərbaycanla bağlı proqramlarda məhz bu yanaşma əsas götürülür. 2014-cü ildə bu proses başladı və səkkiz il ərzində baş verənlər, xüsusən Azərbaycanın zəfər çaldığı Vətən müharibəsindən sonrakı proseslər bu addımların milli maraqların, təhlükəsizlik maraqlarının qorunmasına xidmət etdiyini göstərdi.
2021-ci ildə qəbul olunan “Media haqqında” qanunda media subyektlərinin təsis edilməsi ilə əlaqədar məhz yuxarıda qeyd edilən yanaşma əsas götürülüb. Media subyektinin təsisçisi fiziki şəxs olduqda, Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Hüquqi şəxs olduqda, onun nizamnamə kapitalında üstün iştirak payı (75 faiz) Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşına (vətəndaşlarına) və (və ya) Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxsə (hüquqi şəxslərə) məxsus olmalıdır. Ötən il “Siyasi partiyalar haqqında” qanunun qəbulunda konseptual yanaşma əsas götürülüb.
Azərbaycanın proksimüharibə müstəvisinə çevrilməsinin qarşısı necə alındı?
Prezident İlham Əliyevin rəhbərliyi ilə ictimai sektorda, daxili siyasi, informasiya mühitinin formalaşmasında xarici təsirlərin aradan qaldırılması istiqamətində atılan siyasi-hüquqi addımlar demokratik əsasları saxlamaqla təhükəsizliyi, milli maraqların effektiv müdafiəsini təmin etməyə imkan verir. Bu siyasi və hüquqi addımlar bir tərəfdən qeyri-hökumət təşkilatlarının, ictimai təşkilatların, KİV-in xarici donorlar vasitəsilə Azərbaycan milli sosial-iqtisadi inkişaf prioritetləri çərçivəsində maliyyələşmə imkanlarını saxlayır, digər tərəfdən səmərəli nəzarəti təmin edir. Azərbaycan təcrübəsi xaricdən maliyyələşən fiziki və hüquqi “xarici agent”, “xarici təsir agenti, xarici təsir altında olan şəxs” kimi damğalamağı deyil, düşünülmüş, vətəndaş cəmiyyəti institutlarının təməl maraqları, missiyası ilə təhlükəsizlik maraqlarının qorunması arasında tarazlığı qoruya bilən sistem yaradıb. Bu sistemin Rusiya, yaxud Gürcüstan təcrübəsindən fərqli olaraq olaraq vətəndaş cəmiyyəti və xarici donorların da tez bir zamanda yeni şərtlərə uğurla adaptasiyası, kəskin ziddiyyətlərə gətirib çıxarmaması onu göstərdi ki, bu təşəbbüslər cəmiyyət maraqlarının qorunmasına yönəlib və cəmiyyət tərəfindən təbii qəbul edilir. Bu sistemin cəmiyyəti təbədüllatlardan qorumaq, ahəngdar inkişafı təmin etmək, həmçinin milli maraqların şərtləndirdiyi vəzifələrin həlli baxımından effektiv və zəruri olduğu Rusiya-Ukrayna müharibəsinin başlaması ilə bir daha sübut olundu.

Qlobal miqyasda gərginliyin artması, böyük ölkələrin kiçik ölkələrə təzyiqlərin artdığı bir şəraitdə sabitliyin qorunması, milli maraqların effektiv müdafiəsi ümdə vəzifəyə çevrilir. Kiçik ölkələr böyük ölkələrin proksimüharibələrinin müstəvisinə çevrilir və bunun ötən əsrin 90-cı illərində olduğu kimi uzun sürən və dağıdıcı nəticələrə səbəb olacaq proseslərə yol açması ehtimalı böyükdür. Bu kifayət qədər böyük riskdir və onun önlənməsi üçün cəmiyyətdə əsas insan hüquq və azadlıqlarının qorunmasını təmin etməklə yanaşı dövlətin nəzarət, təsir, erkən müdaxilə imkanlarının, potensialının artırılması zərurətə çevrilir. Hazırda kiçik ölkələr, böyük dövlətlərin qonşuları üçün əsas qlobal çağırış kimi dəyərləndirilə bilər. Bir müddət əvvəl Qırğızıstan, daha sona Qazaxıstan, indi isə Gürcüstan bu çağrışı zamanında düzgün dəyərləndirə bilmədiklərinə görə siyasi böhranla üzləşdilər. Bu böhran xeyli dərəcədə xarici təsirin təzahürüdür və yaxın gələcəkdə ağır fəsadlar verəcək.
Gürcüstan təcrübəsi göstərir ki, xarici idarəetmə ilə ərazi bütövlüyünün bərpasını, ahəngdar inkişafı təmin etmək qeyri-mümkündür. Gürcüstan bir dəfə məhz bunu təcrübədən çıxardı və 2008-ci ildə ağır məğlub oldu. Hazırda Tbilisidə Azadlıq meydanında məhz bu məğlubiyyətin əks-sədası da aydın eşidilir. Gerçək azadlığa çıxan yolu “Molotov kokteylləri”nin işığında yox, gerçək siyasi liderlərin iş otaqlarındakı masa lampalarının işığında axtarmaq daha müdrik seçimdir...


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI