Sumqayıtda ermənilərin 35 il bundan öncə törətdikləri və tarixdə tayı-bərabəri olmayan təxribatının növbəti ildönümüdür. Həqiqətən də, bəşəriyyət tarixi boyu belə bir hadisənin şahidi olmayıb. Bu təxribat tarixə bir xalqın öz çirkin məqsədinə çatmaq üçün soydaşlarını qurban verməsi ilə yadda qalıb. 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi idi. Məqsəd də bəlli idi - hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq.
Aparılan təhqiqat, bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğunu sübut edib və bu şəxsin Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürdüyü üzə çıxıb. Sumqayıtda etnik zəmində törədilən iğtişaş həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası idi. Həmin hadisələrdən sonra ermənipərəst sovet rəhbərliyi faktları araşdırmaq əvəzinə azərbaycanlıları günahkar çıxarmağa başladı. İllər uzunu da belə oldu.
Erməni lobbisi illər uzunu 2016-cı il martın 31-də Moskva şəhərində jurnalist Səadət Qədirovanın "Sumqayıt hadisələri barədə ilk mənbələrdən" adlı kitabının təqdimat mərasimində SSRİ prokurorluğunun ilkin istintaq-əməliyyat qrupunun üzvü olmuş Vladimir Kaliniçenko və digərləri çıxış edərək Sumqayıt hadisələrinin erməni lobbisinə xidmət edən SSRİ rəhbərliyinin sifarişi ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil olunduğunu, bu səbəbdən də iğtişaşların təşkilatçılarından heç kimin məsuliyyətə cəlb olunmadığını bildiriblər. Hazırkı istintaq qrupu tərəfindən toplanmış materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi tərəfindən təşkil edilmiş təxribat olub.
SSRİ Konstitusiyası əsasında Dağlıq Qarabağın Azərbaycandan ayrılmasının qeyri-qanuniliyini dərk edən erməni ideoloqları və SSRİ rəhbərliyində onları açıq dəstəkləyən şəxslər ermənilərin və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyünü əsaslandırmaq, azərbaycanlıların artıq tam şəkildə Ermənistan ərazisindən qovulmasını təmin etmək və Azərbaycanı nüfuzdan salmaq üçün bu təxribata əl atıblar. Cinayət işinin materialları bir daha göstərir ki, Sumqayıtın azərbaycanlı sakinlərinin fərdi humanizmi və şücaəti olmasaydı, hadisələr planlaşdırılmış təxribat planına uyğun olaraq daha geniş miqyas alardı.
Milliyyətcə erməni olan şahidlərin ifadələrindən göründüyü kimi, onlarla erməni hadisələr vaxtı azərbaycanlı ailələr tərəfindən öz evlərində yerləşdirilməklə xilas edilib. Ermənistan və erməni lobbisi dairələri tərəfindən Sumqayıt hadisələri qəsdən Azərbaycana qarşı təbliğat və dezinformasiya məqsədilə istifadə edilsə də, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, aparılmış obyektiv və faktlara söykənən istintaq materialları ilə həmin iğtişaşların məhz erməni millətçilərinin və onların havadarlarının öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi kifayət qədər və təkzibedilməz faktlarla sübuta yetirilib.
Sumqayıt hadisələri ermənilərin çirkin məqsədlərinə çatmaq üçün bir tramplim oldu. Sonra baş verənlər hamıya məlumdur. Münaqişə qaynar fazaya keçdi və Qarabağın Azərbaycan kəndlərindəki faciələr, Xocalı soyqırımı, Qarabağın və ona bitişik yeddi rayonun bütünlüklə işğalı, etnik təmizləmə baş verdi. 30 illik danışıqlar nəticəsiz qaldıqdan sonra nəhayət ki, 2020-ci ilin sentyabr-noyabr ayları - İkinci Qarabağ müharibəsində Azərbaycan ərazilərinin erməni işğalçılarından azad etdi.
Bir daha təkrarlamaq və qeyd etmək lazımdır ki, yalnız yuxarıda dərc olunmuş məlumatlar bir daha onu nümayiş etdirir ki, ermənilərlə azərbaycanlılar arasında münaqişə Sumqayıt hadisələrindən başlamayıb, əksinə Sumqayıt hadisələrinin özü Ermənistanın Azərbaycana ərazi iddiaları irəli sürməsi ilə başlayan prosesin faciəvi davamına çevrilib.