Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

GREEN START ACADEMY BEYNƏLXALQ TƏHSİL GÜNÜNÜ TƏHSİL İCTİMAİYYƏTİ İLƏ BİRLİKDƏ QEYD ETDİ

GREEN START ACADEMY BEYNƏLXALQ TƏHSİL GÜNÜNÜ TƏHSİL İCTİMAİYYƏTİ İLƏ BİRLİKDƏ QEYD ETDİ
24-01-2023, 21:56 596 dəfə baxılıb


Green Start Academy və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 22 yanvar tarixində 24 yanvar – Beynəlxalq təhsil günü münasibəti ilə elmi-praktik konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə əlamətdar gün münasibəti ilə təhsil ictimaiyyətini təbrik edərək, təhsilin inkişafına xidmət edən işlərdən danışdı. Aysel xanım rəhbəri olduğu Green Start Academy-nin məqsəd və vəzifələrindən danışaraq, hər zamankı kimi cəmiyyətin aparıcı qüvvəsi olan, gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan təhsil işçilərinin maariflənməsinə xidmət etdiklərini dilə gətirdi. Təşkilatın həmtəsisçisi və idarə heyətinin sədri Seymur Ağayev tədbir iştirakçılarını salamlayaraq və təbriklərə qoşularaq, təşkilat olaraq bundan sonra da təhsilin inkişafına daha böyük töhfələr vermək üçün var-qüvvələri ilə çalışacaqlarını dilə gətirdi.  Sonra söz Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynovaya verildi. Məhsəti xanım təhsil işçilərini təbrik edərək, hər kəsə uğurlar arzuladı.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov səmimi təbriklərə qoşularaq növbəti illərdə təhsilin inkişafına xidmət edəcək layihələr haqqında ətraflı məlumat verdi. .
Konfransın rəsmi hissəsindən sonra təlimçilər öz mövzu dairələrində məruzə edərək iştirakçıları təhsillə bağlı yeniliklərdən xəbərdar etdilər. Əməkdar elm xadimi, professor Şahlar Əsgərov “İdeal məktəb konsepsiyası”, inklüziv təhsil üzrə mütəxəssis və pedaqoq Gülşən Eminova “Müasir müəllimdən müsbət gözləntilər”, Bakı Mühəndislik Universitetinin riyaziyyat-informatika kafedrasının baş müəllimi Bəhman Qüdsi “Mən bir müəlliməm...”, psixoloq, NLP trainer Rübabə Mərdanova “Uğurlu nəticə əldə etmək üçün psixoloq işini necə qurmalı” mövzusunda çıxış edərək, öz bilik və təcrübələrini təhsil işçiləri ilə bölüşdülər.
Green Start Academy-nin ən aktiv layihələrindən olan “Sevgi pedaqogikası – Valideyn Məktəbi” çərçivəsində Türkiyədən dəvət olunan ailə danışmanı və yaşam koçu Nesrin Samedova müəllim-şagird-valideyn münasibətlərində uğurlu nəticə əldə etməyin yollarından bəhs etdi.
Təşkilatın son 1 ildə yaradılan “Təlim və tərbiyədə dünya təcrübəsi” layihəsinin rəhbəri, fransız dili üzrə ekspert, Binəqədi rayonu 135 nömrəli tam orta məktəbin direktoru Şəfa Qurbanova “Kanada, Fransa, Avstriya və Avstraliyada qiymətləndirmə təcrübəsi” haqqında maraqlı təqdimat etdi.
Green Start Academy-nin digər layihə rəhbərləri – “Vətən və İnsan sevgisi” layihəsinin rəhbəri, Əməkdar müəllim Zülfiyyə Vəliyeva pedaqoji biliklərini, “Erkən tibbi biliklərin aşılanması” layihəsinin rəhbəri, həkim-pediatr Aygün Cəfərli tibbi biliklərini tədbir iştirakçılarına çatdıraraq, övladlarımızı həyata hazırlayan müəllimlərin hərtərəfli inkişafının vacibliyini qeyd etdilər.
Təşkilatın könüllü tərəfdaşlarından olan Rise-Up şirkətinin rəhbəri Naibə Xankişiyeva çıxış edərək, təşkilatın fəaliyyəti haqqında məlumat verib, hansı sahədə işləməyimizdən asılı olmayaraq hər kəsi təhsilimizin və gələcəyimizin inkişafı üçün öz üzərlərində daha çox işləməyə səslədi.
M.Maqamayev adına Uşaq musiqi məktəbinin fortopiano müəllimi, bəstəkar Lalə Şirin və şagirdi – 267 nömrəli tam orta məktəbin şagirdi Güllü Qasımova canlı ifaları ilə təhsil görüşünü əsl bayrama çevirdi. Ssenarist və yazar Leyla Vahidqızının quruluş verdiyi müəllim-şagird münasibətlərindən bəhs edən səhnəciklər tədbir iştirakçılarının böyük marağına səbəb oldu.
Hər zaman kitab təbliğatına böyük önəm verən Green Start Academy bu dəfə də RM Nəşriyyatı ilə əməkdaşlıq çərçivəsində görüş iştirakçılarının hər birinə ixtisasına uyğun olaraq tədris vəsaitləri hədiyyə etdi. Nəşriyyatın icraçı direktoru Muxtar Abbasov çıxış edərək Nəşriyyatın fəaliyyətindən və gördükləri faydalı işlərdən danışdı. Nəşriyyatın son uğurlarından hesab olunan klinik-psixoloq Nigar Əlibəylinin müəllifliyi ilə çap olunan “Abituriyent psixologiyası” kitabı da təlimçilərə və digər iştirakçılara hədiyyə olundu.
Görüşdə çıxış edən təlimçilərdən Bəhman Qüdsinin “Mən bir müəlliməm”, Rübabə Mərdanovanın “Hər uşağın öz dünyası” kitabları Bookzone Kitab Evi tərəfindən təqdim olunaraq, müəlliflərin imzalanması üçün də imkan yaradıldı.
Maraqlı və rəngarəng çıxışlarla əhatə olunan elmi-praktik konfransın sonunda Aysel Rəsulzadə tədbirdə iştirak edən məktəb və təşkilat rəhbərlərini, təhsil eksperləri, müəllim, tələbə və valideynləri bir daha təbrik edərək, təhsil ictimaiyyətini birləşməyə, əl-ələ verərək təhsilimizi bu çətinliklərdən xilas etməyə çağırdı.
VETENİM-AZERBAYCANDIR.AZ
 
VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI