Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gələcək yeni hədəflərə yol açacaq Üçtərəfli Zirvə Görüşü.

Gələcək yeni hədəflərə yol açacaq Üçtərəfli Zirvə Görüşü.
19-12-2022, 20:57 214 dəfə baxılıb

VETENİM-AZERBAYCANDIR.AZ

Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən biri də türkdilli dövlətlərlə əlaqələrin daim genişləndirilməsi və inkişaf etdirilməsidir. 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizdən sonra türk dünyasının birliyi istiqamətində davamlı addımlar atılır. Prezident İlham Əliyevin mütəmadi olaraq türkdilli ölkələrə etdiyi səfərlər, həmçinin bu ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərinin davamlı xarakter alması, ölkələrimiz arasında müxtəlif sahələrin inkişafına xidmət edən sənədlərin imzalanması da bunu təsdiqləyir. Dekabrın 14-də Prezident İlham Əliyevin Türkmənistana səfəri və Zirvə Görüşündə iştirakı ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafında və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsində xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində dövlətimizin başçısı Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb. Görüşlərdə üçtərəfli münasibətlərin gündəliyində olan aktual məsələlər müzakirə olunub. Üçtərəfli Zirvə Görüşündə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev hər üç ölkə arasında olan yüksək səviyyəli əlaqələrdən bəhs edərkən bildirdi ki, “hazırda Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Bunun təsdiqi olaraq 2021-ci ildə imzalanmış və Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə yüksəltmiş Şuşa Bəyannaməsini, eləcə də 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannaməni göstərmək olar. Ölkələrimiz arasında münasibətlərin səmimi dostluq əlaqələri əsasında formalaşdığını təsdiqləyən daha bir məqam da Türkiyə, Azərbaycan və Türkmənistanın bir-birilərinə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək göstərmələri ilə bağlıdır.Ölkələrimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edirlər. Prezident İlham Əliyev qeyd etdi ki, “Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir. Artıq Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. 2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox artmışdır”. Ümumiyyətlə, Azərbaycan regionun logistik potensialını zənginləşdirən layihələri uğurla icra edən ölkədir. Ölkə başçısı Azərbaycanın bu sahədə olan imkanlarını təhlil edərkən bildirdi ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur. Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu sahədə Bakı-Tbilisi-Qars dəmir yolunun özünəməxsus yeri vardır. Layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.” 
Son illərdə enerji sektoru da üçtərəfli əməkdaşlığın mühüm seqmentinə çevrilib. Türkmənistan enerji resursları ilə zəngin olan bir məkandır. Ancaq geosiyasi gərginliklərlə əlaqədar bu ölkə enerji resurslarının ixracında müəyyən çətinliklərlə üzləşib. Müəyyən geosiyasi səbəblərdən Türkmənistan Azərbaycan və Türkiyədən keçməklə Avropaya qədər uzanan Bakı-Tbilisi Ceyhan kəməri ilə neft ixracını artırmağa çalışır. İndiyədək Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 32 milyon ton Türkmənistan neftinin dünya bazarlarına çıxarılması təmin edilib. Ölkənin ixrac potensialı isə bundan xeyli çoxdur. Eyni zamanda, Azərbaycan və Türkiyə Türkmənistandan daha böyük həcmlərdə neft qəbul edib onun tranzitini həyata keçirməyə hazırdırlar.
       “Zirvə Görüşümüzün ölkələrimiz, bölgəmiz və bütün Türk dünyası üçün xeyirli olmasını Rəbbimdən arzu edirəm” söyləyən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qeyd etdi ki, qardaşlıq bağlarımızla güclənən əlaqələrimizin sahib olduğumuz strateji üstünlüklər əsasında daha da genişlənəcəyinə ürəkdən inanıram. Hədəfimiz qlobal və regional dinamika ilə birlikdə inkişaf edən yeni imkanları insanlarımızın rifahı və bölgəmizin sabitliyi naminə dəyərləndirməkdir. Qardaşlar olaraq əl-ələ verib həmrəylik içərisində hərəkət etdiyimiz bütün məsələlərdə mütləq uğur qazanacağıq. Qarabağın 30 ilə yaxın işğalına son qoyan Vətən müharibəsi bunun ən son nümunəsidir. Türk Dövlətləri Təşkilatının önəmindən danışan Türkiyə Prezidenti bildirdi ki, keçən il təşkilata müşahidəçi üzv olaraq qatılan Türkmənistanın ən qısa vaxtda tamhüquqlu üzv olması gücümüzü daha da artıracaq. 
     Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ölkəsinin bu Zirvə Görüşünə böyük önəm verdiyini vurğuladı və bildirdi ki, indiki dövrdə üçtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti vardır. 
       Beləliklə,tam əminliklə demək olar ki, səfər çərçivəsində imzalanmış yeni sazişlər Azərbaycan-Türkiyə-Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq, gələcək yeni hədəflərə yol açacaq, birliyimizi, həmrəyliyimizi daha da möhkəmləndirəcəkdir.

YAP Quba rayon təşkilatının sədri                      
Fidan Hüseynova.



VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI