VETENİM-AZERBAYCANDIR.AZ
“Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə tarixi, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşü üç qardaş xalqın bir araya gələrək münasibətləri gücləndirmək və Türk dünyasının daha parlaq bir gələcəyə doğru irəliləməsi istiqamətində görülən işlərə dəstək vermək üçün çox mühüm fürsətdir. Azərbaycan, Türkiyə və Türkmənistan liderləri arasında əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanan müxtəlif sənədlər, şübhəsiz ki, türk dövlətlərinin hərtərəfli əməkdaşlığının daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcək. Üç türk dövlətinin liderlərinin Zirvə Görüşü əlaqələrin genişləndirilməsinə, qardaş dövlətlərimiz arasında onsuz da mövcud olan güclü həmrəyliyin möhkəmlənməsinə xidmət edəcək və şübhəsiz ki, bütün Türk dünyasının birləşməsi yolunda irəliyə doğru atılan çox önəmli addım olacaq: “Türk dövlətlərinin coğrafi baxımdan geostrateji mövqedə yerləşməsi siyasi və iqtisadi üstünlüyü gücləndirir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atıb. Ölkələrimiz tərəfindən bir çox önəmli layihələr icra edilib ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. Eyni zamanda hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət edir. Məlumdur ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır və öz ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilib. Dövlətimizin başçısı xüsusi olaraq vurğuladı ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Bu dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq. Ermənistan hələ də Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır. Amma gec-tez reallıqlarla barışmalı olacaq”.
Fatma Yıldırım qeyd edib ki, Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü zamanı müxtəlif məsələlərin, o cümlədən siyasi, hərbi, iqtisadi, nəqliyyat, energetika, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığımızın müzakirə edilməsi iki qardaş ölkə arasında əlaqələrin daha da güclənməsindən xəbər verir: “Eyni zamanda Zirvə Görüşü zamanı üç dövlət arasında imzalanan sənədlər qarşılıqlı münasibətlərimizin daha da inkişafına təkan verəcək. Ümumilikdə, Zirvə Görüşü türk birliyinin daha da güclənməsi baxımından mühüm hadisədir”.
DeputatFatma
VETENİM-AZERBAYCANDIR.AZ