Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

44 günlük Vətən müharibəsi dövlətçilik tariximizin ən şərəfli səhifəsidir

44 günlük Vətən müharibəsi dövlətçilik tariximizin ən şərəfli səhifəsidir
27-09-2022, 00:57 320 dəfə baxılıb

27 sentyabr 2020-ci il xalqımızın rəşadət günü, tarix boyu torpaqlarımıza göz dikən, fürsət düşdükcə havadarlarından dəstək alıb torpaqlarımıza qəsd edən mənfur varlıqlara qarşı çıxdığımız, səbr kasamızın daşdığı gündür. Bu gün Azərbaycan tarixində dönüş nöqtəsidir, Azərbaycan Silahlı Qüvvələrinin "Dəmir yumruq" altında düşmənlərimizin başını əzdiyi gündür.
Hələ 2016-cı ilin Aprel döyüşləri zamanı Ali Baş Komandan Ermənistana xəbərdarlıq göndərmişdi: "Özünü növbəti dəfə biabır edən Ermənistanın siyasi rəhbərliyi danışığına fikir versin və bizim səbrimizlə oynamasın". Amma düşmən yenə dinc durmadı, 12 iyul 2020-ci il tarixində Tovuz rayonu istiqamətində hücuma keçdi. Hücumun qarşısını alarkən Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev kimi igidlərimiz qəhrəmancasına şəhid oldular. Artıq müharibə qaçılmaz oldu, düşmən bizə başqa yol qoymamışdı.
Ermənistanın ölkəmizə qarşı 2020-ci ilin sentyabr ayının 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi üçün Vətən müharibəsinə başladı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. 
Ali Baş Komandanın "Qarabağ Azərbaycandır!" cümləsi 44 günlük Vətən müharibəsinin devizinə çevrilmişdi. Rəşadətli ordumuz hər qarış torpağımızı düşmən tapdağından təmizləyərkən qələbəni məhz bu cümlə ilə tamamladı. Bu müharibə dövlətçilik tariximizin ən şərəfli səhifəsidir. "Dəmir Yumruq" adını alan İkinci Qarabağ müharibəsi 200 ildən çox bir müddət ərzində yığılıb qalan ağrı-acılarımıza son qoydu. Zaman-zaman bağrımızdan qoparılan Göyçə, Zəngəzur, İrəvan azmış kimi, ruhumuzun qidası olan Qarabağımızı bizdən qoparmaq istəyən mənfur qüvvələrə cavab vermə zamanı gəldi və Azərbaycan öz gücünü göstərdi, yurdumuza uzanan düşmən əllərini kəsdi.
Ermənistanın sentyabrın 27-də növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Beləliklə, xalqımızın 30 il çəkən torpaq həsrətinə son qoyuldu, ədalət bərpa edildi. Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi. Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində misilsiz rol oynadı.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2908 nəfər hərbi qulluqçusu həlak oldu, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşdü, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-sinin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb.
Bu il artıq mühariharibənin başlamasından iki il ötür. Hələ də Azərbaycan şəhid verir. Hələ də Vətəni canlarından əziz tutan oğullar özlərini torpaq uğrunda fəda edirlər. Azərbaycanın şanlı qələbəsini öz qanları ilə yazan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, müharibə iştirakçılarımıza sağlıq diləyir və hər birinin qarşısında baş əyirik. Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq. Əminəm ki, Prezidentimiz, cənab İlham Əliyevin başçılığı ilə "Dəmir yumruq" kimi birləşən bu xalq daha heç vaxt bir qarış torpağını kimsəyə verməyəcək. 
Sabit Bəhrəmzadə
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI