Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Prezident yeni təyin olunmuş 2 səfiri qəbul etdi - Fotolar + Yenilənib

Prezident yeni təyin olunmuş 2 səfiri qəbul etdi - Fotolar + Yenilənib
19-09-2022, 19:18 266 dəfə baxılıb

Prezident İlham Əliyev sentyabrın 19-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauidinin etimadnaməsini qəbul edib.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Səfir Abdullah Mohamed Abdullah Almauidi etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı səfirin diplomatik fəaliyyəti dövründə əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib. Azərbaycan-Küveyt münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev Küveytə səfərini məmnunluqla xatırladıb, siyasi əlaqələrlə yanaşı, iqtisadiyyat, energetika və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu qeyd edib. Biznes dairələri arasında münasibətlərin yaradılmasının və qarşılıqlı səfərlərin təşkil olunmasının ticarət dövriyyəsinin artırılmasına xidmət edəcəyini vurğulayan Prezident İlham Əliyev pandemiyadan əvvəl Azərbaycana çoxsaylı küveytli turistin səfər etdiyini diqqətə çatdırıb. Dövlət başçısı bu rəqəmin daha da artacağına əminliyini bildirib.
Azərbaycanın və Küveytin beynəlxalq təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, OPEC+ çərçivəsində əməkdaşlığının vacibliyini qeyd edən Prezident İlham Əliyev işğal dövründə Küveytin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb. Dövlət başçısı Azərbaycanın həmişə İslam həmrəyliyinin gücləndirilməsinə mühüm töhfələr verdiyini qeyd edib.
Prezident İlham Əliyev Ermənistanın işğal dövründə ərazilərimizdə vandalizm aktları törətdiyini vurğulayaraq, 67 məsciddən 65-nin dağıdıldığını qeyd edib. Dövlət başçısı Azərbaycanın işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirdiyini, bu prosesdə Küveyt şirkətlərinin də iştirakının mümkünlüyünü vurğulayıb.
Azərbaycan Prezidenti müharibənin başa çatmasından iki ilə yaxın müddət ötməsinə baxmayaraq, Ermənistan tərəfindən təxribatların davam etdirildiyini deyib. Prezident İlham Əliyev Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribatın sülh prosesinə mane olmaq məqsədi daşıdığını qeyd edib.
Səfir Abdullah Mohamed Abdullah Almauidi Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahın salamlarını Prezident İlham Əliyevə çatdırıb.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə çatdırmağı xahiş edib.
Səfir dövlətlərarası əlaqələrimizin yüksək səviyyəsini vurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluq münasibətlərinin olduğunu qeyd edib. Abdullah Mohamed Abdullah Almauidi ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün hökumətlərarası komissiyanın fəaliyyətinin genişləndirilməsinin vacibliyini bildirib. Diplomat ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı, ikitərəfli əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
***
Prezident İlham Əliyev sentyabrın 19-da Macarıstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Tormanın etimadnaməsini qəbul edib.
Səfir Tamaş Yojef Torma etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
Prezident İlham Əliyev səfirlə söhbət edib.
Dövlət başçısı Azərbaycan ilə Macarıstan arasında çox yaxşı siyasi əlaqələrin olduğunu, ölkələrimizin iqtisadiyyat, ticarət, enerji və digər sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib. Prezident İlham Əliyev Macarıstanın Avropa İttifaqında Azərbaycanın ən vacib tərəfdaşlarından biri olduğunu qeyd etdi və səfirə fəaliyyətində uğurlar arzulayıb.
Tamaş Yojef Torma Macarıstanın Baş naziri Viktor Orbanın salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Macarıstanın Baş nazirinə çatdırmağı xahiş edib.
Azərbaycanla Macarıstan arasındakı əlaqələrin dostluğa və qarşılıqlı hörmətə əsaslandığını vurğulayan səfir bildirib ki, bu, strateji tərəfdaşlıq zəminində olan münasibətlərdir. Azərbaycanın Macarıstan üçün vacib tərəfdaş olduğunu vurğulayan Tamaş Yojef Torma ölkəsinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın mühüm rol oynadığını bildirib. Diplomat vurğulayıb ki, Azərbaycan mühüm geosiyasi mövqedə yerləşir. Bu il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.
Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişafı istiqamətində səylərini əsirməyəcəyini bildirib.










VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI