Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Böyük Qayıdış”

“Böyük Qayıdış”
21-07-2022, 00:51 501 dəfə baxılıb

Azərbaycanın İkinci Qarabağ müharibəsində hərbi-siyasi Zəfərinin ardından qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir.


Qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində işlər uğurla gedir. Qarşıdakı illərdə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək. Prezident İlham Əliyevin çıxışlarında açıqladığı bəyanatlardan bəllidir ki, Böyük Qayıdış keyfiyyətcə yeni bir həyata qayıdış olacaq. 30 il əvvəl hətta yaşayış üçün ən vacib əşyalarını belə götürməyə macal tapmadan öz evlərini tərk etmiş sakinlər layiqli həyat şəraiti ilə təmin olunmuş müasir kəndlərə və şəhərlərə qayıdacaqlar. Bunun üçün ilk addımlar hərbi əməliyyatlar başa çatdıqdan dərhal sonra atılmağa başlayıb.

Ötən il dekabrın 23-də dövlət başçısı İlham Əliyevin Zəngilan, Qubadlı və Laçın rayonlarına səfəri zamanı Güləbird SES-in açılışı, eləcə də Ağalı kəndində tətbiq olunacaq ilk “ağıllı kənd” layihəsinin hazırlanması ərazilərin ən yeni dünya standartları səviyyəsində bərpa olunması üçün bütün dövlət qurumlarının tam səfərbər olunduğunu göstərir. Prezident İlham Əliyev bərpa olunacaq yaşayış sahələrində müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqini xüsusi diqqət mərkəzində saxlayır. Bu isə Qarabağın yaxın gələcəkdə “ağıllı region” kimi dünyada tanınacağına əlverişli şərait yaradır. İşğaldan azad olunmuş bütün yaşayış məntəqələri üçün bərpa və yenidənqurma layihələrinin işlənməsi tikinti-abadlıq işlərinin Qarabağın bütün ərazisində eyni vaxtda aparılacağından xəbər verir. Bunun üçün dövlət tərəfindən nəzərdə tutulmuş vəsaitlərin böyük bir hissəsi artıq icraçı şirkətlər üçün ayrılıb.

Yaxın onillikdə Qarabağ ərazisi həm yerli və həm də xarici şirkətlərin geniş fəaliyyət meydanına çevriləcək. Prezident İlham Əliyevin bildirdiyi kimi, ilk növbədə, Qarabağın azad olunması uğrunda 30 il ərzində aparılmış mübarizədə Azərbaycanın haqq işini dəstəkləmiş bütün ölkələrin şirkətləri ərazilərin bərpa layihələrinin icrasında üstünlük hüququndan faydalanacaqlar. Türkiyə, Pakistan və İtaliya şirkətlərinin artıq bir sıra layihələr üzrə fəaliyyətə başlaması bunun əyani göstəricisidir.Əvvəlcə bütün regionda yollar, körpülər, su elektrik stansiyaları, su və qaz təminatı kimi həyati vacib infrastruktur layihələrinin reallaşdırılması nəzərdə tutulur. Hazırda baş nazir müavinləri səviyyəsində fəaliyyət göstərən üçtərəfli komissiya bölgədə bütün nəqliyyat kommunikasiyalarının açılması və daha da genişləndirilməsi üzrə məsləhətləşmələr aparır və ən qısa zamanda həyata keçiriləcək layihələr təsdiq olunur. Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən avtomobil və dəmir yollarının bərpası ölkəmizin infrastruktur bütövlüyünü təmin edəcək və region ölkələri arasında birbaşa əlaqələri xeyli asanlaşdıracaq.

Qeyd etmək lazımdır ki, erməni barbarlığı nəticəsində 30 ilə yaxın müddətdə Azərbaycanın işğal olunmuş torpaqları ekoloji terrora məruz qalıb, zəngin yeraltı və yerüstü sərvətləri vəhşicəsinə istismar olunub. Regionun meşə örtüyü məqsədli şəkildə məhv edilib, münbit torpaqları, su ehtiyatları ekoloji və radioaktiv çirklənməyə məruz qoyulub. Bu gün isə azad olunmuş ərazilərin minalardan təmizlənməsi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına maksimum qısa müddətdə qayıtması prioritet hədəflər sırasındadır. Artıq Füzuli-Şuşa yolunun, Füzuli hava limanının tikintisinə başlanılıb, Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməli qoyulub. Həmçinin Laçın rayonunda Güləbird Su Elektrik Stansiyası işə salınıb, Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatının birinci mərhələsi başa çatıb.

Dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin stimullaşdırılmasına və ekoloji tarazlığın təmin edilməsinə yönəlib. Bunun üçün Laçın-Kəlbəcər bölgələrində külək enerjisindən, Zəngilan-Cəbrayıl bölgələrində isə günəş enerjisindən istifadə imkanları genişdir. “Yaşıl enerji” zonası kimi bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Öz torpaqlarına qayıdan sakinlərin əmək məşğulluğunun təmin edilməsi üçün proqramlar hazırlanmaqdadır. Ənənəvi məşğuliyyət sahələrinin bərpa edilməsi ilə yanaşı, yeni məşğulluq növlərinin yaradılması da dövlət tərəfindən hazırlanan planların tərkib hissəsidir.

Beləliklə, şübhə yoxdur ki, Azərbaycanın Qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bu qənaətə gəlməyə əsas verir.

ORXAN  KƏRİMOV.
ŞABRAN RAYON İCRA HAKİMİYYƏTİ BAŞÇISININ ŞABRAN ŞƏHƏRİ ÜZRƏ NÜMAYƏNDƏSİ.

  Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az" xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI