Azərbaycan böyük uğurlara imza atıb.
Prezident İlham Əliyevin sədrliyi ilə iyulun 15 də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirildi. Dövlət başçısı müşavirədə çox mühüm məsələlərə toxundu. Ölkə Prezidentinin giriş və yekun nitqində səslənən çağrışlar, qarşıya qoyulan vəzifələr ümumilikdə ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə, beynəlxalq münasibətlər sistemində yerinin və rolunun möhkəmlənməsinə xidmət edir. Cari ilin altı ayının sosial-iqtisadi göstəriciləri 2022-ci ili də uğurla başa vurcağamıza böyük əminlik yaradır.
Dövlət başçısının düşünülmüş siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edir. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri ölkəmizin malik olduğu iqtisadi potensialın təqdimatında əhəmiyyətli rol oynayır. Bu işlərin hamısı Azərbaycanın daxili imkanları hesabına həyata keçirilir. Dövlət başçısı İlham Əliyev müşavirədə bir daha işğaldan azad edilmiş torpaqlarımızda görülən işlərdən geniş bəhs etdi.
Müşavirədə diqqət yönəldilən məsələlərdən biri 2020 ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərin Ermənistan tərəfindən yerinə yetirilməməsidir. Digər narazılıq doğuran məsələ isə Ermənistan silahli qüvvələrinin qalıqlarının hələ də Qarabağda qalması oldu. Bəli, Bəyanat imzalanıbsa, orada yer alan şərtlər qeyri-şərtsiz icra olunmalıdır. Bu gün Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılmasına baxmayaraq, əfsuslar olsun ki, hələlik real nəticələr yoxdur. Prezident İlham Əliyev çıxışında Ermənistana bir sıra ciddi xəbərdarlıqlar etdi.
Tarixi Zəfərimizin qəhrəmanları olan şəhidlərin ailələrinə, qazilərə dövlətin diqqət və qayğısı davamlıdır. Ümumilikdə Birinci və İkinci Qarabağ müharibəsinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Bu da şəhid və qazi ailələrinə yüksək diqqət və qayğının nəticəsidir. Prezident İlham Əliyev müşavirədə bildirdi: “Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər artıq ən müasir protezlərlə təmin olundular. Dördüncü nəsil protezlər - o protezlər ki, insan rahat yaşaya bilər, gəzə bilər, hətta futbol oynaya bilər, qaça bilər. Biz bunu edirik və edəcəyik”.
Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə cari ilin 6 ayının yekunlarına həsr olunan müşavirədə səsləndirilən statistik rəqəmlərə, ayrı-ayrı sahələrin inkişafında qazanılan uğurlara əsaslanaraq əminliklə deyə bilərik ki, ölkəmiz böyük uğurlara imza atıb. Ölkə Prezidentimizin qeyd etdiyi kimi, məqsədimiz müstəqilliyimizin əbədi və dönməz xarakter alması, Azərbaycanın dünya birliyində öz yeri və rolunu daha da möhkəmləndirməsidir.
Mehdi Balabəyov.YAP Şabran rayon təşkilatının sədri.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az". xəbər informasiya portalının şimal zonası üzrə bölgə müxbiri.