Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Güclü Azərbaycan Ordusu İlham Əliyevin yaratdığı inkişaf nümunələrindən biridir.

Güclü Azərbaycan Ordusu İlham Əliyevin yaratdığı inkişaf nümunələrindən biridir.
24-05-2022, 16:23 619 dəfə baxılıb

Ulu Öndər müasir Azərbaycan Ordusunun qurucusudur.


Ordu dövlətin suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olmuşdur.

Müasir Azərbaycan dövlət müstəqilliyinə 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada fəxrlə deyə bilərik ki, Ulu Öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün qüdrətlənən və gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur.

Ulu Öndər Heydər Əliyev görkəmli dövlət xadimi, böyük siyasətçi, həm də peşəkar hərbçi idi. Elə buna görə də Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ordu quruculuğunun diqqətçəkən əsas tərəfi onun yüksək peşəkarlıqla həyata keçirilməsi idi.

Heydər Əliyevin AXC-Müsavat dövründə yaradılmış və daha çox ayrı-ayrı şəxslərin, bəzi siyasi partiyaların konyunktur maraqlarına, dövlət çevrilişi məqsədlərinə xidmət edən silahlı dəstələri buraxmaqla, onların fəaliyyətini qanundan kənar elan etməklə başladığı ordu quruculuğunun effektiv nəticələri artıq 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində özünü göstərməyə başlamışdı. Başlanğıcını 1993-cü il noyabrın 2-dən - Ulu Öndərin xalqa müraciətindən götürən və tarixə Heydər Əliyevin ordu quruculuğu kimi düşən bu dönəmin ilkin çağlarında yeni yaradılan və mərkəzi komandanlığa tabe olan hərbi birləşmələr Ermənistanın güclənən hücumlarının qarşısını böyük mətinliklə aldılar, 1993-cü ilin sonu, 1994-cü ilin əvvəllərində Füzuli istiqamətində, Murovda yüksək peşəkarlıqla uğurlu hərbi əməliyyatlar keçirərək çoxsaylı yaşayış məntəqələrini, strateji əhəmiyyət kəsb edən yüksəklikləri düşməndən azad etdilər.

Heydər Əliyevin 1994-cü il yanvarın 24-də cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xitabən dediyi "Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafiə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır” sözlərini unutmayan, Ulu Öndərin bu xeyir-duasından ruhlanan zabitlərimiz, əsgərlərimiz, gizirlərimiz və çavuşlarımız o dövrdə sinələrini düşmən pulemyotunun qarşısına verməklə, əldə qumbara düşmən tankının altına atılmaqla əsl qəhrəmanlıq dastanları yaratdılar.

1994-cü il mayın 12-də atəşkəsin elan edilməsindən sonra ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara start verildi. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı. Ordu quruculuğunun ən müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi, silahlı qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Yüksək döyüş hazırlığı, modern silahlanma

Heydər Əliyevin təhlükəsizlik siyasəti və strategiyası, ordu quruculuğu ilə bağlı başladığı işlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hələ 2003-cü ildə andiçmə mərasimindəki nitqi zamanı Prezident İlham Əliyev bununla bağlı deyib: "Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Ölkəmizdə güclü ordu yaradılmışdır və bu proses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır. Əminəm ki, Azərbaycanın iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə imkan verəcəkdir”.

Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır. Çünki Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda qarşıda dayanan əsas vəzifələrdən biri ordunun gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, modernləşməsi, ən son hərbi texnologiyalara yiyələnməsidir. Bundan irəli gələrək Azərbaycanın maliyyə imkanlarının artması nəticəsində ötən illərdə ordumuzun döyüş qabiliyyətinin yüksəldilməsi üçün bu sahədə qabaqcıl dövlətlərlə uğurlu əməkdaşlıq həyata keçirilib. İstər quru qoşunlarının, istər hərbi hava qüvvələrinin, istərsə də hava hücumundan müdafiə sistemlərinin döyüş imkanları ən müasir tələblər səviyyəsinə çatdırılıb. Bu mənada inkişafın Azərbaycan nümunəsinin əsas göstəricilərindən biri də ordumuzun qüdrətlənməsi, döyüş qabiliyyətini artırmasıdır.

Hazırda Cənubi Qafqazın ən qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan vətəndaşları Silahlı Qüvvələrimizdə baş verən keyfiyyət və kəmiyyət dəyişikliklərini ordumuzun keçirdiyi təntənəli hərbi paradlarda görüblər. Ölkəmizin hərbi qüdrətinin nümayişi olan belə paradlarda xalqımız və beynəlxalq ictimaiyyət Azərbaycanın mükəmməl hərbi gücə malik olduğuna şahidlik edib. Təsdiq olunub ki, Azərbaycan Ordusu arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir. Fərəhlisi odur ki, bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları strateji silahlar Azərbaycanda var.
Düşmən üzərində əzici üstünlüyün təsdiqi

4 il əvvəl - 2016-cı ilin aprel ayının ilk günlərində Tərtər və Füzuli istiqamətində erməni hərbi birləşmələrinin hücumlarının və təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyatlar isə Silahlı Qüvvələrimizin gücünü reallıqda təsdiqləyən hadisə oldu. Həmin döyüşlərədək Ermənistan siyasi rejimi tərəfindən belə bir mif yaradılmışdı ki, işğalçı dövlətin ordusu və onların yaratdığı istehkamlar keçilməzdir. Lakin Aprel döyüşləri bunun sadəcə mif olduğunu sübuta yetirdi. Həmin günlərdə düşmən ordusu bir həmləyə biabırçı məğlubiyyətə uğradıldı və cəbhənin iki istiqamətində illərdir bərkidib-betonladığı, dinc əhalinin başına güllə, mərmi yağdırdığı mövqelərdən bir gecədə qovulub çıxarıldı. Bununla da Azərbaycanda atəşkəs razılaşmasından sonra həyata keçirilən ordu quruculuğunun effektiv nəticələri, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılması istiqamətində atılan addımlar dördgünlük müharibədə öz təsdiqini tapdı.

Həmin döyüşlər bizim böyük tarixi qələbəmiz, Ermənistanın isə həm siyasi, həm iqtisadi, həm də psixoloji cəhətdən məğlubiyyəti kimi tarixə düşdü. Bu hadisə demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı, bu ölkənin rəhbərliyi məğlubiyyətdən sonra özünü tam şəkildə ifşa etdi. Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Həmçinin düşmən bir daha şahidi oldu ki, Azərbaycan əzəli torpaqlarını qısa müddət ərzində geri qaytarmağa qadirdir.

Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi. Ermənistan hakimiyyəti bir daha gördü ki, xalqımız heç vaxt ərazilərinin işğalı ilə barışmayacaq və torpaqlarında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəkdir.

Naxçıvanda Günnüt kəndinin işğaldan azad olunması və Ermənistanla sərhəddə strateji yüksəkliklərin ələ keçirilməsi Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin aprel qələbəsindən sonra növbəti zəfəri oldu. Xalq Cümhuriyyətinin və ordumuzun yaradılmasının yüzüncü ildönümünə təsadüf edən bu hadisə cəmiyyətimizin xoş ovqatını daha da artırdı, düşmən üzərindəki qələbə gününün o qədər də uzaqda olmadığını göstərdi. Hər birimiz növbəti dəfə ordumuzdakı qalibiyyət əzminin şahidi olduq.

Günnüt əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsi olan Əlahiddə Ümumqoşun Ordu ön xəttin dövlət sərhədi boyu əlverişli mövqeləri ələ keçirdi. Dərinlikdəki əlverişli yüksəkliklər düşməndən geri alındı. Bu, ordumuza Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyətli Yerevan-Yexeqnddzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı verdi. Ümumilikdə, bu əməliyyat zamanı 11 min hektar ərazi düşməndən azad edildi.
Torpaqlarımızın azad ediləcəyi gün uzaqda deyil

Bu gün dünyanın hərbi baxımdan inkişaf etmiş dövlətlərinin malik olduqları silahlar Azərbaycanda var. Beynəlxalq reytinq agentliklərinin hesabatlarında Silahlı Qüvvələrimiz dünyanın güclü, müasir standartlara uyğun təchiz edilən orduları ilə bir sırada yer alır.

Fərəhlisi odur ki, Azərbaycanın hərbi sənaye kompleksi də formalaşıb. Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Ölkəmizdə son illərdə formalaşan və dinamik templə inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.

Ordumuzda aparılan əsas islahatlardan biri də hərbi şəhərciklərin, kazarmaların yenidən qurulması, hərbçilərin, onların ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən son illərdə ölkənin bütün ərazilərini əhatə etməklə yeni hərbi şəhərciklər inşa olunub, hərbi qulluqçuların mənzil və sosial şəraiti əhəmiyyətli dərəcədə yüksəlib.

Bütün bunlar göstərir ki, Azərbaycanda ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Həm ordunun arsenalına ən modern silahlar daxil edilir, həm qoşun növlərinin döyüş qabiliyyəti artırılır, həm də hərbçilərin sosial şəraiti yüksəldilir.

Modern ordu quruculuğu danışıqların nəticəsiz olacağı təqdirdə ərazilərimizin hərb yolu ilə işğaldan azad edilməsi üçün Azərbaycanın üstünlüyünü təmin edir. Bu gün istər hərbi müstəvidə, istərsə də diplomatik sferada üstünlük Azərbaycanın tərəfindədir. Əgər danışıqlar prosesi düşmənin işğalçı siyasəti ucbatından nəticəsiz qalacaqsa, Azərbaycan Ordusu öz sözünü deyəcək. Görünən odur ki, bayrağımızın Şuşada, Xankəndidə, Ağdamda və digər işğal olunmuş şəhər və kəndlərimizdə dalğalanacağı gün uzaqda deyil. 

 Şabran rayon H.Əliyev mərkəzinin direktoru Təvəkkül Əliyev.

Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az"xəbər informasiya portalının Şabran rayon üzrə nümayəndəsi.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI