Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Elm ocağını intriqa məkanına çevirən akаdemikin istefası qaçılmazdır”

Elm ocağını intriqa məkanına çevirən akаdemikin istefası qaçılmazdır”
14-02-2022, 15:02 321 dəfə baxılıb

“Azərbaycan yerləşdiyi coğrafi məkan və malik olduğu təbii resurslarla yanaşı, elmi potensialı ilə daim dünyada tanınıb, nüfuz qazanıb. Azərbaycan alimləri dünya elminin inkişafına böyük töhfələr verib. Müstəqilliyinin bərpasının 30 ilini arxada qoyan  Azərbaycanın  tarixi paralellər fonunda ayrı-ayrı mərhələlərdə qazandığı uğurları, keçdiyi yolu təhlil etsək  bu fikri böyük inamla qeyd edə bilərik ki, ölkəmiz 1993-cü  ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli  tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə inkişaf, tərəqqi dövrünü yaşayıb. Müstəqilliyimizin ilk illərində digər sahələr kimi, Azərbaycan elmi də  özünün ağır günlərini yaşayırdı. Hətta elmin məbədgahı olan  Azərbaycan Milli Elmlər Akademiyasının bağlanması barədə fkirlər səslənirdi. Amma ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun ilk görüşünün Azərbaycan ziyalıları ilə olması, onların qarşısında  mühüm vəzifələr qoyması, ən əsası Milli Elmlər Akademiyasının əvəlki şöhrətinin özünə qaytarılması üçün biri-birindən əhəmiyyətli addımların atılması, maddi-texniki bazasının möhkəmləndirilməsinə yönələn Fərman və sərəncamları elmi ictimaiyyəti daha da ruhlandırdı, elmi araşdırmalarının miqyasını genişləndirmələrinə  stimul verdi”.
"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, Milli Məclisin deputatı Əliabbas Salahzadə hər bir ölkənin inkişafında elmin rolundan danışıb. Millət vəkili qeyd edib ki, 2003-cü ildə bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilib: “Belə ki, dövlət başçısı İlham Əliyev  təhsilin, elmin və iqtisadiyyatın vəhdətinin yaradılması  ideyasını  gündəmə gətirdi, “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürərək  Azərbaycan gənclərinin öz potensial imkanlarını ortaya qoymaq üçün geniş imkanlar açdı.

Son illərdə akademik Ramiz Mehdiyevin bu ali elm ocağına rəhbər təyin edilməsindən sonra burada inkişaf deyil, intriqalar daha geniş vüsət alıb. AMEA-da  gənc kadrların sıxışdırılması, onların səbəbsiz yerə  işdən uzaqlaşdırılması  təbii ki, həyəcan təbilinin çalınmasına rəvac verməyə bilməz. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin  bütün sferalarda irəli çəkilməsi, onların potensialından  ölkənin gələcək inkişafı üçün səmərəli istifadə edilməsi qarşıya qoyulan əsas vəzifələrdəndir. Bu gün AMEA-da  gənc kadrlar sıxışdırılırsa, rəhbərlik bunu müxtəlif adlar altında ört-basdır etməyə çalışırsa, ən əsası yaşananlardan çıxış yolu elmi ictimaiyyətin, millət vəkillərinin təhqir olunmasında görülürsə, bu artıq ziyalılıqdan uzaqdır. Ziyalı xalqın nur çırağıdır. Ən çətin məqamlarda xalqın önundə getməli, düzgün yol göstərməlidir. Əgər bu gün  bir ali elm ocağının rəhbəri  vəziyyəti düzgün təhlil edib çıxış yolu axtarmaq barədə düşünmürsə, AMEA-nın yaratdığı imkanlardan elmin inkişafına deyil, özünün  şəxsi tribunası kimi istifadə edərək  onun-bunun ünvanına təhqiredici  fikirlər səsləndirirsə, artıq  onun istefası barədə çağırışlara özünün rəvac verdiyi inkardedilməzdir.
Millət vəkili xalqın parlamentdə təmsilçisidir. Millət vəkilini təhqir etmək xalqı təhqir etmək deməkdir. Dövlət başçısı İlham Əliyevin bütün çıxışlarında bu amil önə çəkilir ki, gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında bir vəhdət yaradılmalıdır. Vəhdət. Burada gənc kadrların sıxışdırılmasından söhbət getmir. Azərbaycanın gənc alimlərə  böyük ehtiyacı var. Bu alimlər  yaşlı nəslin dəstəyi ilə  öz elmi araşdırmalarını  aparmaq, ölkənin gələcək inkişafına öz töhfələrini vermək imkanındadırlar. Yeni texnologiyaların  sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Elmin məbədgahı olan AMEA bu prosesə öz dəstəyini verməlidir. Elm ocağını intriqa məkanına çevirməklə elmin inkişafından danışmaq qeyri-mümkündür. Verilən  şərhlərə, yayılan açıqlamalara diqqət yetirsək, akademikin hər addımına haqq qazandırmaq istəklərini görərik.
Ölkədə geniş vüsət alan islahatlar prosesinin parlamentdən də yan keçməməsi üçün 2020-ci il fevralın 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Dövlət başçısı İlham Əliyev Milli Məclisin ilk iclasında deputatların qarşısında bir sıra həllivacib məsələlər qoyub ki, bu gün xalqın parlamentdə təmsilçiləri olan deputatlarımız o vəzifələrin icrası, Azərbaycanın hərtərəfli inkişafına xidmət edən qanunların qəbulu istiqamətində mühüm addımlar atır. Millət vəkilini təhqir etməklə xalqın nəzərində  etimadı tamamilə itirmək ziyalı adına yaraşmaz. Azərbaycanı gələcəyə aparan elmin inkişafına əngəl törətmək yox, dəstək olmaq lazımdır. Akademik bu barədə düşünsə, daha yaxşı olar”. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI