Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi Şuşada qeyd olunur

Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi Şuşada qeyd olunur
16-08-2022, 16:27 359 dəfə baxılıb

Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi Şuşada qeyd olunur

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,
Fələk incir fəğanımdan, neçin gəlməz, neçin gəlməz?
 
Bu gün Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvanın anadan olmasının 190 illiyidir. Şairənin yubileyi öz doğma ocagında, musiqi mədəniyyətimizin paytaxtı olan Şuşada 30 ildən sonra qeyd olunur.
 
Xurşidbanu Natəvan 1832-ci il avqust ayının 15-də musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü yekta”, xalq arasında isə “Xan qızı” ləqəbi ilə çağırılmışdır. Natəvan saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almışdır. O, Quranı, dünyəvi elmləri mənimsəmiş, ərəb və fars dillərini öyrənmişdir. Natəvanın bir sənətkar kimi yetişməsində mənsub olduğu ədəbi mühitin böyük rolu olmuşdur. Həyat yoldaşı Xasay xanın qulluğu ilə əlaqədar olaraq, Xurşidbanunun bir müddət Tiflisdə yaşaması onun şair və rəssam kimi formalaşmasına təsir göstərmişdir. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, milli ənənəsi, kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyatmışdır.
 
Natəvan yaradıcılığa 1850-ci illərin əvvəllərində başlamış, ilk şeirlərini təxəllüssüz, öz adı ilə yazmışdır. Bu əsərlər günümüzə gəlib çıxmamışdır.  Xurşidbanunun şeirləri məzmun cəhətdən aşiqanə, təbiət gözəlliklərinə həsr edilmiş şeirlər, müasirlərinə yazdığı mənzumələr, hüznlü şeirlərə bölünürdü. Lakin onun yaradıcılığı şeirlə məhdudlaşmır. O, rəssamlıqla da məşğul olmuş, həmçinin nəfis əl işləri, tikmələri ilə də tanınmışdı. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Natəvanın təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan vermişdi. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşmüşdü.
 
Şairəni Qarabağın abadlaşdırılması, Şuşanın mədəni görkəm alması məsələsi ciddi düşündürmüşdür. O, 1873-cü ildə yüz min manat sərf edərək, Şuşaya içməli su çəkdirmişdir. Yüksək ideyalarla, pak niyyətlərlə yaşayan bu qeyrətli qadın, şəhər sakinlərinin yüz illik arzusunu həyata keçirərək bulaq çəkdirmiş, su anbarı, hamam, buzxana tikdirmiş və park saldırmışdır.
 
Ömrünün son beş ili Natəvan üçün həm həyatda, həm də sənətdə ağır və böhranlı keçmişdir. Şairə 1897-ci il oktyabr ayının 1-də Şuşada vəfat etmişdir. Dəfn mərasimində iştirak edən camaat hörmət əlaməti olaraq şairənin cənazəsini Şuşadan Ağdama qədər piyada aparmış, Xan qızı Ağdamda “İmarət” deyilən ailə qəbiristanlığında dəfn olunmuşdur.
 
Onun ölümü təkcə Azərbaycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər adamlarını kədərləndirmişdir. Bu münasibətlə“Qafqaz”, “Tərcüman” və başqa qəzetlərdə nekroloqlar, Natəvanın həyat fəaliyyəti haqqında yazılar dərc edilmişdir. XX əsrin ilk yarısında Xurşidbanunun şeirlər məcmuəsi bir neçə dəfə çapdan çıxmışdır.
 
Dahi Azərbaycan şairinin misilsiz xidmətləri xalqımız, dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilmişdir. Onun adına küçə, klub, kitabxana, məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır. Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur. Onun bədii irsi 1937-ci ildən etibarən rus dilinə tərcümə olunaraq Moskvada, Sankt-Peterburqda və Bakıda çıxan ədəbi jurnallarda, antologiyalarda işıqlandırılmışdır.
 
2012-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. 2016-cı ildə H.Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilmişdir. 2019-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 211 nömrəli Qərarı ilə Xurşidbanu Natəvanın əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
 
1993-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıya gətirilmiş və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmiş Üzeyir Hacıbəyov, Xan qızı Natəvan, Bülbülün ermənilər tərəfindən Şuşada güllələnmiş heykəlləri 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Şuşaya geri gətirilmişdir. Azərbaycan Respublikasının Prezident İlham Əliyev 14 mart 2022-ci il tarixində Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalamışdır.
 
RUHUN ŞAD OLSUN XURŞUDBANU NATAVAN!
Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova
44 gün.org Əfsanə Əliyeva

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI