17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
Xalq şairi Rəsul Rzanın doğum günüylə bağlı şair-publisist Şəkər Aslanın xatirələrini saytın izləyicilərinə təqdim edirik. TƏBİƏTİN GÜL VAXTINDA...
Mənə 1963-cü ilin may ayında Xalq şairi Rəsul Rzanın Lənkəran səfərində iştirak etmək nəsib olmuşdur. Bütün təfərrüatı ilə yadımda olan həmin səfərdə gözəl şairlərimiz Əli Kərim və Vladimir Qafarov da iştirak edirdilər.
Mayın 11-də Yazıçılar İttifaqında keçirilən bir tədbirdən sonra Rəsul müəllim təsadüfən məni görüb dedi:
- Lənkərana gedirəm, gedirsən səni də aparım.
Böyük şairin bu təklifinin Bakıya yenicə düşmüş, tək-tük şeirləri çap olunmuş, ədəbi mühitə yeni-yeni qovuşan bir gənc üçün nə demək olduğunu təsəvvür etmək çətin deyildir. Ona diqqətlə baxdım. “Bəlkə zarafat edir, məni yoxlayır”, düşündüm. Fikrinin ciddi olduğunu duyub dedim:
- Əgər aparsanız...
- Sabah saat 10-da ittifaqın qabağına gəl. Burada bizim maşına minərsən...
Mən Keşlədə dayımgildə yaşayırdım. Səhər saat 9-da elektrik qatarından düşüb Sabunçu vağzalında qəzet almaq üçün növbəyə durdum. Bu vaxt yaxınlıqdakı bufetdən çıxan Əli Kərim mənə yanaşdı. Tapşırdı ki, onun üçün də “Ədəbiyyat qəzeti” alım.
Əynində Çin plaşı vardı. Düymələnməmişdi. Başı da açıqdı. Gözlərindən şirin bir yorğunluq duyulurdu. O vaxt demək olar ki, mən onun bütün şeirlərini əzbər bilirdim.
Görsən tufansızam, görsən rahatam,
Qoyma xumarlanıb evdə də yatam.
Ey Bakı küləyi, səhərə kimi
Sındır pəncərəmi, döy pəncərəmi!
Öz-özümə düşündüm: yəqin gecə çox işləyib. Ona böyük sevinclə bu gün Rəsul müəllimin Lənkərana gedəcəyini və məni də özü ilə aparacağını söylədim. Xoş bir təbəssümlə dedi:
- İndi Lənkəranın gül vaxtıdır. Hə, mən də gedərdim sizinlə.
Maşında məndən başqa daha kimlərin olacağını bilmirdim. Ancaq Əli Kərimi dilə tutmağa başladım ki, mütləq bizimlə getsin.
- Yaxşı, ittifaqa gedək, orda baxarıq...
...Mən ittifaqın lap qapısında durub gözləyirdim. Elə qorxurdum ki, birdən sürücü məni tanımaz. Bu gözəl səfər əlimdən çıxar. Bir azdan “QAZ-21” markalı “Volqa” maşını dayanan kimi onu idarə edən ortaboylu, arıq, qarayanız oğlan düşüb düz mənim yanıma gəldi. Bu, Rəsul müəllimin bacısı oğlu, Azərbaycan televiziyasının işçisi Fikrət Ağazadə idi. Rəsul müəllimin kitabı Lenin mükafatına təqdim olunarkən gəmi təmiri zavodunda televiziyanın təşkil etdiyi görüş zamanı onunla tanış olmuşdum. Orada mən də kitab haqqında çıxış etmişdim. Yadımdadır ki, sevimli şairimiz Cabir Novruz “Konqolu qardaş” şeirini oxumuşdu. Materiallarını gözəl yazıçımız Tofiq Əfəndiyevin hazırladığı həmin görüş televiziya ilə verilmişdi.
Mən Fikrətə Əli Kərimin də Lənkərana gəlmək istədiyini bildirdim. Onunla birlikdə “Azərbaycan” jurnalının redaksiyasına qalxdıq. Əlinin xahişi ilə Fikrət Rəsul müəllimə zəng vurdu. Dəstəyi qoyandan sonra əlavə etdi:
- Getdik. Rəsul dayı sevinclə razılaşdı. Dedi, lazımdırsa, Əbülhəsəndən onun üçün icazə də alım.
- Yox, icazəni özüm alaram, - deyib redaktorun otağına keçdi. Qapı açıq idi. Onların söhbətlərini aydın eşidirdim.
- Əbülhəsən müəllim, deyirlər istəyənin bir üzü qaradır, verməyənin isə iki üzü. Lənkərana getməkdən ötrü icazə istəyirəm.
Əbülhəsən ona ciddi bir nəzər salıb özünəməxsus tərzdə dedi:
- Əzizim, mənim iki üzüm qara olunca qoy sənin bir üzün qara olsun. Get, ancaq çox yubanma. Görürsən redaksiyaya nə qədər şair gəlir.
Biz maşına oturub Rəsul müəllimin yaşadığı binanın yanına gəldik. O, əlində ov tüfəngi aşağı düşdü. Fikrət tüfəngi ondan alıb maşının arxasına qoydu. Rəsul müəllim minəndən sonra dedi:
- Gedək Volodyanı da götürək.
Fikrət maşını Lermontov küçəsindən sürdü. Vladimir Qafarov üçüncü mərtəbədəki balkondan bizi görüb düşdü. O, maşına oturandan sonra Rəsul müəllim bizə təzə bir şeir oxudu. Deyəsən, anonimçi haqqında idi. Əli Kərim və Vladimir Qafarov şeiri təriflədilər. Rəsul müəllim onun sonluğunda hansı sözü isə dəyişəcəyini, ona daha sərrast qafiyə axtarmaqda olduğunu bildirdi...
Maşınımız Bakıdan çıxdı. Təqribən Şıx çimərliyi bərabərinə çatarkən mənə elə gəldi ki, Rəsul müəllim dərindən nəfəs alıb qayğılı bir səslə dedi:
- İşdən baş açmaq olmur. Amma nə qədər ehtiyacım var. Gəzmək, görmək istəyirəm!
Öz-özümə düşündüm: “Görəsən ona mane olan nədir? Ali Sovetin deputatı, xalq şairi, maşını, imkanları...”
Maşın sürətlə Bakıdan uzaqlaşdı. Ətpafdan gözəl bahar havası duyulurdu. Rəsul müəllim o vaxt geniş yayılmış bir mahnının öz-özünə zümzümə edirdi.
Qurban adına,
Bir sal yadına.
Sənin oduna,
Yandım, bilmədim.
...Biz Salyanda çay içmək üçün düşdük. Arxın üstündə, salxım söyüdlərin altında yerləşən çayxana və aşxanada cəmi 3-4 nəfər var idi. Onlar Rəsul müəllimi tanıyıb, özlərini yığışdırdılar. Biri isə ayağa durub Rəsul müəllimin yanına gəldi, əl verib görüşdü, evinin lap yaxınlıqda olduğunu söylədi, bizi təkidlə qonaq çağırdı. Rəsul müəllim ona təşəkkür etdi, Lənkərana tələsdiyimizi bildirdi. Kişi naəlac qalıb ürəkdən gələn bir səmimiyyətlə dedi:
- Onda söz verin ki, ya Lənkərandan qayıdanda, ya da başqa münasib bir vaxtda bizə qonaq gedəcəksiniz.
- Sağlıq olsun, görüm şəkərlə neyləyirəm...
Mən diksindim. “Rəsul müəllimin mənimlə nə işi olacaq? Məni hara aparacaq?” – deyə öz-özümə düşündüm. Çayxanadan çıxandan sonra Əli Kərimdən soruşdum:
- Görəsən, Rəsul müəllim niyə belə dedi: “Görüm şəkərlə neyləyirəm”.
Əli Kərim az qala pıçıltı ilə dedi:
- Sən bilmirsən. Rəsul müəllim şəkər xəstəliyindən şikayətlənir. O, şəkər deyərkən xəstəliyini nəzərdə tutur.
Biz Lənkərana gəldik. Mən raykomun ideoloji sahə üzrə katibi Şövkət Səfərovaya zəng vurdum (hazırda respublikanın əməkdar mədəniyyət işçisidir, şəhər mədəniyyət şöbəsinin müdiri işləyir). Ona bildirdim ki, Rəsul müəllim tapşırıb raykomda, ispalkomda heç kimə xəbər verməyək. Rəsmi olaraq heç kimlə görüşmək istəmir. Ancaq münasib mehmanxanada yer lazımdır.
Şövkət xanımın göstərişi ilə şəhərdəki yanğın komandasının yanında yerləşən balaca, yaraşıqlı qonaq evinə düşdük.
Bir neçə qeyri-rəsmi kiçik məclisdə müxtəlif təbəqəli ziyalılar və ədəbiyyat həvəskarları ilə söhbətlər oldu. Aydın görünürdü ki, bu söhbətlər Rəsul müəllimə xoş təsir bağışlayır. O, bunlara xüsusi əhəmiyyət verirdi. Adamların şeirə, poeziyaya səriştəli, obyektiv münasibəti onu sevindirirdi. Hər belə söhbətdən sonra mənalı-mənalı mənə baxırdı. Əvvəl bu baxışları başa düşmürdüm. Sonra birdən-birə diksindim. Yadıma 1958-ci ildə Natəvan adına klubda olmuş bir əhvalat düşdü. Orada gənclərin şeirləri müzakirə olunurdu. Mən də təsadüfən həmin məclisə düşmüşdüm. S.Şamil bir nçə şeir oxudu. Təriflədilər. Rəsul Rza salondan soruşdu:
- Bu şeirlər haqqında daha kimin sözü var?
- Mənim, - deyə ayağa durdum. Salonda oturanlardan heç kimi tanımırdım, heç kəs də məni tanımırdı. Tələsə-tələsə, ölçüb-biçmədən, heç nəyə fərq qoymadan dedim: - Bu şeirlərdə yaxşı kəşflər, obrazlı ifadələr var. Ancaq forması mənim xoşuma gəlmir. Camaat belə şeiri oxumur. Dönə-dönə bunun şahidi olmuşam... misraları qırıq-qırıq, heç Rəsul Rzanın şeirlərini də...
O, məni dayandırdı.
- Bala, sən hardan gəlmisən, hansı rayondansan?
- Lənkərandan.
- Yaxşı, gələrəm sizin rayona, şeir oxuyaram, özün də inanarsan.
Salondakıların çoxunun baxışında təəssüf oxudum. Bəziləri bərkdən gülür, sevinirdi. Bir çoxunun razı baxışlarını da gördüm. Qabağımda oturmuş sarışın oğlan isə görünür məni dolamaq üçün dedi:
- Hələ Nazim Hikmət də o yandan yazır-tökür bu sərbəst şeirləri. Daha bir fikirləşmir ki, Lənkəranda camaat belə şeirləri oxumur...
- Yox, Nazim Hikməti oxuyuruq, - dedim və pərt halda oturdum. Sonra bildim ki, həmin oğlan Əkrəm Naibovdur. İndi Əkrəm Əylisli mənim yaxın dostlarımdan biridir.
Bir-iki il ərzində poeziyaya yaxından bələd oldum. Yaxşını-pisdən ayırmağı müəyyən qədər öyrəndim. Əziz şairimiz Nəbi Xəzrinin böyük ürəklə yazdığı uğurlu yolu ilə “Azərbaycan” jurnalında 8 şeirim çap olundu. O vaxta qədər jurnalda heç kəsə belə böyük səxavət göstərilməmiş, belə uğurlu yol yazılmamışdı.
1961-ci ildə Yaltada sanatoriyada olarkən Rəsul Rzanın “Azərbaycan” jurnalında bir silsilə şeirini oxudum. Əsl poeziyanın nə demək olduğunu anlayıb ona hərarətilə dolu bir məktub yazdım. 1962-ci ildə gənc yazıçıların respublika müşavirəsində tənəffüs zamanı ona yaxınlaşıb dedim:
- Rəsul müəllim, üzr istəyirəm, neçə il əvvəl bu klubdakı çıxışım üçün. Yəqin ki, sizin yadınızdadır...
O, əlini çiynimə qoydu. Hədsiz bir səmimiyyətlə dedi:
- Xeyr, o mənim yadımda deyil. Yadıma düşür ki, ötən il mənə Yaltadan Şəkər Aslanov adında bir oğlan məktub yazıb. O, sən deyilsən?
Başımı aşağı dikib dedim:
- Mənəm.
Rəsul müəllim mənə baxanda elə bilirdim ki, 1958-ci ildə Natəvan klubundakı söhbət onun yadına düşür.
“Xəzər” kafesində pürrəngi çay içə-içə “Rənglər” silsiləsi barədə qızğın söhbət edirdik. Gənc şair Vaqif Hüseynov, Xeyralla Mehdi, Mirhaşım Talışlı, “Leninçi” qəzetinin redaktoru, yaxşı ədəbi zövqü olan Tofiq Həsənov və başqaları öz mülahizələrini söyləyirdilər. Bu həmin günlər idi ki, bəzi qəzetlərdə “Rənglər” silsiləsi barədə bir neçə tənqidi məqalə dərc olunmuşdu. Müzakirəyə gələndə gizli bir narahatçılıq duyurdum. Qorxurdum ki, uşaqlar həmin tənqidlərin təsirini altına düşsünlər. Ən çox Mirhaşım müəllimdən ehtiyat edirdim. Klassik poeziyamızın mahir bilicisi kimi tanıdığım bu adamın rənglərə münasibətini bilmirdim. Lakin müzakirə zamanı Mirhaşım müəllim misallarla sübut etdi ki, “Rənglər” poeziyamızın ənənələri ilə sıx bağlıdır. Uşaqlar silsilədən ən çox xoşlarına gələn şeirləri dönə-dönə təkrarlayır, başa düşdükləri kimi təhlil etdilər. Rəsul müəllim qəsdən qəzetdəki tənqidlərin bəzi mülahizələrini çox ciddi şəkildə müdafiə etmək istədi. Lakin uşaqlar onu “məğlub” etdilər. Onların təbii mühakimələri, yüksək poetik zövqləri, poeziyaya səriştəli, professional münasibətləri Rəsul Rzanın sanki qanadlandırırdı. İndi bilirəm ki, həmin görüşlərin onun üçün müəyyən mənası var imiş.
Bu yaxınlarda Anarın “Sizsiz” əsərini oxuyandan sonra buna xüsusilə əmin oldum. Bakıya qayıdandan bir-iki gün sonra Moskvaya Anara göndərdiyi məktubda yazmışdı:
“...Lənkəran səfərim çox yaxşı oldu. Səni xatırladım. Əsgər olduğun zaman görüşdüyümüz qonaq otağında qalırdıq. Bütün həyət gül iyinə qərq olmuşdu. Bülbüllərin səsi (şeirə doluşan bülbülləri demirəm a) adamı gecə yatmağa qoymurdu. Bir kəndə də getdik – Volodya Qafarov və Əli Kərim də mənimlə getmişdi. Bu kənd Dibol (Rəsul müəllim kəndin adını səhv yazmışdı. Kəndin adı Boladidir – Ş.A.) adlanır. Talışca bolluq kəndi deməkdir. Şəkər Aslanov adlı cavan bir şair var. Onların kəndidir. O da bizimlə getmişdi.
Çay becərirlər, düyü əkirlər, mal-qara saxlayırlar”.
Məktubda adı çəkilən Boladi kəndində bir oğul, bir qız böyütmüş anam o zaman tək qalırdı (qızını gəlin köçürmüşdü). Rəsul müəllimi kəndimizə dəvət etdim. O, zarafatla dedi:
- Nə olar, gedim ananı da görərik, ana kəndini də!
Qohumlarımdan biri, müharibə veteranı Xəlil bizi qonaq çağırdı. Onun bağ-bağçalı həyəti, yaraşıqlı evi adamın ürəyini açırdı. Kişi qonaqların gəlişindən çox mütəəssir olmuşdu. Canını qoymağa yer tapmırdı. İkilikdə ona dedim:
- Xəlil əmi, çox da narahat olma. Onlar yaxşı bilirlər ki...
O, sözümü kəsdi:
- Şəkər bala, yadında saxla ki, bu, bizim kəndimiz üçün böyük tarixi hadisədir. Kim bilir mənim evimə belə əziz qonaq bir də nə vaxt gələcək, – deyib Lənkəran qonaqpərvərliyini bütün təfərrüatı ilə göstərməyində davam etdi...
Rəsul müəllim kəndimizlə maraqlandı. Adamların həyatı, işi, məişəti barədə suallar verdi. “Boladi” sözünün mənasını soruşdu. Mən bu sözün talışca “bolluq kəndi” demək olduğunu izah etdim. O, qeyd dəftərçəsinə yazdı.
Biz həmin səfər zamanı Astaraya getdik. Və Lənkərandan Bakıya çıxan günü rayon partiya komitəsinin binası önündən keçəndə Rəsul müəllim maşını saxlatdırdı. İkinci mərtəbəyə qalxdıq. Gözləmə otağına daxil olduq. Qapı açılan kimi birinci katibin yerindən sıçrayıb az qala qaça-qaça uzun kabinetin o başından gəlib Rəsul müəllimi necə qarşıladığını gördüm. Oturan kimi katib dedi:
- Kişi, üç gündü rayondasınız, bəs eşitməmisiniz ki, kəddanı gör, kəndi çap, - deyiblər.
Rəsul müəllim özünəməxsus bir təmkinlə cavab verdi:
- Kəndi çapmaq fikrində olmadığımız üçün, kəddanı görməyə tələsmirdik. İndi yola düşüb gedirik, ona görə də kəddanı xəbərdar etmək istədik ki, biz “kəndi” əməlli-başlı gəzdik, tanıdıq və onun “rəiyətini” ürəkdən sevdik...
Katib çox dil tökdü. Rəsul müəllimdən heç olmazsa bir gün yubanmağı, şəxsən onun qonağı olmağı xahiş etdi. Lakin bir şey çıxmadı. Biz vidalaşıb Bakıya yola düşdük...
Şəkər Aslan
Lənkəran 1984