Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gənclərin mənəvi atası

Gənclərin mənəvi atası
20-05-2022, 07:19 500 dəfə baxılıb

Şəkər Aslanın arxivini araşdıranda Xalq şairi Rəsul Rzayla bağlı bir yazı əlimə keçdi. Düşündüm, şairin doğum günü ərəfəsində bu xatirə lap yerinə düşdü. Rəsul Rzanın 90 illiyinə həsr olunmuş “Yaşıl rəngin işığı” kitabını da yenidən oxudum. Kitabı təkrar oxuyanda tamam ayrı ovqat bəxş etdi mənə. Bir anlığa sanki Rəsul Rzanı şəxsən tanıdım. Çinar ömrü arzusunda olan şairin bütün yaşantılarını müasirləri kimi mən də gördüm. “Bir kimsəyə enməmiş, Heç kəsə baş əyməmiş bir ömrü” izlədim. Şair-dramaturq Teyyub Qurbanın tərtib etdiyi “Yaşıl rəngin işığı” 18 müəllifin qələmə aldığı xatirələr kitabında yarımbaşlıq kimi verilmiş “İlk Azərbaycan ensiklopediyasının taleyi ilə bağlı xatirələr, məqalələr toplusu” hamıya mənəvi ata olan Rəsul Rzanın milli qeyrətindən, təəssübkeşliyindən, qayğıkeşliyindən söz açılır. 

Rəsul Rza böyük vəzifələrdə olub. Hətta nazir kimi də fəaliyyət göstərib – Kinematoqrafiya naziri. Lakin kitabdan əxz elədim ki, “vəzifə bioqrafiyası”nın ən yüksək zirvəsi Azərbaycan Ensiklopediyasının Baş redaktorluğudur. Kitabı oxuyanda isə o illərin ağrılı yaşantılarıyla baş-başa qaldım.

…Ensiklopediya. Bu elmi idarə Rəsul Rzaya lazım idimi? – Su kimi, hava kimi. Ensiklopediya Rəsul Rzaya Azərbaycana Azərbaycanı tanıtdırmaq üçün, azəri türkünü Azərbaycan səviyyəsinə qaldırmaq üçün lazım idi. Dünyanın nəzərini Azərbaycana yönəltmək istəyirdi. Gələcək naminə. Bugün uğrunda. Lakin onun istədiyi kimi olmadı (Vaqif Səmədoğlu). 

Rəsul Rza I cildi buraxa bildi. Lakin həmin cild senzuradan keçmədi. Tarix elmimizdə baş verən çəkişmələrin badına getdi. Bir baş redaktor kimi Rəsul Rzanın götürdüyü xətt milli, tarixi, özümlü dəyərlərə söykənirdi. Təəssüf ki, Azərbaycan istiqlalının, elminin, milli mədəniyyətinin təşəkkülündə rol oynamış adamların adları “ASE”nin cildlərinə düşmədi (Nazif Ələkbərli).

Dili qılınc, qəlbi kövrək, qayğıkeş, xisləti xeyirxahlıqla dolu idi Rəsul Rzanın. Onun insanpərvərliyi, humanistliyi, əliaçıqlığı, yan-yörəsinə, rəhbərlik etdiyi kollektivin hər bir üzvünün ailə və şəxsi qayğılarına canıyananlıqla yanaşması yalnız Rəsul Rzaya xas xüsusiyyətlər idi.

Rəsul müəllim, demək olar ki, bütün vaxtını ensiklopediyaya rəhbərliyə sərf edirdi. Hətta həyatının qayəsi olan bədii yaradıcılıq da arxa plana keçmişdi. O, çox demokratik ruhlu bir insan idi. Həqiqət onun üçün hər şeydən yüksəkdi. Qorxaqlara qarşı sərt, barışmaz və prinsipial mövqe tutardı. Onun rəhbərliyi ilə yaradılmış birinci cild nəşrindən beş il keçəndən sonra ləğv olundu.

Bunun acınacaqlı aqibəti barədə şair-publisit Teyyub Qurbanın “Yaşıl”- “Qırmızı” adlı silsilə məqaləsində ətraflı bəhs edilmişdir (Azər Bağırov).

“Yaşıl” – milli ensiklopediyadır. “Qırmızı”da isə Sovet Azərbaycanın kommunizm quruculuğu, qurultay qərarlarının həyata keçirilməsində əldə edilən əzəmətli nailiyyətlər geniş işıqlandırılır. “Qırmızı” utanıb-qızarmadan “Yaşıl”ı inkar edir. Başda əyilməz Rəsul Rza olmaqla milli qeyrət sahiblərindən ibarət olan kollektivin nəhəng əməyini heçə endirir. 20 min tirajla buraxılmış canlı sənət abidəsini yerə vurur. 

Rəsul Rzaçılar milli qəhrəmanlıq göstərərək 1918-ci ildə mart faciəsinin iştirakçılarını “Yaşıl”a daxil etməmişlər. “Qırmızı” isə iyirmialtıların hamısı haqqında ayrı-ayrılıqda məqalə verməklə yanaşı, şəkillərindən ibarət foto-sərgi də vermişdir.

Məqalədə belə müqayisəli təhlillərin sayı yüzlərcədir.

Rəsul Rza bütün kollektivdə poetik mənlik hissi və şüuru formalaşdırır, ziyalı və vətəndaş mövqeyi təcəssüm etdirirdi. İstəyirdi ki, ensiklopediyada Azərbaycan əsas mövzu olsun. Onun fəaliyyəti əsl fədakarlıq idi.

Bütün bunları Rəsul Rza səhhəti hesabına edirdi. Lakin belə bir şəxs mübarizə hədəfi idi. Hətta adı ensiklopediyanın Redaksiya Şurası siyahısında saxlanmadı…

Rəsul müəllimin bilavasitə təşəbbüsü, təkidi sayəsində tikilmiş yeni bina onun özünə qismət olmadı. Qeyd etmək istərdim ki, Azərbaycan Ensiklopediyası Nəşriyyat Poliqrafiya Birliyinə ömrünün və yaradıcılığının ən bəhrəli tam on ilini qurban vermiş Rəsul Rzanın adı verilsəydi, onun ruhu burda qərar tutardı… Məhz millətçi erməni alimlərinin obyektiv tarixi həqiqətlə bir araya sığmayan uydurmaları, böhtan və iftiraları sayəsində Rəsul müəllimin rəhbərliyi ilə yaradılmış ensiklopediyanın birinci cildi ləğv edildi. Bədxahlar istədiklərinə nail oldular. Demokratik ruhlu Rəsul Rza millətin mənəvi pasportu sayılan ensiklopediyanın nəşrinə rəhbərlikdən uzaqlaşdırıldı.

Həyatda şəxsən görüb tanımadığım dahilərdən biri Rəsul Rza olub. Fəqət vida mərasimində, dəfn mərasimində iştirak etmişəm. Tələbə idim… Yazını yazdıqca qəlbimdə yaxın-uzaq xatirələr, xəyalımda quş kimi uçan illər… Rəsul Rza 1981-ci il aprelin birində gözlərini əbədi yummuşdu. Dəfn mərasimi ayın ikisində idi. Ömrümdə ilk dəfə belə izdiham görürdüm. Filarmoniyada oturmağa yer  tapdım. Divardan asılmış şəkli… Öz ifasında səslənən şeirlər… Adamı haldan-hala salan hüznlü simalar…

Adlarını kitablardan bildiyim ədəbi simaları, televiziyadan tanıdığım sənət adamlarını həmin gün həyatda şəxsən gördüm. Ulu Öndər Heydər Əliyevi Lənkəranda Məhsul bayramlarında görsəm də, yaxından orda gördüm.

Həmin il SSRİ-də ilk dəfə vaxtı dəyişmiş, saatı bir saat irəli çəkmişdilər. O zaman aprelin birinə adamaldadan gün deyərdilər. Sonralar “Gülüş” günü statusunu aldı. 

Şairin dünyadan köçməsilə təəssüf hissi hamımızı yandırıb-yaxsa da, ağrılı təbəssümlə deyirdik ki, Rəsul Rza adamaldadan gündə vaxtın dəyişməsinə dözmədi.

Rəsul Rza zahirən ötkəm, zabitəli, zəhmli, hətta bir qədər acıdil adam təsiri bağışlasa da, əslində kövrək qəlbli, xeyirxah, mərhəmətli, həssas və qayğıkeş insan idi. Bu xüsusiyyətləri ilə hələ sağlığında müdrik varlığa çevrilən şair haqqında deyirlər ki, Rəsul şeirlərinin qonşuluğunda Rəsul qayğısı da yaşayır.

Gənclərin həqiqi mənada mənəvi atası olan şair onların çiyinlərinə vaxtında kömək əlini qoyurdu.


Rəsul Rza

İnsan üçün çiçəkləyib

Öz yetmiş yaşına kimi.

Düşmən üçün tikanlaşıb

Kirpiyindən qaşına kimi…

(Vaqif Nəsib)


İnsan üçün çiçəkləyən Rəsul Rza qayğısına bələnən şairlərdən biri də Şəkər Aslan olub. Şair xatirə yazısında yaddaşında yaşatdıqlarını qələmə alıb.

Hər ikisinin ruhu şad olsun.


Sevda Əlibəyli 

"Vətənim-Azərbaycandır.az" 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI